Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mənim yaddaşımdakı 20 Yanvar...

Tarix: 20-01-2019 22:35     Baxış: 3280 A- / A+
Mənim yaddaşımdakı 20 Yanvar...


Bu tarixlə bağlı yaşımın dərk etmədiyi ,amma yaddaşımın silinməyən izləri çox. Hələ 7-ci sinifdə oxuyurdum. Sinif yoldaşım bizi öz doğum gününə çağırmışdı. May ayının 14-ü idi. Sevincək getdik sinif yoldaşımgilə. Evdə heç də doğum günü havasıyla qarşılaşmadıq. Bir uşaq beyni üçün anlaşılmaz bir vəziyyət idi əlbəttə. Süfrədə hər şey vardı, evdə hər kəs vardı. Amma ki, hər kəsin üzündə donuq və yalançı təbəssüm, gözlərdə isə aydın oxunulacaq dərin kədər! O zaman da hər şeyə çox maraqlı olan mən sual verdim-Qalya, atangil hanı?
Bu sualım yersiz deyildi. Çünki biz həmişə nənəni görürdük—sinif yoldaşımızın ardınca gələn. Bir dəfə də olsun nə anasını, nə də atasını görməmişdik. Ancaq uşaq düşüncəsiylə fikirləşmirdik başka heç nə. Çünki məni də çox zaman nənə götürərdi, anam işdə olduğu üçün.
O baxımdan çox da əhəmiyyət vermirdik. İndisə normal olaraq ana-ata evdə olmalı idi. Sualımın təsirindənmi, ya nədənsə sual bitər-bitməz sinif yoldaşım hıçqırtıyla ağlamağa başladı. Sinif rəhbərim Lyudmila Rafiqovna tərs-tərs üzümə baxdı. O baxışlardan nələr oxudum... bir mən bilirəm. Sinif yoldaşımın nənəsi ağır-ağır dilləndi- Uşağı danlamayın, onların da həqiqəti bilməyə haqqı var.
Ortalığa dərin sükut çökdü. Nənə güclə eşidiləcək səslə danışmağa başladı:
—Qalya təzə-təzə dil açırdı hələ. Evimizdə sevincin həddi-hüdudu yox idi. Çünki yanvarın 19-u oğlumla gəlinimin toy günüydü. Böyük və zəngin süfrə açmışdıq. Yeyən kim, içən kim. Hamı fərəhlə bu gözəl günü qeyd edirdi. Oğlum isə sanki bu ab-havanın içərisində deyildi. Nə qədər təkid etsələr də içkiyə əl vurmadı. Saat 10-a qalmış ayağa qalxdı. Atası soruşdu ki, evdə qonaq var, hara gedirsən? Bizi sakitləşdirmək üçün dedi ki, uşaqlara söz vermişəm, onlarla da qeyd etməliyəm, bir saata gələcəm.
Düzdür narazı olsaq da, dinmədik. Çünki bir övladımız vardı. Artık evin kişisiydi, ailəsi, uşağı vardı. Hələ xanımı da 8 aylıq hamiləydi. Qərarlarına hörmətlə yanaşmalıydıq. Həm haradan bilərdik ki, bu onunla son danışığımız olacaq. Evdən çıxanda Qalyanı qucağına alıb öpdü, xanımının üzünə baxdı, baxdı və çıxdı. Saat birə kimi gözlədik. Səs-küy eşidirdik, amma nədir, niyə olur, anlamaq çətiniydi. Atası dözmədi, dedi dostlarının evini tanıyıram, gedib soruşacam. Səhərə kimi yatmadıq. Həm eşitdiyimiz o qorxunc səslərdən, həm də evdən çıxan iki kişidən ala bilmədiyimiz xəbərsizliyin vahiməsindən. Günortaya az qalırdı . Qapı döyüləndə ikimiz də gəlinlə qapıya qaçdıq. Gələn həyat yoldaşım idi. Əlində əzilmiş qol saatı, bir gecənin içində min ilin qocası olan bir kişi kimi göründü birdən. Qeyri-ixtiyari soruşdum ki, balam hanı? -O qol saatını əlimə uzadıb dedi:—Başımız sağ olsun, Vətən sağ olsun.
Bu sözləri anlamağa çalışmamış arxamda bir tappıltı eşitdim. Gəlin döşəmənin üstünə yıxılmışdı. Təcili xəstəxanaya qaçdıq, oğlum xatirimə də düşmədi. Saatlarla gözlədik, nəhayət içəridən çıxan tibb bacısının verdiyi xəbərlə sarsıldım:—Bir oğul nəvəniz dünyaya gəldi, amma gəlininizi qurtara bilmədik. Başınız sağ olsun!
O anda nə hiss etdiyimi hələ də anlaya bilmirəm. İllər ötsə də...
O gündən sonra aylarla o kiçik oğlanın nə adını bildik, nə də doğum haqqında bir sənədi olmadı, nə də illər sonra olsa belə gedə biləcəyi bir ata məzarı. Nə qədər axtarsaq da oğlumuzun nəşini tapa bilmədik. Parça-parça olmuş cəsədləri quyular qazıb necə gəldi dəfn etmişdilər. Kiminin qolunu, kiminin ayağını, kiminin başını. Ancaq heç birinin kimliyi məlum olmamışdı-mənim Talehim kimi. Aylarla körpə balama baxa-baxa övladımın məzarsızlıq dərdini də, gəlinimin dünyaya gətirdiyi körpəsini qoxlamadan fani dünyadan köç etməsini də unutmağa çalışmaq istədim. Amma alınmadı. Sonunda bir qərara gəldim. Körpəyə oğlumun adını, qıza isə anasının adını verərək öz himayəmizə aldık. O gün bu gün yaşayıram-ürəyimdə məzarına gedə bilmədiyim oğlumun, məzarında oğlumu da ağı deyib ağladığım gəlinimin acısını daşıyaraq!
Hər kəs bu acı taleyi dinləyərək kiçik bir təbriklə sinif yoldaşımı təbrik etdi, sonralar unutdu da. Amma nənənin ağrılı tale hekayəsi unudulmadı, yəqin ki, unudulmayacaq da. İçərisində məhv olmuş bir ailənin timsalında o qanlı gecədə pərən-pərən olmuş ailələr daxil olmaqla... Eynilə mənim bu tarixi həyat hekayəsinə səbəb olaraq verdiyim o sual kimi. Geriyə isə yalnız bir şey qalır. Allah bizlərə səbr versin, versin ki, bəlkə insan olduğumuzu unutmayaq.
RUHUNUZ ŞAD OLSUN, ŞƏHİDLƏR!

Məryəm Əliyeva

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar