Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəssam Ehtiram və müəllim Ehtiram vətəndaş Ehtiramdan heç fərqlənmir-PORTRET CİZGİLƏRİ -FOTOLAR

Tarix: 12-11-2017 20:11     Baxış: 42 457 A- / A+
Rəssam Ehtiram və müəllim Ehtiram vətəndaş Ehtiramdan heç fərqlənmir-PORTRET CİZGİLƏRİ

İstedadlı fırça ustası Ehtiram haqqında çoxdan bəri yazmaq istədiyim bu yazını Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyi günündə - 7 noyabrda tamamlayacağımı heç düşünmürdüm, bilmirəm bu, təsadüfdür, ya yox?


Amma istər böyük olsun, istər kiçik, heç bir İNQİLABIN söz ilə portretini çəkməyə çalışdığım rəssam dostumuz Ehtirama da, mənə də dəxli yoxdur... Hərçənd ki, mən zamanın gedişini, məkanın durumunu “idarə” edən müqəddəs 7 rəqəmini çox sevirəm, Ehtiramınsa çəkdiyi rəsimlərin ölkəmizin hüdudlarından uzaqlarda sərgilənməsi əyalət rəssamı üçün elə inqilab kimi bir şeydir!..

Tanrının lütvü ilə Ehtirama (Məmmədov Ehtiram Arif oğluna –N.Ə. ) bəxş olunan yaradıcı RUH və İSTEDAD həm də bir insan ömrünün, bəxtinin naxşıdır. Əlahəzrət Zamanın və Yaradanın yaratdıqlarının şəklini ağ kətan parçaya köçürmək istəyi Ehtiramın qəlbində uşaq yaşlarında yuva salıb. Öncəqala kənd məktəbinin ikinci sinifində oxuyarkən onun rəsm çəkmək həvəsinə Mətləb müəllim qol-qanad verib.

Və bu həvəs beşinci sinifində Ehtiramı Masallı şəhər pionerlər evində fəaliyyət göstərən rəssamlıq dərnəyinə aparıb. Dərnəkdə təhsil aldığı müddətdə çəkdiyi rəsmlər Ehtirama respublika uşaq sərgilərində uğurlar qazandırıb. O vaxtlar ilk əl işləri “Azərbaycan pioneri” qazetində, “Göyərcin” jurnalında dərc olunanda, respublika televiziyasının “İşıqfor" və “Bacarıqlı əllər” verlislərində göstəriləndə, məktəb yoldaşları, valideynləri və muəllimləri onu təbrik edərdilər...

Əlbəttə, rəssamlıq dərnəyində ilk muəllimi Yusif Şəmiyev öz şagirdinin uğurlarına hamıdan çox sevinib, gələcəyinə böyük ümid bəsləyirdi. Ukraynada məktəblilərin Beynəlxalq sərgisində nümayiş olunan rəsmlərinə görə fəxri fərmanla yanaşı, Ehtirama fırça dəsti, boyalar və rəngli mənzərə fotoları hədiyyə edildi. Bu uğuru onu hədsiz dərəcədə sevindirir və rəssamlıq sənətinin incəliklərini öyrənməyə ruhlandırırdı. Ehtiramın rəssamlıq dərnəyində son illər muəllimi Fərahim Zeynalov olub. (Fərahim Zeynalov hazırda Respublikanın əməkdar rəssamı, ADPU - nun “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasının müdiriridir.- N.Ə.) Ehtiram dediyinə görə Fərahim müəllmdən rəssamlıq sənəti ilə bağlı çox şey öyrənib.

HAŞİYƏ: Sənətşünasların fikrincə, əsas əlamətləri obrazlıq, emosionallıq olan rəssamlıq ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.

...1980-1984 -ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində professional rəssamlıq təhsili alan Ehtiramın rəsm əsərlərindən biri SSRI-nin 60-illik yubileyində (1982-ci ildə ) 2-ci mukafata layiq gorulüb. 1983-cü ildə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində keramika üzərində kompozisiya işi xarici ölkədə ona ilk uğur gətirib. Deyir: “Mənə 1800 pybl pul mukafati da verdilər.O zaman həmişə valideynindən pul alan tələbə üçün bu böyük məbləğ idi. Fəxrlə evə 1500 rubl gətirdim...”
Rəssam Ehtiram və müəllim Ehtiram vətəndaş Ehtiramdan heç fərqlənmir-PORTRET CİZGİLƏRİ

Rayonda rəsm emalatxanasında işlədiyi dövrdə ən çox əmək qəhrəmanlarının portretlərini çəkən Ehtiramın qrafika işləri “Çağıriş”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərin mədeniyyət səhifələrində dərc olunurdu. Etiraf edir ki, bu zəhmətin qarşılığında heç ona cüzi qonarar da vermirdilər. O isə yorulmaq bilmədən böyük həvəslə işləyirdi. Masallıda rəssamliq emalatxanası ləğv olunandan sonra Ehtiram bir müddət rayon təhsil işçiləri evində rəssamlıq dərnəyinə rəhbərlik edir.

1979-cu ildən fəaliyyət göstərən Masallı rayon İncəsənət Məktəbində 2006-ci ildə Rəssamlıq şöbəsi yaradıldı. Burada əsasən rəsm, rənkgarlıq, kompozisiya dərsləri keçirilir. Şagirdlər daha çox natrümort, portret və mənzərə janırında kompozisiyalar yaradırlar. Ehtiram öz şagirdlərinə rəssamlığın sirlərini, xüsusilə, insan fiqurunu daha da dərindən öyrətmək üçün əlava olaraq plastik anatomiya, heykəltaraşlıq, təsviri incəsənət tarixindən də dərslər keçir. Bu illər ərzində onun şagirdləri Bakıda, Oğuzda, Naxçıvanda, Şirvanda, Gəncədə, Şəkidə, Lənkəranda keçirilən sərgilərdə uğurlar qazanıb, mükafatlara layiq görülüblər.

Xaraktercə rəssam Ehtiram və müəllim Ehtiram vətəndaş Ehtiramdan heç fərqlənmir. Tanınmış rəssam Rakif İsmayılovun təbirincə desək, “Ehtiram nəinki peşəkar rəssamdı, həm də çox gözel insandır.Onun rəng koloririti də özü kimi mülayimdir”. Bəli, Ehtiramın xarici görünüşündəki təmkin, sərbəstlik hər şeydən əvvəl onun daxili harmoniyasından irəli gəlir.

Ehtiram deyir ki, rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı və ən gözəl yoludur.

Yəqin ki, Yardımlı şəhərində böyük həcmdə qızılı alkoponla hazırlanmış “Əsgər anası” kompazisiyasını görənlərin çoxu onun müəllifinin Ehtiram Məmmədov olduğunu bilmir. Monumental geniş divar rəsmində əsgər oğlu qucağında keçinmiş ana təsvir olunub. Yeganə oğlunu itirmiş ana dərd içində səssiz-səmirsiz oturub, baxışları ilə bu dünyada ədalətsiz müharibə törədənləri qınayır.

2011-ci ildə respublika və beynəlxalq sərgilərində qazandığı uğurlarına görə Azərbaycan Rəssamlar Ittifaqına uzv seçilməsi Ehtiramın yaradıcılığı üçün böyük impuls verdi və onun əsərlərinin coğrafiyası getdikcə genişləndi. 2013-cü ildə Türkiyənin İzmir şəhərində oğlu Turalın da əl islərinin nümayiş olunduğu sərgiyə gedə bilməsə də, bu il Almaniyanın Leverkuzen şəhərində keçirilən “Portret Ustalarının Yarışında Ehtiramın əsərləri bir dəfə 3-cü, iki dəfə 2-ci, iki dəfə 1-ci mükafata layiq görüldü. O, dəfələrlə Misir,Slovakiya, Rusiya, Fransa kimi ölkələrdə keçirilən peşəkar rəssamların Beynəlxalq simpoziumuna dəvətlər alıb.

Peşəkarlıq baxımından əsərdən-əsərə püxtələşən Ehtiram yaratdığı saysız-hesabsız tablolalar vasitəsilə rəssamlığın təbiətlə cəmiyyət, cəmiyyətlə mənəviyyat arasında arasında körpü salan sənət olduğunu təsdiqləyir. Rəssam üçün diqqətini cəlb edən ən xırda bir detal da böyük estetik məna daşıyır.

…Bəzən rəssamın hər bir əsərini onun öz iç dünyasına açıan pəncərəyə bənzədirlər. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin təbirincə desək, hər dəfə rəssam rənglərin təsiredici gücünü artırmaq üçün ona iç dünyasınından gələn işıq qatır, onu hamıya ruha qıda verə biləcək mənəvi qaynağa çevirir.

Ehtiram da iç dünyasından gələn sevgi fonunda öz fırçası ilə doğma yurdumuzun insanı heyrətləndirən təbiət gözəlliklərini- füsünkar İstisu mənzərəlrini, Viləşçay lövhələrini, Yanardağın yamyaşıl yamaclarını, zümrüd meşələrini, Şır-şır bulaqlarını, kənd mənzərələrini gözlərimiz önündə canlandırır. Obrazlaşan bu əsərlərində sanki donmuş zamanın özü də hərəkətdədir. Bir an adam duyğular aləminə varır, düşüncələrə dalır.

Bir fırça ustası kimi Ehtiram Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, "incəsənətin səlahiyyətli səfiri" adlandırılan, dövrümüzün məşhur azərbaycanlı rəssamı Tahir Salahovu sevir. Deyir ki, “Bakı – neftçi əməyinin romantikasıdır” söyləyən Tahir Salahov Azərbaycan rəssamlıq sənətinə əvəzsiz töhfələr verib, onun yaratdığı monumental əsərlər təkcə incəsənət nümayəndələrinin deyil, sadə insanların da diqqətini cəlb edir..

Ehtiramən portretlər qalereyasında xalq qəhrəmanı Koroğlunun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun obrazları xüsusi yer. Vaxtilə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Aşıq Atabala” portretində sənətkarla sazın və doğma təbiətin obrazı bir vəhdətdə təqdim olunur.

Ehtiramın elə rəsmləri var ki, sanki dil açıb adamla danışir. Qarışıq texnikadan istifadə etdiyi “Qəm dünyası” rəsmi öz süjet xətti, emosional təsir gücü, fəlsəfi məzmunu ilə çox düşündürücü əsərdir. Sanki qəmi sifətində iç dünyasının xəritəsi kimi cızılan kişi ömrün acı xatirələrini ciyərlərinə sümürdüyü siqaretin tüstüsündə boğmaq istəyir, fəqət dərdini danışa bilməyən bu insanın qeyri-məchul nöqtəyə dikilmiş gözlərində güzgülənən KƏDƏRİN ağırlığı tam çılpaqlığı ilə görünür.

Ehtiramın tamaşaçıları dərin düşünməyə sövq edən mənalı mövzu seçimi çoxdur. Fırça ustasının internetdə paylaşdığı yağlı boya ilə dağ döşündə təsvir etiyi çox gözəl göl mənzərəsinə heyran olan Öztürk soyadlı virtual tamaşaçı rəssamdan onun əlini öpməyə belə izn istəyir: “Yeşil başlı ördek olsam, dalsam şu göle, avcı olup beni avlarmısın?.. Varsam senin kapına elin öpmeye hörmetlik verirmisin?”

Bir çox qrafika , quaş, akvarel və sadə karandaşla işlədiyi rəsm əsərlərində Ehtiram qara rəngin üstün çalarlarlarından məharətlə istifadə edərək, tamaşaçıda bu rəngin zülmət, hüzr, ölüm, ağrı-acı rəmzi olmadığı barədə çox AYDIN təsəvvür və yddaqalan xoş təəssürat yaradır.

Onun “Şəhid anası”, “Tənha ev”, “Öncəqala yolu” , “Qəbələ payızı” “İstanbul sahilində”, “Masallı lövhələri” silsiləsindən olan tabloları da gerçəkçiliyə səmimi yaradıcılıq münasibətindən və realist baxışlarından qaynaqlanır.

Ehtiram yaradıcılığında portret janrında da üstünlük verir. Rəssam Türkiyə dövlətinin qurucusu və ilk prezident İ Mustafa Atatürkü, dünyaşöhrətli rəssam Toğrul Nərimanbəyovu, gürcü rəssamı Zurab Seretelini, rus rəssamı İlya Qlazunovu, xalqımızn ölməz sənətkarları Səməndər Rzayevi, Həsən Məmmədovu , görkəmli alim Lütvi Zadəni, müasirlərimizdən xalq artisti Alim Qasımovu, yazici –dramaturq Firuz Mustafanı, şairlərdən Ayaz Arabaçını, Damət Salmanoğlunu , Nuranə Nuru, bəstəçi-müğənni, yazar Zəka Vilayətoğlunu və başqalarını portretlər qalereyasında obrazlaşdırmağa ustalıqla nail olmuşdur.

Ehtiramın portretlər qalereyasından söz düşmüşkən, maraqlı bir əhvalat xatırladım:

Deyir, Pablo Picasso Parisdə Gerturuda Stayn adlı Amerika yazıçısının portretini işləyirmiş. O dönəmdə gənc rəssamın maddi durumu o qədər də ürəkaçan deyilmiş. Əlinə pul düşən kimi portreti tamamlamadan vətəni İspaniyaya gedir… Biir müddətdən sonra Parisdəki emalatxanasına dönən Pikasso həmin portreti tamamlayır. Lakin amerikalı yazıçı rəssamın işindən narazı qalır. Pikasso onun məyus olduğunu görüb deyir ki, narahat olmayın, vaxt gələcək siz bu portretə oxşayacaqsınız!

Doğrudan da, sənətşünasların yazdığına görə, 7-8 ildən sonra Gertruda Stayn Pikassonun çəkdiyi portretinə oxşayır. Və illər keçdikcə bu oxşarlıq daha da artır.

Ehtiramın fırçasından yenicə çıxan öz portretimi görəndə, ilk anda onu bəyənib-bəyənməməyim barədə qəti fikir deyə bilmirdim. Sonra düşündüm ki, gec-tez mən də Ehtiramın həm zahirən, həm də mənən bu portretdə obrazlaşlı şəkildə əbədiləşdirdiyi yazıçıya oxşayacam!..

Sonda bir önəmli və həlli vacib olan məsələni bildirim ki, əsərlərinin uğur qazandığı bir çox sərgilərə dəvət alsa da, Azərbaycanı təmsil edən bir rəssam kimi Ehtiramın həmin sərgilərdə iştirakına əlaqədar təşkilatlar tərəfindən dəstək verilməməsi təəssüf hissi doğurur.

Belə sərgilərdən bir də hal-hazırda (1-12 noyabr 2017-ci ildə) İstanbulda Türkiyənin 20-dən çox tanınmış rəssamının qatıldığı "Nəfəs" adlı satış sərgisidir. Onu da qeyd edim ki, Ehtiram Azərbaycandan bu sərgiyə dəvət alan yeganə rəssamdır. Əminəm ki, özü iştirak etməsə də, 4 əsərinin nümayiş etdirildiyi satış sərgisi rəssam Ehtiram Arif oğluna daha bir uğur qazandıracaq!..

Və sonda arzum, istəyim budur ki, fırça ustasının yaxın gələcəkdə Bakıda fərdi sərgisi açılsın, eyni zamanda seçilmiş sənət əsərlərindən ibarət kitab- albomu nəfis şəkildə işıq üzü görsün!

Ehtiramın sənətinə ehtiramla

Nurəddin ƏDİLOĞLU

Manevr.az

Rəssam Ehtiram və müəllim Ehtiram vətəndaş Ehtiramdan heç fərqlənmir-PORTRET CİZGİLƏRİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar