Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: “Uşaqlıq xatirələrim, arzularım da işğal olundu Laçınla bərabər” - MÜSAHİBƏ

Tarix: 18-05-2018 09:19     Baxış: 11 065 A- / A+
Bu gün Laçının işğalından 26 il ötür

Müşfiq Məmmədli: “Uşaqlıq xatirələrim, arzularım da işğal olundu Laçınla bərabər”


Vətən canınla-qanınla bağlı olduğun, doğulduğun yerdən başlayır. Torpaq sevgisi, yurda bağlılıq, Vətən adlı bütövlük anlayışı məhz doğulub boya-başa çatdığın məkanın doğmalığını dərk etdiyin andan başlayaraq formalaşır beynində. Zamanla yurd sevgin böyüyür və böyük Vətən sevgisinə çevrilir.


Bəzən tale yolları səni doğma yurdundan uzaqlara aparsa da “orda bir yurd yerim var”- deyib istədiyin vaxt gedib görə bilmək kimi bir əminlik duyğusuyla yaşayarsan. Amma...

Amma bir də yurd ağrısıyla ağrımaq var, məcburən doğma torpağından didərgin düşmək var, göynəmək var. Üstəlik bu ağrının, bu göynəyin il- il böyüməsi var. 26 il... bu qədər bir ağrıya dözməkmi olar?!

Onunla eyni ağrının dayanacağındayıq... həmsöhbətim əslən Laçından olan Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidir.

- Müşfiq həkim, ağrılı - acılı tariximizin yaddaşına yazılan elan olunmamış Qarabağ müharibəsi bizi yurd itkisi ilə yaraladı. Ata-baba yurdumuz Laçının işğalından 26 il ötür. Bu həm də ağrımızın yaşıdı. Ağrınızın söz ifadəsini eşitmək istərdim.

- Əslində bu ağrını sözlə ifadə etmək çox çətindi. Təbii ki,Vətən birdi. Bütöv Azərbaycan sevgisiylə döyünür ürəyimiz. Ancaq kök saldığı ocaq, yurd bir başqa doğmadır insana. Sumqayıtda doğulsam da belə Laçın Vətən sevgimin başlanğıc nöqtəsidir. Dünyanın heç bir yeriylə müqayisəolunmaz əsrarəngizliyi ilə cənnət timsalıdır mənim üçün Laçın. Uşaqlıq xatirələrim, arzularım, gələcək haqqında düşüncələrim işğal olundu Laçınla bərabər. Hər bir yurddaşım kimi mənim də canım yandı. Bütün itkilərin bir təsəlli sözü, bir ovunma məqamı var. Heç bir söz, heç bir təsəlli yurd yarasına məlhəm olmağa, torpaq ağrısını ovutmağa qadir deyil.

Müşfiq Məmmədli: “Uşaqlıq xatirələrim, arzularım da işğal olundu Laçınla bərabər”


- Hələ yaxın keçmişimizdə Sultan bəy xofu mənfurların ayağını qandallamışdı. Laçın keçilməz sədd olaraq qalmışdı onlar üçün. Andranik törəməsi hardan özündə cəsarət tapdı o dağlara ayaq basmağa, kim açdı qorxu qandalını onlarln ayağından? Maraqlıdır, məni düşündürən suallar sizi də düşündürürmü?

- Əlbəttə, mən də qəhrəman keçmişi olan və bu gün də qəhrəmanlar yetişdirən Laçının işğal səbəbləri haqqında düşünmüşəm. Nəticədə səbəbin birbaşa erməni gücü olmadığı qənaətindəyəm. Laçın, dağları qədər əzəmətli, güclü oğulları tərəfindən əzmlə qorunurdu. “Bir qarışından belə keçmərik” amalı ilə döyüşən oğullar torpaq uğrunda can verməyə hazır idi. Üstəlik strateji cəhətdən ələ keçirilməsi mümkünsüz olan Laçın əslində düşmənə zəmin yaradan pərakəndəliyin, dağınıq müdafiənin qurbanı oldu. O zamankı strukturun birmənalı olaraq məsələyə ögey yanaşması, ordudakı özbaşınalıq, könüllü müdafə batalyonlarının döyüş mövqelərindən uzaqlaşdırılması və bu kimi digər səbəblər sonda ağır nəticələndi. Alınmaz qala hesab etdiyimiz Laçın birləşmiş rus-erməni ordusu tərəfindən işğal olundu. 1992 - ci ilin 18 may tarixi təqvimə Laçının işğal günü kimi yazıldı.

- O qədər şəhid verməyimizə rəğmən Laçın da ona qədərki itirilmiş torpaqların taleyini yaşadı. Dünyanın ən böyük dərdi olsun gərək öz Vətənində məcburi köçkün kimi yaşamaq?

- Təəssüf ki, bu belə oldu. Amma öncə də qeyd etdiyim kimi siyasət, hakimiyyət, dövlətçilik və ordu anlayışı olmayan səriştəsiz, şəxsi maraqlarına xidmət edən bir sıra “qəhrəman”ın iyrənc oyunbazlığının qurbanı oldu Laçın. Həqiqətən də çox ağırdı və böyük dərddi. Kökündən qopmaq, bütün keçmişini, ev-eşiyini, doğmalarının məzarını düşmən tapdağında qoyub hardasa yeni həyata başlamaq... Fikirlərin aciz qaldığı bir məqamdı.

Müşfiq Məmmədli: “Uşaqlıq xatirələrim, arzularım da işğal olundu Laçınla bərabər”


- O adın (məcburi köçkün) çiyinləri əyən, dikəlməyə qoymayan basqısı, mənəvi ağrısı dözülməzdi. 26 il bir ağrıya necə dözmək olar və biz niyə dözürük?

- Haqlısınız. Bu gün yaşayış səviyyəsindən, mövqeyindən və hansı təbəqədə olmasından asılı olmayaraq bütün məcburi köçkünlərin gözlərində bir ağrı və utanc ifadəsi var. Bəli, 26 il az müddət deyil. Və həqiqətən də dözülməzdi. Əslində biz dözmürük. Məsələnin sülh yolu ilə həll olunacağına inandığımız üçün illərdən boylanan ağrılarımızı ümid sarğısıyla sarıyırıq. Ancaq humanist düşüncəmizdə müharibə əleyhinə formalaşmış fikirlər artıq dəyişməkdədir. İllərdən bəri davam edən sülh danışıqlarının nəticəsizliyi hər an müharibəyə hazır olmağa səsləyir bizi. Müharibə etməyə, qələbə çalmağa qadir olduğumuzu 2016-cı ilin aprel döyüşləriylə düşmənə və bütün dünyaya sübut etdik.

- Hər il böyüyən dərdin kölgəsində hələ də ümid boy göstərir deyirsiz?


- Bəli, şəxsən mən ümid edirəm və inanıram ki, torpaqlarımız işğaldan azad olunacaq. Bizim olanı düşməndən almalıyıq. Yuxarıda qeyd etdiyim kimi ordumuzun gücü, döyüş əzmi inanmağa, ümid etməyə əsas verir. Ali baş komandan İlham Əliyevin vurğuladığı kimi bir qarış torpağımız da yağıda qalmayacaq. Bunun üçün hər birimiz səfərbər olmalıyıq. Qələbəyə gedən yol birlikdən keçir. Ən ümdəsi bu gün bir olmaq, torpaqlarımızın azadlığı üçün əlindən gələni əsirgəməməkdir.

- Çox sağ olun, Müşfiq həkim! Ağrıdan başlayan söhbətimizə bu cür ümidverici sonluq verdiniz. Əminəm ki, ümidlərimiz realda əksini tapacaq. Və ən yaxın zamanda sizinlə Laçında həmsöhbət olmaq imkanımız olacaq.


- Təşəkkür edirəm. Ümid ölmədikcə inam artır. İnşallah dağlarda görüşənədək.

Yurdsuz tam olmaq, bütün olmaq olmur. Hər zaman şüurunun alt qatında bir yarımçıqlıq duyğusu hökm sürür. Bütün yurddaşlarıma tamlıq, bütünlük, Laçınsız ötən 26 il ağrısına məlhəm olacaq QƏLƏBƏ və bütöv AZƏRBAYCAN arzusuyla:

Sevinc Qərib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar