Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Bütün qələbələr – QAN RƏNGİNDƏDİR” - Ələsgər Talıboğlu yazır

Tarix: 12-04-2019 13:19     Baxış: 3290 A- / A+
“Bütün qələbələr – QAN RƏNGİNDƏDİR” - Ələsgər Talıboğlu yazır


Ədəbiyyat söz sənətidir. Söz sənəti olduğu qədər də söz yüküdür. Bu yükün ağırlığını isə çiyinlərində daşıyanları var: şairlər, yazıçılar və tənqidçilər, bir sözlə; söz adamları.
Yaşlı və orta nəslin nümayəndələri kimi, gənclərimiz də müqəddəs yükün ağırlığına sinə gərərək, bu yolda şərəflə addımlamaqdadırlar. Həmin gənc nəslin nümayəndələrinə aid olunan xanımlardan Şəfa Vəli, Sevinc Qərib, Günel Əliyeva, Nuranə Nihan, İlhamə Sultan, Əfsanə Rəvan və şeirlərini oxumadığım üçün tanıyıb burada adını çəkmədiyim onlarla gənc imza sahibi şairlik yükünü çiyinlərində daşıyaraq sözün nazını ləyaqətlə çəkməkdədirlər.
Bu gənc xanım yazarlarımızın içərisində AYGÜN SADİQin özünəməxsus yeri vardır. Hələlik ədəbi mühitdə onun bir kitabı mövcuddur. Yazıçı Əli bəy Azərinin redaktorluğu, Eluca Atalının “ön söz”ü ilə ədəbiyyata vəsiqə alan “Güzgüdə kim var?” kitabına şairənin son illərdə qələmə aldığı şeirləri və bir neçə hekayəsi daxil olunmuşdur. Hekayələrinə nəzər salanda onların da poetik libasa büründüyünü görürük. Odur ki, onun poeziyasından bəhs etməyə çalışacağıq.
Yeri gəlmişkən qeyd edim ki, onu digər gənc yazar xanımlardan fərqləndirən, imzalar içində imzasının seçilməsinə əsas səbəb verən öz milli varlığını, milli kimliyini daha qabarıq şəkildə ön plana çəkməsidir. Türkçülük, turançılıq ideyalarının təbliği, bu ideyalara dərin sevgi şairin yaradıcılığının əsas ana xəttini təşkil edir.

Mənim əzəmətim – zəfərim sayda,
Türkün yüksəlişi yaxın gündədir.
Bütün xoşbəxtliklər – azadlıq boyda,
Bütün qələbələr – qan rəngindədir.


Və yaxud:


Nədir fərqi BİZim BİZdən?
Biz Metenin, Attilanın övladıykən,
TURAN yetim qaldı deyə
Vaz keçəkmi ÖZÜMÜZDƏN?..

Məhz, bu cür poetik milli duyğuların, milli marağın sayəsində də Aygün Sadiq bir şair kimi bütövləşir, tamlaşır, şeirdən şeirə dolğunlaşır. Qələmini cilalaya bilir.

Özümlə savaşa, yenməyə gəldim,
Birbaş Haqqa doğru yola düzəldim.
Yolçuluq çox şeyi öyrətdi, bildim...
Axdıqca arınan bulaq kimiyəm.
– deyən şairin axa-axa arındığı, sözdən barındığı daha da mükəmməlləşir.

Ömür beş gün, o da dərddir sərasər,
Yüz kədərdən, yüz ələmdən yazıram.
Aç ürəyin qəm yükünü, şeirə sər,
Qəm əhliyəm, mən də qəmdən yazıram.


Bu gənc şairi qəmdən yazmağa vadar edən isə öz şəxsi dərdləri deyil, Vətən dərdidir.

Vətən yoxsa, neynirəm hər imanı, hər dini?!
...Qaytar əsir yurdunu, vətənsiz qalan övlad.


Bölməyəlim Vətəni bölgələrə, rayona,
Qarabağ cənnət idi, heç yox idi, tay ona.
...Viranə könlüm kimi Ulus tarimar, bərbad,
Gətir zəfər sorağı, yuvası talan övlad.


Baxmayın ki, Aygün Sadiq Rusiyanın Novokuznetsk şəhərində doğulub, dünyaya göz açıb, uşaqlıq illəri məktəbə gedənə qədər orada keçib, Vətən torpağına sədaqət hissi, elə-obaya bağlılıq sevdası onun genindən öz qidasını alır, doğma Azərbaycanımızın sərhədləri boyu şaxələndikcə -şaxələnir. Bax, budur Vətən eşqi!..

Qururum, qeyrətim yad torpağında,
Soysuz dövran sürür türk torpağında.
Daha bülbül ötmür gül budağında,
Bağında tikanlar bitəndən sonra.

Güclüyəm deyirdim, gücüm hardadır,
Əllərim qandalda, Ulus dardadır.
İyirmi beş ildir, göz yollardadır,
Niyə yaşayıram Vətəndən sonra?!..

Məhz, o ilahi Vətənə bağlılığının eşqiylə də şair bu ali poetik deyiminə daha kəskin qüvvət qataraq ağrılı duyğularına bir şirinlik qataraq əlavə edir:

Vətən xəcalətliyik -
Dinməyə üzümüz yox...
Dərdimiz bizdən böyük,
Xəcalət tərim soyuq...
Vətən,
məni qucaqla,
bəlkə, yaram sarına...


Və sonda Vətənə olan böyük və sonsuz eşqini, sevgisini poetik bir dillə belə ifadə edir. Oxucunu özündən alıb, ilahi duyğularının, hisslərinin axınına qatır və apara bildikcə aparır.

Əsir yurd! Haqqını halal eyləmə!
Bumbuz bulaqların qənimim olsun.
Qoy, Allah canımı alsın yerinə,
Sənə layiq olan övlad doğulsun!..


Budur Vətəndən uzaqlarda doğulan Vətən qızı Aygün Sadiqin Vətəndaşlıq mövqeyi! Necə əyilməmək olar ki, bu Vətəndaşlıq mövqeyinin – eşqinin önündə.

Vətənçün yarıda kəsib ömrünü,
Vida söyləyənin “salam”ı olmur.
Şəhid anasının hüzürdür günü,
Şəhid anasının bayramı olmur!
– deyən şair şəhidlərimizə və şəhid analarımıza nə qədər də yüksək qiymət verir, şəhidlik mərtəbəsinin necə bir alınmaz, möhtəşəm zirvə olduğunu bədii boyalarla dolğun təsvir edir.
Aygün Sadiqin şeirlərinin mövzusu genişdir. Həyatımızın ayrı-ayrı sahələrinin müxtəlif çalarlarını şirin dillə, obrazlı şəkildə əks etdirməyə çalışan bir şairdir. Bu baxımdan onun represiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqə həsr etdiyi şeiri diqqətimi daha çox cəlb etdi.

Bu gün bir şairin doğum günüdür,
Qələmi möhtəşəm, eşqi əbədi.
Bütün zamanların sevgi şairi,
Bütün sevgilərin eşqiz məbədi.


Mərhum, ustad şairimiz Mikayıl Müşfiqə verdiyi bu uca, ülvi dəyər gənc şairi gözlərim önündə daha da ucaltdı, sevdirdi mənə.
Aygün Sadiqin şeirlərinin ana xəttini əgər Vətən eşqi, yurd məhəbbəti, el sevgisi təşkil edirsə, ikinci əsas xəttini isə dünyanın əsrəfi insana sevgi, gözələ məhəbbət, ədəbiyyatımız əzəli və əbədi mövzusu olan aşiqə vurğunluq, eşqə sədaqət duyğusun vəfa təşkil edir.

Yalan tanımazdı bizim sevgimiz,
Ayrı yaşamağı düşünməzdik biz.
Sənli dünyam vardı – günahdan təmiz,
Kainat bir yana, sevgim bir yana.


Şair üçün sevgi hissi dünyanın ən böyük bəşəri dəyərlərindən biridir. Odur ki, o məhəbbəti hər şeydən uca və əlçatmaz tutur. Sevgi kimi ülvi hissləri heçə sayanları dəyərsiz sayır. O cür kəsləri ürəksiz adlandırır.

“Sən” adlı dünyada qaraydı baxtım –
Bizim yolumuza ayrılıq yağıb!
Sənə söz vermişdim – unudacaqdım,
Lənətə gələsən!
Yadımdan çıxıb!


Yazıya başlıq kimi Aygün Sadiqin şeirindən bir misra seçdim: “Bütün qələbələr qan rəngindədir!” Yaradıcı insan nə qədər qan tökməyin əlehinə olsa da dünyada hökm sürən bu reallıqdan yan keçə bilmir; Atatürk demişkən, “bizim qələbəmiz süngümüzün ucundadır…” Hesab edirəm ki, şairə bu bir misra ilə ayıq-sayıq olmağa, mübarizliyə səsləyir. Bu bir misrada cəsarət də var, iradə də, vətənpərvərlik də, vətəni sevmək də, vətəni qorumaq da…
Bütövlükdə, gənc şairin yaradıcılıq manerası geniş olduğu kimi də uğurludur. Bu uğurun da davamını Aygün Sadiqdən gözləyirik.

Xəyallar möhtəşəm, xatirə şirin...
Hər günü sonuncu gün kimi yaşa.
Baxma arxasınca ötən illərin,
Qürurla, şərəflə ömrü vur başa.



Ələsgər Talıboğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar