Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: "Mən bütün gecəni oyaq qalıram..."

Tarix: 24-06-2019 19:27     Baxış: 2359 A- / A+
Paşa Talıblı: "Mən bütün gecəni oyaq qalıram..."
Çox uzun nağıldı ağlım kəsənlər...
Ağlımı kəsdirdim-çox uzunuydu


Manevr.az Paşa Talıblının şeirlərini təqdim edir:

***

Mən bütün gecəni oyaq qalıram
...su indi qızıldı leysan hesabı!
Necə dinsin susmaq istəmədikcə
Ya vəli, bax budu insan əzabı.

Tarix səhnəsində şair dövrüdü...
...ya bazubənd dövrü ya sırğa dövrü!
Bəlkə ona görə artıram belə
Gecə - əzabımın qasırğa dövrü.

Dərdli-dərdli baxan göz görmüsənmi?
Dərdi şifahidi, yaşı yazılı...
Bəlkə ona görə çox qaranlığam
Şeir də gecələr yaxşı yazılır.

***

..."ey dadi-bidad"ın sirri faş oldu:
dadı bi-dad oldu, bidad açıldı.
Əsrin əsrarəngiz əsrarı kimi
yeddiqat göy kimi qat-qat açıldı.

Nə isə...həm ayı həmayıl etdik,
dad da eləmədik hey kəllər kimi.
Bu dadi-bidadda susduq həmişə
heybətli-heyvərə heykəllər kimi.

...görən "se qənd"dimi Səmərqənd yenə?
Yenə xumar-xumar xurmalı Bağdad!..
Alnıma nə yazıb-oxuyammadım
dad-bidad xəttidi...ey dadi bidad!!

***

Çox uzun nağıldı ağlım kəsənlər...
Ağlımı kəsdirdim-çox uzunuydu.
...mən şerə gələndə Sözün vaxtıydı
Onda biz tərəfdə Söz ozanıydı.

Hecanın, misranın tutumu vardı...
Onda nə azıydı nə çoxuydu söz.
Mən şerə gələndə Sözün vaxtıydı...
Qibleyi-aləmdi padşahıydı söz.

Onda sözü əl-əl gəzdirirdilər...
Sözün yeri qızıl taxtıydı onda.
Mən şerə gələndə Sözün vaxtıydı...
Təzə doğulduğum vaxtıydı onda.

***

Arazın suyuyla öpüş vaxtının,
Araz qırağında örüş vaxtının
bəlkə də Allahla görüş vaxtının
yelinə uçurlar səmt küləkləri.

...hamının küləyi səmtinə əsir,
hamının üzünə əsir küləyi.
Yaxasını açan deyil özgənin...
...hamının özünə əsir küləyi.

Yüz səmtə küləklər əsirdi onda
biri də yanımdan keçə bilmədi-
uzaqdan əsirdi, gendən əsirdi...
...yağışlar bir zaman məndən yağırdı
küləklər bir zaman məndən əsirdi.

Dünyanın küləkli oynuna düşdüm,
səmt umdum küləkli dor ağacından.
Başsız küləklərdən alan olmadı,
qurtaran olmadı dar ağacından.

...bəlkə axşamları külək aparır,
qayıdıb səhəri külək gətirir.
indi çox səfərə küləklər gedir,
indi çox xəbəri külək gətirir.

...ölüm də, sevgi də ürəkdən olur-
ilahi, ürəkdən ölür adamlar.
İlahi, ürəkdən əsir küləklər,
ilahi, küləkdən ölür adamlar.

Sonumuz məzardı-kəfən qarışıq
son-torpağa çəkir, son-ağa çəkir.
Dağın o üzündən qalxan küləklər
dağın bu üzünü sınağa çəkir.

Paşa Talıblı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar