Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Tanrım, sənin izini son nəfəsdə buraxdım..."- Dəyanət Osmanlı

Tarix: 24-06-2019 17:20     Baxış: 2326 A- / A+
"Tanrım,  sənin izini son nəfəsdə buraxdım..."- Dəyanət Osmanlı
Övladı qanına susamış vətənəm

Manevr.az Dəyanət osmanlının şeirlərini təqdim edir:

Azadlığın hakim olduğu yer

Küləyi görəndə əsmək,
uçağı görəndə uçmaq,
gəmini görəndə üzmək...

Boylu buludların arasıyla,
ulu suların içiylə
anidən qeybə qarışmaq...
Birdən təntimiş halda
qəflətdən baş qaldırıb,
nəfəsim kəsilir kimi
azadlığın hakim olduğu
bir doğma yerdə oyanmaq...

Yaşarkən inanıb,
ölürkən sağ qalmağa umudlanmaq...
Hər zaman bulmaq istədiyim,
hər dəfə itirdiyim
cənnəti qazanmaq şansıdı.

Gecikərsəm uçağa,
gəmiyə,
gül-çiçəyə qərq olan
bir səhrada oyanarsam
və susuzluqdan
dodaqlarından daman qanı yalayan
bir dəvə karvanını görüncə
ruhum atlanacaq qoşulub getməyə...

Bəlkə də
mənim yaşamağa,
hardan gəlib
hara getdiyimi anlamağa
haqqım və səbrim çatmayacaq,
irəli-geri arasında
düşünməyə də macalım olmayacaq...
Bir də dünyanın sınırına varanda
burası haradır,
deyə,
sormağa nə bir kəs,
nə də zamanım olacaq.

Adam özünü tanısın…

Yolsuz bir səyyaham,
öz kölgəmin izindəyəm.
Qəddim kimi əyilmiş bir soru
zamanı tovladıb güldürər üstümə,
ağladıb qəhr edər məni,
cənnət və cəhənnəm adına
Tanrıdan hesab istər.

Tələsirəm mənzilin səmtini tutmadan,
intəhasız yollar axıra çatsın.
Həyat dirini,
məzar ölünü,
adam özünü tanısın məzarda.

Tanrıya tövsiyəm var:
min illərin sınağında uduzan
alnımdakı mənasız cümləyə
qara bir nöqtə qoyulsun.

Açılsın bütün umacaqlarımız,
bitsin bu səbrin mistik əzabı.
Sən min yerə yozulan sözünün,
mən küskün canımın sahibi olum.

Bir gün sənə gələrəm

Bir gün bu qovğalar da
bitər can haylarında.
Tutmaz duaların da,
iz qoymadan itərəm.

Yuxun dardı səbrimə,
asiyəm qədərimə.
Ruhum atıb çiynimə
söz demədən gedirəm.

Könlümü qaraltdılar
günü qara adamlar.
Ölməyə qoymadılar
qanıma bələnirəm.

Yığvalı ağ adamlar,
gözü bulaq adamlar
məni yamanladılar
sonra da ağladılar,
halımdan ürpənirəm.

Savaşında ulusun
qanın tökdüm qəlbimin.
Ölüm günü qəbrimin
sağlığına içirəm.

Fələkdən möhnət aldım,
borc içində qocaldım,
Əcəl yadından çıxdım,
şeytandan gizlənirəm.

Yaşadım,
günmü gördüm,
yandım,
külümü gördüm,
azadlığı itirdim,
hey ardıyca uçuram.

Ölüm,
axırın heçdi,
daha suçundan keçdim.
Qəbrimin damı uçdu,
anılara köçürəm.


Eşq sevimli bir canidir

Sən elə bilirdin
eşqdir ölümün çarəsi
amma anladın başına gəldiyində
eşq ölümdən də qəddar
sevimli bir canidir.

Sənin düşdüyün sevdada
mənim günüm ağrıyır.
Ürəyim yuvasında
qorxan quş tək yuxusuz.
Gecənin üzü dərdli
göylər duyğusuz və zərif
quşların qocalmış qanadlarında.
Sən elə bilirdin
gecənin bu vaxtında ucaraq
qaçıb qəzadan
eşqdə gizlənmək olar.

Eyy-eheyy...
əkdiyim o qoxusuz gülün
kölgəsində ruhum təntiyib
adım yara bağlayıb qəzəbində.
Sənsə elə bilirsən
çaşıb qaysağını qopardıqca
qanayacaq köhnə yaralar
yenidən döyünəcək ürək
ölümün və eşqin fərqinə varmadan.
Gerçəyə istehza edən talesiz yolçuluqlar
keçmişə könüllü başlayacaq.


Qar altında can verən...

1

Dünyanın o başında
qarlı bir ormanda
qar altında can verən
bir ovçu komasıyam.
Bir atəş səsi eşitmədən
bir ölüm hayqırtısına bayılmadan
adınla üzbəüz buluşaq
Tanrım.
Qeybin qapısından dönüb
üzünü görmək vədinə inamım yox
qalmadı taqətim
ömrü dənəməyə bir daha.

Bir etiraf göndərsəm
səni özlədim deyə
düz olsa da inanma.
Yıxıl dualarımdan
öldürsəm də oyanma.

Ölüm qapıda dayansın
soyuq kəssin sözümüzü
sorğu-sual bitməsin.
Qar bağlasın yolları
izimiz görünməsin.

2

Tanrıyla
buluşma anını
lap çoxdan unutmuşam
doğma qarlı ormanda
ümidini qar basmış
sakini susuz
əkməksiz
havasız
bir ovcu türbəsiyəm.

Haydı
gəl buluşalım
bir atəş səsində
bir ölüm hayqırtısında.
Tanrım
əgər yaralı bulsan məni
bir səfər macərasında
üzümdə bir təngimiş soyuq nəfəs
başımın üstündə
bir tərk edilmiş doğma ürək görərsən.
Mənə çatar-çatmaz
üz-göz olmadan ayaq saxla
dəyişək buluşma zamanını
bircə rəhmətin bəs eylər
haqq üçün qəhr olan mutluluğa.


İndi doğma taleyim mənimlə yola getməz

Tanrım,
sənin izini
son nəfəsdə buraxdım.
Qısqandım özümü taleyə
həyatla ölümün bir-birinə
həsəd apardığını görüncə.

Səsin gəlməz uzaqdan,
surətin yox yaxında
ayrıldığımız yerdə də
izin qalmayıb,
Tanrım.

Hələ payız gəlməmiş
erkən düşdü soyuqlar,
öfkələndi küləklər,
töküldü yarpaqlar.
Dəfn oldu izlərimiz
yağmurların təmkinlə
axdığı üzlərdə.

Bir-birimizin hikkəsində
boğuldu sevginin adı.
Keç günahımdan deməyə,
qorxudan itaət etməyə
ehtiyacım yox,
Tanrım.

İndi doğma taleyim
mənimlə yola getməz.
Nə peşmanlıq,
nə də qürur
yaramın gözünü öpməz…

Qibləyə dönükdü insanın üzü

Keçmişin günahkar qəbrindən
şərəf və təslim fitvası çıxmaz.
Torpağın donqarı
padşahların sakinsiz türbələridi.
Tarixin yanlış qüruru
qətl olmuş əsgər ruhudu
azadlıq davasında.

Ziyarətgahların daş-divarında
inamsızca Allah-Allah sözünü
pıçıldayır dodaqlar.
Bir-birini ölümlə hədələyib,
sonra keçmiş olsun deyir
daşlarda öpüşən dodaq izləri.

Döyüşlərdə arxadan vurulan əsgərin
qanlı tabutuna bükülən bayraqdı
vətənin dəfn olan aşikar sevdası.

Yolların heç biri haqqa aparmaz,
Qibləyə dönükdü insanın üzü.
Hər gün dərgahın səmtini
səhv salır Azan səsi,
sirri faş olan dualar uçur-uçur
bir türlü imana çatmır.

Əkmək azadlığın acı qanıdı,
savaşın mayası bərəkət nəfsidi.
Hikkəli dualar göyün üzündə
didir bir-birini qarğa-quzğun tək...
Aman vermədən öldürən də,
aman diləyən də Tanrını səslər.
İmdada hər zaman fələk yetişər.

Səni mənə bənzədirlər, qara daşım

Naməlum bir məzarda
bir rəhmət duasına möhtacam.
İllər öncə necə fəxrli günlər vardı,
yaşamaqçün mücadilə edərkən
qəhramanlıq arayırdım...

Əbədilik arayışında
doğal faciələri
gözümdə canlandırarkən
ayaqlarımın taleyimi
qətlə könüllü apardığının
peşmanlığı zorundayam.

Bəlkə mənim adım yox,
sümüklərim doğmadı torpağa…
Səni mənə bənzədirlər,
ağ yazılı qara daşım,
adam da heç bənzərmi ölüyə...
Məzarımın nəbzini tut,
qara xəbərdən çatlasın
səni öpən dodaqlar.

Mən naməlum bir məzaram,
ən sevgili və əbədi.
İnsanlığım,
kimliyim,
keçmişim,
gələcəyim torpağıma səcdə edər.

Adımdan,
torpağımdan ötrü
kimlər havayı ölür,
kimlər qəhrəman olur…
Övladı qanına susamış vətənəm.

Son sözü unutmaq

Ufacıq bir söz
əzilir çaşqın qalan
yaddaşının ağırlığında,
dilimin sınırında dəyişir anlamını...

Ele hey sorursan:
kimə söyləmək istərsən
ən əziz sözünü,
vəsiyyətini son kərə...
Necə deyim,
hansı olayı xatırlayım,
salamat qalmış
hansı bir günün adını çəkim,
keyfinin hansı çağında
o sözün üzünü göstərim sənə...
Sən də baxıb kövrələsən,
ya da acığın tuta özünə.

Dilim dönmür söyləyim,
əzilib-büzülmüş o sözü.
Əfəndim Tanrı,
birdən anlamazsan dilimi,
sözümdə özünü tanımazsan deyə,
mən son sözümü belə
unutmaq zorundayam
fani bir həyat kimi.

Anama son sözüm

Bir sabah
yalnız keçmiş anılarla
nəfəs alıb
anlaşılmaz danışan,
səsi qeybin qorxusu tək
vahiməli və qırılmış
yarımcan anama dedim:
işdi səndən öncə ölürsəm,
başın üstə durub
bulanıq dünyanı tanımayan
gözlərini sığamasam rahatsız olma.
Tanrını qarğıyıb,
ölümün qəlbini dağlayıb,
üz cırıb,
dil deyib
təzələmə həyatın köhnə oyunlarını.

Tale xətrindən keçməzsə,
qara xəbər hücrəmizdə
hüzuru pozmaz,
amma kimin yanından
xətərsiz keçmiş ola o zalım.

Ola bilsin bir gün
səni yerində-yurdunda
sağ-salim bulmaram.
Həsrəti qoxularam
könlümü ovudaram keçmişinlə
boyundan bir qarış uca başdaşın
sənin əvəzində boynuma sarılanda…

Axirət yolunda,
yaxud sorğu-sual anında
Tanrıya və behiştin sərdarına
yolüstü rastlasan
kimsəni üzdən tanımasan da,
adımdan söylə:
mən onların taleyinə yazılan
qələmi divanə,
ünvanı viranə
aci bir gerçəyəm.

Dünya durduqca qismət dəyişməz,
yazı pozulsa da bu nağıl bitməz.

İlan ilinə etiraz

Mən bir yolçu ilan,
sanki həyatın rəsmi
üzümdə donmuş,
dilimdə yollar haçalanmış,
dişlərimdə ağıya dönmüş
Tanrının verdiyi ruzi.

Bir-birinizin haqqını
sevə-sevə tapdadız,
sonra da bir-birinizə sarılıb,
qızıl qanınızı sordunuz.
Arabir məni də xatırlayıb,
lənət oxudunuz adıma.

Çox uğraşdım,
çatmadım bəlirsiz amacıma.
Yaşamın firavan tablosu
gözlərimdə donub soyumuş.

Dilim haça –
ikibaşlı dualar kimi,
amma dişlərimdən zəhərli
dost-düşmən məkri var...

Həyat görəvi

Tanrı yetirər,
deyib
bayramları borca keçirənlərin
tək arzusudu ruzi-bərəkət,
arzuların çin olmadığını bilə-bilə…
hər dəfə ümid vermək
abırsız bir adətdi.

Möhtaclar çox,
ümidlər xəsis...
Dost-aşnaya quş iliyi,
can dərmanı içirtmək,
acları bayram tətilləriylə sevindirmək,
oğul-uşağa haram yedirtmək gərəkmiş.

Mübarək bayramların acığına
son tikəsini özünə qıymayan insanın
ağzından əkməyi,
dilindən sözləri oğurlamaq,
kutsal kitabların xoflu kəlamlarıyla
qurbanını ovsunlamaqdı
insandakı şeytan əxlaqı.

Hətta insanın
qalan saatını sayıb,
nəbzini dinşəmək,
aldığı nəfəsə darılmaq
kiminsə həyatda qalmaq nədəni.

Adi günləri bayram kimi özləyənlər,
Vətən eşqinə canından keçənlər,
Vətən eşqinə torpağı
altına-üstünə çevirənlər,
keçmişin gözünün içinə
tüpürənlər olmasaydı…

Tanrının qoca vaxtında
insanlıq üzərinə,
tale-qismətin qanına yerikləyib,
alın yazısını
dəyişmək eşqinə düşənlər var.
Ölüm-dirim fərmanında
Tanrıya ortaq bir iddiada bulunmaq
və əkməyini göz yaşı isladanların
bayramını kutlamaq
zalımın görəvi olmasaydı…

İsmarış

Dost düşməni,
işıq qaranlığı tanımır,
ocaq öz tüstüsündə boğulur.
Qara taleli torpağın
uğrunda şəhid olanla,
onu məzarlığa çevirənin
fərqində olmadığı
bir günün ortamındayam.

Bezmədən yaşayıb,
hamı kimi öldüyündə
səni bir mumiya kimi
ürəyimdə saxlamağa çalışdım.
Heç ağlıma gəlməz
nə üçün və hardan gəlmişəm,
harda və kimin qulluğunda
usanmadan dayanmışam.


Bilmədən
sabah kiminçün açılır,
ocağı kim söndürüb gedib
və sən ürəyimdə nə yapırsan,
orda həyat varmı yenə...
Bir əlüstü xəbər göndər
özündən öncə,
ya mən vədəsiz ölüm,
ya gözləyim bezincə...

Haqq qapısında

Bir gün yuxumda
mən də istəmədən,
könülsüz,
güvənsiz dayandım
haqq qapısında....

Kimliyimi,
hardan gəlib,
hara getdiyimi sordular.
Ölənədək düşündüm,
amma nə yerimi,
nə səfərin amacını xatrladım.

Dedilər:
nə işin vardı bu dünyada,
əgər razı qalmayacaqdın.
Düşündüm,
amma yenə
nə bu söz sahibini,
nə var olduğum dünyanı,
nə yaşadığım gerçəyi
yadıma sala bildim...

Vaxt varkən

Tanrıya söz vermədim,
bəlkə buluşa bilmədik vədəsində,
indi sevinclə dərd arasında
tərəddüd etdiyim zamanlardı...

Ölüb qeybə qarışmadan öncə
təlaşın odasında
bir yalqız gecə keçirməliyəm.
Keçmişə üzülmədən
geri dönməmək acısıyla
bir dəfə sinə dolusu
köks ötürmək istərəm
ardıyca həyatın.

Hələ vaxt varkən
gənc arzuları dənəyib
gerçəyə təslim edək,
yaşamağı və sevməyi
sonra da düşünürüz.
İndidən ilk və gerçək yerimiz,
dost-düşmənimiz bəlli olsun.
Sonradan qanlı qovğa
düşməsin aramızda...

Sənə məktublar yazdım

1

Yadında varsa,
sənə bir çəmən yolladım,
sinə torpağım kimi.
Amma hələ
nə bir çiçək qoparmısan,
nə də arısını qovmusan...

Sənə məktublar yazdım,
ağlına gəlməz olay kimi,
sənə bir küskün xatirə yolladm
boşalmış yurd yeri kimi...

Sənə məktublar yolladım,
hələ almadınsa,
qəlb krizi keçirib yəqin hardasa...
Bir gün ruhumdan hesab sorsalar,
o keçinmiş sözlərə görə,
ürəyini üzmədən söylə:
mən belə yaşadım,
həyatın adını-dadını bilmədən.

2

Sənə məktubllar yazdım gecələr,
yola salırkən gündüzlər
utanıb verdim fələyin atəşinə.
Nə yazmışdım,
nə ummuşdum həyatdan –
unutdum adın kimi.

O məktubları məndən sonra
tapıb kiminsə yaddaşından
oxumadan cırıb deyinəcəklər
və çox üzücü,
adıma rəva bilmədiyin
sözlər söyləyəcəklər.
Dilin titrəyəcək,
ürəyin ürpəşəcək,
o sözlər bir-bir düşüb itəcək
məzarımın üstünə qıymadığın
ciçəklər arasında...


Yadında varsa,
sənə məktublar yollamışdım
atəşə yaxmaq ücün.
Maraq səni götürübmüş,
kimmiş bu zavallı,
kimin üçün
və hansı dildə yazıbmış deyə,
sözləri qarışdırıbsan
dəli-divanə kimi.
Əzilmiş sözlərin içində
bulmayınca adını
oxumusan şeytana lənət…

Ölümün üzünə gülümsəyin

Günahlar olmasaydı
cavab aramazdıq sorulara,
Tanrı sözsüz də anlar...
Qaralayıb gündəlikləri sözlə
həzz aldıq tarixin acılarından.
Utandıq abırsız anılarımızdan,
dəfn oldu abrımız
nimdaş əlbisələrdə.

Eyy... əfəndilər,
bir az da ölümün
soyuq üzünə gülümsəyin...
Rəhimsiz və fani bir eşqlə
ömrün sonundan
qaçmaq istəyənlərin tıxacı
zamanı dayandırıb.

Öfkəli dualar
tükətmiş sözlərin səbrini
ürəyimizdə və yaddaşımızda
çarmıxa çəkilib tərcümeyi-halımız.

Həyatın önündə gülə-gülə,
ölmün ardınca hüznlə addımlarıq
Eyy... əfəndilər,
qanımızda islanmış köynəyimiz
quruyub nəfəsimizin istisiylə
kutsal bayrağa dönsün.

Nəfəsimin qatili

1

Rastlarkən rəsminə itirdiyin birinin
üzü unudulmuş dostu görəndə
anılar adamın nəfəsini kəsir.

Bir hüzr törənində
bir doğma söz eşidəndə
bir əşyaya toxunub sındıranda
çox üzücüdür keçmişə dönmək.
İnsanı sükuta qovuşdurar anılar
bir naməlum qoxu duyanda
quşlar üstümü kirlədər deyə
bir ağacın yanından
ustufca ötəndə...

Bəzən ayaqda zorla dayanıb
həyata meydan oxurkən belə
anılar nəfəsimin qatili...
Üzünü heç görmədiyim
bir könül xoşluğu
adını heç eşitmədiyim
bir üzgünlük duyğusu
məni həyatımdan sapdırıb
məzarımdan belə didərgin salır.

2

Anılar qanımın səsi
durmadan tənimi oxşayır
ilk qar yağmurudu anılar
saçlarımda donub
üzümün qırışlarında əriyir...
Tamını-duzunu ayırd etmədiyim
yoxluğun həzzidi
acımasız tərk etdiyim yerdi anılar.

Bir axşam yol ayrıcında çaşıb
sabahı gözləyəndə
sağ-salim qalmaqçün
bəhanələr arasında vurnuxanda
nəfəsimin insafsız qatilidi anılar...
Tərpənməz canımı görəndə
özünüzü şaşırtmadan
cansız bir daşın yanından ötür kimi
yürüyün bu qətlin yanından
qismətinizin ardıyca.


Ömrün qışında vida günü

Tanrım
ölüm hələ son nəfəs deyil
buluşalım səninlə
ömrün bitdiyi yerdə.
Yaşamağa vaxt qalmasın
savaşmağa söz olmasın
ölməyə həvəs olmasın
yolda qalan kor göz olsun.

Ömrün qışında vida günü
gecənin şər vaxtında
sözlər donub buz bağlayar
sarmaşıb bir-birinə.
Səhər ertə tərslikdən
qıpqırmızı gün çıxıb
anıları əridər.

Bəzən olur özümü
tərk edilmiş yurd yerində
dizini qucaqlamış
bir kabus tək buluram.
Bəzən canımı özümə qısqanıb
həyatdan üşənirəm.
Bəzən də keyfini çıxarıb vida anının
Tanrının arxayın vaxtında
ölümün qulağına
bir çırtma vurmaq istərəm.

Qocalmış ruhuma rastlasan

Bu gün çox halsızam,
gücsüz və cansızam.
Əcəl qənşərində xar olub,
insanın acığına
ömrün dalanında meydan sulayan
bir qarğış yaralayıb canımı.

Günlərin birində
qocalmış ruhuma rastlasan,
bir tapdanmış yovşanlıqda
tanınmaz ölüsünə,
ya özündən razı dirisinə
bir xəbər çatdır:
gəlib məni bulmasa,
köçdən ayrı düşdüyüm yerdə
gözlərinə inanmasın.
Ölümün xətrinə dəyməsin,
o son həyanımız,
son halal haqqımızdı...

Ruhum kimliyini bulmasa,
gördüyü yoxluğa inanmasa,
həyatını sıxmasın,
qəza-qədərin nəzərini ovmasın.
Gözlərində hələ acılara dözmək
və bir canın yarımçıq nəfsində
son titrəyişə şahid olmaq şansı var...

Məni məzarımda görməsə
ruhum özünü danlamasın,
fələyi acılamasın...
O fələk dar macalda,
son adımmda yanımdadı,
Tanrıyla çarpışan təlaşımda,
əzizimdi torpağımın başı üstə.

Bir köprübaşıyam

Sabah açılan kimi
quşlar uçub uzaqlaşdı.
Ömür bitdiyi anda
dostlar bir-bir bezib getdi,
yadımda qalanlar kirayənişin.

Küləkdə,
çovğunda,
qızmarda,
canı bərkimiş,
həyatın içində gözükölgəli
bir köprübaşıyam.
Karvanlar çəkib getdi,
isti yuvalar dağıldı
yarımçıq yuxular tək.
Qış qapıya dayanmamış
qalın qar yağdı
nakam arzuların üstünə...

Görəsən sağ çıxmasaq
bu yaşam qovğasından
bir daha sabah açılacaqmı,
görəsən yenə də
gözlərimiz sevinəcəkmi
bir-birimizin dirisindən vazkeçib
ölüsünü bulunca...


Şükr etməkdən bezmiş kimi...

Heç nə düşünmədən,
vaz keçmədiyim bir aqibətin
qəfil fərmanını bilmədən
hər gecə gəlişini gözlədim.

Hələ sabahın açılmağına
bir az zaman var,
hələ heç də sabahın günəşli,
tutqun, buludlu olaçağını bilmədən
gəlişini çarə tək gözlədim.

İllər öncə
ruhumun yuxuda nə görüb də,
bir səbəb olmadan
həyatdan usandığımın şahidiyəm…
Sabah açılar-açılmaz
yürüdüm öz qismətimə sarılmaq üçün.
Sabahlar monoton vərdişlə
yuxudan oyadıram özümü,
yaşamaqdan yorulmuş kimi.

Ölümün adından usanmış,
şükr etməkdən bezmiş,
nə üçün yazdığını bilməyən qələmi
özündən tez qoçalmış divanəyəm.

Heç fərqinə varmadan
kim və nə üçünsə qəribsədim,
doluxsunmuş səbirlə
gecələri bir ilac tək özlədim...

Ölümün təmənnasız mərhəməti
Tanrının rəhmi qədər.
Əcəlin hər gecə canımı almaq,
ya da yaşatmaq istəyinin
fərqinə varmadan,
özümü sahmana salıb
gəlişini əzabla gözlədim...

Ölüm kimi gözlədim

Hər dəfə öz rəsmimi görəndə
gözlərimi yayındırdım.
Surətim kağızda ölübmüş,
ruhumun da xəbəri yoxmuş.

Məni də Tanrı yaradıb deyə
heç təsəllim olmadı.
Dar macalda tərk edənlər,
peşmanlıq içində
xoş günüm olmadığını sanıb,
bəlkə də ömürboyu
bir daha xatırlamadı.

Sabahların sonunu
bayram kimi gözləyib,
günümü öldürdüm,
əzizim.
Hər dəfə bir törəndə
ovqatımı görüb utanınca
əziz canımdan keçib,
ölümü güldürdüm,
əzizim.

Dəyanət Osmanlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar