Xəbər lenti
16-10-2017
BÜTÜN XƏBƏRLƏR

SÖZ BƏTNİNDƏN DOĞAN MİSRALAR... -Və yaxud gənc şairə Sevinc Qəribin “Hardasa o uzaqlarda...” kitabı haqqında

Tarix: 08-10-2017 18:00     Baxış: 5110 A- / A+
SÖZ BƏTNİNDƏN DOĞAN MİSRALAR...


1970-ci illərin əvvəllərində Sumqayıtda cərayən edən ədəbi mühit yadıma düşür. Mərhum şair Vaqif İbrahimin təşəbbüsü ilə doğma şəhərimizdə Əli Kərim adına poeziya klubu yaradılmışdı. Onun ətrafında gənc şair və yazıçılardan Əşrəf Veysəlli, Feyzi Mustafayev, Vahid Əziz, Qəzənfər Rüstəm, Rəhman Orxan və başqaları toplaşmışdı.
Həmin illər poeziya aləmində bir canlanma, bir yüksəliş var idi. Adlarını yuxarıda çəkdiyim yaradıcı dostlardan yaşca kiçik olsam da, onların poeziya klubunda apardıqları müzakirələri, oxuduqları şeirləri, hekayələri, bəzən də yaxşı mənada, qızğın mübahisələri və tənqidi fikirləri diqqətlə dinləyir, məsləhət və tövsiyələrinə qulaq asırdım.

Mənim gözümün qarşısında Sumqayıtda böyüyən, püxtələşən və respublikada artıq tanınmağa başlayan gənc şairlərimizin uğurlarına sevinirdim. Üstən illər keçib. Biz yaşa dolmuşuq. Bununla belə, Sumqayıtın ədəbi mühitində baş verən dəyişiklikləri, yenilikləri diqqətlə izləyir, gənc yazarlarla ünsiyyət qurur, onların yaradıcılığı ilə maraqlanıram, ehtiyac olanda isə, məsləhətlər də verirəm.

Sosial şəbəkələrdə öz yaradıcılığı ilə çıxış edən gənclərin əsərlərini oxuyanda bir tərəfdən sevinirəm, bir tərəfdən isə təəssüf hissi keçirirəm. Sevinirəm, ona görə ki, gənc nəsil arasında istedadlı, bacarıqlı, duyğulu şairlərimiz oxucuların qəlbinə artıq yol tapıb. Bu, sevindirici haldır. Təəssüflənirəm, ona görə ki, bəzi yazarlar poeziyanın elementar qayda-qanunlarını bilmir, bəsit, mənasız, məntiqsiz şeirlər yazmaqla oxucuların zövqünü korlayırlar. Burada Yunan filosofu Sokratla bağlı bir hadisə yadıma düşür. Böyük filosof 5 gün ərzində 3 şeir yazır. Bir nəfər ona deyir ki, “mən istəsəm, 5 gün ərzində 100 şeir yazaram”. Sokrat cavabında deyir: “Düzdür, ancaq onların ömrü 3 gün olacaq”. Bu misalı gətirməklə onu demək istəyirəm ki, bəsit, zəif şeir yazanlar öz şairlik xülyasından əl çəkməlidirlər və başa düşməlidirlər ki, yazdıqlarının ömrü həqiqətən 3 gün olacaq. Həyat və yaradıcılıq təcrübəmdən dəfələrlə bunun çanlı şahidi olmuşam.

SÖZ BƏTNİNDƏN DOĞAN MİSRALAR...

Sumqayıtda gənc yazarlar arasında istedadlıları çoxdur. Onlardan biri də Sevinc Qəribdir. Sosial şəbəkələrdə onun şeirlərinə rast gəldim, bu gənc yazarın təfəkkür tərzi, maraqlı fikirləri, fəlsəfi düşüncələri xoşuma gəldi. Hər dəfə şeirlərini oxuyanda Sevincin istedadlı şair olacağına məndə bir əminlik yarandı. Bu yaxınlarda onun “Hardasa o uzaqlarda...” ilk kitabı çapdan çıxmışdır.

Kitabı diqqətlə oxudum. Bu cavan qızın başqalarından fərqli, öz dəst-xətti, öz üslubu, dünyaya, bəşəriyyətə öz baxışı, öz duyumu var. Şeirlərində sevinc və kədər, ümid və yanğı, sevgi və xəyanət əsas motivlərdəndir. Bütün bunlarla yanaşı, söz bətnindən doğan məzmun rəngarəngliyi və deyim əlvanlığı ilə yazılan hər bir misra onu başqa şairlərdən fərqləndirir. Oxuduqca qələm sahibinin qəlbində olanları, keçirdiyi hissləri duymağa başlayırsan. Onun ürəyində sanki dünyanın dərdi-qəmi toplanıb. Və bu dünyanın öz qəribəlikləri və təzadlı anları var. Sevinc onlarla yaşayır, onları başa düşmək istəyir. İçindən, ürəyində olan səsə qulaq asaraq əlinə qələm alıb yazır:

Hardasa bir ovuc torpaq,
Sızım-sızım sızıldayır,
Yağı döyür təpikləyir,
Ürəyimi cırmaqlayır.


Vətən, torpaq həsrəti, düşmənə nifrət var bu misralarda. Bu nifrət təkcə Sevinc Qəribin ürəyinin dərinliyində yuva salan və tez-tez sızıldayan bir ağrı deyil. Bu torpağını itirən, onun həsrəti ilə yaşayan minlərlə insanın qəlbindəki ağrıdır. Ocağını itirmiş, geriyə boylananda varını-yoxunu, daşı-kəsəyi, dağı, dərəni, çayları, bulaqları yada salıb nisgilə bürünən, arzularının düşmən tərəfindən güllələnən ağır, dözülməz və kədərli notlardan ibarət olan şeirlər insanı düşündürməyə vadar edir. Əgər şeir oxucunu düşündürürsə, deməli bu şairin uğurudur.

Sevinc Qəribin dərin mühakiməsi, sağlam düşüncəsi, az sözlə böyük məna kəsb etməsi onun qabiliyyətindən xəbər verir. Buna nail olmaq üçün gərək həmin hisslərlə yaşayasan, onları duyasan. Duymadan yazılan şeir oxucunu isidə bilməz, inandırmaz. Sevinc isə oxucunu inandıra bilir. Aşağıdakı misralara fikir verək:

Bir də intizara kökləmə məni,
Burax həsrətindən, qoy çıxım gedim,
Hardasa bir qərib mənim dərddədir,
Yol ver, dərd əhliylə dərd bölüm gedim.

Bu misralarda ifadə olan fikir, ideya bir çox mətləblərdən xəbər verdiyindən onu müxtəlif baxımdan qiymətləndirmək olar. Gözlər intizarda qalanda, həsrətin içində qovrulmaq və ondan

qurtulmaq istəyi olanda, dərdlər bölüşür, insanlar mənən yüngülləşir, çiyinlərindən ağır yük götürülür, ruhlarına sanki nur çilənir. Qəribçilik nisgilə dönəndə isə dərd əhli dərdlini arzulayar həmişə. Bu misralarda oxucu qarşısına sual da çıxır: Dərdli, dərdlini necə və nə cür başa düşə bilər? Cavabı müxtəlif cür yozula bilər. Sevinc bu sualın cavabını oxucuların öz ixtiyarına buraxır.

Məhəbbət bəşəri mövzudur. Bu haqda dahilər, müasirlər “N” qədər şeir, poema, dastan qoşublar. Bununla belə, bu gün də yazarlarımızın sevgi ilə bağlı çoxlu şeirləri var. Onları oxuduqca, əgər şeir insanı duyğulandıra bilirsə, sanki adrenalin qəbul edirsən, ruhun təmizlənir, saflaşır, ümidlərin artır, gözəlliyi daha yaxından hiss edirsən. Sevincin “Hardasa o uzaqlarda...” kitabında az da olsa, məhəbbətə həsr olunan şeirlərə rast gəlirsən.

Arxanca atdığım su da qurudu,
Gözümün nəmini gizlətmir gecə,
Qəfil gedişindən hicran yarıdı,
Bilmirəm özümü ovudum necə...


Çox gözəl, poetikdir, bir az da kövrəkdir. Məhəbbətin yolu hamar olmur. Sevgi dolu şirin, mənalı söz məhəbbəti daima ucaldır. Etibar olmadan, qarşında dayanan mələk olsa belə, gözlərindən xəyanət oxumaq olar. Böyük rus yazıçısı Dostoyevskinin belə bir sözü var: “Mən həmişə həsrətlə sevmişəm. Heç zaman, hətta xəyalən, fikrən də ona xəyanət etməmişəm”.

Sevincin məhəbbət mövzusunda yazdığı şeirlərdə bir hukmət, bir fəlsəfə var. Onu duymaq və müəllifin nə demək istədiyini anlamaq üçün həmin misraların dərinliyinə baş vurmaq lazımdır. Çünki iki misra ilə məhəbbətin böyüklüyünü və ona qarşı olan xəyanəti ifadə etmək müəllifin xəyallarında və düşüncələrində dolaşan fikirlərin təzadı olmasından xəbər versə də, sevginin saflığını yüksək qiymətləndirməsidir.

Sevinc Qəribin üstün cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan dilini səlis bilir, onun qayda-qanunlarına ciddi əməl edir. Bugünkü ədəbi mühitimizdə vulqarizmin ayaq acdığı bir vaxtda Sevincin ana dilinə necə diqqət və həssaslıqla yanaşdığını görmək olar. Şeirlərində Ana dilimizin rəvan, məlahətli, musiqili olduğunu duymaqla yanaşı, ruhumuzun da sağlam olması dilimizin saflığına kökləndiyini hiss edirik. Bunun özü ana dilinə olan məhəbbətdir, hörmətdir.

Sözümü yekunlaşdırarkən demək istəyirəm ki, adətən gənc yazarların ilk kitabları işıq üzü görəndə eyforiyaya qapılırlar və bu eyforiya onların başını dumanlandırır, ədəbi mühitdə özlərini başqlarından üstün tutmağa başlayırlar. Bunun dəfələrlə şahidi olmuşam. Sevinc Qəribin sağlam fikirli və sağlam düşüncəli olduğunu bilib, demək istəyirəm ki, gələcək yaradıcılığında ancaq öz ürəyinin hökmünə qulaq assın, ən böyük ədəbi tənqidçi, redaktor, senzor və oxucu, elə ürəyin özüdür.

Sevinc Qərib, sənə yeni yaradıcılıq uğurları arzulayan:

Eyruz Məmmədov,
yazıçı-publisist


Manevr.az




Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar