Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!" -Şаxlo Kasımova

Tarix: 30-12-2017 20:50     Baxış: 21 400 A- / A+
"Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"

O, Azərbaycan ədəbiyyatının özbək və rus dillərinə çevrilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu il Azərbaycan Yazıçılar Birliyinin və Əli Kərim adına Sumqayıt Poeziya klubunun fəxri üzvü seçilmiş, AMEA-nın Ədəbiyyat İnstitutunun Fəxri fərmanına layiq görülmüşdür. Yeni il ərəfəsində onunla vatsap vasitəsilə aparılmış müsahibəni Manevr.az oxuculara təqdim edir:

- Şəhla xanım, ilk öncə Sizi çoxsaylı oxucularımız adından qarşıdan gələn Yeni - 2018-ci il münasibətilə təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar arzu edirəm!

- Təşəkkür edirəm! Mən də Sizin simasında doğma Azərbaycan xalqını həm Yeni il, həm də Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə səmim-qəlbdən təbrik edirəm. Hamınıza əmin-əmanlıq, xoş həyat, daha gözəl, sevincli günlər, bol ruzi-bərəkət arzulayıram! Qoy 2018-ci il Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ili kimi tarixə düşsün.

- Çox sağ olun, amin! Yeri gəlmişkən, elə söhbəti illərdən başlayaq. Başa çatmaqda olan 2017-ci il nə ilə yadda qaldı? Hansı uğurlarınız oldu?

- Bu il mənim üçün kifayət qədər uğurlu oldu. İlin əvvəlində həmmüəllif olduğum “Müasir Azərbaycan poeziyası” almanaxı çapdan çıxdı. Burada 70-dən çox Azərbaycan şairinin şeirləri özbək dilinə tərcümədə yer alıb. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü Süleryman Hüseynovun “And” romanı mənim tərcüməmdə rus dilində işıq üzü gördü. Bundan əlavə AYB-nin üzvü Şahməmməd Dağlaroğlu ilə birgə Özbəkistan şairlərinin Azərbaycan dilinə tərcümədə almanaxını başa çatdırıb, nəşriyyata təhvil verdik. İnşallah, yaxın günlərdə bu kitabı oxuculara təqdim edəcəyik.

Tərcümə ilə bağlı digər işlərim də çox olub. -ayrı müəlliflərin şeir və hekayələri həm özbək, həm də azərbaycan və rus dilinə mənim tərcüməmdə dövrü mətbuatda dərc olunmuşdur. Həmçinin Azərbaycanın tanınmış şairlərindən birinin (hələlik kitab çap olunanacan adını demək istəmirəm) iri həcmli şeirlər kitabının özbək dilinə tərcüməsini başa çatdırmışam.

- Buyaxınlarda Bakıda Nizami kino Evində özbəkistanlı incəsənət ustalarının “Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin təqdimatı oldu. Bildiyimizə görə klipin yaradıcı kollektivinin işində Siz də iştirak etmisiniz...

- Bu, doğrudan maraqlı klipdir. Bakıdan sonra klipin bugünlərdə Daşkənd şəhərində də təqdimatı keçirildi. Klipdə özbəkistanlı sənətçilərin ifasında mahnılar azərbaycan dilində səslənir. Bir tərcüməçi olaraq bu klipin hazırlanmasında iştirak etməyimdən məmnunam.

- Buna görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun fəxri fərmanına da layiq görülmüsünüz...

- Xeyr, təkcə buna görə yox. Bu dəyər “Müasir Azərbaycan poeziyasının almanaxı”na, Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin möhkəmləndirilməsi işində iştirakıma görə verilib. İmkandan istifadə edib, bir daha institutun rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Şəhla xanım, Siz son iki ildə Azərbaycanda daha çox tanındınız. Və bir tərcüməçi olaraq "reytinqiniz" çox sürətlə yüksəldi. Bəs, indiyədək niyə tanınmırdınız?

- Bilirsiniz, ilk vaxtlar tərcümə ilə həvəskar kimi məşğul olurdum. Tərcüməçilik mənim əsas fəaliyyətim yox, bir növ ədəbiyyata marağımdan irəli gələn "xobbi"m olub. Bu gün də, yəni indinin özündə də tamamilə başqa sahədə çalışıram. Amma tərcüməyə həvəsim böyükdür, bu işlə məşğul olmağa özümdə daxili ehtiyac duyuram. Düzü, ilk əvvəllər tərcümələrimi ortalığa çıxartmağa risk etmirdim. Sonralar Firuz Mustafanın yaradıcılığı ilə maraqlandım, bəzi tərcümələr etdim. Nəticədə sosial şəbəkələrdə yanaşı dərc olunmaqla yanaşı mənim tərcüməmdə Firuz müəllimin rus dilində hekayələr kitabını da çapa hazırlayıb, nəşrinə nail oldum. Lakin 2016-cı il həyatımda, necə deyərlər, böyük dönüşlə başladı. Gözlənilmədən Sumqayıt şəhərində özbək və Azərbaycan şair və yazıçılarının mənim rus dilinə tərcüməmdə “Qəlb” (“Duşa”) beynəlxalq ədəbi almanaxı çapdan çıxdı. Onun tərtibçisi şair Süleyman Hüseynovun təşəbbüsü və AYB-nin sədri Anar müəllimin dəvəti üzrə aprel ayında Bakıya gəldim....

- Bakı səfəri Sizə nə verdi?

- Hər şeydən əvvəl çoxdan arzusunda olduğum Bakını görmək xoşbəxtliyi! Gördüm və heyran oldum Bakıya! Gözəl, istiqanlı insanları var. Burda çoxlu yeni dostlar qazandım. Ən əsası da bu səfər mənə özümə inam verdi. AYB-nin Natəvan klubunda, S.Vurğun adına Sumqayıt Mərkəzi kitabxanasında, Şabranda Xaqani Poeziya evində keçirilən təqdimatlar mənə yeni ruh verdi. İşimə verilən dəyər inam verdi mənə. Və bütün çəkinliklərə baxmayaraq, tərcüməçilik fəaliyyətimi davam etdirmək qərarını verdim...

- Yəqin ki, AYB-nin və Əli Kərim adına Poeziya klubunun fəxri üzvü seçilməyiniz də bu inamı daha da artırdı...

- Əlbəttə! Düzü, heç gözləmirdim. Özbəkistandan AYB-nin ilk fəxri üzvü olmaq mənim üçün həqiqətən böyük şərəf və fəxrdir...

- Siz bu il də Bakıya gəldiniz...

- Bəli, bu il rəsmi nümayəndə heyətinin tərkbində Bakıya gəldim. Son bir ildə mənim ikinci vətən hesab etdiyim Azərbaycan üçün çox darıxmışdım. Sanki sevincdən ürəyim uçacaqdı. Hava limanında gözlənilmədən dostlarımın məni gül-çiçəklə qarşılamağı təkcə məni yox, bütün nümayəndə heyətimizi heyrətləndirdi və sevindirdi...

- Çox gözəl! Deməli, bu hörməti qazanmısınız. Şəhla xanım, mümkünsə Azərbaycana son səfərinizlə bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.

- Nümayəndə heyətimizə Özbəkistan KİV-nin nümayəndələri, foto və - tele jurnalistlər, yazıçılar daxil idilər. Məqsəd Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmaq idi. Biz cəbhə bölgələrində olduq,məcburi köçkünlərlə görüşdük. Erməni işğalçılarının törətdiyi vəhşiliklərin, insanlığa sığmayan qəddarlıqlarının şahidi olduq. Keçirtdiyimiz acı təəssüratları dilə gətirmək çox çətindir...

- Təəssüf ki, elədir...

- Sözsüz ki, nümayəndə heyətimizin üzvlərinin bu barədə fikirləri gördükləri faktlar əsasında daha aydın şəkildə formalaşıb və indi onları Özbəkistanda xalqımıza çatdırmaqdadırlar. Biz Bakı və regionlarda tarixi yerləri gəzdik, muzeylərdə olduq. Hər halda bu səfər də çox səmərəli oldu.

- Sumqayıtda da oldunuz...

- Sumqayıt mənim üçün çox doğma şəhərdir. Çünki mənim Azərbaycanla tanışlığım məhz bu şəhərdən başlanıb. Bu şəhərdə İbrahim İlyaslı, Süleyman Hüseynov, Rəhman Orxan, Yeganə Əhmədova, Suliko Daqaruliya, Əli Sadıxov kimi dostlarım yaşayırlar. Bu il də azacıq imkan düşən kimi Sumqayıta getdim. Poeziya evində dostlarla dəyirmi masa arxasında maraqlı görüşümüz keçdi. Düzü, keçən ildən bəri bu şəhər çox gözəlləşib. Mən dənizi çox sevirəm. Ona görə də ötən il ilk olaraq dənizkənarı parka getmişdim. O vaxt orada geniş abadlıq, yenidənqurma işləri gedirdi. Bu il isə yenidən Sumqayıta gələndə yeni salınmış bulvar öz gözəlliyi ilə məni heyran etdi. N.Xəzrinin misraları yadıma düşdü:

Canlanır hər qarış çöl Sumqayıtda,
Xarüqələr yaradır el Sumqayıtda...


- Şəhla xanım, Sizdən əvvəl də Azərbaycan-Özbəkistan ədəbi əlaqələri var idi - tərcümələr edilirdi, səfərlər olurdu, görüşlər keçirilirdi. Lakin son illərdə Sizin bu sahədəki fəaliyyətiniz ədəbi əlaqələrimizə yeni bir abu-hava gətirdi. Qısa müddətdə böyük uğurlar qazandınız. Necə düşünürsünüz, bu uğurlar həmkarla-rınızda Sizə qarşı qısqanclıq yaratmayıb ki?!

- Deyə bilmərəm. Mənim o münasibətlər haqda düşünməyə vaxtım və həvəsim yoxdur. Başımı aşağı salıb, işimi görürəm.

- Aydındır. Bir sualım da var. Çox zaman Sizi təqdim edəndə yazırlar "şair-tərcüməçi". Şairlik fəaliyyətiniz nə dərəcədədir?

- Bilirsinizmi, mən heç vaxt özümü şair kimi təqdim etməmişəm. Düzdür, hərdən şeirlər də yazıram, bəyəniləsi də var, bəyənilməyəsi də. Lakin hələ ki özümü şairlər sırasında görmürəm. Tərcüməçilik fəaliyyətilə məşğul oluram, bu mənə kifayət edir. Onu da deyim ki, tərcüməçilik çox məsuliyyətli işdir. Gərək tərcümə etdiyin dili mükəmməl biləsən. Mən üç dilə tərcümələr edirəm - özbək, Azərbaycan və rus dillərinə. Yəqin ki, ədəbiyyatşünaslar bunun nə demək olduğunu yaxşı bilirlər.

- Təbii ki. Şəhla xanım, 2018-ci il üçün planlarınız barədə nə deyə bilərsiniz?

- Adətən mən qabaqcadan hansısa planlar barədə danışmağı xoşlamıram. Sadəcə tərcüməçilik fəaliyyətimi davam etdirmək fikrindəyəm. Əsasən Daşkənddəki Heydər Əliyev Mədəniyyət Mərkəzinin sifarişilə tərcümələr edirəm. Bir də Azərbaycandakı həm əvvəllər də birgə çalışdığım, həm də yeni müəlliflərlə işimi davam etdirəcəyəm. Onu da deyim ki, sosial şəbəkələrdən mənə tərcümə üçün çoxlu müraciətlər gəlir. Sözsüz ki, onarın hamısını yetirmək imkanında deyiləm. Əvvəla, dediyim kimi Azərbaycanın burdakı Mədəniyyət mərkəzinin sifarişilə işləyirəm. Eyni zamanda özümün daimi rəsmi işim var, orda çalışıram. Bundan əlavə mənim ailə, ev qayğılarım da var. Ona görə xahiş edirəm ki, dostlar məni düz başa düşsünlər.

- Və sonda - dostlara sözünüz?


- Mənim əzizlərim, sizləri çox sevirəm! Sizin üçün çox darıxıram. İnşallah, yeni ildə yenə Bakıda, mənim üçün doğma olan o gözəl diyarda görüşəcəyik! Allah sizləri qorusun! Sizə də mənim yaradıcılığıma olan diqqətə görə minnətdaram!

- Var olun! Sizə də müsahibəyə, səmimi söhbətimizə vaxt ayırdığınıza görə təşəkkür edirəm! Yeni görüşlərədək!


Müsahibə apardı:
Orxan MƏMMƏDZADƏ.


Manevr.az

"Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"
"Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar