Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Özümü sumqayıtlı adlandırıram və bununla qürur duyuram" -MÜSABHİBƏ

Tarix: 22-05-2017 23:33     Baxış: 3800 A- / A+
"Özümü sumqayıtlı adlandırıram və bununla qürur duyuram"


Axşamüstü idi. Günəşin sönməkdə olan şəfəqləri üfüqdə batmaqda idi. Hava sərin və mülayim olduğundan şəhər bulvarında adam çox idi. Dənizdən əsən sərin meh insanların sifətlərində oynayır, qəlblərdə xoş bir ovqat yaradırdı.

Sahildə əyləşib söhbət edirdik. 40 ildir ki, biri-birimiz tanıyırıq. Jurnalistik fəaliyyətimdə ilk dəfədir ki, onun haqqında, keçdiyi həyat yolundan, Sumqayıtın bir vurğunu kimi gördüklərindən, eşitdiklərindən, ən başlıcası isə əməllərindən yazmaq fikrinə düşdüm. Etiraf edim ki, bu illər ərzində bir neçə dəfə ona müraciət etməyimə baxmayaraq həmişə təvazökarlıq edib, “məndən layiqliləri var” deyirdi. Bu səfər isə inadımdan əl çəkmədim. Və biz dəniz kənarında əyləşib söhbət etməli olduq.

Həmsöhbətim Nasir Rzayevdir. Bakıda, Sumqayıtda onu yaxşı tanıyırlar. Müxtəlif vəzifələrdə çalışıb. Bu haqda sonra məlumat verəcəyəm. Məni maraqlandıran onun Sumqayıt haqqında dedikləridir.

-Nasir müəllim, Siz Sumqayıtın təəccübkeşlərindən birisiniz. Sizi bu şəhərə bağlayan nədir?

-Mən 1947-ci ildə Bakının Sumqayıt rayonunun Pirəküşkül kəndində anadan olmuşam. Sumqayıt 1949-cu ildə şəhər statusu aldı. 1950-ci ildən taleyimi bu şəhərə bağladım. Özümü dərk edəndən Sumqayıtın necə ayaq açıb böyüdüyünün canlı şahidi olmuşam. Gördüklərim bir hekayədir, kitabdır, dactandır desəm, yanılmaram. Ən başlıcası onun ləyaqətli və zəhmətkeş insanlarıdır. Sual verirsiniz ki, məni bu şəhərə bağlayan nədir? Cavab verirəm: Uşaqlığımın şirin xatirələri. Hər küçə, məhəllə, mikrorayon, mədəniyyət evləri, mədəni-maarif ocaqları, Nəsimi adına park gözlərim qarşısında tikilib, ucaldılıb. Bunları dil ilə söyləmək azdır. Bunları görmək və yaşamaq lazımdır. Gənclik şəhəri Sumqayıtdan 2 yaş böyük olsam da, xoşbəxtəm ki, taleyimi bu şəhərlə bağladım, onunla böyüdüm. Mən özümü sumqayıtlı adlandırıram və bununla qürur duyuram. Bu bir, İkincisi, hiss edəndə ki, bütün bu nəhəng, mən hətta deyərdim ki, möhtəşəm layihələrin həyata keçirilməsində mənim də az-çox əməyim olub, onda Sumqayıta necə bağlanmayasan? Hə?
"Özümü sumqayıtlı adlandırıram və bununla qürur duyuram"

-Sumqayıtın qurucuları həqiqətən böyük hünər göstəriblər. Az bir zamanda nəhəng bir şəhər salıblar. Siz bir çox rəhbər vəzifəli şəxslərlə işləmisiniz. Kimin əməyini qeyd etmək istərdiniz?

-Bu suala konkret cavab verib, birinin adını çəkib, o birisini unutmaq düzgün olmazdı. Şəhər rəhbərlərinin heç birinini üzərinə kölgə salmaq fikrində deyiləm. Hər birisinin az-çox Sumqayıtın inkişafında əməyi ilib. Bu, danılmaz bir faktdır. Biz cavan olanda, elə indinin özündə də, yeri düşəndə, Kamran Hüseynovun, Kamal və Kərim Axundovların adlarını iftixarla çəkirik. Bu nə deməkdir? Bu insanlar Sumqayıtın əsl vətənpərvəri, cəfakeşi olublar. Bu şəhərlə yaşayıblar, nəfəs alıblar. Ona görə də unudulmurlar, yaddaşlarda yaşayırlar. Bu sözləri mən hal-hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir müəllim Fərəcov haqqında da demək istərdim. Onu tərifləməkdən çox-çox uzağam. Bunun ona heç ehtiyacı da yoxdur. Bununla belə, deməmək də insafsızlıq olardı. Zakir müəllimin son iki ildə gördüyü möhtəşəm işlər ölçüyəgələn deyil. Bu insanın bacarığı, qabiliyyəti, təşkilatçılığı bir daha onu sübut etdi ki, əgər boya-başa çatdığın şəhərin əsl təəssübkeşisənsə, ona can yandırırsansa deməli, iradəli adamsan, böyük ürək sahibisən. Bax, biz Sumqayıt bulvarında əyləşib çay içirik. Belə bir bulvarı bir ilə başa çatdırnaq möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin təbirincə desək, əsl möcüzədir. Məgər düz demirəm?

-Sizinlə razıyam.

-İnsan qarşısına məqsəd qoyanda və onun məsuliyyətini dərk edəndə dağı dağ üstə qoya bilər. Burada Şəhriyarın iki misrası yada düşür.

Dünyada ən gözəl şah əsərləri,
Yaratdı zəhmətin cəsur əlləri.


Zəhmətsiz inkişaf, tərəqqi yoxdur. Sumqayıt bu gün özünün ikinci həyatını yaşayır. Dirçəliş həyatını. Bunu hər bir sumqayıtlı görür, bəyənir, alqışlayır.

HAŞİYƏ: Bu il Nasir Rzayevin 70 yaşı tamam oldu. Müdrik yaş dövrüdür. Onun maraqlı, zəngin həyatı var. Geriyə boylananda çox şeylərin şahidi olmaq olar. Uğurları da olub, büdrəmələri də. Lakin bədbinliyə qapılıb geriyə çəkilməyib, əksinə, özündə inam, cəsarət tapıb irəliyə doğru addımlayıb. İstəyinə nail olub. Həyatın əsas şərtlərdən biri və ən başlıcası odur ki, bu həyatı gərək layiqli yaşayasan, şərəfli ömür sürəsən. Həyat mürəkkəbdir və mübarizədən ibarətdir. Bu, aqillərin sözüdür. Kiməsə yaxşı, kiməsə pis olmaq insan istəyindən çox vaxt asılı olmur. Bununla belə, insan xarakterində mərdlik, cəsarət, səmimiyyət və inam varsa, deməli, həmin adamın ictimaiyyət arasında hörməti də var. Nasir müəllim bu hörmətin sahibidir.

-Nasir müəllim, bulvarımız həqiqətən gözəldir. Bir jurnalist kim xaricdən gələn turistlərdən müsahibələr almışam. Onlar bulvara valeh olublar.

-Təkcə bulvaramı? Mən hərdən maşına minib şəhəri gəzirəm. Əvvəla uşaqlıq və gənclik illərim yadıma düşür. Burada olan üzüm plantaslyaları, zeytun bağları, incir və akasiya ağacları. Hər biri haqqında saatlarla danışmaq olar. Deyirlər, yol mədəniyyətdir....

-Bağışlayın, sözünüzü kəsirəm. Mənimlə bir məhəllədə yaşayan dostum İslam 25 il bundan əvvəl Amerikaya köçüb. Yayda gəlmişdi. Mənə dedi ki, Sumqayıta gecə vaxtı gəldim. Şəhərə daxil olanda düşündüm ki, ünvanı səhv salmışam. Son illərdə olan dəyişiklərə heyran qaldı.


-Bunu təkcə sənin dostun demir. Bunu Sumqayıta təşrif buyuran xarici qonaqlar, rəsmi nümayəndələr də qeyd edirlər. Əvvəllər televiziya vasitəsilə ayrı-ayrı rayonlarda Heydər Əliyev mərkəzinin yaradılmasını görəndə onlara qibtə edirdim. Sumqayıtda da yaradılmışdı. Lakin bu sumqayıtlıların arzu və istəklərini tam təmin etmirdi. Zakir Fərəcovun bilavasitə təşəbbüsü ilə Heydər Əliyev mərkəzi yaradıldı, Ulu öndərin heykəli ucaldıldı. Bu bina öz möhtəşəmliyi ilə başqalarından fərqlənir. Buna ancaq sevinmək lazımdır.

Haşiyə: Nasir Rzayev Sumqayıt şəhər 13 saylı orta məktəbin məzunudur. Azərbaycan Neft və Kimya institutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycan boru-prokat zavodundan başlayıb. Gənclik illərində boks idman növü ilə məşğul olub. Həmin dövrü xatırlayanlar Nasirin idmanda qazandığı uğurlarından həvəslə danışırlar. O, 1965-1968-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 1965-1973-cü illərdə Azərbaycanın yığma komandasının üzvü olub. Bir çox mötəbər yarışlarda fəal iştirak edib. Azərbaycan idmanının şərəfini həmişə yüksəklərə qaldırıb. 1971-ci ildə Sumqayıtda SSRİ Nazirlər Sovetinin prizi uğrunda boks yarışları keçirilirdi. Nasir bu yarışda da fərqləndi. Yüksək kürsüyə qalxaraq qızıl medala layiq görüldü. 1971, 1972, 1973-cü illərdə Rovno, Nikolayev, Xmelnitski şəhərlərində Ümumittifaq yarışlarında Nasir Rzayevə böyük ümidlər bəslənildi. O, bu ümidləri ləyaqətlə doğrultdu. Bütün rəqiblərinə qalib gələrək Azərbaycana qızıl medallarla qayıtdı. Bu, Azərbaycan boks idman növündə nadir hadisələrdən hesab olunurdu. Nasir qazandığı nailiyyətlərə görə SSRİ idman ustası adına layiq görülmüşdür.

-Dediyiniz kimi taleyinizi Sumqayıta bağlamısınız. Sizi daha şox sevdirən nədir?

-Xəzər dənizi, bir də onun mehriban və qonaqpərvər insanları. Çox ölkələrdə, şəhərlərdə olmuşam. İnanmazsınız iki gündən sonra döğma şəhərim, Xəzər dənizi üçün darıxmağa başlamışam. Sumqayıt gözəlləşdikcə ona daha çox bağlanıram. Dəyişikliklər məni sevindirir. Yeni göydələnlər, mehmanxanalar, şadlıq sarayları, banklar, məktəblər. Adamın ürəyi açılır. Dizayn baxımından Şahmat və musiqi məktəbləri necə də yaraşıqlıdır. Şəhərin infrastrukturunu gözəlləşdirib. Bütün bunlarla yanaşı, şəhərimizdə mövcud olan problemlərdən və onların həlli yollarından qısa da olsa, danışmaq istərdim. Yəqin fikir vermisiniz, hündür binalarda lift problemi, damların yağışdan sonra gölməçəyə çevrilməsi – bütün bunlar əhalinin haqlı narazılığına səbəb olurdu. İndi vəziyyət necədir? Şəhər rəhbərliyi tərəfindən liftlər yeniləri ilə əvəz olunub. Dam örtüklərinin əksəriyyəti dəyişilib və bu iş bu gün də davam etdirilir. Məgər bütün bunlar əvvəlki illərdə görülə bilməzdimi? Bu suala belə cavab vermək istəyirəm. “Sumqayıt təəssübkeşliyi”. Şəhəri sevmədən ona can yandıra bilməzsən. Sumqayıtı həqiqi mənada sevənlər şəhər rəhbərliyinə yaxından kömək etməlidirlər.

-Yol mədəniyyətdir. Adətən belə deyirlər.

-Fikrinizi tutdum. Yol həqiqətən mədəniyyətdir. Zakir müəllim icra başçısı təyin olunan gündən Sumqayıtın girişindən başladı. Birincisi, yollar genişləndirildi. Milli üslubda hasarlar çəkildi, gül-çiçək əkildi, palma, çinar ağacları salındı, işıq sistemi quraşdlrıldı. İkincisi, Novxanıdan Sumqayıta uzanan yol və ətrafında olan yenidənqurma işləri, güllərin və yaşıl zolaqların salınması şəhərin magistral yolları – bütün bunlar Avropa standartlarına uyğun olduğunu sübut edir. Sumqayıta gecələr daxil olanlar sanki nağıllar aləminə düşür. Çox gözəldir. Axı, hər hansı bir şəhərə qonaqlar gələndə onun yollarına fikir verirlər. Yuxarıda qeyd etdim ki, bir çox şəhərlərdə olmuşam. Gözəl yolları olan şəhərlərin özü də gözəl, təmiz, rahat və yaraşıqlıdır. Yolları bərbad olan şəhərlərdə isə bunu görmək mümkün deyil.

HAŞİYƏ: Nasirin əmək yolu uğurlu olub. Bunu təsadüf və yaxud bəxt kimi qiymətləndirmək düzgün olmazdı. Bunun üçün böyük zəhmət və gərgin əmək tələb olunurdu. Ən başlıcası isə məsuliyyət hissi. Bu olmadan heç bir yüksəlişə nail olmaq qeyri-mümkündür. Nasir Rzayev Azərbaycan boru-prokat zavodunda fəhlə işlədikdən sonra onun bacarığını, qabiliyyətini və təşkilatşılığını nəzərə alıb 2 saylı tikinti trestinin təchizat şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Bildiyimiz kimi Sumqayıt inkişaf edirdi, yeni-yeni sənaye müəssisələri, sosial-mədəni obyektlər tikilirdi. Onları da lazımi tikinti materialları ilə vaxtında təmin etmək üçün təchizatın rolu olduqca böyük idi. Əgər hər hansı ləngimələr olurdusa, tikintidə boşdayanmalar əmələ gəlirdi, bu da şəhər rəhbərliyi və nazirlik tərəfindən narazılıqla qarşılanırdı. Nasir müəllim isə bu işin öhdəsindən layiqincə gəlirdi.

Məhz buna görə tezliklə təchizat idarəsinin rəis müavini oldu. Burada da özünü göstərdi. Onun qabiliyyətli təchizatçı olduğu haqqında Bakıda da danışıldı və cavan kadr Nasir Rzayev Azərbaycan Dövlər Təchizat Komitəsinin “Metal” və “Kimya” bazalarının direktoru vəzifəsinə irəli çəkildi. Onun namizədliyini irəli sürənlər yanılmadılar. Nasir burada da özünü döğrultdu.

-Az-çox Sumqayit haqqında danışdıq. Əmək fəaliyyətiniz də bizə məlumdur. Sizi ən çox narahat edən nə idi?

-Sumqayıtın ekologiyası. Biz səhərlər məktəbə gedəndə hava dumanlı olardı. Xalq arasında ona “qazovka” deyərdilər. Gözlərimizdən yaş gəlirdi, nəfəs almaq olmurdu. İndiki cavan nəsil bunun nə demək olduğunu bilmirlər. Sizə bir misal çəkim. Dünyada kəpənəklər ekoloji cəhətdən təmiz olan ərazilərə meyl edirlər. Son illər Sumqayıtın parkında, bulvarında, bağlarında kəpənəklərin uçuşunu görəndə Sumqayıtın ekologiyasının müsbət tərəfə dəyişildiyinin çahidi olursan. Təsəvvür edin: civə, xlor, sulfat turşusu, ftor alüminium, qliserin istehsal edən kimya zavodlarının hamısı sökülmüşdür. Bu dövlət siyasətinin irəli atdığı uğurlu addımlardan biridir.

-Sizi Sumqayıt ictimaiyyəti yaxşı tanıyır. Fəallar yığıncaqlarında çox vaxt çıxış etməli olursunuz. Bu nədir, yuxarıdan tapşırıq, yoxsa təlabat?

-Heç bir vaxt sifarişlə çıxış etməmişəm. Məni narahat edən problem olanda söz istəmişəm, məsələ qaldırmışam. Onun həlli yolunu göstərmişəm. Həmin işi mənim özümə tapşıranda isə canla-başla işə girişmişəm. Həyatımda belə hallar çox olub.

-Belə çıxır ki, özünüz özünüzə iş açırdınız.

-Belə deməzdim. Əgər hər hansı bir problem Sumqayıtla bağlı olurdusa etiraz etmirdim. Razılıq verməsəydim, özümü necə sumqayıtlı adlandıra bilərdim?

HAŞİYƏ: Nasir Rzayev bir neçə il Bakıda “Azərmetaltəchizat” baş idarəsinin rəisi vəzifəsində çalışıb. İşlədiyi müddətdə əmək fəaliyyətindən həmişə razılıq ediblər. “Azərsənayetikinti” tresinin direktoru olanda da kollektivin hörmətini qazanıb. Tələbkarlığı, prinsipiallığı, işgüzarlığı ilə seçilib. 1990-cı illərin əvvəllərində Sumqayıt əhaliyə məişət xidməti idarəsinə rəhbərlik edib. 1992-ci ildə Xalq cəbhəsinin apardığı siyasət onu razı salmadı, könüllü olaraq işdən çıxdı. Lakin onun bacarıqlı bir kadr olduğu çoxlarının yadında qaldı. 1993-cü ilin sonunda Nasir Rzayev Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini təyin olunur. Burada çalışdığı müddətdə vəzifəsini layiqincə yerinə yetirirdi.

-Sizə belə bir sual vermək istəyirəm. Bir neşə il Bakıda məsul vəzifədə çalışmısınız. Bakıya köçmək niyyətiniz olmayıb?

-Bu sualın veriləcəyini hiss edirdim. O vaxtlar buna hər cür imkan vardı. Hətta Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsinin sədri Rəhim Hüseynov mənə dedi ki, “gəl köç Bakıya. Bakıya gəlib-getmək səni yorar”. Zarafatla cavab verdim ki, idmançı nə vaxt yorulur ki? Gülüşdük. “Özün bilən məsləhətdir”, dedi. Həm də doğma şəhərimdən ayrıla bilməzdim. Bu, mən tərəfdən xəyanət olardı. Sumqayıtı çox sevirəm, onu heç bir şəhərə dəyişmərəm. Sumqayıt mənim uşaqlıq, gənclik illərim, arzular və istəklər şəhərimdir.

-Siz Sumqayıtın rəhbərlərindən biri olduğunuz vaxtda ölkə bazar iqtisadiyyatına yenicə keçmişdi. Müəssisələr tənəzzülə uğrayır, fəhlələr ixtisar olunur, əməkhaqqı gecikdirilirdi.

-Həmin illər xalqımız üçün həqiqətən ağrılı günlər idi. Azərbaycan Ermənistan konflikti artmaqda idi. Cəbhə bölgəsində ağır döyüşlər gedirdi. Sumqayıta hər gün şəhid gətirilirdi. Bu da insanlarda psixoloji durumu gərginləşdiririrdi. Xalq cəbhəsindən bizə ağır miras qalmışdı. Ölkədə hərc-mərclik baş alıb gedirdi. Nə yaxşı ki, Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Bakıya qayıtdı. Az bir zamanda ölkədə özbaşınalığa son qoydu, atəşkəsə imza atdı. Azərbaycanı parçalamaqdan qorudu, milli ordu yaratdı. İqtisadi islahatlara təkan verdi. Neft siyasəti müəyyənləşdi. Azərbaycanı bütün dünyada humanist, sülsevər bir dövlət kimi tanıdılar. Bütün bunları unuda bilmərik. Bu, bizim tariximizdir.

1990-cı illərin əvvəllərində şəhər icra hakimiyyətinin başçısı Şakir Abuşov idi. Onun rəhbərliyi ilə Sumqayıta pənah gətirmiş qaçqınlara diqqət və qayğı artırıldı. Onların yerləşdirilməsində bir çox işlər aparıldı. Ən başlıcası doğma ocaqlarından didərgin düşmüş insanlarla xoş ünsiyyət yaratdı, dərdlərinə şərik oldu, onların xeyir-şər məclislərində yaxından iştirak etdi. Bunu unutmaq olmaz. Bir məsələyə də toxunmaq istəyirəm. Həmin ağır günlərdə Zakir Fərəcov Sumqayıt şəhər Mənzil-İstismar idarəsinin baş direktoru idi. O zaman onda olan vətənpərvərliyi, təəssübkeşliyi bir daha canlı şahidi oldum. İclaslarda bir yerdə oturardıq, hər ikimiz şəhər xalq deputatları sovetinin deputaı idik. İcra hakimiyyəti bir sıra problemlər qarşısında çətinlik çəkəndə Zakir müəllimə müraciət edərdi. Onun leksikonunda “yox” sözü olmazdı. O, qaçqın ailələrinə maddi və mənəvi yardımlar edirdi. Onların yerləşdirilməsi üçün müxtəlif vasitələrə əl atırdı, üstəlik işlə də təmin edirdi. Bunu deməkdə məqsədim var. Z.Fərəcov Sumqayıtın ağır və xoş günlərində onun təəssübünü çəkib. Bunu tam məsuliyyətimlə deyirəm.
"Özümü sumqayıtlı adlandırıram və bununla qürur duyuram"

Uzun müddət Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Sumqayıt icra hakimiyyətinin nümayəndəsi olmuşam. Burada da canla-başla çalışmışam. Hər bir işə məsuliyyətlə yanaşmışam. Çalışmışam ki, qəsəbə onun adını daşıyan Hacı Zeynalabdin Tağıyevin adına layiq bir qəsəbə olsun. Əlimdən nə gəldi etdim.

Qəsəbə sakinləri bunu daha yaxşı qeyd edə bilərlər. Zakir müəllim əməyimi yüksək qimətləndirib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Bundan böyük qiymət olarmı?

Artıq təqaüddəym. Bununla belə, şəhər fəalları ilə tez-tez görüşür, fikir mübadiləsi aparıram. Hər hansı bir problemin həll olunmasılnda ehtiyac duyulsa, təmannasız kömək etməyə hazıram.

-Siz Kərbalada, Məkkədə ziyarətdə olmusunuz. Müqəddəs torpaqlara ayaq basanda hansı hissləri keçirdiniz?

-Müqəddəs torpağa ayaq basanda sanki çiynimdən ağır bir yük götürüldü, daxilən yüngülləşdim, saflaşdım. Elə bil həyatda böyük bir borcumu ödədim. Bu hissləri danışmaq yox, görmək və yaşamaq gərəkdir. Hamıya arzu edirəm ki, müqəddəs sayılan ziyarətgahlarımızı ziyarət etsinlər.

-Təxminən 15 il bundan əvvəl Sizə belə bir sual verilmişdi: “Sumqayıtlılara arzunuz?”. Siz belə cavab vermişdiniz: “Sumqayıta elə rəhbərlər gəlsin ki, az bir zamanda bu şəhəri dirçəltsinlər, mənəviyyatı zənginləşdirsinlər. Əvvəlki illərin abı-havası özünə qayıtsın”. Nə əlavə edərdiniz?

-Görürsünüz, dediklərim artıq gerçəkləşib. Sumqayıta layiqli rəhbər gəlib. Şəhərimiz az bir zamanda dirçəldi, tanınmaz oldu. Sumqayıtın getdikcə gözəlləşəcəyinə və böyük nüfuz sahibi olacağına inanıram. Sumqayıtlılara arzum isə budur: Sumqayıtı sevin, qoruyun, inkişaf etdirin. Bu sizlərə ancaq başucalığı gətirər.

Söhbətimiz bununla yekunlaşdı. Günəş batmışdı. Hava da qaralmışdı. Neon lampaları isə bulvarı çıraqban etmişdi. Dənizdən əzən sərin meh insanların istirahətini daha mənalı və maraqlı edirdi. Burada dincələnlər bulvarı salanlar haqqında xoş sözlər söyləyirdilər. Biz də bu xoş sözlərə qoşulub biri-birimizdən ayrıldıq. Evə yollandım, qələmi əlimə alıb müsahibəni hazırladım və imzamı qoydum.

Eyruz Məmmədov,
Respublikanın əməkdar jurnalisti


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar