Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

O “səsini çıxart” dediyin mən idim...- Arzu Murad

Tarix: 19-06-2019 18:05     Baxış: 2590 A- / A+
O “səsini çıxart” dediyin mən idim...- Arzu Murad

Məktubdakı səssizlik...

Bəlkə də bu, sənə son məktubumdur. İstəyirəm bilib və agah olasan ki, mən səni çox sevirəm. Zəng edib telefonda səsini dinləyən o “səsini çıxart” dediyin mən idim. Əslində mənim səsim hər zaman çıxdı, amma sən eşitmədin. Mənim dilim yalnız və yalnız sənin adını dedi. Görən də yeni dil açanın “ana” deməsinə bənzədərdi. Ömrümün hansı çağında gəlmiş olsaydın, yəgin ki, yenə də sənin adını sayıqlayacaqdım. Səndən başqa heç nə bilmirdim mən. Ağlım heç nə kəsmirdi. Mən bir tək sənin evdən çıxma və dönmə saatlarını bilirdim, yanımdan keçəndə qoxunu həkk etmişdim beynimə. Köhnə adamlar buna “iyini götürmək” deyirlər. Bəlkə də haqlıdırlar, mən sənin iyini götürmüşdüm. Çox da ağrılı bir şeydir birinin qoxusuna, səsinə bağlanmaq. Ondan o tərəfdə həyat dayanmış olur, səninçün hər şey təfərrüata bənzəməyə başlayır. Başına gəlməsin, yazıqsan. Necə qıya bilərəm ki sənə? Sən məndən bir pillə öndə oldun hər zaman. Mənim gözüm yalnız səndə, səninsə gözün yüksəklərdə oldu. Halbuki mən başqa istiqamət bilmirdim.
Bir dəfə məndən soruşdular ki, neçə istiqamət var? Mən dedim:
- Şimal, cənub, şərq, qərb və sən.
Mənə görə bütün yollar yalnız sənə istiqamətlənmişdi.
Bilmirəm niyə anlamadın sənə olan hislərimi? Yəni gözlərim bu qədərmi mənasız baxırdı? Lap tutalım mənanı görmədin, bəs o boyda səni necə görmədin gözlərimdə? Zibilə qalsın, mənim gözlərim səndən başqa heç nə görmürdü. Düzdür, çox zaman aşırı qısqanclığım olurdu, amma inan mənə, sənə olan bütün mənfiliklərim sevgimdən yaranırdı. Elə bilirsən, özümə ziyan etmədi? Etdi təbii ki, hələ o yana da keçdi. Axırda özüm öz zəhərimdə boğuldum.
Bu basırıqda məni ən çox da yandıran odur ki, hislərimin ən gözəlini sənə qarşı duymuşam və ən gözəl sözləri sənə yazmışam. Məsələ gözəl sözlərdə filan deyil, yalan deyirəm. Məni ən çox yandıran, sənə ürəyimi açmağa tələsməyimdir. Dərd odur ki, etimadımı doğrultmayacağını bilirdim, yenə də özümə qoyulmadım. Həyatımda boş yer qoymamışam, bütün saatlarımı məşğul etmişəm ki, səni düşünməyə ayıracaq bir dəqiqəm belə olmasın. Di gəl ki, çifayda...
Burnumun ucu göynəyir səninçün, amma qüruru qırıb bir kəlimə "salam" yazmaq ağırıma gəlir. Heç vaxt ağlımın ucundan keçməzdi ki, səni belə vəhşicəsinə sevə bilərəm... Olur belə, quzum, darıxma. Bir də görürsən elə adamı sevirsən ki, yatsan, yuxuna da girməz nə zamansa o adamı sevəcəyin. Üstünə də bonus “Allahın cəzası” deyək, bir an belə unuda bilmirsən onu. Az qala başını divara çırpmaq istəyirsən ki, onu düşünən beynin dağılsın. Səndən uzaq, qulaqlarını çək, başına gələr…
Hər dəfə sənə bir addım atmaq istəyirdim, on addım geri çəkilirdim. Kəsilə-kəsilə qalırdım. Çox pis adamam, tamam, nə desən, haqlısan. Lakin mən bir insanı ya sevirəm, ya sevmirəm. Orta hədd deyə bir şey yoxdur mənim üçün. Bir adamı ya ürəyimin ən dərin qatlarınacan ötürürəm, ya da bir təbəssüm qədər aralı saxlayıram... Və bir adamı o qədər sevirəm ki, sevgimlə boğub öldürə bilərəm. Büsbütün təslim oluram həmin adama. Onu bütləşdirirəm gözümdə və yalnız ona inanıb, ona sitayiş edirəm. Mən bilmirəm sevmək başqa nə cür olur? Bircə onu bilirəm ki, sən mənim varlığına sığındığım səcdəgahımsan.
Əzbərimə hopmusan, səni şeir kimi əzbərləmişəm. Mən artıq səni o qədər əzbər bilirəm ki, nəyə, harada və necə reaksiya verəcəyin mənə gün kimi aydındır. Bu səbəbdən təkcə özün yox, emosiyaların da, düşüncələrin də, cizgilərin də mənə son dərəcə doğmadır. Adama vətən kimisən, insan sənin yanında rahatlıq tapır, sən olmayanda darıxır. Bir ömürlük sükuta bənzəyir ani səssizliyin. O məlum gün, əslində, sən görməmişdin mən sənin gözlərində batanda. İşə bax, səndə boğulmaq da şirindir.
Adətən gec tanıdığım adamlar haqda belə düşünürəm: görəsən həyatında pis günü çoxmu olub? Sonra da öz-özümü tənbeh edirəm ki, mən onun pis günlərində yanında ola bilməmişəm. Kaş sənə zərər verə biləcək hər şeydən və hər kəsdən səni qorumağa gücüm yetə... Mən hər yerdə yanında ola bilmirəm, əslində isə mən həmişə səninləyəm, sadəcə sən duymursan. Adının baş hərfi belə üzümün gülməsini təmin edir. Anlamıram, bu nə biçim bir hisdir axı? Yox idin, həyatım sənsiz olmurdumu? "Yenə olacaq" deyərdim, amma tərs kimi sənsiz də olmur? Eybi yox, rədd olsun mənim həyatım,əsas sən məsud ol. Üzün həmişə gülsün, daim xoşbəxtlik çiçəkləri açasan. Səndən bir tək xahişim var, özünü qoru. O qədər qoru ki, kimsənin üfürməyə belə gücü yetməsin. Mən bir gün olmayacam, amma sən hər zaman var ol. Tanrı qarşına yaxşı insanlar çıxarsın. Hə, az qala unudurdum, bir də səni mənim qədər sevən bir adam. Sən də sevəsən onu, amma mənim səni sevdiyim kimi yox, adam kimi sevəsən...

Arzu Murad

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar