Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Osman Fərmanoğlu: "Üzümdə görərsən xəritəsini, gözümdə çəkərsən yurdun şəklini..."

Tarix: 23-07-2019 15:01     Baxış: 2260 A- / A+
Osman Fərmanoğlu: "Üzümdə görərsən xəritəsini, gözümdə çəkərsən yurdun şəklini..."

İçim-çölüm bir ayrı, ömür özü viranlıq,
Qarışqa canım ilə fil yükü daşıyıram...


Manevr.az Osman Fərmanoğlunun şeirlərini təqdim edir:

ŞƏKLİNİ

Paşam, bu ilim də xam xəyal olur,
Çöllərin həsrət tək dərdim şəklini.
Aşığın barmağı "Yurd yeri" çalır,-
Mənsə böyütməyə verdim şəklini.

Getsə, izi qalar qarışqanın da,
İzsiz boğuluram qaşıq qanımda.
Şəbəkə qırışlar artır canımda,--
Çəkib naxışlaram dərdin şəklini.

Məni söküb- yığır bu alatoran,-
Ömrüm duz üyüdən,torpağı şoran.
Üstümə qıcanır yüz yal otaran,
Cibində gizləyir mərdin şəklini.

İllərdi daşlaram şeytan dəsini,
Guya, adam sayıb məni pəsinir?
...Üzümdə görərsən xəritəsini,
Gözümdə çəkərsən yurdun şəklini.

Osman, "gizlənərək gəzən yağıdan"
Çəkinib, dağlanan Qarabağı dan...
Çaqqallar daraşıb gödən dağıdan,
Kimə saxlayıram qurdun şəklini?!

ALDATDI MƏNİ

Paşam,ömür də çəkmədi,
Yuxuda aldatdı məni.
Təkləyən elə təklədi,--
Qorxuda aldatdı məni.

Yaralıymış demə ürək,
Yerişə bax, çərək-çərək.
Boylanaraq ürkək- ürkək
Ahuda aldatdı məni.

Tapılmadı qulaq asan;-
Hasan keçəl, keçəl Hasan.
Nə çoxdu yolunu azan,-
Sorğuda aldatdı məni.

Baxan yox, verilən paya,
Açıq əli kim qapaya?!
Nəzər saldım qırx qapıya,
Qırxı da aldatdı məni.

Osman, kiminləydi dərdim,
Kimin suçlarını dərdim?!
Tək Tanrıya könül verdim,
"Ya hu"da aldatdı məni.

QABAR YERİ

Ovcumda olmayan qabarın yeri,
ürəyimdə qabarın özü zoqquldayır.
Şeir yazmaq istəyirəm,
sözlər sızır ürəyimin çatından,-
elə bil xəlbirdən su tökülür...
Küləyin əlində qalan ağac başını bulayır,
ilan görmüş adam sayağı
boğazım göynəyir ala çatıdan...
Bu ömürdə əlim ətəyimdən uzun,
içinə çəkilən dəniz kimi yığılıram
ömrün işıqlı yerindən...qaranlığa,
məni dərdlərin əlindən almağa
nə atam var, nə anam,
bu yaralı halımla
torpağı dilim-dilim paralanmış
Azərbaycanam!

DÜZ ANDIM

Paşam, düşsəm ayağına yalanın
O yalanı gözlərimlə pozandım.
Kimdi, deyən: öz qanıma yalanım,
Dodağıma kəmənd olur düz andım.

Boğaz varsa, güdükdədir bir ilgək,
Doğrusunu əyrisindən seçəcək...
Qayalıqda qəribsəyən,tək çiçək,
Görüşünə damcı- damcı sızandım.

Çoxu gəzmək hünər istər hər azda,
Tərəzi qur, yerişini tarazda...
Yurd bölündü, suçu gördüm Arazda,
Arazsız da öz yolumdan azandım...

Ucalıqdan aşağıya qalayçı-
Arxam ilə boylanmada qıyqacı...
Ha fikirləş, ödəməz ki, bir borcu,
Hər addımda ağrı- acı qazandım.

Sıralanar göz içində gədəlik,
Osman, yenə ləliklənər yüz ləlik...
Özgə yerdə aramadım kölgəlik,
Öz kölgəmin kölgəsinə uzandım.

BUDAĞINA

Nə işin var göy üzündə,
Quşdu qonan budağına.
Qara bulud əlçimlənir,--
Yayılır qaş--qabağına...

Kimdi yayan sözü-gapı,
Hamısı da səni tapır...
Açılmır döydüyün qapı,
Yol alasan otağına.

Səs içində sən də vardın,
Bu cığırlar, bu yollardın...
Gendə ağalıq axtardın,
Yağ olmadın çırağına.

Niyyətdisə, gəlsə yaxşı,
Alından tökülsə yaxşı...
Ayı gəzib, az umaxşı,-
Şeh düşür bəxt tabağına.

Osman, güvənmə adına,
Yetişən yoxsa dadına...
Bax, üzülən umuduna,
Toz basan ox, sadağına.

TƏZƏLİK

İçini çevirib sərəsən çölə;-
Çırpa, başdan- başa təzələyəsən.
Kifindən adlaya, kefindən keçə,
Ağrı- acısını əzizləyəsən...

Düşə qabağına Ayın işığı,
Getdiyin yerəcən əlindən tuta.
Olasan gecənin Tanrı aşiqi,
Təzəlik könlünə verilə buta.

Tutduğun niyyətlə verib qol-qola,
Haram duyğulara açasan savaş.
Bu süd işığında nə şeytan qala,
Nə qoca şeytana atılası daş...

Qeybdən nur üzlü bir qoca çıxa,
Telində əlinin sığalı qala...
Dilindən bir nəğmə fışqıra-axa,
Könlünün ən təmiz şeri yazıla.

ÇEVİR DAŞLARI

Paşam, geçilən yol geri qayıtmır,
Yüz o üz--bu üzə çevir daşları;-
Yatan elə yatır, heç nə oyatmır,
Daş kimi dilsizdi; sevir daşları...

Bu yurdu salanlar salıb qarğışa,
Kəsib göbəyini bağlayıb daşa...
Oxşadır bəxtinə düşən yağışa,-
Çöllər də gözünə təpir daşları.

Düşməni marıqda gözləyir indi,
Vurduğu yaranın yeri dərindi...
Şuşadı, Laçındı, Xudafərindi,-
Sinəmi göynədir səbir daşları.

Torpaq təsəllili Sibir yeridi,
Ağrının, acının kəbir yeridi.
Hayana baxırsan qəbir yeridi,
İçimdən boylanır qəbir daşları.

Osman, danışanın sözləri saxta,
Danır dediyini lap bəd ayaqda...
Qardaşı qardaşdan tutur uzaqda,
Ürəklərdə bitən çəpər daşları.

TƏZYİQ

Təzyiqdən gedəcəm, deyəsən, mən də,
Çömçə onu çəkir, nə var qazanda...
Deyərlər,"birdəncə getdi qəzadan,
Sağlam görünürdü baxanda gendən".

Fırlanır başımda dəyirman daşı,
Gözümü saxlamır göz qapaqları.
İçimdən boylanır ağrı dağları...,
Bu yazın selləri axır, gurlaşır.

Təzyiqim qalxanda gəlmir sabahım,
Qaranlıq içində cinlər oynaşır...
Tüstülü--tüstülü başımdan aşır,
Dilimi göynədir Qarabağ ahı...

Ömrümə qənimdi seyrək havalar,
Dağ-dağ istəyim də qorxu ətirli.
Ömür yaşayıram Aran xətirli,-
Ucalıq deyəndə bağrım yarılar.

Bu təzyiq deyilən ağır daş imiş,
Dartıb ayağımdan çəkir quyuya.
Neftini axıdır kəmərim, guya,-
Damarlar şişərək beyni deşirmiş.

Bilmirsən nə dərdlə gəlir gələndə;
Yeraltı təkan tək, zəlzələ kimi...
Qalxmağı, enməyi sıxır içimi,-
Təzyiqdən gedəcəm, deyəsən, mən də.

AĞRI

Bu çay nə məni apardı,
Nə sahilində saxladı?!
Duru sulardan qopardı,
Sarı gilində saxladı...

Halımı qananın adı,
Ağlımla birgə hallandı.
Ömrümü oda qaladı,--
Əsir elində saxladı...

Çoxaldı yığvalı dönən,
Ucadan ayağa enən...
Zarıncı--zarıncı dinən
Qınaq dilində saxladı.

Əli qoynunda dolanıb,-
Züy dili oldum zurnanın.
Vətənə həsrət durnanın
Düşən telində saxladı.

Osmana pay kimi verdi
Boyuna tən gələn dərdi.
Çoxlarına gül göndərdi,
Məni külündə saxladı...

MƏN BELƏ YAŞAYIRAM

Hələ güc toplayıram çəkiləni çəkməyə,
Qələmin nə vecinə, dildi toqatdan düşən.
Köhnə qəzet gəzirəm, ağrıları bükməyə,
Varmı Koroğlu olub yolu Toqatdan düşən?

Qışın soyuğu dolur qönçələrin canına,
Onlara həyan olmaz ruhun istixanası...
Bütövlük deyə-deyə hey yığılır qınına,-
Yenə gümanda qalır dərdin istixarası...

Aparmır keçənləri səhraların küləyi,--
Soğan kimi soyurlar Nəsimini Hələbdə.
Bu günün ovçuları şahin-şonqar tüləyir,
Ətraf bazar havalı,can inləyir sələmdə.

Yeddi arşınlıq quyu, gözləyir gülə- gülə,
Yurdun Məlikməmmədi özünə olub ası.
Ürəyimi yarmışam,duz səpərək bir gilə,
Var haqqın dərgahına, səslə Xızır İlyası.

İçim-çölüm bir ayrı, ömür özü viranlıq,
Qarışqa canım ilə fil yükü daşıyıram...
İşıq gələni yoxdu, artmaqdadı qaranlıq,-
Gedir əl havasına, mən belə yaşayıram.

Osman Fərmanoğlu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar