Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Eşidilmək üçün bəzən susmaq lazımdı"

Tarix: 01-07-2019 19:13     Baxış: 2480 A- / A+
"Eşidilmək üçün bəzən susmaq lazımdı"


Müsahibə verməyi xoşlamıram. Şəxsimə ünvanlanan sualları cavablandırarkən, özümü sanki “katorqa”da hiss edirəm. Bu, ya xarakterimlə bağlıdı, ya da peşəmlə, bilmirəm…
35 ildən çoxdur efirdəyəm, yəni tələbə vaxtından. Arazın qırağında böyüyüb, boya-başa çatan bir kənd balasının, tanınmış sənət adamlarının övladları ilə bir arada televiziya müsabiqəsinə qatılması və bu müsabiqədən qalib çıxaraq efirə vəsiqə qazanması, o illər üçün adi hal sayılmazdı. Çünki o vaxtlar Azərbaycan məkanında yalnız bir televiziya fəaliyyət göstərirdi və bütün verilişlər, eyni zamanda burada yer alan iştirakçılar “senzura”dan keçmədən efirə buraxılmazdı. Məhz o illər, Dövlət Televiziyasının efirində, qiraət ustası Nadir Hüseynovla (efirdə ilk tərəf müqabilim) birlikdə biz çıxışlar edəndə (o vaxtlar Nadir bəy müəllim idi, mən tələbə), bu gün, həm də “qiraətçi” kimi tanınan titullu sənətçilərin bir çoxu, demək olar ki, sənətdə yox idi. Əmirhüseyn Məcidov, Ələkbər Kazımovski, Tariyel Vəliyev kimi rejissorlarla birgə çalışmağın, Məhluqə Sadıqova, Həsən Əbluc, Mikayıl Mirzə, Əminə Yusufqızı kimi qiraət ustaları ilə eyni efiri paylaşmağın, o vaxtlar bir başqa məsuliyyəti var idi.
Məhluqə Sadıqovanın şirin avazının heyranı olmuşam. Biz onunla, ilk dəfə efirdə qaşılaşmışdıq. Tələbə vaxtı məni tele-aparıcı kimi görmək arzusunda olan yazıçı Firudin Ağayev, yeni bir veriliş hazırlamışdı və aparıcısı olduğum bu verilişdə, ilk qonağım Məhluqə xanım olmuşdu. O gündən xeyli vaxt keçmişdi və 1991-ci ildə “Aktyor evi”ndə işlədiyim zamanlar “20 yanvar” şəhidlərinin ildönümü ilə bağlı bir tədbir hazırlamalı olmuşdum və bu “ədəbi-bədii kompozisiya”da Məhluqə xanımla (“əsgər anası”) birlikdə Müstafa Süleymanov (“əsgər atası”) və İncəsənət İnstitutunun tələbəsi Şövqü Hüseynov (“əsgər”) da yer almışdı.
Əminə Yusifqızı televiziya çəkilişlərində öz kaprizləri ilə daha çox yadımda qalıb. Hər dəfə çəkilişdə ayrıca işıq ustasını tələb etməsi, o vaxtlar mənə elə də çatmazdı, amma sonra yaş irəlilədikcə Əminə xanımın işıqçıdan nə istədiyini çox gözəl anlamağa başlamışdım. Həsən Əblucla eyni kafedrada çalışmışam. Açıqsözlü olduğuna görə, bu böyük sənətkara xüsusi sayğım var idi. Mikayıl Mirzə ilə birgə çıxışlarımızla bağlı kiçik bir məqamı xatırlamaqda fayda var. Tele-rejissor Sevil İbrahim, gözəl şairimiz Məmməd Arazın yubileyi ərəfəsində Nəbatat bağında bir veriliş çəkməyi planlaşdırmışdı. Mikayıl Mirzəni çəkiliş meydanında görüb həyəcanlandığımdan öncə onun çəkilməsini istəmişdim. Mikayıl müəllim isə, “Narahat olmayın, mən bu gün heç yerə tələsmirəm. Öncə siz çəkilin, sonra mən, çünki məni bilmək olmaz, çəkilişim uzun çəkər” desə də, mənim israr etdiyimi görüncə kamera önünə keçmişdi. Onun çəkilişi, həqiqətən də uzun çəkdi; düz iki saat. Sonra da üzüntüylə, -“Gördün, mən sənə nə demişdim? Demədimmi çıxışım çox vaxt aparacaq?” Bunu mən onun tərəfindən üzrxahlıq kimi qəbul etmişdim. O çəkilişdə Mikayıl müəllimi bir sənətkar olaraq yenidən kəşf etmişdim: Budur, böyük aktyor kameranın önünə keçir, araya həzin bir sükut çökür, sonra qəribə bir çılğınlıqla o, sözə başlayır. Gözlənilmədən çəkiliş dayandırılır. Uzaqdan bir kötük gətirilir, məkana yerləşdirilir, sonra yenidən çəkiliş başlayır. Az sonra yenə eyni situasiya; kötüyün yanına agac budaqları, şam ağaclarının qurumuş “meyvə”ləri yerləşdirilir. Mikayıl müəllim “səhnə”yə daşıdığı bu “rekvizit”lərdən maraqlı bir kompozisiya qurmağa çalışır, sonra təkrar şeirə başlayır. Əvvəl əlini yanında dayanmış olduğu agacın gövdəsinə söykəyir, sonra nə fikirləşirsə öz pozasını dəyişir; ayağını kötüyün üstünə qoyur. Ardınca “sözləri unutdum” bəhanəsiylə səsinin tonunu dəyişməyə cəhd edir və yenidən çəkilişə start verilir. Aradabir deyinməyindən də qalmır: “Bəzi ağzıgöyçəklərə şeri səsləndirmək asan gəlir. Qoy, gəlib görsünlər bu boyda Mikayıl nələr çəkir”.
Özümü şanslı hesab edirəm, həm də ona görə ki, Milli Bayrağımızın və Dövlət Himnimizin qəbulu ilə bağlı verilən ilk fərmanın mətnini efirdə Nadir Hüseynovla birlikdə səsləndirmişik. Qarabağ savaşı ilə bağlı Müdafiə Nazirliyinin əsgərlərimizə ünvanlı ilk müraciəti də bizim səsimizlə lentə alınıb. Bir qazinin “Müharibə zamanı biz sizin səsinizlə döyüşə atılırdıq” ifadəsinin ruhumda oyatdığı duyğuları sözə tökməkdə acizəm... Səmimiyyətlə deyirəm, əgər yenidən peşə seçmək şansım olsaydı, heç tərəddüd etmədən “hərb”ə üstünlük verərdim. Bu gün əsgərlərimizlə çiyin-çiyinə bir səngərdə dayana bilmədiyimə görə özümü qınayıram. Bir sənət adamı olaraq Müdafiə Nazirliyinin xətti ilə tez-tez cəbhə bölgələrində olmağım, içimdəki yanğını söndürmək baxımından, dəryada bir damladı...
Əslində, biz söz adamları da bir əsgərik; sözün əsgəri. Bir dəfə, “Azərbaycan deyəndə” verilişində (AzTV) Qarabağ savaşı ilə bağlı bir şeiri yenicə səsləndirib bitirmişdim ki, evə zəng gəldi. Dəstəyi qaldıranda tanış bir səs duydum: Cabir Novruz idi. Şair, az öncə efirdə səsləndirdiyim şeirinə görə təşəkkürünü bildirdkdən sonra, Müdafiə Nazirliyindən həmin şeirin istənildiyini söylədi və ardınca yarızarafat-yarıciddi, - “O şeiri, yəni doğrudanmı mən yazmışam?” -dedi. Gözəl şairimizin bu həssaslığı, məni çox duyğulandırmışdı....
Əvvəllər rəsmi dövlət tədbirləri Respublika Sarayında keçirilərdi və məni bu sarayda ilk çıxışa (“Mirvari Dilbazi-80”) dəvət etdiyinə görə tanınmış tele-jurnalist Mailə Muradxanlıya (“gecə”nin ssenari müəllifi) təşəkkür etmək istəmişdim, o isə, - “əslində mən sənə təşəkkür etməliyəm, istedadına görə” deyib, alnımdan öpmüşdü. Türkiyədə Almaz Yıldırımın 100 illik yubiley mərasiminə qatıldığım o yeddi günü, həyatımın ən unudulmaz günlərindən sayıram. Yubileyin Elazığın Fırat Universitetində baş tutan yekun tədbirində səhnənin arxasına gələn tamaşaçıların, “bir tək sizin səsinizlə bütün Turanı ayağa qaldırmaq olar” etirafını da, həmin tədbirin səhəri günü Elazığdan Malatyanın hava alanına qədər yol qət edən bir tamaşaçının, - “Axşam tədbirdən sonra sizi görə bilmədiyimdən, buraya əlinizi öpməyə gəldim” həyəcan qarışıq jestini də heç unuda bilmədim… Odur ki, allahın lütfünə sığınıb, azdan-çoxdan yaradanın verdiklərinə şükür edib, ac olan ruhumu hər zaman öz sənətimlə doyurmağa çalışmışam. Heç bir vaxt zəmanəyə uymamışam: Nəfsimə deyil, ruhuma əyilmişəm; ruh xəyanəti sevmir…
1990-cı ilin “20 yanvar” hadisələri ilə bağlı İshaq Ozanoğlu maraqlı bir ssenari qələmə almışdı və Ələddin Məmmədovun rejissorluğu ilə bu ssenari teatrlaşdırılaraq səhnəyə qoyulmuşdu. Səhnədə biz yaradıcı gənclərlə (qiraətçilərdən Həlimət Sultan, Tahir Hüseynov, Nidayət Nəzərli; müğənnilərdən Aygün Bayramova, Nəzakət Teymurova, Elza Qaybalıyeva, Zeynəb Behbudova, Almaz Orucova, Mehman Səmədov və b.) yanaşı, bir çox tanınmış simalar (Xuraman Hacıyeva, Əliabbas Qədirov və b.) da yer almışdı. On ilə yaxın mütəmadi şəkildə (yanvar ayının ortalarından başlayaraq sonuna qədər) paytaxtın ən böyük səhnələrində (Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, Şəhriyar adına Mədəniyyət Mərkəzi, Zabitlər Evi və s.) yer alan bu tamaşada, azadlıq ideyalarına yüklü nəzm əsərlərinə ehtiyacımızı, klassik Türk şairlərinin (Mehmet Emin Yurdagul, Akif Ərsoy, Tofiq Fikrət, Arif Nihat Asiya və b.) yaradıcılıq nümunələri ilə ödəməyə çalışardıq. Bölgələrimiz bir-bir əldən getdikcə, dərdimizin üstünə dərd calanırdı. Biz də bu səbəbdən ssenariyə yeni əlavələr etməklə öz yaralarımıza məlhəm qoymağa çalışardıq. O illərin ağrılarını, yaşantılarını ifadə etməkdə çətinlik çəkirəm. Yadımdadır, bir dəfə Şəhriyar adına Mədəniyyət Mərkəzinin səhnəsində didərginin dilindən söylənən bir şeiri səsləndirəcəkdim. Səhnədə şeirdəki vəziyyətə necə aludə oldumsa, səsim titrədi, bədənim əsdi; özümə nəzarəti itirdim. Tərəf müqabilim Həlimət xanım mənə yaxınlaşaraq ehmallıca qoluma toxunub, pıçıltıyla “özünü ələ al” dedi. Halımın pisləşdiyini görüncə isə, mizanı dəyişərək məni səhnənin arxasına apardı. Ssenariyə görə, məndən sonra Elza xanım çıxış edəcəkdi. Elə də oldu. Mahnı sona çatar-çatmaz biz, artıq səhnədəydik. Xoşbəxtlikdən, məndəki bu hal dəyişikliyini, Həlimət xanım və tamaşanın rejissorundan başqa bir kimsə hiss etməmişdi. Bir dəfə çıxış öncəsi “Neçə illərdi səhnədəyəm, kamera qarşısındayam, amma hər dəfə eyni həyəcanı yaşamaqdayam. Görəsən bu nə ilə bağlıdı?” soruma, tərəf müqabilim Əliabbas Qədirov belə cavab vermişdi: “Azdan-çoxdan teatr təcrübəsi olanlar yaxşı bilirlər ki, səhnədə insan yaşantılarını öz təbii halıyla vermək olmur; buna ürək tab gətirməz. Bu səbəbdən peşəkarlar, insan yaşantılarının rəsmini çəkməklə kifayətlənməli olurlar. Sən istəsən də həyəcandan tam qurtula bilməyəcəksən. Əslində, həyəcanlı olmaq məsuliyyətli olmaq deməkdir. Amma səhnədə gərək öz hisslərinə sahib çıxmağı da bacarasan ki, “əndazə”ni aşmayasan...” Əliabbas müəllimlə 90-cı illərdən sonra, televiziyanın efirində, eyni zamanda müxtəlif dövlət tədbirlərində tez-tez rastlaşmalı olurduq. Yaxşı yadımdadı, bir dəfə Opera və Balet Teatrının səhnəsində bir mərasimdə çıxış edəcəkdik. Rejissorun tapşırığına əsasən, Həlimət xanımla mən səhnəyə kəlağayı ilə çıxmalıydıq. Başımdan tez-tez sürüşüb çiynimə düşdüyündən, kəlağayıdan imtina etmək istəyirdim ki, Əliabbas müəllimin, - “Kaş bir bilsəydiniz, bu kəlağayı, siz xanımları necə də füsunkar göstərir, ondan imtina etməzdiniz” sözlərindən sonra fikrimdən daşınmışdım. O tədbirdə biz, B.Vahabzadənin “Gülüstan” poemasının teatrlaşdırılmış variantını tamaşaçılara təqdim edəcəkdik. İkiyə bölünən Azərbaycanımızla bağlı yağıların imzaladığı “fərman”a münasibətini Əliabbas müəllim, müəllifin diliylə elə böyük bir ağrıyla ifadə edirdi ki, onun o acı qəhqəhələri hələ də qulaqlarımdadır. Sağlığında, Əliabbas müəlllimin yaradıcılığından geniş bir yazı yazacaqdım; qismət olmadı.
Qanadı qırılan quşun canı ağrıyar, RUHu sızıldayar: İllərdi yaralı quş kimi çırpınıram... Yaşamağa doymadığım öz yurduma geri dönmək və həyatımın qalan hissəsini orada yaşayıb, orada ölmək istəyirəm. Çox qorxuram, ancaq ölümdən deyil, o yerlərə bir daha dönə bilməməkdən qorxuram... ÜMİDdsiz yaşamaq olmur...
Bəzən elə hala gəlirsən ki, yeganə çarəni “özünə qəsd”də görürsən. Özünə qəsd, acizlik əlaməti deyil, əksinə bu, insandan ayrıca bir güc istəyir. Özünə qəsd, yalnış anlaşılmaqdan, sevgisizlikdən, biganəlikdən, çarəsizlikdən qaynaqlanır. Özünə qəsd - həyatdan istədiklərini ala bilməyən insanın ilahiyə ÜSYANıdır. Gərəkdir ki, çalışasan bu dünyaya (və həm də insana) bel bağlamayasan; dərvişlər kimi. DƏRVİŞ olmaq da hər kişinin işi deyil…
VİCDAN! O, böyük bir nəsnədir; çıraqla axtararıq onu… V.Hüqo necə də haqlıdı: “Tanrı –sənin vicdanındır”, əgər o da səndə varsa... Ən böyük dostun da odur, yəni TANRIn; qəlblərdən əskik olmasın.
ƏDALƏTSİZ dünyada yaşayırıq: Qulaqlarımız HAQQA qapalıdı: İNSAN, həm kardı, kordu və həm də NANKOR! Eşidilmək üçün, bəzən susmağı bacarmaq lazımdı. Eşitmək - anlamaq mənasına gəlməz; anlamaq üçün ÜRƏK lazımdı.
SƏBİR, ən böyük əlacdı çarəsizə. Səni həyatdan küsdürənə verəcəyin ən böyük CƏZA: Nə dost ol onunla, nə də düşmən.
Bu dünya – “bir OYUN”du, O dünya - “oyun içində oyun”. Cənnətin də bu dünyadadı, cəhənnəmin də: HƏYAT - bumeranqdı; başqasına atdığın daş, dönər, sənə qayıdar...
Mizan-tərəzimiz pozulub: İndi hamı tənqidçidi, yazardı, şairdi, sənətçidi: Siyasətçisi də, iqtisadçısı da, idmançısı da…
YALTAQlıq da bir peşədi; bacaranlar kef çəkirlər. TƏQLİDçilər peşəkardı; ona görə də “səhnə”dən düşmürlər. Əgər dünya çapında yaltaqlıq və təqlidçiliklə bağlı müsabiqə keçirilərsə, əmin olun, birinci yer bizimdi.
Ən böyük sıxıntımız yalanla bağlıdı: YALAN - həyat tərzimizdir; oğul atanı aldadır, ata oğulu, arvad əri aldadır, ər arvadı, tələbə müəllimi aldadır, müəllim tələbəni, rəhbər işçini aldadır, işçi rəhbəri… Çarəsizlik sindromu içindəyik…
İlimiz “NƏSİMİ ili”di. Görəsən insanı tanrı səviyyəsinə qaldıran şair, sağ olsaydı, yaşadığımız dünyaya baxıb, bu günki halımızı hansı bədii təsvir vasitələriylə ifadə edərdi?
“TEATR, bir AYNAdır”; böyüklərimiz belə deyib. İndi nə aynamız var, nə də ki,... Əslində aynamız var, amma onu da, içimiz kimi toz basıb, görə bilmirik özümüzü. Mən bu gün öz “çatışmazlığımı tamamlamağa güzgü istəyirəm. Elə güzgü ki, surətimi yox, surətimin altındakı gizli məni mənə göstərsin, kimsənin görmədiyi məni” (İ.Pala). Kim demiş, “teatrına yardım etməyən, onu dəstəkləməyən bir xalq ölməmişsə belə, ölüm dərcəsində xəstədir”(?). Bütün halıyla xalqı özünə göstərə bilməyən teatr, kimə və nəyə lazımdır axı?!
Heç kəs inciməsin, multfilmlərimiz, tele-seriallarımızdan daha maraqlı gəlir mənə. Bunun günahını, ayrı-ayrı aktyorlarda axtarmaq insafsızlıqdı; aktyor icraçıdı. Əsas ədəbi materialdı, rejissor yozumudu, operator işidi. İndi nə sirdirsə, hərə əlinə bir kamera alıb “serial” çəkir. Danışanda ağzına “çullu dovşan” sığmayanların gördüyü işlər bir qara qəpiyə dəymir. Tanınmış simaların və azdan-çoxdan istedadlı gənclərin zəif (ədəbi material baxımından) və sönük (quruluş baxımından) ekran əsərlərində yer alması, “nə edirsən et, təki görün” prinsipinə əsaslanır. Gündəmdə qalmağın əsas özəlliyi isə “ad”lar, “mükafa”lar,” təqaüd”lərlə ... bağlıdı. Nədən, titullu sənət adamlarına bu qədər ayrıcalıq tanınır? Nədən ölkənin taleyüklü məsələlərinin həllində, bir tək onların sözü dinlənilir? Haradadır bizim AYDINlarımız? Məncə, düşünməyə dəyər...
Dünənə qədər televiziyanın kandarından ayağını içəri qoya bilməyənlərin, bu gün “toy tutmaq” məqsədiylə efirlərə ayaq açması, onların “sənətkar” adıyla xalqa sırınması, təkcə sənətimizə deyil, bütövlükdə mədəniyyətimizə sayğısızlıqdı.
“Sovetdən qalma miras” olaraq dəyərləndirdiyimiz mədəniyyət evlərinin, mədəniyyət saraylarının və klubların teatr sənətinə vermis olduğu töhfələr danılmazdı. Əgər teatr xadimlərimizin sənət bioqrafiyasını yenidən vərəqləmiş olursaq, dram dərnəklərinin, studiyaların və xalq teatrlarının sənət adamlarının yaradıcılığında necə böyük rol oynadığının bir daha şahidi olarıq. Bu gün, sənət məktəbinə yenicə qədəm qoyan həvəskar gəncin, səhnə sənətiylə bağlı ən bəsit anlayışa sahib olmaması, mədəniyyət ocaqları ilə sənət məktəbləri arasındakı əlaqələrin bərpasını qaçınılmaz edir. Bu ünsiyyət çatışmazlığının sənətdə yaratdığı boşluq, o qədər dərindir ki, onu doldurmaq zaman istər.
Milli mənsubiyyətindən və tutduğu vəzifəsindən asılı olmayaraq, davranışlarında və münasibətlərində müştəbehliyə, yekəxanalığa, hoqqabazlığa, kobudluğa, qeyri-səmimiliyə yol verən mənsəbpərəstələrə qarşıyam. Rüşvət verdiyinə sitayiş edib, rüşvət almayana sayğısızlıq nümayiş etdirən gənclərə yazığım gəlir...
Nədən hər kəs layiq olduğu yerdə qərar tutmasın? Nədən harda doğulmağımızdan, kimin övladı, dostu və yaxud da tanışı olmağımızdan asılı olmayaraq, öz qabiliyyətimizə görə dəyərləndirilməyək? Nədən ictimai mənafeyimizi şəxsi mənafeyimizdən üstün tutmayaq? Nədən “titul”larla bağlı sovetdən qalma ənənələrə “YOX!” deməyək? Nədən inkişafa köklü ölkəmizi, sözdə deyil, əməldə qabaqcıl dünya ölkələri sırasında görmək istəməyək, NƏDƏN?!

Məleykə Alı qızı Məmmədova,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar