Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yusifoğlu: "YARADICILIQ PROSESİ VƏ ONUN MƏRHƏLƏLƏRİ"

Tarix: 28-04-2019 16:11     Baxış: 2269 A- / A+
Rafiq Yusifoğlu: "YARADICILIQ PROSESİ VƏ ONUN MƏRHƏLƏLƏRİ"


Yaradıcılıq prosesinin özünəməxsus qanunauyğunluqları, xüsusiyyətləri və mərhələləri: 1. Müşahidə. 2. İdeyanın doğulması. 3. Materialın toplanması və plan tərtibi. 4. Yazı prosesi. 5. Əsərin təkmilləşdirilməsi.


Bədii yaradıcılıq üçün hazır resept olmasa da, sənətkarların bu haqda fikirləri problemə bir qədər aydınlıq gətirir. Elə buna görə də diqqəti həmin məsələ ilə bağlı fikirlərə yönəltmək zərurəti ortaya çıxır. Böyük filosof Platon hesab edirdi ki, yoxdan vara çevrilən hər bir şey yaradıcılıqdır. R.Rollanın fikrincə: ''Yaratmaq ölümü öldürmək deməkdir''. O.Balzak isə belə düşünürdü ki, yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır… A.Blok şairin qabiliyyətini, istedadını xaosdan harmoniya yaratmaqda axtarırdı. U.Folkner etiraf edirdi ki, böyük əsərlər dəhşətli əzablar içində doğulur. O, həm də bu qənaətdə idi ki, hər bir insan yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.
Doğrudan da, yaradıcılıq ağrılı, əzablı bir prosesdir. Lakin bu ağrılı-əzablı prosesdən sənətkarın aldığı nəşə, ləzzət heç nə ilə əvəz oluna bilməz. Ilham – yaradıcılıq sevgisi sənətkarı hər cür əzaba, əziyyətə mətanətlə sinə gərməyə sövq edir.

Məşhur Çili şairi Pablo Neruda yazır ki, yaradıcılıq daim burulğandır, hər burumdan sonra sənətkarın bacarığını, biliyini artıran, səmimiyyətin bahasına olsa da artıran bir burulğan. Poeziya şairin ruhi çırpıntılarından yaranır.

''Bu proses (yaradıcılıq prosesi – R. Y.) həmişə heç də hamar və müvəffəqiyyətli keçmir. Bunun öz çətinliyi, dolayı yolları, müvəffəqiyyəti, ümidsizliyi var. Lakin hər halda zənginləşmə prosesidir.''(Rəsul Rza. Əsərləri, dörd cilddə, 4-cü cild, Bakı, 1974, səh. 498).

Sənətkar öz qəhrəmanlarının ruhi sarsıntılarını yaşamırsa, onun yazdığı əsər ürəkləri riqqətə gətirə bilməz. Ürəyində sevgi giziltisi olmayanın, məhəbbətin şirin əzabını, nəşəsini dadmayanın yazdığı sevgi şeiri bir qəpiyə dəyməz. Qaçqınlığın, öz evindən, eşiyindən didərgin düşməyin nə demək olduğunu bilməyənlərin bu mövzuda əsər yazmağa mənəvi haqqı yoxdur.

Balzak ''Qori ata'' əsəri üzərində işləyirmiş. Arabir onun qəhvəsini dəyişən qulluqçu yazıçının görkəmindən dəhşətə gəlir və ''Balzak öldü!'' – deyə nalə çəkir. Balzak göz yaşları içində başını qaldırıb deyir: ''Balzak ölmədi, Qori ata öldü…''

Sənətkar öz qəhrəmanının taleyini, başına gələnləri kənardan, seyrçi gözü ilə təsvir etmir, onun həyəcan və iztirablarını yaşayır, riqqətə gəlir, sarsıntılar keçirir. Əks təqdirdə onun yazdığı əsərin təsir gücü də olmaz.

Məmməd Əlili öz xatirələrində yazır ki, bir dəfə Cəfər Cabbarlı mənə dedi ki, Əlili, sən mənim pulumu oğurlamısan. Yer-göy başıma fırlandı. Özümü tramvayın altına atmaq istəyəndə bir əl məni kənara çəkdi. Gördüm ki, bu, Cəfərdi. O, üzümdən, gözümdən öpə-öpə deyirdi ki, Əlili, məni bağışla, bir əsər üzərində işləyirəm. Qəhrəmanlarımdan birinin üstünə şər atırlar. Bilmək istəyirdim ki, üstünə şər atılan adam hansı hisslər keçirir, özünü necə aparır…

Yazıçının əks etdirdiyi həyatı mükəmməl öyrənməsi hələ kifayət deyildir. Əsas məsələ özünü həmin qəhrəmanların yerində hesab edə bilməkdə, onların sarsıntılarını, həyəcanlarını, sevgilərini, sevinclərini yaşamaqdadır. Həyat həqiqətləri ilham mayası ilə yoğrulmasa, ondan gözəl sənət əsəri alınmaz.

Bəs ilham nədir? Müşfiq nə üçün deyir ki, şairə ilhamdan maya gərəkdir?

Toxum hər torpaqda bitə bilmədiyi kimi, hər mövzu da hər sənətkarın ürəyini ehtizaza gətirmir, onda yaradıcılıq şövqü – ilham oyatmır. Həyat həqiqəti sənətkar ilhamı ilə mayalanmasa, o, bədii həqiqət səviyyəsinə yüksələ bilməz. İlham bədii əsərin hərəkətverici qüvvəsidir. Həyatda adi adamların görə bilmədiyi gözəlliyi görüb həyəcanlanmaq, ilhama gəlmək yalnız istedadlı adamlara nəsib olur. Hər hansı bir havanı çalarkən musiqi alətini kökləmək lazım gəldiyi kimi, sənətkar da yaradıcılıq prosesinin başlanğıcında köklənməli, ilhama gəlməlidir. İlham gecə-gündüz bilmir. Şair ürəyi yazacağı mövzunun ab-havası ilə köklənəndə qələm onun əlində mizraba, tazanəyə çevrilir. Elə ola bilər ki, bazar vurhavurunda, avtobus bashabasında şeirin toxumu, ilk misrası ürəyə düşər. İlham vaxt-vədə, məkan, şərait bilmir. O gələndə şairin ilanboğan vaxtı olur həmişə. Ancaq iri həcmli əsərlər yazmaq üçün mütləq oturmaq, gərginişləmək lazımdır. Bəzən elə olurki, yazı prosesində qələm nəzərdə tutduğun sözü yox, tamam başqa şey yazır.

Yaradıcılığı doğum prosesinə bənzədənlərin sözlərində də həqiqət vardır. Hər hansı bir mövzunun toxumu, ilk detalı ürəyə düşür, yavaş-yava şöz bədii formasını tapır və bundan sonra yazı prosesi başlayır. Arzularda, xəyallarda olanlar ''qələm körpüsündən'' keçib, həyata atılır.

Əgər yazıçı yaradıcılıq prosesində qahrəmanın ağrı-acılarını, arzu və düşüncələrini ''öz qələminin köynəyindən keçirəndə'' həyəcanlanmırsa, onun əsəri də sirayətedici ola bilməz.

Ilham sözü ilə yanaşı çox zaman ilham pərisi ifadəsi də işlədilir. Qeyd olunur ki, şairi yaradıcılığa sövq edən məhz ilham pərisidir.

Şair, sənətkar hər hansı bir qızdan, gözəldən zövq ala bilər. Gözəl insanların zahiri görkəmində ilham pərisinin zahiri cizgilərindən nəsə var. Ancaq ilham pərisi maddi yox, mənəvi qüvvədir. Naqillər birləşəndə işıqlar yandığı kimi, gözə görünməyən ilham pərisinin gözləri sənətkarın gözlərinə sataşanda ürəkdə söz közərir, nurlanır.

Ilham pərisi tez-tez öz yerini, cildini dəyişir. O gah dənizin, gah füsünkar göllərin, gah qıjıltılı çayların, şəlalələrin, çeşmələrin, gah ayın, gah günəşin, gah dağın, gah dərənin, gah otun, gah çiçəyin, gah zümrüd donlu meşələrin, çiçəkli bağların, gah gül qoxulu körpələrin, gah da nazlı gözəllərin gözü ilə şairin gözünün içinə baxır. Harada gözəllik, sevgi varsa, ilham pərisi şairi ora səsləyir.

Ilham pərisini görmək hər şairə qismət olmur. Elə buna görə də onun portretini yaratmaq da çətindir. Ilham pərisi şairin içində əyləşir, onunla birlikdə nəfəs alır, sevinir, dərd çəkir, həyəcanlanır, sevir, nifrət edir. Şair yalnız nədənsə heyrətə gələndə elə bil ki, ilham pərisinin sevimli üzünü ani olaraq görə bilir…

Tanınmış şair Məmməd Ismayıl müsahibələrindən birində deyir ki, şeir Allahla şair arasındakı əlaqədən yaranır. Şairin ilahiylə görüş anları dünyanın ən ləzzətli, ən həzzli anlarıdı. Ilham – Allahın şairə lütfüdü, ilahi lütfüylə beş şeir yaza bilibsə, bu, şairin uğurudu.(''Müsavat'', 17 avqust 2003).

Hər musiqi alətinin özünəməxsus səs diapazonu olur. Eyni musiqini müxtəlif alətlərdə çalanda ayrı-ayrı çalarda özünü göstərdiyi kimi, eyni mövzuda əsər yazan sənətkarların yaradıcılıq diapazonu, dünyagörüşü, iste’dadı, bədii zövqü və üslubu bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyi üçün onların yaratdıqları əsərlər də bir-birinə qətiyyən bənzəmir. Obyektiv həyat hadisəsi ayrı-ayrı sənətkarların özünəməxsus subyektiv mülahizələri ilə elə yoğrulub yapılır ki, onların arasında eyniyyət tapmaq heç oxucunun ağlına da gəlmir. Sənətkar külçə halında olan həyat həqiqətinin özünə lazım olan hissəsini fərdi yaradıcılıq laboratoriyasında e’mal edib, dərk olunmuş həqiqət, bədii əsər şəklində yenidən həyata qaytarır.

Bütün sənətkarlar fərddir. Görkəmli ispan yazıçısı Migel de Unamuno yazır: ''Bizim hamımız yeganə və əvəzedilməzik.'' Məhz bu fərdi cəhətlər, ''yeganəlik'', ''əvəzedilməzlik'' hər bir sənətkarın yaradıcılıq prosesində özünü aydınca göstərir.

Sənət ağacının meyvələri bir-birinə bənzəmədiyi kimi, o meyvələrin yetişdirilib hasilə gətirmə üsulları da bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Eyni torpaqdan qidalanan, eyni suyu içən, eyni havanı udan ayrı-ayrı meyvələrin dadı bir-birindən seçildiyi kimi, eyni dövrdə yaşayan, eyni ədəbi cərəyana mənsub olan, eyni mövzuda əsərlər yaradan sənətkarların yaradıcılıq nümunələri də bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqi yaradan isə sənətkar şəxsiyyətinin, dünyagörüşünün, görüb-götürmək iste’dadının, bədii üslubunun yeganəlik, əvəzolunmazlığı ilə əlaqədardır.

Eyni çiçəyin, gülün üstünə arı da qonur, kəpənək də. Kəpənəyin zövq almaq istedadı olsa da, bal çəkmək qabiliyyəti yoxdur. Arının gülün gözəlliyi qarşısındakı heyrəti, onun ətrinin, şirəsinin damağındakı dadı bu sehrkar me’marın qəlbində bal yaratmaq ehtirası oyadır. Sənətkar da arıya bənzəyir. O həm arı kimi iste’dadlı, şövqlü, həm də zəhmətsevərdir. Əks təqdirdə nə bal, nə də gözəl sənət əsəri yaranardı.

Arı balı doldurmaq üçün memar dəqiqliyi ilə şan yaratdığı kimi, sənətkar da öz hissinə, dünyagörüşünə uyğun bədii forma tapır.

Bir də təkrar etməyi lazım bilirik ki, yaradıcılıq ağrılı, əzablı, eyni zamanda nəşəli, fərəhli, cazibədar bir prosesdir. Böyük ədəbiyyat böyük ağrıların, əzabların, iztirabların, hiss və həyəcanların, böyük sevgilərin meyvəsi kimi meydana gəlir. Yaradıcılıq sevincini yaradıcılıq əzablarını dadanlar bilər.

Yaradıcılıq prosesinin hərəkətverici qüvvəsi yaradıcılıq ehtirasıdır. Yaradıcılıq şövqü sənətkarın ilhamlı çağlarında yaranır və bu ehtiras, şövq yazıçını yaradıcılığın bütün əzablı prosesinə ləyaqətlə sinə gərməyə sövq edir.

Meksika yazıçısı Xuan Rulfo bədii inikasın üç üsulunu müəyyənləşdirir: qəhrəmanın yaradılması, onun fəaliyyət göstərəcəyi mühitin və nəhayət, hadisələrin özünün təsviri.(Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 243).

Hər bir sənətkarın özünəməxsus yazı manerası və iş üsulu var. Yaradıcılıq prosesinin də hamı tərəfindən qəbul və istifadə edilən qaydaları yoxdur. Insanlar fərdi olduqları kimi, onların mövzu tapmaları, plan tərtib etmələri, mövzuya uyğun janr seçmələri, əsərin yazılması, hazır yaradıcılıq nümunəsinin yenidən nəzərdən keçirilib təkmilləşdirilməsi, sistemə salınması prosesi də bir-birinə bənzəmir.

Şərti olaraq yaradıcılıq prosesinin beş mərhələsini fərqləndirə bilərik:

1. Müşahidə.

2. Ideyanın doğulması, hərəkətverici qüvvənin tapılması.

3. Materialların toplanması və plan tərtibi.

4. Yazı prosesi.

5. Əsərin təkmilləşdirilməsi.


Yaradıcılıq prosesinin ilk mərhələsi müşahidə ilə başlayır. Sənətkar hər hansı bir ictimai prosesi, hadisəni, təbiət lövhəsini müşahidə edir. Arximed dünyanı qaldırmaq üçün özünə istinad nöqtəsi tapdığı kimi, o da qəflətən yaradıcılığa təkan verən hərəkətverici bir elementlə, sözlə, ifadə ilə, hadisə ilə rastlaşır. Füzuli demişkən, söz ''niqabi-qeybdən rüxsar göstərəndə'' onu birinci şair görür, həyəcanlanır, haldan-hala düşür, qəlbi riqqətə gəlir və bu psixoloji gərginlik onun qəlbini çuğlayan sehrli sənət buludunu söz yağışı ilə doldurur. Sənətkarın ürəyində öz gördüyü gözəlliyi başqalarına da göstərmək, duyduğu könül xoşluğunu başqaları ilə də bölüşmək ideyası doğulur.

Yaradıcılıq prosesində ikinci mərhələ olduqca aparıcıdır. Bunu şərti olaraq torpağa toxum səpilən məqamla eyniləşdirmək olar. Mövzu tapmaq hələ hər şeyi həll etmir. Mövzu elə bir sehrli qalaya bənzəyir ki, onun içinə daxil olmaq üçün mütləq qapını, onu açan açarı tapmalısan. Əsl yaradıcılıq da məhz bu açarın, istinad nöqtəsinin tapılmasından sonra başlayır.

Hacı Muradın şəxsiyyəti L. N. Tolstoyu maraqlandırırmış. Lakin onun haqqında əsər yazmaq ideyası gözlənilməz bir şəraitdə onun ağlına gəlmişdir.

Arabaya minib gedən sənətkar arxaya – arabanın keçdiyi yola baxırmış. Təkərlərdən biri bir qanqal kolunun üstündən keçir. Araba bir xeyli uzaqlaşandan sonra yerə yapıxmış qanqal kolu silkələnir və yavaş-yavaş dikəlməyə başlayır. Bu, Lev Nikolayeviçi həyəcanlandırır və təkərin altından ''qalxan'' qanqal ona yaralansa da, təslim olmaq istəməyən Hacı Muradı xatırladır. Beləliklə, ''Hacı Murad'' əsərinin yaranması üçün sehrli istinad nöqtəsi tapılır.

Xalq yazıçısı Süleyman Rəhimovun ''Şamo'' romanının yaradılması üçün hərəkətverici qüvvə isə maraqlı bir hadisə olur. Kənddə təzə bəyi müharibəyə göndərir, onun gəlininin namusuna təcavüz edirlər. Bu hadisə uzun müddət Süleyman Rəhimovu rahat buraxmır, düşündürür, həyəcanlandırır, nəticədə onu əsər yazmağa ruhlandırır.

Bədii əsər yaradıcılıq laboratoriyasında gedən prosesin qanunauyğun yekunu kimi meydana gəlir. Elə buna görə də həmin prosesin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Ona görə ki: ''Yazıçı laboratoriyası onun yaradıcılıq təxəyyülü, təcrübəsi, onun yazı-pozusu, arxivi, fərdi yaradıcılıq xüsusiyyətlərindən bəhs açan, danışıb-dilləşən cəhətləridir.''(Süleyman Rəhimov. Ədəbi mülahizələr. ''Azərbaycan'' jurnalı, 1968, № 11, səh. 145-146).

Öz məşhur Gündəliyində ''Beynimdə romanın ideyası yaranmışdır, lakin onu kirpi şəklində təsəvvür etdiyimə görə toxunmağa cəsarətim çatmır''; ''yazdığım hekayə artıq mövcuddur, o, son dərəcə mükəmməl şəkildə haradasa havada yazılmışdır. Indi əsas məsələ onu tapıb üzünü köçürməkdən ibarətdir'' qənaətlərinə gələn Jül Renar yaradıcılıq prosesində ideyanın tapılması ilə hələ işin bitmədiyini nəzərə çatdırmış, bu ideyanı reallaşdırmaq üçün çox çalışmağın, yaradıcılıq axtarışları aparmağın vacibliyini dolayısı ilə xatırlatmış, fürsəti əldən verməməyi, necə deyərlər, ovu bərədə vurmağı, ''aradan çıxmağa çalışan fikrin yaxasından yapışıb onu kağıza salmağ'' tövsiyə etmişdir.

Qeyd etdiyimiz kimi, ideyanı reallaşdırmaq üçün plan tərtibi yaradıcılıq prosesinin əsas mərhələlərindən biri hesab olunur. Bəzi yazıçılar plan tərtibinə çox böyük önəm vermiş, əsər yazılmamışdan qabaq onun planını dəqiqliklə hazırlamış, bundan xüsusi zövq almışlar. Jül Renar da belələrindən olmuşdur. Onun bu fikirləri yazıçının plan tərtibinə münasibətini öyrənmək baxımından çox maraqlıdır: ''…bu gün səhər mən dramatik komediyanın üç, hətta dörd pərdəlik dramın planını tutdum, özümə o qədər xoş gəldi ki, az qaldım ağlayım'' (Jül Renar,Gündəlik, Bakı, 1974, s.52).

Material toplanması və plan tərtibi iri həcmli əsərlərin yaranması üçün daha xarakterikdir. Bir nəfəsə yazılan şeirə, hekayəyə plan tərtib etməyə heç sənətkarın vaxtı da çatmır. Şeirin yaranması ildırım çaxışı kimi bir şeydir.

Əlbəttə, plan tutulması vacib tələb deyildir. Əvvəlcədən tutulmuş plan yaradıcılıq prosesində alt-üst ola bilər.

Ispan yazıçısı Migel de Unamuno yazırdı: ''Əvvəlcədən tutulmuş plan nəyinə lazım, sən ki, bina deyilsən?''

Alman filosofu Osvald Şpenqlerin plan haqqında mülahizələri də maraqlıdır: ''Hər hansı bir kəpənək və ot kimi bəşəriyyət də heç bir ideya və plana malik deyil.''

Molla Pənah Vaqifin oğlunun onun atasının gözü qarşısında öldürülməsi faktı Səməd Vurğunu bərk həyəcanlandırmış, bu mövzuda əsər yazmağa ruhlandırmışdır. Vaqifin ölüm səhnəsinin təsviri də qüdrətli sənətkarın yaradıcılıq imkanlarının genişliyini göstərə bilərdi. Lakin Səməd Vurğun əvvəldən düşündüyüşəkildə hərəkət etmədi, yaradıcılıq prosesi onun təsvirinin yönünü, istiqamətini dəyişdi. Vaqifi ''öldürməyə'' Səməd Vurğunun əli gəlmədi.

Ideyanı, planı həyata keçirmək, onu yazı prosesində reallaşdırmaq o qədər də asan deyildir, sənətkardan xüsusi istedad tələb edir. Bu işdə sənətkar fantaziyasının mühüm rol oynaması da istisna deyil.

Aleksandr Sergeyeviç Puşkinin ''Dubrovski'' əsərinin yeddi, ''Birinci Pyotrun ərəbi'' əsərinin isə beş variantda planı olmuşdur. Dostoyevski də plana xüsusi əhəmiyyət vermiş, vaxtınıəsərin yazılmasından çox, onun planlaşdırılması aparmışdır.

A.M.Qorki isə yazır ki, mən heç zaman əvvəlcədən plan hazırlamamışam, plan özü yaradıcılıq prosesində doğulur…

Məşhur Çili yazıçısı, ədəbiyyatşünası Volodya Teytelboyma jurnalist belə bir sualla müraciət edir:

- Sizin ''Daxili müharibə'' romanınız necə yaranıb? Bu əsərin ideyası, planı əvvəlcədən var idmi, yoxsa hər şey yazı prosesində əmələ gəldi.

Yazıçı suala belə cavab verir ki, ''Daxili müharibə'' romanım əvvəlcədən planlaşdırılmamışdı. 11 sentyabr 1973-cü ildə baş verən hadisə, ölkəmin də, mənim də həyatımı dəyişdi. Mən yazacağım əsər haqqında yox, Çilidəki hadisələr haqqında düşünürdüm. Əvvəlcə bu hadisələri əks etdirən esse yazmaq haqqında fikirləşdimsə də, yazı prosesində roman alındı. (Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 346).

Gətirdiyimiz misallardan aydın olur ki, yaradıcılıq prosesində planlaşmanın da xüsusi əhəmiyyəti var. Ancaq hər bir sənətkarın özünəməxsus işüsulu olduğu üçün plandan hamı eyni dərəcədə istifadə etməmişdir.

Yaradıcılıq prosesinin ən ağır mərhələsi əsərin yazılmasıdır. Yazıçının dumanlı şəkildə təsəvvür etdiyi hadisələr yaradıcılıq prosesində yavaş-yavaş aydınlaşır. Bu prosesdə hər söz, hər ifadə dərin məna kəsb edir. Yazıçı hər cümlənin üstündə diqqətlə işləyir.

E.Heminquey deyirdi ki, yaradıcılıq prosesində ən çətin iş yazmağa başlamaqdır. Bu fikri daha da inkişaf etdirən Qabriel Qarsia Markes isə yazırdı: ''Romanın, hekayənin ilk cümləsi əsərə ümumi ruh gətirir, onun üslubunu müəyyənləşdirən amilə çevrilir.''(Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 261).

Meksika yazıçısı Xuan Rulfonun romanlarından birini necə yazması haqqında söylədiyi fikir də yaradıcılıq prosesinin mahiyyətini anlamaq baxımından oxucuya kömək edir. O yazır: ''Mən çoxdan axtardığım və oxumaq istədiyim bir kitabı öz kitabxanamda tapa bilmədim. Dumanlı şəkildə bu kitabda nə yazıldığını təsəvvürümə gətirdim. Kitabxanada tapmadığım üçün onu özüm yazmaq qərarına gəldim.''(Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 246).

Əlbəttə, burada söhbət, doğrudan da, müəllifin nə vaxtsa görüb oxuduğu kitabdan getmir. Söhbət ondan gedir ki, yazıçının daxili dünyasında cərəyan edən hadisələr ona rahatlıq vermir, yazmağa səsləyirdi. Elə yazıçılar var ki, sürətlə, elələri də var ki, asta-asta işləməyi xoşlayırlar. Emil Zolya, Moppassan, Turgenev, Cəfər Cabbarlı çox sürətlə yazan sənətkarlar olmuşlar.

Naşirlərlə müqavilə bağlayan Dostoyevski əgər söz verdiyi romanı vaxtında təhvil verə bilməsə külli miqdarda cərimə olunmalı, ömrünün sonuna kimi yazdığı əsərlərin qonorarından imtina etməli idi. Vəziyyət çox gərgin idi. Müqavilənin vaxtının bitməyinə bir ay qalmış, Dostoyevski isə hələ bir sətir də yazmamışdı. Vəziyyətdən çıxmaq üçün dostları onun yanına bir stenoqrafist qız göndərirlər. Anna Qriqoryevna 26 gün müddətində Dostoyevskinin diqtəsi ilə romanı yazıb bitirir. Sonra görkəmli yazıçı öz xilaskarı ilə – həmin stenoqrafist qızla evlənir.

Başqa bir misal. Cəfər Cabbarlı ''Sevil'' əsərinin üstündə işləyirmiş. Həyat yoldaşından xahiş edir ki, onun yanına heç kəsi buraxmasın. Təsadüfən qohumları Şəmsəddin Abbasov gəlib çıxır. Sona xanım ona yalan sata bilmir. Şəmsəddin Cəfəri iş prosesindən ayırır. Cəfər sonra əsəri çox çətinliklə tamamlayır. O, həmişə deyərmiş ki, ''Sevil''in sonunu Şəmsəddin korladı.

Əsər yazılarkən, ümumiyyətlə yaradıcılıq prosesinin hər hansı bir mərhələsində yazıçıya mane olmaq günahdır.

Yaradıcılıq prosesi ilə bağlı Q.Markesin fikirləri də çox maraqlıdır: ''Mən hər hansı əsəri yazmağa başlayanda evdəkilərlə, dost-tanışlarımla yalnız bu barədə söhbət edirəm, əsəri hissə-hissə onlara danışıram, amma əlyazmamdan bircə cümlə belə oxumağa icazə vermirəm, qorxuram işim nəhs gətirər''.Böyük yazıçı həm də belə düşünürdü ki, yazıçılar yalnız xeyirxah, nəcib məqsədlər güdən əsərlər deyil, eyni zamanda yüksək səviyyəli əsərlər yaratmağa çalışmalıdırlar və hər bir yazıçının inqilabi borcu yaxşı yazmaqdır.

Yaradıcılıq prosesinin sonuncu mərhələsi əsərin üzərində yenidən işləyib onu təkmilləşdirməkdir. Elə yazıçılar var ki, onun bu mərhələyə o qədər də ehtiyacı qalmır. Elələri də var ki, əsərin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir. Məsələn, Şotobrian ''Atala'' povestinin mətnində on yeddi dəfə dəyişiklik etmişdir. Qoqol, Turgenev, Lev Tolstoy, Flober, Süleyman Rəhimov, Isa Muğanna və digər görkəmli sənətkarlar öz əsərlərinin üstündə dönə-dönə işləməkdən yorulmamışlar.

Usta işini görüb qurtardıqdan sonra artıq tikinti materiallarını yığışdırdığı kimi, sənətkar da öz əsərini təkmilləşdirir, onu lazımsız təsvirlərdən təmizləyir.

Əlbəttə, yaradıcılıq prosesinin bu şərti mərhələlərindən hamı eyni dərəcədə istifadə etmir. Lakin sənətkarlar nə qədər fərdi iş üsuluna malik olsalar da, yaradıcılıq prosesində ümumi, ortaq cəhətlərin olması danılmazdır.

Göründüyü kimi, yaradıcılıq son dərəcə mürəkkəb və olduqca maraqlı bir prosesdir. Təəssüf ki, bu məsələ Azərbaycan ədəbiyyatşünaslığında həmişə diqqətdən kənarda qalmışdır.

Yaradıcılıq prosesindən alınan həzzi heç nə ilə müqayisə etmək olmaz. Hər bir bədii əsər, xüsüsən poeziya nümunəsi şair ömrünün müəyyən anlarında, müəyyən məqamlarda onun keçirdiyi hiss və həyəcanların, həzz və iztirabların bədii əksidir.

Əgər oxucu bu əsərləri oxuyanda həyəcanlanır, kövrəlir, zövq alırsa, təsəvvür edin ki, bu hissləri yaşayan və onu əks etdirən yaradıcı adamın özü yazı prosesində hansı hissləri keçirmişdir. Bir var kiminsə sevişməsinə kənardan baxasan, bir də var o sevişənlərdən biri sən özün olasan. Bunların arasında zəmin-asiman fərq olduğunu söyləməyə heç ehtiyac da yoxdur. Çünki həzzlərin də, iztirabların da hamısı fərdidir.

Bayaq dedim ki, yaradıcılıq həzzini heç nə ilə müqayisə etmək olmaz. Ancaq sözün bu məqamında bir müqayisə yeri tapdım. Hər bir məhəbbət tarixçəsi ilk görüşdən başladığı kimi, yaradıcılıq prosesi də mövzu tapmaqdan və müşahidədən başlayır. ''Bitki toxumdan necə cücərib boy atırsa, hadisələr də ideyadan elə inkişaf edir.'' (V. Q. Belinski).

Hər bir yazıçınının özünəməxsus üslubu olduğu kimi, onun özünəməxsus da yazı manerası olur. Hərə bir cür mövzu toplayır, bir cür yazır. Biri gecələr işləməyi xoşlayır, biri səhərlər. Biri əvvəlcə düşünüb, sonra yazır. Biri yazı masasının arxasında əyləşəndə heç nə yazacağını bilmir, elə bil ki, əsər onun qələminin ucundan çıxır.

Hər bir yazıçının yaradıcılıq prosesinə münasibəti də tamam fərqli şəkildədir. Biri əsəri qurtarandan sonra zövq alır, o biri utancaqlıq hissi keçirir. Məsələn, Ş.Monteskyöbu məsələ ilə bağlı belə yazır: ''Mənim xəstəliyim ondan ibarətdir ki, kitab yazıram və yazıb qurtardıqdan sonra xəcalət çəkirəm''. Ancaq əslində yaradıcılıq xəstəlik deyil, insanın öz daxili dünyasını ifadə etmək vasitəsidir. E.Po təsadüfi yazmırdı ki, ''Mənim üçün şeir məqsəd deyil, ehtirasın ifadəsidir''.

Bir dəfə müsahibə alarkən mənə belə bir sualla müraciət etmişdilər: ''Yazıçı vəşairlərin çoxusu öz əsərlərini gecələr yazır. Deyilənə görə, gecələr ilhamverici pərilər yaradıcı adamın çiyninə qonur və yazıçının qələmi məhsuldar işləməyə başlayır. Siz necə, nə vaxt yazırsınız? Sizin ilham pəriniz kimdir?''

Həmin suala verdiyim cavab belə idi: ''Ilham gecə-gündüz bilmir. Tar, saz çalınmazdan əvvəl kökləndiyi kimi, şair ürəyi də yazacağı mövzunun ab-havası ilə köklənməlidi. Bu zaman şairin, yazıçının əlində qələm mizraba, tazanəyəçevrilir. Elə ola bilər ki, bazar vurhavurunda, avtobus bashabasında şeirin toxumu, ilk misrasıürəyinə düşər. Ilham vaxt-vədə bilmir; gecə də gələ bilər, gündüz də. Ilhamı gələndəşairin ilanboğan vaxtı olur həmişə…Ancaq iri həcmli əsərlər yazmaq üçün mütləq oturmaq, gərgin işləmək lazımdır. Bəzən elə olur ki, yazı prosesində qələm nəzərdə tutduğun sözü yox, tamam başqa şey yazır.

Məşhur fransız yazıçısı Jül Renar öz gündəliyində yazırdı ki, əsl yazıçı gündə 18 saat işləməlidi. Cavan vaxtı onun sözlərini epiqraf gətirərək yazmışdım ki, gündə 18 saat yox, 18 dəqiqə işləyə bilsəydim, yəqin ki, dahi olardım.

Yaradıcılığı doğum prosesinə bənzədənlərin sözlərində də həqiqət var. Hər hansı bir mövzunun toxumu, ilk detalıürəyə düşür, yavaş-yavaşöz bədii formasını tapır və bundan sonra yazı prosesi başlayır. Arzularda, xəyallarda olanlar ''qələm körpü''sündən keçib həyata atılır…

Əgər yazıçı yaradıcılıq prosesində qəhrəmanın ağrı-acılarını, arzu və düşüncələrini öz ''qələminin köynəyindən keçirəndə'' həyəcanlanmırsa, onun əsəri də sirayətedici ola bilməz…

…Məni sevən və mənim sevdiyim gözəllər çoxdu. Ancaq onların heç biri mənim ilham pərim deyil. Naqillər birləşəndə işıq yandığı kimi, gözə görünməyən ilham pərisinin gözləri gözümə sataşanda, ürəyimdə söz közərir, nurlanır. Ilham pərisi tez-tez öz yerini, cildini dəyişir. O, gah dənizin, gah füsünkar göllərin, gah qıjıltılıçayların, şəlalələrin, çeşmələrin, gah ayın, gah günəşin, gah dağın, gah dərənin, gah otun, gah çiçəyin, gah zümrüd donlu meşələrin, çiçəkli bağların, gah gül qoxulu körpələrin, gah da nazlı gözəllərin gözü ilə gözümün içinə baxır. Harda gözəllik, sevgi varsa, Ilham pərim pıçıltı ilə məni ora səsləyir… Ilham pərimin üzünü bir dəfə də olsun görməmişəm. Onun bədii portretini çətin ki, yarada bilərəm. Hərdən mənə elə gəlir ki, bu pəri elə mənim içimdəəyləşib, mənimlə birlikdə nəfəs alır, sevinir, dərd çəkir, həyəcanlanır, sevir, nifrət edir… Ancaq nəyəsə heyrətlənəndə Ilham pərisinin sevimli üzünü elə bil ani olaraq görürəm…''

Bu cavabımdan sonra jurnalist mənə belə bir sualla da müraciət etdi ki, Sizi gecəşirin yuxudan oyadıb, öz şeirlərinizdən birini oxumağı xahiş etsələr, ilk anda hansışe’r yada düşər? Cavabım isə belə idi ki, mən hər şeyin təbii axarını xoşlayıram. Gecə məni yuxudan oyadıb şeir oxu deyən adama ürəyimdə də olsa söyərdim. Bir var suyu nasosla vurasan, bir var öz təbii axarı ilə gələ. Özünü məcbur eləyib şeir yazmaq, şeir oxumaq ürəyi zorlamaq kimi bir şeydi. Poeziya isə sevgi işidi…

İnsan gördüyü qızı sevib onun vüsalına can atdığı kimi, şair də onu həyəcanlandıran mövzunu özününküləşdirməyəçalışır. Bu yolda hər ağrıya, əzaba qatlaşmağa hazır olur. Ürəyindəki yaradıcılıq eşqi nə yolla olur-olsun onu ''sevgilisinə'' tez qovuşmağa təhrik edir.

Yaradıcılıq prosesi məhz vüsal anıdır.Çəkilən ağrılardan, əzablardan, dolanbac yollardan sonra insanın öz sevgilisinə qovuşması nə deməkdirsə, yazıçının da onu düşündürən, həyəcanlandıran sevimli mövzuda əsər yazması, prosesin özünün onun qəlbində doğurduğu həyəcanlar o deməkdir. Bədii əsərlər isə bu tükənməz sevginin, yaradıcılıq prosesinində çəkilən həzin, iztirabın, həyəcanların, xoşbəxtlik məqamının bəhrələridir.

Yaradıcılıq prosesini göydə buludun dolub yağışın yağmasına da bənzətmək olar. Yazıçının müşahidələri də damcı-damcı, zərrə-zərrə toplanıb ''bulud'' kimi dolur. Bu dolma yaradıcılıq prosesinə tam hazırlıq məqamıdır. Elə bir məqam ki, yazıçının düşüncə və xəyalında da göylərdə olduğu kimi ildırımlar şaqqıldayır. Bulud köksündəki yağışdan qurtulub rahat olmaq istədiyi kimi, yaradıcı adam da içini göynədən sözləri damcı-damcı kağız üzərinə səpələyir.

Yağışdan sonra göyqurşağını xatırlayırsınızmı? Bax, bu göyqurşağı gözəl bir əsəri təzəcə yazıb bitirəndən sonra yazıçının ürəyindəki məmnunluq hissinin təcəssümünə bənzəyir. Yağış otlara, çiçəklərə, ağacları, kollara həyat verdiyi kimi, yazıçının əsərləri də oxucunun qəlbindəöləziyən, soluxan hissləri təzələyir, onun ürəyindəki həyat eşqini solmağa qoymur.

Rafiq Yusifoğlu, Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət işçisi, şair,
filologiya elmləri doktoru, professor.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar