Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qordi düyünü”nə çevrilmiş yarım əsrlik münaqişə: KKTC xarici işlər naziri ilə MÜSAHİBƏ

Tarix: 23-06-2018 20:39     Baxış: 4599 A- / A+
“Qordi düyünü”nə çevrilmiş yarım əsrlik münaqişə: KKTC xarici işlər naziri ilə


Qüdrət Özərsay: “Kıbrıslı yunanlar münaqişənin həllində istəkli görünmürlər”

Bu il Kıbrıs (Kipr) münaqişəsinin nə az, nə çox düz 50 ili tamam olacaq, ancaq münaqişənin həlli ilə bağlı hələ də ortada real nəticə yoxdur. Davametmə müddətinə görə, sözügedən münaqişəni uzun münaqişələr sırasına daxil etmək olar.Ümumiyyətlə, münaqişə özü özlüyündə mübarizədir, ancaq bu mübarizənin forma və prinsipləri bir sıra hallarda heç bir qanunauyğunluğa tabe olmur, özünəməxsusluğuyla fərqlənir. Kıbrıs münaqişəsinin spesifikası, problemin həllində gəlinən son durum və digər məsələlərlə bağlı suallarımızı Kuzey Kıbrıs Türk Cümhuriyəti (KKTC) Baş nazirinin müavini, xarici işlər naziri, professor Qüdrət Özərsay cavablandırır.

“Kıbrıslı yunanlar münaqişənin həllində istəkli deyillər”

- Cənab nazir, 50 illik tarixi olan Kıbrıs münaqişəsinin nizamlanmasındakı bu günkü vəziyyət necədir və müzakirələrdə hansı plan gündəmdədir?

- Öncəliklə qeyd edim ki, Kıbrıs probleminin mahiyyətini anlamaq və doğru qənaətə gəlmək üçün bu problemin tarixini, habelə beynəlxalq hüquqdan irəli gələn bir sıra məsələləri bilməkdə fayda var. 1960-cı ildə İngilis mütəmləkəsindən azad olan Kıbrısda iki toplumlu işlək federasiya qurulub. Nəticə etibarilə kıbrıslı türklərlə kıbrıslı rumlar bu federasiyanın iki qurucu ünsürləri olublar. Yaranan dövlət isə bütün səviyyələrdə iki toplumun balanslı təmsilçiliyinə əsaslanıb. Prezident kıbrıslı rum, Prezidentin köməkçisi isə kıbrıslı türk olub.Təmsilçilər Məclisində də müəyyən edilən sayda toplumlar təmsil olunublar. Bundan əlavə, hər iki toplumun ayrılıqda təhsil, mədəniyyət, din və bu kimi cəmiyyət məsələlərini əhatə edən sferalara uyğun özlərinin müəyyənləşdirdikləri Camaat məclisləri yaradılıb. Dövlətin iki cəmiyyətli və işlək federasiya modeli Konstitusiyada əsas və dəyişdirilməsi mümkün olmayan ana maddələr şəklində təsbit edilib. Beynəlxalq hüquq çərçivəsində isə Türkiyə, Yunanıstan və Birləşmiş Krallıq (Böyük Britaniya) Kıbrıs Cümhuriyətinin müstəqilliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini və bu əsas maddələr üzərində meydana gələn Konstitusiya quruluşunu “Qarantiya Andlaşması” ilə zəmanət altına alıblar. Lakin 1963-cü ildə sözügedən cəmiyyətlər arasında baş verən münaqişələr nəticəsində federasiya dağıldı, iki toplumlu hökumət deyə bir şey qalmadı, silahlı qarşıqurmalar yaşandı.1963-1974 -cü illərdə adanın rum hissəsində yaşayan kıbrıslı türklərin evlərindən zorla köçürülməsi baş verib.Deyim ki, sözügedən zaman müddətində kıbrıslı türklər Kıbrıs adasının 3 faizlik hissəsini əhatə edən ərazidə çadırlarda məcburi köçkün həyatı yaşayıblar.1968-ci ildə isə hər iki toplumun liderleri Kıbrıs sorununun həlli üçün müzakirələrə başlayıblar. Söylədiyiniz kimi, 50 illik tarixi olan münaqişənin çözümü üçün müzakirələrdə çoxlu sayda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibləri, özəl təmsilçilər, təşəbbüskar dövlət və hökumət başçıları, habelə hər iki toplumun liderləri Kıbrıs məsələsinin köklü həllinə nail ola bilməyiblər.

BMT münaqişə tərəflərinə yarım əsr sonra yenidən düşünməyə vaxt verib!?

- Maraqlı nöqtəyə gəldik. Necə hesab edirsiniz, yarım əsrlik tarixi olan siyasi münaqişədə yekun nəticəyə gəlinməməsinin səbəbi siyasi iradəsizliklə, toplumların bir arada yaşamaq istəməməsi ilə, yoxsa beynəlxalq qurumların ikili standartları və ya hər hansı başqa səbəblə bağlıdır?

- 1974 -cü ildə Yunanıstan tərəfindən Kıbrısda reallaşdırılan çevrilişdən sonra Türkiyə adaya qarantör dövlət kimi müdaxilə edib və o tarixdən etibarən Kıbrısda iki kəsimliliyin (tərəfliliyin) fiziki zəmini yaranıb. Daha sonra Cenevrədə bir araya gələn iki toplumun liderləri yeni düzən (state of affairs) qurmaq üçün müzakirələrin davam etdirilməsini qərara alıblar.Ötən yarım əsrdə görünən odur ki, kıbrıs rum xalqı, kıbrıs türk xalqı ilə idarəetməni və təbii zənginlikləri paylaşmaq istəmir. 2004-cü ildə BMT-nin irəli sürdüyü “Annan Planı”na rum tərəfinin referendumda yox deməsinə baxmayaraq onların Avropa Birliyinə tam üzv olması gerçəkləşdi. Kıbrıs məsələsiylə bağlı müzakirələrin davam etdiyi bir mərhələdə rum toplumu və Kıbrıs rum dövləti digər olkələr tərəfindən tanınmağa başlandı. Başqa sözlə, təkcə rum toplumunun məsələyə baxışında deyil, ümumilikdə beynəlxalq müstəvidə bu problemə yanaşmada ədalətsizlik, ikili standart mövcuddur.

Ötən il İsveçrədə Kıbrıs məsələsiylə bağlı keçirilən zirvə toplantısı da nəticəsiz oldu və BMT Baş katibi tərəflərə düşünmələri, bundan sonra hansı istiqamətdə getmək istədiklərini bir daha dəyərləndirməsi üçün çağırış edib. Bizim tərəfimizdən müzakirələrin uğurlu olmayacağı müəyyənləşdirilib, bu qənaətə gəlinib.Hazırda nəyin və necə müzakirə ediləcəyini, tərəflərin anlaşa bilməsi üçün zəmininin mövcudluğunun mümkünlüyünü dəyərləndirəcək bir mərhələdəyik.Təəssüf ki, BMT Baş katibi prosesə müdaxilə etməkdə çox da istəkli görünmür, tərəflərin hansı istiqamətdə irəliləyəcəkləri məsələsində ortaq görüş və fikir halında olmaqlarını istəyir.Biz, Kıbrıs türk xalqı olaraq rum tərəfinin idarəetməni və rifahı paylaşmaya özünü hazırlamalı olduğunu düşünüruk. Ona görə də rum tərəfi real addımlar atmadan müzakirələrin yenidən davam etdirilməsinin anlamsız olacağına inanırıq.

- Cənab nazir, Türkiyənin qarantörlüyünə son verilməsiylə bağlı yerli, habelə türk mediasında vaxtaşırı gündəmə gətirilən fikirlər nə dərəcədə həqiqəti əks etdirir?

- Türkiyənin qarantörlük məsələsi müzakirə mövzusu deyil. Bu hüquq beynəlxalq səviyyədə təsbit olunub. Ona görə də sözügedən informasiyalar rum tərəfinin dövrüyyəyə buraxdığı spekulyasilardır ki, kıbrıslı türklər bunu əsla qəbul etməzlər.

KKTC Aralıq dənizində təbii neft-qaz yataqlarının axtarışı və istismarına hazırlaşır

- Rum xalqının və buna bağlı rum hakimiyyətinin özünü adanın tək sahibi hesab etdiyini vurğuladınız. Bu, təbii ehtiyyatların istismarı məsələsinə necə təsir göstərir?KKTC-nin hüquqi müstəvidə bu məsələnin həlliylə bağlı atdığı konkret addımlar varmı?

- Öncə də qeyd etdiyim kimi, Kıbrıs rum tərəfi bu məsələdə beynəlxalq hüququ “Kıbrıs Cümhuriyyəti” adından yararlanaraq manipulyasiya edir. Təbii sərvətlərin hər iki xalqa məxsus olduğunu inkar etmək sadəcə gülüncdür.Ancaq Kıbrıs rum tərəfi təbii ehtiyatlar üzərində tam haqq və hüquq sahibi olduğunu iddia edir.Bizim isə xalq olaraq bununla barışmağımız əsla mümkün deyil.Türkiyə Cümhuriyyəti bu məsələdə də Kıbrıs türk xalqının yanındadır.Rəsmi Ankara öz növbəsində rumların Aralıq dənizinin KKTC ərazisində yerləşən hissəsində hər hansı qazma və kəşfiyyat fəaliyətinin aparılmasına qarşı çıxır və buna yol verməyəcək.Sualınızın ikinci hissəsinə cavab olaraq deyə bilərəm ki, biz bu məsələdə artıq konkret addımlar atmağa başlamışıq.Necə ki, kıbrıslı rumlar bir neçə şirkətə Aralıq dənizində təbii qazın axtarılmasıyla bağlı səlahiyyət veriblər, biz də bu icazəni TPAO (Türkiyə Petrolleri Anonim Ortaklığı) üzərindən verəcəyik.Bu məsələ artıq geri gönülməsi mümkün olmayan bir hal alıb.Kıbrıs məsələsinin həlli ilə bağlı kritik nöqtələrdən biri hazırda budur.

Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi arzusundayıq

- Cənab nazir, KKTC-Azərbaycan arasındakı ikitərəfli münasibətlər hansı səviyyədədir?

- Qardaş ölkə hesab etdiyimiz Azərbaycanla olan ikitərəfli münasibətlərimiz arzuladığımız səviyyədə deyil. Sadə dillə ifadə etsəm, çox daha yaxşı ola bilər. Buna hər hansı hüquqi və siyasi maneə yoxdur. Hesab edirəm ki, ticarət əlaqələrini genişləndirmək mümkündür.Beynəlxalq müstəvidə keçirilən tədbirlərdə siyasi təmaslarımız olur.Açıq ifadə etmək lazımdırsa, deyim ki, bir coxları Dağlıq Qarabağ münaqişəsi ilə Kıbrıs məsələsi arasında paralellər aparırlar. Ancaq münaqişələrin tarixini araşdırsaq görərik ki, əslində hər iki münaqişə bir birindən əsaslı şəkildə fərqlənir.Bu fərqlilik nədə özünü göstərir?Əvvəla, Türkiyənin Kıbrısa hərbi müdaxiləsinə haqq verən beynəlxalq qarantiya andlaşması ortada var. Buna bağlı olaraq da yaranan yeni düzən özlüyündə yeni siyasi mühitin formalaşmasını ehtiva edir.Dağlıq Qarabağ məsələsində isə heç bir dövlətin belə qarantiyası olmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, burada hər hansı qarantiya və buna bağlı hüquqdan söhbət gedə bilməz. Ümumiyyətlə, bu məsələyə yanaşmada paralellik aparmaq tamamilə doğru deyil. Digər tərəfdən, kimsə düşünürsə ki, Azərbaycan KKTC ilə yaxın münasibətlər qurarsa, buna görə kimlərsə rəsmi Bakını ittiham edə bilər, təbii ki, yanılır. Əvvəla, Azərbaycan suveren dövlətdir və tamamilə müstəqil şəkildə xarici siyasət kursunu müəyyən edir.İkincisi, rəsmi Bakı beynəlxalq müstəvidə ortaya qoyduğu siyasi iradə, təbii sərvətlər, habelə iqtisadi göstəriciləri baxımından öz ayaqları üzərində dura bilən qardaş dövlətdir.Hesab edirəm ki, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün önümüzdə heç bir problem yoxdur. Biz KKTC olaraq hər zaman bu məsələyə hazırıq, inanırıq və ümid edirik ki, qardaş dövlət olaraq Azərbaycan bizimlə daha yüksək səviyyədə işbirliyi qurulmasında maraqlı olacaq.Bunun üçün isə KKTC-nin mütləq dövlət kimi tanınması məsələsi deyil, siyasi-iqtisadi və mədəni sahələrdə yaxın münasibətlərdə olmaq arzusundayıq.

- Hüquqşünas və özəlliklə də beynəlxalq hüquq sahəsində elmi və praktiki təcrübəyə sahib olan insan kimi Fələstində son dövrlərdə baş verən hadisələrə münasibətiniz necədir?

- Fələstində baş verən hadisələr beynəlxlaq hüquq baxımından heç bir çərçivəyə sığmır. Bu insanlıqdan kənaq davranışlar qarşısında həm üzgün, həm də qəzəbli olduğumuzu dilə gətirməliyəm.Baxmayaraq ki, Fələstin dövləti Kıbrıs məsələsində daha çox rum tərəfinin yanındadır, ancaq biz bu ədalətsilik və insanlıqdan kənar addımlar qarşısında susmamağa borcluyuq.Bir neçə gün öncə İslam İşbirliyi Təşkilatının (İİT) İstanbulda keçirilən yeddinci fövqəladə Zirvəsində də KKTC-nin rəsmi mövqeyini ifadə etdik.Hesab edirik ki, BMT Təhlükəszlik Şurası artıq bu səpkili faciəvi hadisələrin qarşısını ala bilməyəcəyini dəfələrlə sübuta yetirib. Dünyada baş verən bu kimi hadisələr bir daha Kıbrıs türk xalqının öz təhlükəsizliyini təminat altına almaq üçün effektiv qarantiya sisteminin yaradılması məsələsindəki israrında haqqlı olduğunu ortaya qoyur.

R. Rövşən

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar