Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xəyalə Sevil- ŞEİRLƏR

Tarix: 21-06-2019 18:30     Baxış: 2600 A- / A+
Xəyalə Sevil- ŞEİRLƏR

Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar


Manevr.az Xəyalə Sevilin şeirlərini təqdim edir:

Bətnimdə böyüyən adam

Bətnimdə böyüyən adam,
Bir ömür gözləyir səni.
Ömrün yaşına gələcək,
Həyat başına gələcək.
Qoy səni aldatmayım ki,
“Dünya xoşuna gələcək”...

Bətnimdə böyüyən adam,
Dünya bətnim kimi deyil,
Enişi var, yoxuşu var.
Bu dünyaya hər gələnin
Torpağa bir qapı açıb
Bu dünyadan çıxışı var.
Qapı - qapı qəbrlərini tanı,
Bunu, onu, o birlərini tanı.
Bizi saxlayır, böyüdür,
Dayədi bu dünya bizə.
Dünyadan ev olmaz, balam,
Kirayədi dünya bizə.

Bətnimdə böyüyən adam,
Müxtəsəri,
Anan mənəm, atan odu.
Evin budu, odan odu.
Səni hər gün əzizləyən
Bacın, qardaşın da var.
Daşın üstə daş qoymağa
Balaca daşın da var.
Ürəyimiz üzünə
Açılıbdı taybatay,
Gözləyirik aybaay.
Fərqi yoxdu, oğlan ya qız,
Balamsan, balamsan mənim.
...7 ...8 ...9

Asaram özümü göyün üzündən …

Buludların ac it kimi
Elə hürür ki, üstümə, ilahi,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım da,
Məni qarğışın tutacaq.
Ömrüm il - il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.
Eh! Daha əlimi açmaram sənə,
Eh! Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar.

Cəzalıdı ürəyim

Cəzalıdı ürəyim,
Bədənimdə küncə qoydum.
Yorulan göz yaşımı,
Yanağımda dincə qoydum.

Bu da səndən qalan ömür,
Yarı sənsən, yarı sudu.
Həsrətini atdığım yer
Gözlərimin quyusudu.

Eh! Yolların yol yoldaşı,
Gedən yollara qarışdın.
Sən tək bədəndən ibarət
Sevgilərə alışdın...


“Əllərim üşüyür”

Mən özüm “ ayrılaq ” demişdim onda,
Mən özüm bilirdim belə olacaq.
Uçuq daxma kimi damır gözlərim,
Hələ nə olub ki, hələ olacaq.

Ağladım, gözümü dəniz etdim ki,
Mən sənin sevgini boğum, boğulmur.
Hər axşam gözümə düşən gecəyə
Həsrətin doğulur, yuxum doğulmur.

Soyunum gözümdən göz yaşlarımı,
Göndər ümidini geyim, barışaq.
Axı nə bəhanə tapım görəsən,
“Əllərim üşüyür” deyim, barışaq?


Anamın əlləri

Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.

Anamın əlləri qocalır yaman,
Üstünə illərin ağrısı çökür.
Qocaman bir evin qayğı yükünü
İndi də qocalmış əlləri çəkir.

Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Deyirlər torpağın altı soyuqdur,
Qəbrimi anamın əllində qazın.


Səndən nə qaldı ki...

Sonra gözəl - göyçək ayrılıq gəldi,
Sonra gözəl - göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.

Səndən nə qaldı ki, eh... Səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.

Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən...
... Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən...

Uzaq bir xəyal...

Daha nə oddan al,
Nə odlara yax.
Ən gözəl bahar da,
Payız oldu, bax.
Mən necə anladım
Sənə bu hissi?
- Məni tək buraxma...
- Məni tək burax!

Bu da bir istəkdir,
Bax! Elə bu cür.
Nə ağrı, nə arzu,
Nə nalə deyil.
O qız bir xəyaldır,
Uzaq bir xəyal...
Xəyalə deyil.

- Məni tək buraxma...
- Məni tək burax!
Nəyimə gərəkdir
Ucuz ehtiyat?
İtirdim
Aldığım dözümü səndən.
Daha islanmazsan yağışın altda,
Götürdüm
Ağlayan gözümü səndən.
Burax!
Yığışdırım özümü səndən,
Çevirmək öyrənim
Üzümü səndən.
- Məni tək buraxma...
- Məni tək burax!
Yox! Dərs almamışdım
Bu son dərs kimi.
Güclə ovuduram özümü,
Güclə.
Hər yerdə olursan
Sən də tərs kimi.
Ya elə indi get,
Ya yanımda qal,
Tükənib gedirəm
Son nəfəs kimi.
Adım
Qulağına gələn səs kimi
Uzaq olsun.
Qoy bu eşq ac – susuz
Yalquzaq olsun.
Məni tək burax...
Mənim əllərimin
Pis yaddaşı var.
Mənim gözlərimin
Pis yaddaşı var.
Amma, ürəyimin
Hiss yaddaşı var.
Gözümün üstündə
Həsrətə yerin...
Süzülür gözümdən xatirələrin.
Buraxma məni...
Buraxma!

Payız

Üşüyər, üşüdər pəncərəmi də,
Gəlməz içəriyə, yadındı payız.
Sarı saçlarını töküb çiyninə,
İlahi, nə gözəl qadındı payız.

Həmişə gözündə yaş saxlayanım,
Sənə oxşayıram, gözüm bir əsim.
Səslə, bircə dəfə buludun olum,
Mənə göylərində yer ver, tələsim.

Üzünu, gözünü yuyum yolların,
Üstünün, başının tozunu alım.
Geriyə qaytara bilmədim onu,
Barı ayağının izini alım.

İlahi, o necə unutmağıydı?!

Tanımırdım göz yaşını onda heç,
Ürəyim də, gözlərim də sağıydı.
Bütün dünya bələnmişdi ətirə,
Bütün günlər ağ buluddan ağıydı.
Qəfil bir gün sevdi, atdı, unutdu,
İlahi, o necə unutmağıydı?
İlahi, sən axı, bilirdin axı,
Bu eşqin axırı necə olacaq,
İtəcək gözümün ağı - qarası,
Günün gündüz vaxtı gecə olacaq…
Sən niyə demədin, niyə demədin?
Dağlar çəkiləcək köksünə, dağlar…
Sənə diri - diri məzar olacaq,
Bu soyuq divarlar, soyuq otaqlar..
Sən niyə demədin axı, İlahi?
Ayrılıq sonunda tapır hər kəsi.
O çoxdan ölübdü, bəs niyə sağdı
Onun pəncərəyə düşən kölgəsi?
İlahi, o necə unutdu məni?
Hansı nağıllarla uyutdu məni?
Bir də baş vurmağa xatirələrə,
Özün bilirsən ki, həvəsim çatmır.
İlahi, o necə unutdu məni?
İlahi, İlahi nəfəsim çatmır.
Yağışdan sonrakı göy qurşağıydı…
O axı könlümün öz uşağıydı…
İlahi, o necə unutdu məni?
İlahi, o necə unutmağıydı…

Yenə darıxdım

Uzaqdan...
Uzaqdan baxıb keçənlər,
Bir addım yaxına kim gələ bilər?
Lap uşaq olanda dediyim kimi:
"Gözümü yumuram, axtarın məni"
Harda gizlənmişəm, kim bilə bilər?

Ucadan...
Ən qalın səslə susuram.
İçimdə bir yığın
Kəslə susuram.
Dilimə,dişimə dəyən sözləri
Demirəm,
Lap elə qəsdlə susuram.

Diksindim içimdə ayaq səsindən,
Çıxardım könlümü hədəqəsindən.
Nəyimə lazımdı pay umdum, axı
Onun ürəyinin sədəqəsindən?

Yığdım,
Ağlımı da başıma yığdım.
Yıxdım,
Ürəyimi qarşıma yıxdım.
Nə ki, var danladım sevməsin deyə.
Sonra...
Sonra nə olsun ki?
Yenə darıxdım.

Xəyalə Sevil

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar