Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqların sevimli dərgisi: «GÖYƏRÇIN» - 60 -FOTO

Tarix: 21-01-2018 13:02     Baxış: 32 614 A- / A+
Uşaqların sevimli dərgisi: «GÖYƏRÇIN» - 60


AZƏRBAYCAN UŞAQLARININ SEVİMLİ JURNALI

Ömrün boyu ucalmısan,
Ləyaqətlə yaşamısan.
Qanadında sən ellərə
Sevinc, fərəh daşımısan.

Hey qanad çal, üstümüzə
Şeir, hikmət, nağıl yağsın.
Gəlişinlə ömrümüzə,
Günümüzə günəş doğsun.

Körpələrin ürəyinə
Cığır salan «Göyərçin»im.
Azərbaycan göylərində
Qanad çalan «Göyərçin»im.

Bəli, nə az, nə azacıq düz 60 ildir ki, «Göyərçin» Azərbaycan göylərində qanad çalır. Şərəfli bir ömür yolu keçən «Göyərçin»in Azərbaycanın mətbuat salnaməsində özünəməxsus yeri və rolu var.
«Göyərçin» jurnalının keçdiyi uzun, şərəfli yola nəzər salanda istər-istəməz görkəmli təmsil ustası Hikmət Ziyanın bir sözü yada düşür: «Göyərçin» qartallar yetişdirir»... Bu fikirlə Salam Qədirzadənin misraları arasında bir fikir oxşarlığı vardır:
Mən “Göyərçin”əm,
Şən “Göyərçinəm”əm.
Hətta qartala
Tən “Göyərçinəm”!


Doğrudan da, bir-birini əvəz edən neçə-neçə nəsillərin tərbiyəsində “qartala tən “Göyərçin” çox böyük işlər görüb. Öz sehrli qanadlarında evlərə nağıl, şeir, hekayə, tapmaca, əyləncə, bir-birindən maraqlı rəsmlər aparan «Göyərçin» Azərbaycan dövlətinin himayəsi altında öz uçuşlarını indi də ləyaqətlə davam etdirir. «Göyərçin» jurnalının yaşamasında ulu öndərimiz, böyüklərin və uşaqların sevimlisi Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu görkəmli şəxsiyyətin, eləcə də onun yolunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqəti sayəsində «Göyərçin» bu gün də yaşamaqda, öz şərəfli missiyasını yerinə yetirməkdədir.
1958-ci ildən bu günədək nəşr edilən “Göyərçin” jurnalı neçə-neçə insan nəslinin təlim-tərbiyəsində mühüm rol oynayıb. İbtidai siniflərimiz üçün dərsliklərimiz tərtib edilərkən ilkin mənbə kimi həmişə “Göyərçin” jurnalına müraciət edilib. Bu da təsadüfi deyildir, 60 il fasiləsiz nəşr edilən “Göyərçin” zəngin bir kitabxana yaradıb. Onun səhifələrində dünya və eləcə də Azərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələri, inciləri nəşr edilib. Təsadüfi deyil ki, uşaq ədəbiyyatımızın banilərindən biri olan Abdulla Şaiq “Göyərçin” jurnalına ayrıca bir şeir həsr edib:

Göyərçinəm, göyərçin,
Kəkilim vardır çin-çin.
Ellər məni bəsləyir,
“Uğurlu quşdur” deyir.
Sülhün bir rəmziyəm mən,
Canlı göyərçinlərdən
Ancaq mən çox fərqliyəm-
Əlimdə kağız, qələm,
Başımda fikir, ağıl,
Yazıram şeir, nağıl,
Arabir də hekayət,
Oxuyan alır ibrət.
Gözəl şəkillərim var,
Böyük əməllərim var.
Uşaqlar sevir məni,
Səsim tutub ölkəni.


Bəli, səsi ölkəni tutan “Göyərçin” 60 ildir ki, yeni nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.
Görkəmli şairimiz Əhməd Cəmil “Göyərçin” in ilk nömrəsində çap etdirdiyi şeirində bu jurnalın böyük işlər görəcəyi ilə bağlı arzularını belə ifadə edirdi:

“Göyərçin”im, ağ quşum,
Gəl, qoşa uçaq, quşum!
Bakının göylərindən,
Xəzərin üzərindən,
Gəl uçaq uzaqlara,
Qoşulaq uşaqlara!
Hər zəmindən bir sünbül,
Hər bağçadan bir çiçək,
Toplayıb qucaq-qucaq,
Gəl uçaq, uçaq, uçaq!
Boy ataq ildən-ilə,
Gəl uçaq eldən-elə.


«Göyərçin»i «Əlifba»dan sonra ikinci dərslik adlandıranlar qətiyyən yanılmırlar. Tədris vəsaitlərinin, oxu kitablarının, dərsliklərin hazırlanmasında həmişə ilk dəfə «Göyərçin»də çap olunan bədii mətnlərdən istifadə olunub və bu iş indi də davam etdirilir.
Təsadüfi deyildi ki, ğörkəmli pedaqoq, uzun müddət Azərbaycanda Maarif naziri vəzifəsində çalışan Mehdi Mehdizadə yazırdı ki, balalarımızın tərbiyə olunmasında «Göyərçin»in xidmətləri böyükdür.
“Əziz “Göyərçin”, vaxt gələcək sənin oxucularından görkəmli alimlər, əmək qəhrəmanları, ictimai xadimlər yetişəcəkdir. Qoca nəsillər də səni məhəbbətlə xatırlayacaqlar. Sənin xidmətin bundadır” söyləyən Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat Komitəsinin sədri İsrafil Nəzərovun sözlərində də böyük həqiqət var idi... “Göyərçin”in oxucuları indi, doğrudan da, görkəmli alimlər, dövlət xadimləri, müəllimlər, həkimlər, mühəndislər, şairlər və digər sənət adamlarıdır. Vaxtilə babaların, nənələrin, ataların, anaların oxuduğu bu jurnalı indi də nəvələr, nəticələr sevə-sevə oxuyurlar...
Xalq şairi Məmməd Rahimin 1958-ci ildə “Göyərçin”də çap olunan şeirində bu misralar var idi:

“Göyərçin”im sevimli,
“Göyərçin”im dümağdır.
Göyərçinim fərəhlə
Hələ çox uçacaqdır.

Dönsün şirin arzular
Həqiqətə - çin olsun.
Ölkələr üzərində
Uçan Göyərçin olsun!


Bəli, “Göyərçin” Azərbaycanın hüdudlarından kənarda da öz uçuşlarını davam etdirir və sevilirdi. Bu baxımdan pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun etirafı çox maraqlıdır: “Mən “Göyərçin” jurnalının birinci nömrəsini Gürcüstanın Dmanisi rayonunun Ormeşən kəndində almışam. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru və Maarif Nazirinin müavini işlədiyim zaman “Göyərçin” jurnalında çap olunan çox dəyərli yazılardan ibtidai sinif üçün hazırlanan dərsliklərdə geniş istifadə edilməsini məsləhət görmüşəm. Jurnal təkcə uşaqların mənəviyyatını, dünyagörüşünü inkişaf etdirməyə xidmət göstərməyib, eyni zamanda tədris-tərbiyə kompleksinin hazırlanmasında çox dəyərli , zəngin mənbə olmuşdur”.
Xalq yazıçısi Süleyman Rəhimov yazırdı ki, biz babalar nəvələrimizlə baş-başa verib gözəl “Göyərçin” i sevə-sevə oxuyuruq. Digər bir xalq yazıçımız Mirzə İbrahimov «Göyərçin»i “Körpələrimizin həyatına sevinc gətirən, onlarda yaxşı fikirlər və hisslər oyadan” bir jurnal adlandırırdı.
“Sən elə bir “Göyərçin”sən ki, hər məktəbdə isti yuvan var. Hamı, əlbəttə, hamıdan çox körpələrimiz, balaca vətəndaşlarımız səni səbirsizliklə gözləyirlər” fikri isə jurnalın ilk baş redaktoru, görkəmli yazıçı, Əməkdar incəsənət xadimi Yusif Əzimzadəyə məxsusdur.
Yusif müəllimdən sonra “Göyərçin”in baş redaktoru vəzifəsində çalışan xalq yazıçısı Hüseyn Abbaszadə, Xalidə Hasilova və Tofiq Mahmud jurnalın daha gözəl çıxması üçün əllərindən gələni əsirgəməmişlər. Xalq rəssamları Yusif Hüseynov, Rafiq Mehdiyev, rəssam Rəşid Əmirov jurnalın bədii redaktoru vəzifəsində çalışmışlar. İndi onların yolunu xalq rəssamı Arif Hüseynov davam etdirir.
Hikmət Ziya, Xəlil Rza Ulutürk, Vaqif İbrahim, Həbibə Zeynalova, Tahirə İsgəndərova, Əbülfəz Hüseyni, Bayram Həsənov, Cahangir Məmmədov kimi tanınmış qələm adamları uzun müddət “Göyərçin” jurnalının redaksiyasında işləmişlər.
«Göyərçin»in müəllifləri çox görkəmli qələm sahibləri olublar. Adları ədəbiyyat tariximizə bəzək olan Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Əhməd Cəmil, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qasım Qasımzadə, Məmməd Araz, Əli Kərim, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Fikrət Sadıq, Anar, Elçin, Məmməd Aslan, Məmməd İsmayıl və digər görkəmli yazıçılarımızın məhz «Göyərçin» üçün də əsər yazmaları çox önəmli faktlar sırasındadır.
«Göyərçin»in daha məzmunlu nəşr olunmasında tanınmış uşaq yazıçılarımızdan Mikayıl Rzaquluzadənin, Mirmehdi Seyidzadənin, Teymur Elçinin, Xanımana Əlibəylinin, Tofiq Mahmudun, Hikmət Ziyanın, İlyas Tapdığın, Ələviyyə Babayevanın, Əzizə Əhmədovanın, Əli Səmədlinin əməyi böyük olmuşdur. İndi onların yolunu Zahid Xəlil, Mir Sabir, Məmməd Namaz, Fuad Tanrılı, Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Ələsgər Əlioğlu, Aləmzər Əlizadə, Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Reyhan Yusifqızı, Mina Rəşid, Günel Almaz və başqaları ləyaqətlə davam etdirirlər.
“Goyərçin” 60 ildə zəngin bir uşaq ədəbiyyatı xəzinəsi yaradıb. Dünyanın ən görkəmli uşaq yazıçılarının əsərləri bu xəzinənin heç vaxt dəyərini itirməyən inciləridir. Biz “Göyərçin”in kitabxanası seriyasından o qədər kitablar nəşr eləmişik ki... Həmin kitablar işimizin göstəricisi, Azərbaycan balalarına “Göyərçin”in hədiyyəsidir. Təkcə bu kitabların adı az söz demir. “Azərbaycan nağılları” (1997), “Dünya xalqlarının nağılları” (1998), “Bahar qatarı” (1999), “Kitabi Dədə Qorqud: komikslər” (1999), “Böyük arzuya gedən yol” (2000), “Möcüzəli xəzinə” (2000), “Söz çəməni” (2002), “Günlərimiz, aylarımız” (2003), “Ədalətli hakim” (2004), “Şirin yuva” (2004) “Min dovşan otaran çoban” (2005), “Zamanın qatarı” (2005), “Meymunlar ölkəsi” (2006), “Yollar” (2006), “Namuslu oğru” (2007), “Ana dilim” (2007), “İlahi qazlar” (2008), “Sehrli üzük” (2008), “Qızıl balıq” (2009), “Ulu yurd yerlərimiz” (2009), “Möcüzəli ağac” (2010), “Elm və Helm” (2010), “Qoruq və yasaqlıqlarımız” (2010), “Qızıl saçlı gözəl” (2011), “Quşlar dünyası” (2012), “Qurbağa libaslı gözəl” (2012), “Xoşbəxt günlər yolçusu” (2012), “Tapmacalar ölkəsi” (2013), “Həyat ağacı” (2013), “Kiçik siçanın böyük sərgüzəştləri” (2013), “Ağıl sınağı” (2014), “Xeyirxah ovçu” (2015), “Durna lələyi” (2016), “Gəzən balqabaq tağı” (2017)... Biz fəxr eləyirik ki, gördüyqmüz bu işlərlə uşaq ədəbiyyatı xəzinəmizə öz töhfələrimizi vermişik və bu işi indi də davam etdiririk.
Mətbuat tariximizin inkişafında, balalarımızın təlim-tərbiyəsində, yeni tipli uşaq ədəbiyyatı nümunələrinin yaradılmasında, dünya folklorunun və uşaq ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi və nəşrində, dərsliklərin və oxu kitablarının hazırlanmasında «Göyərçin» jurnalının müstəsna xidməti göz qabağındadır.

Rafiq Yusifoğlu,
«Göyərçin» jurnalının baş redaktoru,
Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru, professor.


P.S. Manevr.az ailəsi sevimli dərgimizin kollektivini, başda dəyərli baş redaktor Rafiq Yusifoğlu olmaqla təbrik edir, yaradıcılıq uğurları diləyir.

Uşaqların sevimli dərgisi: «GÖYƏRÇIN» - 60

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar