Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dünyada bir kişi yaşadı -PORTRET CİZGİLƏRİ

Tarix: 19-10-2017 20:46     Baxış: 4843 A- / A+
Bu dünyada bir kişi yaşadı -PORTRET CİZGİLƏRİ


O insanı sevirdilər, hörmət edirdilər, ondan çəkinir və kimlərsə bu kişinin hökmranlığına qibtə edirdi... Bu adamın sözü hər yerdə keçir, məclislərə, yığıncaqlara girəndə onu tanıyanlar qeyri-iradi ayağa dururdular. Bax, belə adam idi Dəlidağın qoynunda böyümüş Əvəz Şükürov.
Biz, onunla cox çətin bir anda tanış olduq. O vaxtlar işlədiyim, respublikanın ən aparıcı Kütləvi İnformasiya Vasitələrindən biri olan "Kirpi" adlı jurnalın redaksiyasına onun haqqında ardı-arası kəsilmədən şikayət ərizələri, məktubları gəlirdi. Bu şikayətlərin araşdırılması da mənə tapşırılmışdı. Əlimdə bir topa məktubla Kəlbəcərə axşamdan xeyli keçəndən sonra çatdım. Rayon Partiya Komitəsinin o vaxtkı birinci katibi İnqilab Nadirov gəlişimin məqsədini aydınlaşdırandan sonra, "Əvəz kişi cətin adamdır, yollaşsanız yaxşı olar",- dedi.
Qonaq otağında yerləşdirildim. Rayonda daha bir qonaq - Respublika Nazirlər Kabineti sədrinin müavini, o vaxtlar "qara vəzir" dediyimiz Şamil Rəsizadə də vardı. O da hansı işləsə əlaqədar rayona gəlmişdi. Axşamdan xeyli kemiş o, bir dəstə qonaqla İstisu Müalicəvi Sanatoriyasına getdi və mənə də ora getmək təklif olundu. Sabaha işim cox olduğundan imtina etdim. Mənim əsas maraq dairəm olan Əvəz Şükürovla görüşməyi səhərisi günə qərarlaşdırdığım üçün ertədən yatıb dincəlmək istəyirdim. Bir azdan qonaq evini mühafizə edən milis nəfəri icazə alıb otağa girdi və Əvəz Şükürovun mənimlə görüşmək istədiyini bildirdi. Bu mənim ücün cox gözlənilməz oldu. Axı, "Kirpi" jurnalı əməkdaşlarının rayon səfərləri barədə, əvvəlcədən heç kəs, hec nə bilmirdi? Əslində, şübhəm bu xəbərin raykomdan qaynaqlanmasına yönəldi. Amma əvvəllər "Pravda" kolxozunun sədri olmuş, indi isə orada adi iqtisadçı kimi çalışan Əvəz Şükürovun axşam vədəsində qonaq evinə gəlib, Mərkəzi Komitənin mühüm mətbuu orqanı kimi tanınan bir jurnalın nümayəndəsi ilə üzbəsurət görüşmək istəməsi, elə bu adamın heç kimi ortaya salmadan hansı cəsarətə malik olmasından xəbər verirdi. Gec də olsa, onunla görüşmək qərarına gəldim.
Otağa hündürboylu, bir qədər arıq, sarıyanız bir nəfər girdi. Etinasız nəzərləri üzümə dikildi. Bu insan rayonun qalstuklu, kostyumlu rəsmi adamlarından fərqli idi. Sadəcə, tütün rəngli sviter geymişdi. Azaçıq dalğalı saçları arxaya daranmışdı. Təklif gözləmədən stul çəkib oturdu. Bu adam danışdıqca daha çox marağıma səbəb olurdu. Bir anlığa mənə elə gəldi ki, bu kişi də başqa adamlara bənzəmir. Hətta beynimdən keçdi ki, ilk baxışda həddindən artıq sərt təsir bağışlayan bu adam nə istəsə, necə istəsə, ona nail ola bilər. Hətta istəsə bir şeyi də "uf" demədən itirə və ya əldə edə bilər. Sonralar, onunla daha yaxından tanış olduqda, bu zənnimdə yanılmadığıma bir daha əminlik hasil etdim. Ən maraqlısı budur ki, rayona niyə gəldiyimlə, nə istədiyimlə heç maraqlanmadı da. Halbuki özümlə onun barəsində neçə şikayət məktubu ilə gəldiyimi və onun bundan artıq xəbərdar olduğunu hiss edirdim. Rayonun problemlərindən, həll ediləsi məsələlərdən, dağ rayonlarında qoyunçuluğun inkişaf etdirilməsindən birinci katib səviyyəsində maraqlı faktlarla danışırdı və deyirdi ki, niyə kənd rayonlarımız şəhərliləşməsin, gözəl və səliqəli olmasın? O, danışdıqca məni də əhatəli, məntiqli fikirləri ilə mat-məəttəl qoyurdu…
Artıq onun haqqında danışılan, 1960-cı illərdə Əvəz Şükürov Kəlbəcər rayon kənd təsərrüfatı idarəsinin rəisi olduğu vaxtlarda Mərkəzi Komitənin plenumunda gənc bir mütəxəssis kimi çıxış edərkən, qarşısındakı yazı-pozunu bir kənara qoyub, üzünü Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə o vaxtkı katibi Qənbər Kazımova tutaraq, rayonların inkişafı sahəsindəki nöqsanlardan danışmasını da real bir söhbət kimi qəbul etməyə başladım. Bu insanın əsl el ağsaqqalı, müdrik şəxsiyyət, böyük təfəkkürə, yüksək məntiqi düşüncəyə malik olduğu danışığından tam aydın görünürdü. Onunla söhbətləşdikcə, daha yaxından tanış olduqca, mən dərindən-dərinə xalqın dediyi "dili var, dilçəyi də var" el məsəlinin bu adamın simasında təcəssüm etdiyini doğrudan da sonra tam anladım...
Zülfüqarlı Əvəz dədənin vaxtı ilə rəhbərlik etdiyi "Pravda" kolxozunun mərkəzi kəndi idi. Həmin kolxozün camaatı ilə onun iştirakı olmadan söhbət etmək üçün vaxt qrafiki yaradıb o, səhəri günü rayon mərkəzinə gəlib çıxanadək, Partiya Komitəsinin katibi Səyyarə xanımla Almalıq kəndində yubanıb sonra Zülfüqarlıya, "Pravda" kolxozunun binasının olduğu yerə getdik. Kəndə çatanda gözlərimə inanmadım. Bu kənd səliqə-sahmanı ilə nəinki Kəlbəcərin, hətta ən abad Azərbaycan kəndindən belə qat-qat abad, yaraşıqlı, gözəl görünürdü. Yeni və müasir xəstəxanası, məktəbi, idarə binası, sel yuyub apara bilməyəcək gücündə enli, dözümlü körpüsü, abad yoları ilə çox cəlbededici təsir bağışlayırdı. Bütün bunları da məhz Əvəz Şükürov "Pravda" kolxozunun sədri olarkən at belində həmin çətin, dağlı-dərəli yerləri gəzməklə, yuxusuz gecələr keçirməklə sahmanlamışdı. Meşə və dağ döşündə yerləşmiş Zülfüqarlı kəndinin evləri yaraşıqlı, möhtəşəm və görkəmli idi. Tütün və kartof əkinini bura məhz Əvəz Şükürov gətirib çıxardığına, su anbarları yaratdığına görə camaat ona alqış, valideynlərinə rəhmət diləyirdi. Ətraf rayonlarda və əhatədə yaşayan insanların müalicə alması üçün Zülfüqarlıda kiçik İsti Su vannaları deyilən bir məkan da məhz onun sayəsində yaradılımışdı. Aralarında bu kişinin hökmündən, tələbkarlığından narazılıq edənlər, onun "ağır xasiyyətinə" dözümsüzlük göstərənlər də vardı. Bir vaxtlar "ayağın yanır, geri dur" eşidib inciyənlər indi kəndin o dövrünü yadlarına salıb, o kişinin ölənlərinin ruhuna rəhmətlər oxuyur, kəndin ağ günə çıxmasında onun böyük əməyini dana bilmirlər. Həmişə də Əvəz dədənin böyük əməyini qiymətləndirirlər. Savadı, dərrakəsi, ağlı yerində olan bu insanın qaçqın-köckünlük dövründə ulu öndərimiz Heydər Əliyev tərəfindəın Kəlbəcər rayon İcra Hakimiyyətinə başçı təyin olunması da elə bu keyfiyyətlərinə görə idi. Xalq tərəfindən "çörəyi ver çörəkçiyə, birini də üstəlik" məsəlinin yerinə düşməsi də məhz umummilli lider Heydər Əliyev uzaqgörənliyinin nəticəsiydi.
Mən bu əzmkar xasiyyətli insandan-həyatının 80 illik tarixində ürəyi daim öz xalqı üçün döyünən, qurub-yaradan, rəhbər strukturların nöqsanlarları ilə barışmamazlığı mövqeyində duran əsl kişidən heç vaxt tənqid yazmadım və yaza da bilməzdim. Məni hər tərəfdən sıxışdırıb, onun haqqında heç olmasa kiçik bir tənqidi yazı ilə çıxış etməyə çalışsalar da, hər işin kölgəli və işıqlı tərəflərini bilən bir jurnalist kimi vicdanım buna heç vaxt yol vermədi. Sonralar, Qarabağ müharibəsi dövründə Kəlbəcər əhalisinin bir yerdə olması, axır dəqiqələrədək erməni işğalçılarına qarşı ürəklə, mərdliklə döyüşməsi və bu ortamda Əvəz Şükürovun döyüşkənliyi kəlbəcərliləri ruhdan düşməyə qoymurdu. Eləcə də çəkilməsində Əvəz Şükürovun da birmənalı xidmətinin çox olduğu, bu işdə iştirak etdiyi yeni Gəncə-Kləbəçər yolunun kəlbəcərlilərin düşmən tərəfindən mühasirəyə salınıb, tamamilə məhv edilməməsində böyük əhəmiyyəti oldu. Daha doğrusu bu yolu Əvəz Şükürov rəhbərlik etdiyi "Pravda" kolxozunun maliyyəsi hesabına çəkdirmişdi. Bəli, Əvəz Şükürov belə bir insan idi. Nöqsanlarla barışmayan, mübariz, rayonda, hətta bütün respublikada hər işə çiyin verən bir insan. Heç kimə məddahlıq edib, baş əyməyən mübariz bir insan kimi tanıdım onu mən. O, hec bir çətinlikdən qaçmır, özünün doğru-düzgün yolda olduğunu bütün varlığı ilə sübut etməyə çalışırdı. O, bu yolda –Kəlbəcərə yardım aparan maşın karvanının erməni pusqusuna düşərək bu döyüşdə oğlu, milis mayoru Şahlar Şükürov həlak olub şəhidlik zirvəsinə yüksəlməsinə də oğlunun Vətən qarşısındakı borcu kimi baxdı. Heç kim, heç vaxt onu şəhid oğlu üçün gözü yaşlı görmədi. Amma Əvəz Şükürov oğlun, günahsız öldürülən kəlbəcərlilərin də intiqamını onları öldürən erməni gavurlarından aldı. Onları məhz özü qətlə yetirdi. Bu da bir daha onun qorxmaz, igid bir insan olduğuna bariz sübutdur. Bu gün Milli Qəhrəmanımız olan Şahlar Şükürovun oğlu – Ankarada Polis Akademiyasını bitirmiş Sənan Şükürov atasının işini həyatda uğurla davam etdirir, polis sıralarında Vətənə sədəqatli xidməti ilə baba və atasına layiq bir yolun yolçusu olduğunu sübut eləyir. Qolu bükülməz, dizi yerə dəyməz Əvəz Şükürov haqqında mən bu gün xatirələri çözdükcə çözür, danışdıqca danışaram. Bəli. Yuxarıda yazdığım kimi bu dağlar oğlu haqqında əlim heç nə yazmağa gəlmədi - nə pisə, nə yaxşıya. Amma çox sonralar o, öz ailəsi ilə birlikdə bizim ailə üçün də fəxrlə "Dədə" dediyimiz əziz bir insan oldu. Onun bütün yaxşı və ağır günlərində birlikdə olduq. Həyat yoldaşım Aydın Seyfullayev Kəlbəcərin düşmənlə üz-üzə qaldığı çətin günlərdə vaxtı ilə Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən və sonralar bu şəhərdəki 3 nömrəli tam orta məktəbinin direktoru kimi çalışan, müharibə günlərində əsgərlərin ana-baçısı olmuş Əməkdar müəllim Tirmə xanım Qurbanova ilə birlikdə Əvəz kişinin səs-sorağı ilə erməni kəndlərinin içərisindən keçib, Kəlbəcərə ərzaq, geyim, benzin, şüşə dolu karvan apardı. Əvəz Şükürovun qorxusundan ermənilər onlara heç nə etmədilər. Bu yardım kompaniyasının təşkilatçılarından biri də mən idim. Keçirdiyimiz marafonla Sumqayıt camaatı həmin vaxtı döyüşən cəbhə fonduna 30 milyon rubl vəsaiti və 289 qarm qızılla kömək eləyə bildik.
Bəli. Əvəz dədə bu dünyadan torpaqlarımızın gələcək taleyindən çox nigaran getdi. Amma yaddaşlardan silinib getmədi. O, özünə minlərlə, milyonlarla insanların qəlbində bir uca heykəl qoydu. Qarabağın erməni gavurlarına təslim olmaması üçün var qüvvəsi ilə vuruşdu, bacarığını etdi. Amma nə etmək olar ki, yağı düşmən daha araxalı oldu oldu. Dünyanın aparıcı ölkələrinin rəhbərləri bizi yox, onları eşitdi. Onlar da bu çirkin əməlləri ilə bir daha sübut etdilər ki, erməni gavurları ilə bizim aramızdakı müharibə həqiqətən də xristian və müsəlman davasıdır... Düşmən tərəfin arxası güclü olduğuna görə biz, hələlik Qarabağın bir hissəsini məcburən tərk eləyəsi olmuşuq. Mən, inanıram ki, bu itki elə də uzun çəkməyəcək. Biz, tezliklə öz torpaqlarımıza qayıdacağıq. Və orada Əvəz dədə kimi yüzlərlə igid insanlarımızın heykəlini ucaldacağıq. Ən yaxşı hal odur ki, onun özündən sonra qalmış övladları bu cəmiyyətdə Əvəz dədənin adına layiq yer tutublar. Onlar Əvəz Şükürovun haqq yolunu uğurla davam etdirir və Vətənə, xalqımıza sədaqətlə xidmət edirlər. 20 yanvar bizim dədəmiz Əvəz Şükürovun ölüm günüdür. Onun Xırdalan qəbiristanlığındakı qəbri də lap yol kənarındadır. Biz, oradan keçərkən fatihə surəmizi oxuyur və yasinsiz ötüşmürük. Bu da Allahın bir böyük qismətdir ki, 20 yanvar Şəhidlər günündə əbədiyyətə və Şəhid oğulun o dünyasına qovuşub Əvəz dədəmiz. Bü gün onu xatırlayıb, yada salmamaq mümkün deyil. Öz "olum və ölümü"nü bu müqəddəs günə qatmış belə böyük insanın, el ağsaqqalının ruhu qarşısında baş əyirik və Ulu Tanrıdan ona rəhmət diləyirik. Qoy gələcək nəsillərimiz də bilsin ki, bu dünyada belə bir qeyrətli, həyatını xalqının yolunda şam kimi əridən, xalqına təmənnasız xidmət edən bir kişi də yaşayıb. O, bizim unudulmaz dədəmiz Hacı Əvəz Kərəm oğlu Şükürovdur.

Zümrüd SƏDA
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar