Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İtib yaddaşımda olub-keçənlər, nə vaxtdan qürbətdə itib qalmışam... " -Nəsib Nəbioğlu 65

Tarix: 02-05-2019 20:15     Baxış: 3310 A- / A+
"İtib yaddaşımda olub-keçənlər, nə vaxtdan qürbətdə itib qalmışam... " -Nəsib Nəbioğlu 65

Harda olmasından asılı olmayaraq ürəyi Vətən üçün döyünər ruhu sözlə toxunmuş adamların. Qürbətdədi...ürəyi, ruhu, sözü, əməli Vətənə bağlı. Bu gün onun günüdü. Kəlbəcər dağlarının əzəmətini ağ saçlarında, vüqarlı baxışında yaşadan Nəsib Nəbioğlunun. Manevr.az 65 illik yubileyi və eləcə də bu yaxınlarda Rusiyada qazandığı uğur münasibətilə "DƏLİDAĞ" Ədəbi Birliyinin fəxri üzvü Nəsib müəllimi təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları, ən başlıcası Kəlbəcər vüsalı arzulayır.
Qeyd: Bu günlərdə -yubiley ərəfəsində Nəsib Nəbioğlu Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində “Bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diplom və medalla mükafatlandırılıb.


Manevr.az-da Nəsib Nəbioğlunun şeirlərini təqdim edirik.

Sevinc Qərib


ANAM


Ata əvəziydi qadin donunda,
Qeyrətdən yoğrulmuş ər idi anam.
Hər sözü, kəlməsi bayatı idi,
Təpədən-dırnağa sir idi anam.

Getmir qulağımdan mehriban səsi,
Şirin bayatısı, həzin nəğmısi,
Ən gözöl varlıqdı ana nəfəsi,
Bir müqəddəs ocaq, pir idi anam.

Yatmazdı, görürdüm oyaq kimiydi,
Dindirsən kamandı, sarı simiydi,
Kiridə bilmədim uşaq kimiydi,
Didərgin düşəndən kür idi anam.

İnsan dərddən necə dindi, görmüşəm,
İnsan necə şama döndü, görmüşəm,
Gur yanan ocaqlar söndü, görmüşəm,
Gözümün önündə əridi anam.

Məni bu həsrətdən qurtar deyirdi,
“Atanin yurdunu qaytar”-deyirdi,
Məni Kəlbəcərə apar deyirdi,
Dağlar deyə-deyə kiridi anam.

MƏN NECƏ QOPARIM GÖYLƏRDƏN SƏNİ ?

Eh fikrim-xəyalım özümdən qabaq,
Səni addım-addım izlədi onda.
O boyda sevgini,o boyda eşqi,
Bir balaca ürək gizlədi onda.

Səni gizli sevdim,bilmədi bir kəs,
Sənin xəyalınla yaşaya bildim.
Dinyaya sığmayan məhəbbətimi,
Bir yandan bir yana daşıya bildim

Elə gözəl idi dünya gözümdə,
Elə yaraşirdı gül-çiçək sənə.
İndi bu yazdığım bu nəğmə bəlkə,
Durna harayinda gələcək sənə.

Qınayan da oldu,qınamayan da,
Eşqi topuğunda olan oğlanı.
Bir görən olmadı,duyan olmadı,
Qəlbi viran,boran,talan oğlanı.

Qeyb oldun,yox oldun günün birində,
De haraya gedin,qaldın hayanda?
Bilirdim ki,tayın,bərabərin yox,
Mələk olduğunu bilmirdim onda!

Sən elə uzaqsan,uzaqsan indi,
Elə soraqladım hər yerdən səni
Çəkildin göylərin yeddi qatına,
Mən necə qoparım göylərdən səni?

MƏNİ

Dünyanın əlində oyuncaq oldum,
Ha qovdu, ha atdı, ha tutdu məni.
Sonu bilinməyən cığıra çəkdi,
Neçə döngəsində ovutdu məni.

Qəlbində haqq səsi, ədalət səsi,
Düz oldu urvası,təmiz kündəsi,
Dedi belə olar əsl bəndəsi,
Allah sevgisində yaşatdı məni.

Vətənsiz susmuşam, dilim ta laldı,
Gözümdə o yamac, o doğma yaldı,
Saldı uzaq elə,qürbətə saldı,
Başımı bişirdi, uvatdı məni

Bu qoca dünyanın əməli ayrı,
Özülü sirr dolu, təməli ayrı,
Mən deyən deyilmiş, deməli ayrı,
Tutub əllərində fırlatdı məni.

Dərdi ayrı imiş daşın, dağın da,
Nisgili təşnəymiş dar ayağında,
Qürbətdə yatmışdım fil qulağında,
Yaxı ki, yuxudan oyatdı məni.

Bu qoca dünyanı yıxılı gördüm,
Nəyini gördümsə yuxulu gördüm,
Getdiyim yolları qorxulu gördüm,
Qismətim, taleyim unutdu məni.

AĞLADIĞIM KƏS...

Məni məftun edən qız ki, sən idin,
Ömrümə xoş bahar, yaz ki,sən idin,
Əlinə qələm al, yaz ki, sən idin,
Qəlbində gizlicə saxladığın kəs.

Sənsiz bir şairin yuxusu yoxdur,
Sənsiz çiçəklərin qoxusu yoxdur,
Bilirəm ki, mənəm ayrısı yoxdu,
Məni diri-diri ağladığın kəs.

Mənim dincliyimi əlimdən alan,
Çovğuna, borana, sazağa salan,
Mənəm ömründən uzaqda qalan,
Təkcə yuxularda yoxladığın kəs.

MƏNSİZ QƏRİBSƏYİB BİLLƏM O DAĞLAR

Bizsiz qəribsəyib billəm o dağlar,
Yad ayaq altında qalmaqdan bezib.
Dəlidağ dumana bürünüb, bəlkə,
Dərin xəyallara dalmaqdan bezib.

Elə pərişandır, elə qəmlidir,
Doğma el səsinə qalıb tamarzı.
Düz iyirmi ildir nalə yağdırır,
Qəm üstə köhlənir Şəmşirin sazı.

İtib yaddaşımda olub-keçənlər,
Nə vaxtdan qürbətdə itib qalmışam,
Qəmimi, dərdimi köksümə sıxıb,
Qərdimi içimə təpib qalmışam.

Əzəldən bilirdim doludu sirlə,
Təpədən dırnağa sirdi o dağlar,
Gəldi çaylarının şırıltısıyla,
Hər gecə yuxuma girdi o dağlar.

Tanrım, sınağına gəl az çək məni,
Bu həsrət ərimir, itmir bu həsrət.
Qürbətdə göynədib, yandırır məni,
O daşa məhəbbət, dağa məhəbbət.

Özümü ataram od-alovuna,
Deyirəm zirvəndə alışım, sönüm,
Bəsdir qürbət eldə çürütdün məni,
Çağır qucağına başına dönüm.

YAMAN TEZ- TEZ GİRİR YUXUMA DAĞLAR

Həsrəti göynədir, yandırıb yaxır,
Başımın üstündə şimşəklər çaxır,
Kədərim Tərtərə qarışıb axır,
Yaman tez-tez girir yuxuma dağlar,

Sinəmi Qoçdaşın qarı yandırır,
Qəddimi dərd əyir, zaman sındırır,
İntiqam almağa alovlandırır,
Yaman tez-tez girir yuxuma dağlar.

Başımda dumanı,başımda çəni,
Həsrətdən çoxalıb saçımın dəni,
Hər axşam qoynuna çağırır məni,
Yaman tez-tez girir yuxuma dağlar.

Qalıbdı bir dərdli avazda, neylim,
Gah dağlar, gah da ki Arazda, neylim,
Həsrətdən qocaldı biraz da neylim,
Yaman tez-tez girir yuxuma dağlar,

Necə ki, yollarım bağlıdır mənim,
Necə ki, qollarım bağlıdır mənim,
Necə ki mən yoxam sənin qoynunda,
Amandı tez-tez gir yuxuma dağlar,

YANAR HALIMA

Ahım-naləm bürüyübdü aləmi.
Sevənlərin de qisməti beləmi?
Bir gədikdə itirmişəm lələmi,
Kərəm görsə özü yanar halıma.

Yorub vallah, eniş-yoxuş yal məni,
Hərdən-hərdən dur yadına sal məni,
Bacarırsan bu atəşdən al məni,
Kərəm görsə özü yanar halıma.

Yad ellərə aparıbdı küləklər,
Yorub məni üzüdönük mələklər,
Başım üstə od ələyir fələklər,
Kərəm görsə özü yanar halıma.

Səcdə etdim məhəbbətin adına,
Dəliləri salan yoxdu yadına,
Mən də getdim bir sevdanın badına,
Kərəm görsə özü yanar halıma.

Dərd əlindən ilim-ilim itərəm,
Harda olsam özüm kimi bitərəm,
Nəsib deyər mən Kərəmdən betərəm,
Kərəm görsə özü yanar halıma.

SƏNİ QÜRBƏTƏ GƏTİRDİM

Axı niyə gördüm səni,
Niyə gözlərimə dəydin?
Bəlkə nahaq eşqə düşüb,
Bu sevgiyə boyun əydin?
Nahaqdan vuruldun mənə,
Gərək məni sevməyəydin,
Səni Qürbətə gətirdim!

Sevinmədin gözün dolu,
Qəmlə, dərdlə sözün dolu,
Tənhalığa öyrəşmişdim,
Tək gedəsiydim bu yolu,
Səni Qürbətə gətirdim!

Əsir etdi bu məhəbbət,
Qəribliyin yükü zillət,
Sənə bir gün ağlamadım,
Səni qoydum yurda həsrət,
Səni Qürbətə gətirdim!

Dağların sünbül-süsəni,
Baxışından duydum səni,
Yurd həsrəti gözlərində,
Dərd içində qoydum səni,
Səni Qürbətə gətirdim!

O doğma yurd elə uzaq,
Yolumuzu alıb sazaq,
O aylara, o illərə,
Pərən-pərən o ellərə,
Hey baxırıq gendən belə,
Qonşu qızı, bağışlama,
Bağışlama innən belə,
Səni Qürbətə gətirdim!
Kirpiyini nəm eləmə

Qürbət el aldı qoynuna,
Saldı min cürə oyuna,
Gileylən necə bilirsən,
İstəyirsən min yol qına.
Bizi aparan yollara,
Ha baxdım, baxdım olmadı.
Yaradan belə yaradıb,
Neyləyək baxtım olmadı.
Çəkdiklərim qəhər imiş,
Yediklərim zəhər imi,
Gün düşmədi qapımıza,
Nə axşamım axşam imiş,
Nə səhərim səhər imiş.
Heç bilmədik ötdü illər,
Qəlbimiz nisgil yuvası.
Qəribliyin yükü ağır,
Ağrıdan ağır havası.
Gözlərini yığ yollardan,
Ay arzusu düyün-düyün,
Ömrüm-günüm.
Daha bəsdir axşam düşür,
Daha bəsdir şər qarışır,
Kirpiyini nəm eləmə.
Ruhumuz da,cismimiz də,
Öyrəşibdi dərdə, qəmə,
Təskinlik tapan deyilsən.
Ha yalvarıb-yaxarsam da.
Səhərdən ta axşamacan,
Deyirəm ki,səbrin olsun,
Deyirəm ki,qəm eləmə.
Gözlərinə qədər dolur,
Kirpiyini nəm eləmə.

Nəsib Nəbioğlu


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar