Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sən şairsənsə, bəs onda Səməd Vurğuna nə deyək?

Tarix: 08-11-2017 11:17     Baxış: 21 792 A- / A+
Sən şairsənsə, bəs onda Səməd Vurğuna nə deyək?
Bəzən əlim dinc dayanmır. Dostların feysbukda vəziyyətini yoxlamaqdan ötrü bir də görürsən, gölə - yəni feysbuka bir vergül və ya bir nöqtə ya da bir nida atıram ki, görüm kimi yatıb, kim oyaq? Elə hər şey də ondan sonra başlayır.

Dünən axşam yazdığım status belə idi: “Mən dövrümüzün uğurlu şairiyəm. Tənqidçilərimizin təhlil səviyyəsi mənim şeirlərimin dayandığı yerdən qat-qat aşağıdır.”

Əslində, mən daşı tənqidçilərin bostanına atmışam. Onlardan dinən yox. Dinib nə deyəcəklər?

İndi oxucular düşüblər üstümə ki, bəs onda sən şairsənsə, biz Nizamiyə nə deyək? Qaldım mat-məəttəl.

Uşaqlıqdan bir bəlamız var, elə ki, bir az böyüyür, gözümüz açılır, əlimiz qələm, dilimiz söz tutur, o saat adımızın qabağına bir “şair” sözü yazılır. Hər şey də elə ondan sonra başlayır. 10-12 yaşım olanda adımı makinada yazdırıb qoyurdum cibimə, dostlarıma göstərirdim ki, baxın mənim adım makinada belə yazılır. Yerə-göyə sığmırdım. Qar kimi uşaq təmizliyimə indi də heyran qalıram. Universitet illərində şeirlərim çap olundu, ölkəmizdə və xaricdə kitablarım işıq üzü gördü. Yenə mənə şair deməyə çəkinirdilər. Hətta dostlardan biri mənə şair deyəndə o zaman yaşlı kişilərdən biri ona hirslənib dedi ki, əgər biz ona şair deyiriksə, bəs Fizuliyə nə deyək? Haqqımda şair-professor Elçin İsgəndərzadə 2000-ci illərdə bir məqalə yazdı, bir az məni təriflədi, elə onda da böyürdən-başdan dikəldilər ki, bəs onda biz Səməd Vurğuna nə deyək? Hara getdim, bu söz çıxdı qarşıma. Çox əngəllər görmüşdüm, amma şairdən olan əngəl görməmişdim. Elə bil, nə baş verirdisə, hamısı haqlı hesab olunurdu. Məsələn, universitetdə Füzuli yaradıcılığından mənə 3 qiymət yazdılar ki, daha sən bu fəndən 5 qiymət alacaqsansa, bəs onda böyük fizulişünas alim, professor Sabir Əliyevə nə deyək? Sən onun yanında uşaqsan. Onun bildiyinin heç yüzdə birini bilmirsən. Məni universitetdə müəllim saxlamaq istədilər, sonra prorektor böyürdən bir qəmbərqulu çıxardı ki, gəl görəsən. Dedi, sən dünən kənddən gəlib, bu gün universitetə müəllim düzəl, bəs onda elə universitetin yanında doğulan, uşaqlığı universitetin həyətində keçən və sonra həmin universiteti bitirən iki il növbə gözləyən Zaura bəs nə deyək? O vaxtdan hər tərəfimdə sayılıb-seçilən, hazır vəziyyətdə dayanan adamlar var. Bir şey olan kimi özlərini verirlər qabağa. İnandığım yeganə yer öz şeirlərim idi. Dedim, daha burda “nəm-nüm” olmaz. Getdim “Yazıçı” nəşriyyatına, baş redaktor Sabir Rüstəmxanlı qabağıma uzun bir siyahı qoydu, bax gör, səndən qabaq nə qədər şair var, düz yüz nəfər. Getdim rayona - İmişliyə, “Qızıl ulduz” qəzetinin baş redaktoru rəhmətlik Cəfər Qarayevin yanına. Utana-utana kabinətinə daxil oldum. Başını cəld qaldırıb dedi:
- Kimsən?
- Qəşəm Nəcəfzadə.
- Bildik, nəçisən?
- Şair

Dedi, sən şairsənsə, bəs ona Əlağa Vahidə nə deyək? Gördü, utanıram. Bir az güzəşt elədi mənə.

- Onda sən özünə bütöv şair demə, şeir həvəskarı de, bu, sənə bəsdi.

Razıaşdım.

Düz 10 il İmişli rayon qəzetində bütün yazılarım, şeirlərim “şeir həvəskarı” adı ilə getdi. Bakıda kitablarım çap olunurdu. Kitabların annotasiyasında adımın əvvəlinə şair sözü yazırdılar. Rayon mətbuatı bunu nəzərə alaraq artıq “Şeir həvəskarı “sözünü dəyişib “Həvəskar şair” elədi.

Sonra Bakıya gəldim, hara getdim işimi burdular, dedilər, səndən qabaq adamlar var. Nə qədər yol gəlirəm, 55 yaşıma çatmışam,yeni yollarımda adamlar məndən qabaq dayanıblar. Hərdən hirslənirəm, dəli-dəli şeirlər yazıram, yenə də mənə deyirlər ki, niyə hövsələsizsən, hələ gəncsən, qarşıda gələcəyin var.

Bu bəla həmişə olub. Yaşlı adamlar danışırdılar ki, Yazıçılar İttifaqında yaşı 50 olanlara hələ də gənc şair və yazıçı deyirdilər. Bunu onunla izah edirdilər ki, guya hələ özlərini təsdiq etməyiblər. Məni də o qədər şeirdən uzaq tutublar ki, düz 50 yaşıma qədər “gənc şair” deyiblər. İndiyə kimi Azərbaycanda 22, xaricdə 10 kitabımın çap olunmasına baxmayaraq, “Ədəbiyyat qəzeti”nin sabiq redaktoru Ayaz Vəfalı adı çəklilən qəzetdə haqqımda gedən məqalədə “tanınmış şair” sözünün üstündən son anda xətt çəkməyi bacardı. Sanki Ayaz Vəfalı ən böyük arzusuna çatdı.

O gün feysbukda yazdım ki, mən dövrümüzün uğurlu şairiyəm. Elə bil, hamının bu sözə acığı tutdu.

Bir yazdı: Bəs onda Fizuliyə nə deyək?
O biri: Bəs onda dahi şair Bəxtiyar Vahabzadəyə nə ad verək?
Bəs Məmməd Araza?
Mükayıl Müşfiqə?

Hamı əsəbləşir, hirslənir. Hətta zəng eləyən də oldu ki, bəs onda sən şairsənsə, biz Nəsimiyə nə deyək? Elə bil, mənim adımın qarşısına yazdığım söz Qarabağ problemindən də ciddi bir məsələ imiş... Tez statusu pozdum. Adamların hirsi soyudu. Bir şeyi anladım, məni hər şeylə vurmuşdular. Bircə Füzuli, Nəsimi, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Əlağa Vahid qalmışdı, daha onlarla da vururlar. Allah qollarına qüvvət versin. Daha nə deyim?!

Qəşəm NƏCƏFZADƏ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar