Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetindən yazmaq lazımdır, lakin...

Tarix: 22-01-2019 22:31     Baxış: 2386 A- / A+
Azərbaycan Dillər Universitetindən yazmaq lazımdır, lakin...


Bu yazını yazmaqda məqsədim son günlərdə Azərbaycan Dillər Universiteti haqqında bəzi sosial şəbəkələrdə yer tutan qərəzli, şər-böhtan xarakterli qeyri-obyektiv yazılıara həmin universitetdə çalışan bir müəllim kimi münasibət bildirməkdir. Açığını etiraf edim ki, həmin sosial şəbəkələr, onların ünvanına daxil olan bəzi yazıları, məktubları yoxlamadan, araşdırmadan xəbər kimi hazırlayıb səhifəyə daxil edirlər. Məhz elə buna da öz etirazımı bildirmək istəyirəm.

Birincisi ona görə ki, universitet haqqında belə hikkəli, qeyri-obyektiv, qərəzli yazıların müəlliflərinin mövcud durumu, vəziyyəti öyrənmədən, yazı ilə bağlı universitetin digər əməkdaşlarını dinləmədən, universitetə gəlib onun hər hansı bir qeyri-dəqiq informasiyaları ilə tanış olmadan verilən yazıları hesab edirəm ki, alqışlamaq olmaz.
İkincisi, düşünürəm ki, həmin sosial şəbəkələrin əməkdaşları universitetimizə gəlsə idilər, qapıdan girən kimi universitetin dəhlizindəki estetik görkəm onları heyran edərdi. Təmirdən sonrakı təmizlik, estetik ahəng, gözoxşayan təmir işləri onların da xoşuna gələrdi. Kafedraların, dekanlıqların səliqəli görkəmi onlarda xoş əhval-ruhiyyə yaradardı. Yəqin ki, onlar bütün bunları görəndən sonra yazılarda verilən qeyri-obyektiv yanaşmalara da obyektiv münasibətlərini bildirərdilər. Şübhəsiz, onlar da şər, böhtan xarakterli qərəzli yazıların müəlliflərini faktları məqsədlərinə uyğun, özlərinin istədikləri kimi şərh etmələrini təqdirəlayiq hesab etməzdilər. Bütün bunlar universitetin professor - müəllim heyətinin, həmçinin, digər əməkdaşlarının qəzəbinə səbəb olmuşdur. Çünki, haqq üçünə, akademik Kamal Abdulla universitetə rəhbər təyin ediləndən sonra həmin ziddiyyətləri, çatışmazlıqları, nöqsanları aradan qaldırmağa çox qüvvə sərf etmişdir.
Yuxarıda qeyd etdiyim kimi, universitetimizdəki təmir işlərindən sonra burada gözoxşayan forma gözəllikləri, nizam-intizam, tələbələrə nümunəvi yanaşmalar, qiymətləndirmədə obyektivlik, universitetdəki intriqa yaradacaq halların aradan qaldırılması, əvəzində universitetə sağlam qüvvələrin cəlb edilməsi universitetimizi respublikanın ən qabaqcıl tədris müəssisələrindən birinə çevirmişdir. Əslində, sosial şəbəkələrdə verilən xəbərlər içərisindən rektorun Azərbaycan Dillər Universitetinə, vaxtilə çalışdığı Bakı Slavyan Universitetindən, Bakı Multikulturalizm Mərkəzindən, Bakı Dövlət Universitetindən gətirdiyi kadrlarla bağlı informasiya, qaranlıq şəkildə ifadə olunsa da, əslində, çox yaxşı informasiyadır.
Yazı müəlliflərinin səhifəyə daxil etdikləri bu informasiya universitetimizin rəhbərliyinin həyata keçirdiyi ən mütərəqqi işlərdən, reformalardan biri kimi dəyərləndirilməlidir. Çünki, adı çəkilən ünvanlardan universitetimizə çox güclü kadrlar cəlb olunmuşlar.
Ümumiyyətlə, ADU-da həyata keçirilən dəyişikliklərlə bağlı, buraya dəvət olunan güclü kadr potensialının universitetimizin həm adına, həm tədris prosesinin güclənməsinə öz müsbət təsirini göstərən amillərdən biri kimi qiymətləndirilməlidir. Universitetimizin rektoru, daim yeniliklər axtarışında olan akademik Kamal Abdullaya isə universitetimizdə həyata keçirdiyi məqsədyönlü və planlı işlərin tədris prosesinə, müəllim-tələbə münasibətlərinə, professor-müəllim heyətinin əzmlə işləməsinə, universitetimizi dünyanın ən qabaqcıl universitetləri sırasına çıxarılmasına kömək edən mütərəqqi və bənzərsiz işlərinə görə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bu gün biz universitetdə həvəslə çalışır, dövlətimizə, xalqımıza, vətənimizə ləyaqətlə xidmət etdiyimizə görə fəxr edirik. Müsbət işimizə kölgə salanlara isə böyük təəssüf hissi ilə yanaşırıq. Onlara üzümüzü tutub deyirik ki, ətrafınıza yaxşı baxın, diqqət yetirin və siz də görüb əmin olacaqsınız ki, Azərbaycan Dillər Universiteti gündən-günə inkişaf edir.
Etiraz etmirik; bu gün Azərbaycan Dillər Universitetindən yazmaq lazımdır. Lakin nələri? Qısa müddət ərzində görülən və bizim görüb qiymətləndirə biləcəyimiz həqiqətləri. Hər kəs bu həqiqətləri öz baxış bucağından görür, şübhəsiz, mən də… Ona görə mən də bu yazımda öz baxış bucağımdan görə bildiklərimi qeyd etmək istəyirəm. Gördüklərim isə ondan ibarətdir ki, hörmətli rektorumuz biz müəllimlərə məhsuldar fəaliyyət göstərmək üçün hər cür münasib şərait yaratmış, təhsil direktivlərinin tələblərinə uyğun universitetin təhsil, maddi-texniki, həmçinin təsərrüfat istiqamətlərində bir sıra innovativ dəyişikliklərə imza atmışdır. Belə məhsuldar işin səmərəli nəticəsidir ki, bu gün Azərbaycan Dillər Universiteti Beynəlxalq əlaqələrini genişləndirir, universitetin professor-müəllim heyəti dünyanın ən mötəbər universitetləri ilə əməkldaşlıq əlaqələri qurur, onların təcrübələri ilə tanış olur və yeri gəldikcə onları öz iş təcrübələrində səmərəli şəkildə istifadə edirlər, həmçinin də digər ölkə ali məktəblərinin professor-müəllim heyəti də ADU-nun müəllimləri ilə öz iş təcrübələrini bölüşürlər. Bundan başqa ADU-nun müəllimləri bölgə və regionlarımızda keçirilən təlimlərdə də böyük həvəslə iştirak edir, yeniliklərlə tanış olur və pozitiv əhval-ruhiyyə ilə auditoriyalarda bu təcrübəni səmərəli şəkildə tətbiq edirlər.

Respublikanın əməkdar jurnalisti, yazıçı-publisist İradə Tuncay yazılarının birində qeyd edir:
“…İllərdir oxucu zaman maşınında irəli-geri hərəkətdə olan bu imzanı tanıyır... Kamal Abdulla ictimai həyatın qaynar nöqtələrində, ədəbi prosesin aysberqlərində, tələbə sevgisində, ilklərə atdığı imzalardadır. İmza təkcə üslub deyil, həm də mövzudur, həm də ideyadır, ovqatdır, həyat materialıdır, yoldur”.

İradə Tuncayın fikrinə istinad olaraq qeyd etmək istərdim ki, Kamal Abdulanın imza atdığı ilklər, tətbiq etdiyi yeniliklər, novator ideyalar məzmununa görə daim fərqlənmişdir. Məhz onun rektor təyin olunduğu qısa zaman kəsiyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ADU-da keçirdiyi:“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq Elmi Konfransını da həmin ilklərin məntiqi davamı hesab etmək olar. Bu konfransın özəlliyi və fərqli tərəfləri ondan ibarət idi ki, onun bölmələri dünyanın aparıcı universitetlərində, məsələn, Rusiya Federasiyasının B.Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutu, Moskva şəhər Pedaqoji Universitetinin Samara filialı, Moskva Dövlət Linqvistik Universiteti, Almaniya Federativ Respublikasının Augsburq Universiteti, Çin Xalq Respublikasının Huçjon Universiteti, İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universiteti və Sülh və Təhlükəsizlik Fondu, Ukrayna Respublikasının Kiyev Milli Linqvistik Universiteti, Serbiya Respublikasının Belqrad Universiteti, Türkiyə Respublikasının Ərzurum və Ərçiyəs Universitetləri, həmçinin, Azərbaycan Respublikasının Dillər Universiteti konfransın işini səmərəli şəkildə aparmışlar.

Bu konfrans qeyri-adi konfrans kimi dünyaya səs saldı.
“Bir günlük xəlifə” layihəsi də məhz akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilmiş və indi də uğurla davam olunmaqdadır.
Təqvimdə qeyd olunan bütün bayramlarla əlaqədar Universitetin Sosial Yardım Fondundan, onun hər bir işçi heyətinə müəyyən məbləğdə vəsaitin ayrılması da məhz Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən təqdirəlayiq işlərdəndir.
Respublikanın bölgələrində məskunlaşan məcburi köçkün məktəblərində IV kurs tələbələrinin pedaqoji təcrübə keçirmələri də məhz respublikamızda həyata keçirilən ilklərdən biri idi. Həmçinin, ADU-nun müəllimlərinin müxtəlif ixtisasartırma kurslarına göndərilməsi, uzun müddət universitetdə fəaliyyət göstərmiş təcrübəli professor və dossentlərin məsləhətçi kimi yenidən işə cəlb edilməsi, adlı təqaüdlərin təsis olunması, universitetin görkəmli şəxsiyyətlərinin adına auditoriyaların, universitetdə müxtəlif adda elmi mərkəz və laboratoriyaların yaradılması və s. məsələlər akademik Kamal Abdullanın qısa bir zaman müddətində həyata keçirdiyi ilklərdəndir.
Qeyd etdiyim kimi, Kamal Abdullanın təşəbbüsü ilə ADU-da bir çox mərkəzlər yaradılmışdır. Bu mərkəzlər vasitəsi ilə dünyanın bir sıra ölkələrində universitetimiz tərəfindən yaradılan “Azərbaycan dili və mədəniyyəti” adı altında xaricdə Azərbaycan mədəniyyətini, tarixini, milli, maddi və mədəni dəyərlər, multikultural və tolerant mühit haqqında daha müfəssəl məlumatlar xarici vətəndaşlara çatdırılır.
Universiteti məcrasına salmaq, onun adının dünya universitetləri sırasında layiqli yer tutması üçün, tələbələrə daha keyfiyyətli və dünya standartlarına uyğun təhsil almaları üçün geniş imkanlar yaratmaq, kömək etmək onun əsas iş prinsiplərinə çevrilmişdir.
Ulu Öndər çıxışlarının birində qeyd edir ki, kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.

Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin kitabxana işi sahəsində apardığı yeniliklər də bu ilklərin sırasında xüsusi yer tutur. Azərbaycan Dillər Universitetinin kitabxanasının müdir müavini Cəmilə Əliyevanın bu yeniliklərlə bağlı dediklərindən:
“Müasir Azərbaycan elmi-ədəbi və ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı, dilçi, folklorçu, tənqidçi kimi tanınan akademik Kamal Abdulla analitik düşünə bilmə, dəyişmə və inkişafa açıq olan, tələbə və əməkdaşlar ilə dialoq yaradan, işlədiyi mühitin təmizlik, nizam və tərtibinə diqqət göstərən, birlikdə çalışdığı kəslərlə iş görən koordinasiyaya uyğun hərəkət edən, əlaqə qurduğu şəxslərə qarşı gülərüzlü, nəzakətli və xoşgörüşlü davranan, iş intizamına sahib olan, iş prosesində qanunvericiliklə təyin olunan qanun, dəyər və qaydalara uyğun davranan, təşəbbüs istifadə bacarığı, problem həll edə bilmə, məsuliyyətlilik, təmsil qabiliyyəti, idarəçi xüsusiyyəti, iş yeri və iş prinsiplərinə uyğun gələrək çalışan hörmətli rektorumuz sözün əsl mənasında Ali insandır. Akademik Kamal Abdullanın bir elm xadimi, bir rektor və bir vətəndaş kimi xidmətlərini saymaqla qurtarmaz.

ADU-nun kitabxanasının əməkdaşı kimi onu da qeyd etmək istərdim ki, Kamal müəllim ADU-nun rektoru təyin olunduğu ilk həftədə kitabxanaya gəlib əməkdaşlarla görüşəndən sonra kitabxana fondu, oxucu tələbatı, tələbələrin dərs və dərs vəsaitləri ilə təminatını artırmaq və əməkdaşların iş şəraitinin yaxşılaşdırılması kimi məsələləri müsbət şəkildə həllini həyata keçirdi. Yeni açıq rəf üsulu ilə geniş oxu zalları, yeni yaradılan rəqəmsallaşdırma şöbəsi, hansı ki, İlkin ADU Rəqəmsal Arxivi: elmi jurnalların, məqalələr, dərsliklər, iş sənədləri, patentlər və s. daxil olmaqla, yenilikçi xidmətləri və təəccüblü rəqəmsal kolleksiyaları təmin edən Dspace tərəfindən idarə olunan Rəqəmsal Kitabxana yaradıldı.
Bildiyimiz kimi universitetlərin reytinqi onun ilkin tədris bazası olan zəngin fondlu kitabxanadan başlayır. Belə bir deyim var: “...Kitabxananı göstər, bilim elmin hansı səviyyədədir ”. Bu meyarı bilən rektorumuz tələbələrə sərbəst maraq dairələrinə uyğun seçib aldıqları şəxsi kitab kolleksiyalarının ödənişinin universitetin hesabından ödənilməsinə göstəriş verdi. Bu addım tələbədə oxu vərdişinin yaranması və öz oxuduğu universitet ailəsinin bir üzvü kimi hiss etməsi, çox incə bir məqamdır. Bu, ilk yeni layihə olaraq ADU-da həyata keçdi və davam edir”.

Bu məqamda bəzi əsassız şər və böhtan atanlara bir neçə tələbə fikirlərini də çatdırmaq, hesab edirəm ki, yerinə düşərdi:
“...Mən sizi atdığınız şər, böhtanlara görə Azərbaycanın gələcəyinə və Azərbaycan gəncliyinə bir vətəndaş olaraq təhlükə hesab edirəm. Allah biz tələbələri sizin kimi bədxah, böhtançı insanlardan qorusun! Universitetimizin gördüyü işlər və irəliləyişlər isə göz önündədir. Sizi vicdanlı, ədalətli və düzgün olmağa dəvət edirəm” - Salman Quliyev - tərcümə fakültəsinin tələbəsi.
...Baxın, mən heç bir halda haqqı demədən dayana bilmərəm. Hər universitet rəhbəri timsalında bütün rəhbər statuslu şəxslərin kiməsə xoş olmayan tərəfinin olması mümkündür. Bu, kütləvi xarakter alarsa, o barədə danışmaq olar. Kamal Abdulla bizim universitetə rektor gəldikdə Bakı Slavyan Universitetinin tələbələri bizi təbrik edirdilər. Bir dilçi kimi tanıdığımız, kitabları 20 dilə tərcümə olunan, ən əsası şəxsən mən Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi tələbəsi kimi dövlət xadimi, prezident müşaviri kimi izlədiyim bir akademikin universitetimizin rektoru olmasına görə fəxr edirəm. Biz o vaxta qədər tələbəlik yaşamamışıq. Problemi həll etmək üçün iki il əvvəl universitet həyətinə də yox, küçəyə tökülüşən tələbələr idik. Məsələ o dərəcəyə çatmışdı ki, indiki nazir, onda isə nazir müavini gəlməmiş o tələbələr öz təhsil aldıqları universitetə girmirdilər. Mən bütün o prosesdə universitetdə olmuşam. Tələbə kimi şəxsən neçə dəfə həyətə düşüb tələbələrə müraciət etmişəm. Uzun sözün qısası, yersiz şər-böhtan atan, universitetin nüfuzuna xələl gətirməyə çalışan, tələbələri bir-birinə çevirən yaxşı müəllim ola bilər, amma yaxşı vətəndaş yetişdirə bilməz… Buradan bütün tələbələrə səslənirəm: “Universitet dörd ildə təkcə təhsil ocağı kimi yox, vətəndaş, gənc nəsil yetişdirən ocaqdır. Hər oxuyan Molla Pənah olmur” - Lamiyə Əhmədzadə, BMİ fakültəsinin tələbəsi.

Hətta universiteti bitirmiş tələbələrdən də yoldaşlarına dəstək olaraq fikir bildirənlər var:
“Əziz tələbə yoldaşlarım! Tanıyın, görün və bilin ki, kimlər sizə dərs deyib. Və mən belə düşünürəm ki, elə həmin adamlar idi ki, 1 il 6 ay öncə ADU-nun tələbələrini küçələrə çıxmağa vadar edib, sonra arxasından qaçan!!! Kamal müəllim Universitetimizə təyin olunan gündən etibarən kəsrli tələbələrin sayı yüzlərlə azalıb...” Bir “Ayıb olsun!” ifadəsi var dilimizdə. Ən azından “Ayıb olsun!” - Elşən Qəhrəmanov.
Akademik Kamal Abdulla universitet rəhbəri kimi çəkdiyi ağır yükün öhdəsindən şərəflə gəlir. Belə ağır yükü çiyinlərində daşıyanlar isə bütün dövrlərdə bir ömürdən bir neçə ömür yaşayan Kamal Abdulla kimi ziyalılarımız olmuşlar.
Belə ziyalıların qazandıqları təcrübədən hələ neçə-neçə nəslin nümayəndələri faydalanacaqlar.
Belə ziyalılarımız tarixin bütün dövrlərində olmuşdur. Təəssüf hissilə qeyd edirəm ki, onların böyük əksəriyyətini bu gün tanımırıq, tanımadığımız, yaxud da az tanıdığımıza görə, pislər yaxşıları üstələdi, şər xeyirə qələbə çaldı.
Bu gün isə ayrı dövrdür, ayrı zamandır. Bu mənada şərin xeyir üzərində qələbəsi mümkünsüzdür, yolverilməzdir.
Kamal Abdulla kimi ziyalılarımızdan gənclər hələ çox şey öyrənməli, müsbət təcrübələrindən bəhrələnməlidir. Çünki Kamal Abdullanın keçdiyi həyat yolu bir məktəbdir. Bugünkü və gələcək nəsil bu məktəbdən hələ çox faydalanmalıdır.

Yazımın sonluğuna isə Kamal Abdullanın:
“Yolla gedən olmasa, bilinməz,
Bilinməz gəlir bu yol, ya gedir ...”

misralarına istinadən mərhum Həsənağa Turabovun təbirincə:
“Nə yaxşı ki, bu yolla gedənlərimiz var ...
Yolun uğurlu olsun, Kamal Abdulla
!”

- deyərək və bu çətin sınaqda hörmətli akademikimizə səbr və dözüm arzulayaraq nöqtə qoymaq istəyirəm.
Bir daha xatırlatmaq yerinə düşərdi ki, Kamal Abdulla əsərlərində insanları bir-birini anlamağa önəm verir və hesab edir ki, anlamaq hər yoldan ötənə verilmir. Ona görə də O, hər kəsə: “Ulu yolun yolçusu olmaq şərtdir” – deyərək bu yolun yolçusu olmağı tövsiyə edir.

Mən də bu dahiyanə deyilmiş fikirlərin işığına üz tutaraq, hər kəsə Ulu Yolun yolçusu olmağı arzulayıram.

Şəfiqə Tahirova,
ADU-nun müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar