Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaradıcılıq psixologiyası - Rafiq YUSİFOĞLU

Tarix: 14-04-2019 20:50     Baxış: 3514 A- / A+
Yaradıcılıq psixologiyası


Psixologiya ilə incəsənətin qarşılıqlı əlaqəsi. Incəsənət və ədəbiyyat psixoloji fəaliyyət növlərindən biri kimi. Yaradıcılıq psixologiyasının mahiyyəti. Görkəmli alimlər yaradıcılıq psixologiyası haqqında.


Yaradıcılıq son dərəcə mürəkkəb, hətta bədii yaradıcılıqla məşğul olan sənətkarların, elmi axtarışlar aparan alimlərin özləri tərəfindən belə tam dərk olunmayan ağrılı, əzablı, sevincli, nəş’əli bir prosesdir və yaradıcı insan, sənətkar şüurunun, onun hiss və duyğularının, düşüncələrinin spesifik məhsuludur. Görünür, şairlərin peyğəmbərlərdən sonra gəldiyini söyləyən böyük Nizami də məhz elə bunları nəzərdə tutmuşdur.

Alimlər zaman-zaman yaradıcılığı təkcə insan şüurunun deyil, həm də Allah vergisinin nəticəsi hesab etmişlər və bu zaman ona əsaslanmışlar ki, yaradıcı insanlar çox zaman mahiyyətini dərindən başa düşmədikləri prosesin yaradıcısından çox, onun icraçısına çevrilmişlər. Onlar gərgin psixoloji məqamda, sarsıntılar içərisində elə bil ilahi vəhyləri yazıya almaqla məşğul olmuşlar. Yaradıcılığı ilahi varlıqla bağlayan U.Folkner belə hesab edirdi ki, bütün yazıçıları son nəticədə məğlubiyyət gözləyir, çünki bizim bilmək və təsvir etmək istədiklərimizi yalnız Allah bilə bilər. Kanadalı filosof Con Vatson isə yazırdı ki, bir şairin ürəyinə girmək mümkün olsaydı, orada bolluca həyəcan, qəm-qüssə və göz yaşları görərdik.

O da məlumdur ki, qəm, kədər, sevgi, sevinc, şairin psixoloji durumu onun şeir karxanasını susuz qoymur… Yaradıcılığın şairin psixoloji durumu ilə birbaşa əlaqəsi məsələsi serb yazıçısı I.Andriçin bu fikirlərində də öz əksini tapmışdır: ''Mən yaşayıb həyatdan zövq alanda yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur''. Poeziyanı dərdin aynası hesab edən I.Höte düşünürdü ki, hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır. ''Dünya ikiyə bölündü, çatlar şairin ürəyindən keçdi'' qənaətinə gələn A.Frans isə bu qərara gəlirdi ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə insanın sevinc və kədər anlarında şeir həmişə onunladır. Viktor Hüqonun fikrincə: ''Şeir elə bir orkestrdir ki, təbiətin və insanların bütün səslərini ifadə etməyi bacarır''. H.Ibsenin '' Hər hansı bir insan böyük və kiçikliyindən asılı olmayaraq öz əməlləri arxasında can atdığı idealı görəndə istər-istəməz şairə çevrilir'' fikirləri də, Q.Floberin '' Yazıçı öz daxili aləmindən baş alıb gələni yazmalıdır'' qənaətləri də göydəndüşmə deyildi.
Qırx ildən artıq bədii yaradıcılıqla müntəzəm məşğul olan bir insan kimi həmin hissləri mən də dönə-dönə keçirmişəm. Yaradıcılıq prosesindən sonra özüm öz yazdıqlarıma təzədən baxanda heyrətlənmişəm və bu fikirlərin ağlıma necə gəldiyini dərk etmək iqtidarında olmamışam. Şeirlərimin birində bu hissləri aşağıdakı kimi ifadə etməyə çalışmışam:

Mən yuxuya gedən kimi
Göydən Ay aşağı düşür.
Yazdıqlarımın üstünə
Gəlib Ay işığı düşür.

Həsrət dolu misraların
Gözlərinə getmir çimir.
Ürəyimin arzuları
Səhərəcən çimir, çimir…

Açılır sətirlərimin
Qırışığı, uyuşuğu.
Yarımçıq qalan şeirimi
Tamamlayır Ay işığı.

Cızmaqaramı oxuyub,
Ah çəkəni qınamıram.
Axşam yazdığım nəğməni
Səhər durub tanımıram…


Böyük Füzuli deyirdi ki: ''Heyrət, ey büt, surətin gördükdə lal eylər məni. Surəti halım görən surət xəyal eylər məni.'' Yaradıcılıq prosesi məhz heyrət məqamıdır və bu məqam ilhamın gəldiyi andır.
Yaradıcılıq psixologiyası o qədər mürəkkəbdir, dərk olunmayandır ki, onu öyrənməyə çalışan alimlər, filosoflar, psixoloqlar, ədəbiyyatşünaslar son dərəcə maraqlı qənaətlərə gəlsələr belə, bu işi axıra çatdıra bilməmişlər. Bütün bunlar isə əsl yaradıcı insanın ilahi bir qüvvənin himayəsində olması haqqında düşünməyə əsas verir.

Öz müəllimi Z. Freydin yolunu davam və inkişaf etdirən, analitik psixologiyanın banisi K.Q.Yunqun bu sahədəki axtarışları olduqca böyük maraq doğurur. Onun ''Analitik psixologiyanın poetik bədii yaradıcılığa münasibəti'' adlı məruzəsinin mətnini rus dilindən (Ob otnoşeni analitiçeskoy psixoloqii k pogtiko-xudojestvennemu tvorçestvu. Zarubejnaə gstetika i teoriə literaturı X1X-XX vv. M., 1987, s. 214-231) tərcümə elə¬yib ''Mütərcim'' jurnalında çap etlirən filologiya elmləri doktoru, professor Məmməd Qocayev çox faydalı bir iş görmüşdür. Onu da qeyd edək ki, biz də sitatlar gətirərkən işimizi xeyli asanlaşdıran möhtərəm alimimizin bu tərcüməsindən istifadə edəcəyik.
Məmməd Qocayevin K.Yunqdan elədiyi tərcüməyə ön söz kimi yazdığı ''Analitik psixologiya və bədii yaradıcılıq'' adlı məqalə də olduqca maraqlıdır və yaradıcılıq psixologi-yasının bəzi məqamlarını anlamağa kömək edir. O yazır ki, əsl sənət üçün təkcə sənətkarın şəxsi təfəkkür və təəssüratlarının deyil, həm də və hər şeydən əvvəl, xalqın tarixən keçirmiş olduğu duyğuların və həyəcanların ifadəsidir. Ona görə də yaradıcılıq coşqunluğu sənətkrı şəxsi təfəkkürdən, şəxsi təəssüratlardan müasir tələblərdən, konyukturadan, utilitarizmdən ayırıb, ulu duyğularla, ulu obrazlara qovuşdurur, ulu hisslərlə yaşamağa, xalqın və əcdadların dililə danışmağa, onun simvolları ilə düşünməyə vadar edir və bir anlığa sənətkar sanki tarixin və xalqın döyünən ürəyinə və danışan dilinə çevrilir. Məhz belə məqamlarda dünyaya elə sənət əsərləri gəlir ki, onları nəinki başqaları, hətta müəllifin özü də tam mə’nada dərk edə bilmir. Çünki belə əsərlərin müəllifi təkcə yazıçı və müasir dövr deyil, həm də xalq və tarixdir.
Bunlar çox maraqlı qənatələrdir və mənim yadıma bir məsələni saldı. Hötedən onun ''Faust'' əsərinin ideyasının nədən ibarət olduğunu soruşanda qüdrətli sənətkar xeyli düşünür və təbəssümlə deyir: ''Elə bilirsiniz bunu mən özüm bilirəm?''
Hər hansı bir əsəri yazarkən sənətkarın mövzu tapmaq, material toplamaq və s. bu kimi hazırlığı ilə bərabər, onun psixoloji hazırlığı da olduqca vacibdir. Yaradıcı adamların əksəriyyəti ilham gəlməyəndə yazmağın qeyri-mümkün¬lüyünü bu və ya di¬gər şəkildə etiraf etmişlər. Ilham isə əslində sənətkarın psixoloji hazırlıq məqamıdır. Yaradıcılıq prosesində yazıçının yaşadığı psixoloji gərginlik anları, yaradıcılıq şövqü, qəhrəmanların taleyi ilə bağlı keçirdiyi həyəcanlar xüsusi psixoloji tədqiqatın mövzusudur. Necə olur ki, Balzak ''Qori ata'' əsərində öz qəhrəmanının ölüm səhnəsini təsvir edəndə elə onun özü də ölüb dirilir, sarsıntı keçirir?

İlk nəzərdə tamam ayrı-ayrı sahələr təsiri bağışlayan psixologiya ilə incəsənətin qarşılıqlı əlaqəsini K.Yunq onunla əsaslandırır ki, incəsənət özü də psixoloji bir fəaliyyətdir. Bədii yaradıcılıq prosesini nevrozla eyniləşdirməklə razılaşmayan alim etiraf etməli olur ki, bədii əsər nevrozun yarandığı şəraitə oxşar bir vəziyyətdə yaranır. Ancaq M. Yunq belə bir qənaətə gəlir ki, bioloji cəhətdən istiqamətlənmiş psixologiyanın adi (orta səviyyəli) insana tətbiqi özünü nə qədər doğrultsa da, o, sənətkar üçün yaramır.
Bütün bu etiraflar yaradıcı insanın hansısa bir ilahi qüvvə ilə idarə olunmağına dəlalət etmirmi? M.Yunq öz qənaətlərini şərh edərək deyir ki, müəllifin materialı onun üçün materialdır – onun bədii iradəsinə tamamilə tabe olan bir mate¬rial. O, hansısa başqa bir şeyi deyil, məhz bunu təsvir etmək istəyir. Bu cür yaradıcılıq¬da müəllif yaradıcılıq prosesi ilə tamamilə eyniləşir, baxmayaraq ki, özü də məqsədyönlü şəkildə sükan arxasında dayanıb, ya da ki, yaradıcılıq prosesi ondan bir alət kimi istifadə edir və bunun da nəticəsində o, şəraiti hər hansı şəkildə qavramaq imkanını itirir. O özü özünün yaradıcılığıdır. O tamamilə öz yaradıcılığı ilə birləşmişdir. Özünün bütün məqsəd və bacarığı ilə birlikdə bu yaradıcılıq prosesinə qapılmışdır.

Daha sonra filosof öz fikirlərini bir az da inkişaf etdirir və bəzi dəqiqləşmələr apararaq söyləyir ki, ''ona (yazıçıya, şairə – R. Y.) qalan yalnız itaət etmək və az qala yad bir impulsun səsi ardınca getmək olur. Sənətkar hiss edir ki, əsəri özündən daha yüksəkdir və və bu səbəbdən də onun üzərində hakimdir. Sənətkar etiraz etmək gücündə deyil və dərk edir ki, öz əsərindən aşağıda, və ya olsa-olsa onunla yanaşı durur. Sanki kiməsə tabe bir şəxs yad bir iradənin cazibə qüvvəsinə düşmüşdür.'' …''sənətkar yaradıcılıq impulsuna elə qatılır ki, sadəcə olaraq nəsə başqa bir şey arzulamaq iqtidarında olmur.'' ''Nə qədər ki, biz özümüz yaradıcılıq stixiyasına qərq olmuşuq, heç nəyi görmürük və heç nəyi eşitmirik, hətta dərk etməyə belə cəsarət etmirik. Çünki bilavasitə təəssüratlar və həyəcanlar üçün dərk etməkdən zərərli və təhlükəli heç nə yoxdur. Lakin yaradıcılıq prosesindən kənarda olarkən biz onu dərk etməyə, ona kənardan nəzər salmağa cəhd göstərməliyik.''
''Müəllifin yaradıcılıq prosesi ilə tamamilə eyniləşməsi'', prosesin sənətkardan ''bir alət kimi istifadə etməsi'', yazıçının ''şəraiti hər hansı şəkildə qavramaq imkanını itirməsi'', sənətkarın ''etiraz etmək gücündə olmaması'', ''öz əsərindən aşağıda, və ya olsa-olsa onunla yanaşı durmasını'', ''kiməsə tabe bir şəxs'' olmasını, ''yad bir iradənin cazibə qüv¬vəsinə düşməsi''ni dərk etməsi kimi ifadələr aydınca gös¬¬tərir ki, M.Yunq bədii yaradıcılığı, ədəbi prosesi Ilahi qüvvənin tənzimləməsi, prosesin olduqca mürəkkəb, dərkedilməz olması fikrindədir.

Lakin bütün bunlarla bərabər, psixoloq ''özü özünün yaradıcılığı'' olan sənətkarın bədii fantaziyasına, ondakı yaradıcılıq eşqinə də yüksək qiymət verərək yazır ki, neçə-neçə dahi sənətkarın tərcümeyi-halı elə bir yaradıcılıq coşqunluğundan xəbər verir ki, bu coşqunluq bütün insani istəkləri özynə tabe edir və ona hətta öz sağlamlığı və adi məişət xoşbəxtliyi hesabına öz yaratdığına xidmət etdirir!
Herhart Hauptmanın ''şair olmaq o deməkdir ki, sözlərin arxasında Ulu sözün səslənməsinə imkan verəsən'' tezisini yada salan M. Yunq Sənətkarın təkcə Ilahi diqtə ilə yaradan bir insan yox, həm də öz dövrünün, zamanın, xalqının təfəkkürünün daşıyıcısı hesab edir: ''Təəccüblü deyil ki, tipik situasiya ilə rastlaşarkən biz ya müstəsna bir asudəlik hissi keçiririk, az qala qanadlanıb uçacağıq, ya da ki, sanki bizi yenilməz bir qüvvə öz təsiri altına alır. Belə məqamlarda biz artıq fərdi varlıqlar deyilik, biz soyuq, bizdə bütün bəşəriyyətin səsi oyanır.''
''Bitki sadəcə olaraq torpağın məhsulu deyildir, həm də müstəqil, canlı, yaradıcı bir prosesdir'' qənətinə gəlməklə bədii yaradıcılıq prosesinin mahiyyətini açan M.Yunq onu həm də doğum prosesinə bənzədir. Deyir ki, sənətkarın qəlbində hələ dünyaya gəlməmiş əsər elə kortəbii bir qüvvədir ki, o ya qəddarcasına, ya da misilsiz bir hiyləgərliklə özünə yol açır. Ağac torpaqda ona lazım olan şirələri çəkməklə boy atdığı kimi, yaradıcılıq da insan daxilində bitir və yaşayır. Ona görə də yaradıcılıq prosesini canlı bir vücudun insan qəlbində böyüyüb boy atması kimi təsəvvür etmək pis olmazdı. Analitik psixologiya bunu avtonom komp¬leks adlandırır ki, o, qəlbin ayrılmış, təcrid olunmuş bir hissəsi kimi öz müstəqil, şüur ierxiyasından çıxarılmış psixi həyatını yaşayır və öz energektik gücünə və səviyyəsinə münasib olaraq, ya şüurun iradi yönəldilmiş əməliyyatlarının pozuntusu şəklində, ya da başqa hallarda, yuxarı instansiya kimi ''Mən''i özünə xidmət etməyə səfərbər edir. Buna uyğun olaraq özünü yaradıcılıq prosesi ilə eyniləşdirən sənətkar təhtəl-şüurun elə lap ilk ''lazımdır'' əmrinə sanki əvvəlcədən ''hə'' deyir. Yaradıcılığı az qala kənardan edilmiş zorakılıq kimi görən bir başqası isə bu və ya digər səbəbdən ''hə'' demək iqtidarında olmur və ona görə də imperativ (qeyd-şərtsiz tələb) qəfildən onun başının üstünü alır.

Göründüyü kimi, yaradıcılıq prosesinin mahiyyətini açan, bədii əsərin onu yaradan insanın psixikasının, təhtəl-şüurun məhsulu olduğunu iddia edən M.Yunqun fikirləri olduqca maraqlıdır və bu gün də çox aktual səslənir.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, bədii yaradıcılıq son dərəcə mürəkkəb, adi insan şüuru ilə dərk olunmayan bir prosesdir və onu şərtləndirən rəngarəng, bənzərsiz elmi-psixoloji, obyektiv və subyektiv amillər möv¬cuddur. Təssüf ki, bizim psixologiya elmimizdə son dərəcə vacib olan yaradıcılıq psixologiyası məsələsinin, bədii yaradıcılıqla psixologiyanın qarşılıqlı dialektik əlaqəsinin öyrənilməsinə ciddi cəhd göstərilməmişdir. Bu sahədə də gələcək nəslin görəcəyi işlər çoxdur.

Rafiq YUSİFOĞLU,
şair, ədəbiyyatşünas,
Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru, professor


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar