Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanov yenə meydan oxudu

Tarix: 26-08-2016 08:32     Baxış: 4513 A- / A+
Əli İnsanov yenə meydan oxudu

Prokuror sabiq nazirlə bağlı açıqlama verdi; “O, protokolu cırdı”; politoloq İnsanova qarşı yeni ittihamların səbəbləri barədə ilginc versiyalar açıqladı
11 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işinin açılması gündəmdə olan məsələlərdən biridir. Azadlığa çıxmasına 57 gün qalmış Cinayət Məcəlləsinin 3 maddəsi ilə təqsirləndirilən sabiq nazir artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə “Trend”ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
Vəkil bildirib ki, Ə.İnsanov barəsində avqustun 24-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə sabiq nazir barəsində başlanmış cinayət işi ilə bağlı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.

“Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəm”. Bu bəyanatı “Amerikanın Səsi”nə sabiq səhiyyə naziri Əli İnsanov vəkili Toğrul Babayev vasitəsi ilə verib.

Vəkilin sözlərinə görə, İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi: “Səhhətində də heç bir problem yoxdur. Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı”.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov İnsanovla bağlı məsələyə münasibət bildirərkən Azadlıq Radiosuna deyib ki, bu haqda hər hansı açıqlama verə bilməz, çünki təfsilatı bilmir.

Avqustun 25-də Ə.İnsanov barəsində cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.

Qaradağ rayon prokuroru Natiq Abdullayev APA-ya açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən daxil olmuş məlumata görə, 23 avqust 2016-cı il tarixdə Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına riayət olunması ilə bağlı müvafiq, həmçinin baxış tədbirləri keçirilərkən bir sıra məhkumlarda qanunsuz əşyalar, o cümlədən Ə.İnsanovda şübhəli dərman preparatları aşkar olunub: “Burada söhbət psixotrop maddə hesab edilən, tərkibində "Diazepamın" təsiredici maddəsi olan külli miqdarda dərman həblərindən, həmçinin cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi olan “Tramadol” dərman kapsullarından gedir. Məlumatda həmçinin qeyd olunurdu ki, faktla bağlı Xidmətin əməkdaşları tərəfindən protokol tərtib edilərkən Ə.İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib. Bununla əlaqədar rayon prokurorluğu tərəfindən ilkin yoxlama aparılıb və faktla bağlı başlanmış cinayət işi üzrə Ə.İnsanova ittiham elan olunub. Hazırda zəruri istintaq tədbirləri davam etdirilir".

İnsanovla bağlı cərəyan edən prosesə dair müxtəlif iddialar var. Məsələ ətrafında siyasi çalarlar axtaranlar çoxluq təşkil edirlər. Belə iddialar var ki, sabiq nazir hakimiyyət üçün təhlükəli bir şəxs olduğundan ona qarşı siyasi qərəz var. Daha bir versiya isə İnsanovun vaxtı ilə təmsil olunduğu komandaya qarşı sərt mövqeyi ilə bağlıdır. Üçüncü əsas fikir isə həbsdə olduğu müddət ərzində sabiq nazirin azadlığa çıxmaq üçün hökumətə müraciət etməməsi ilə əlaqədardır.

Bir maraqlı məqam da odur ki, bu informasiya hələ iyunun 7-də yayılmışdı. Ancaq xəbərin onun vəkilləri tərəfindən təkzib olunması ətrafında yaranan müəmmalar çözülmək bilmir. Bu xəbərin iyunun 7-də ortaya atılması ilə iqtidarın keçmiş kadrına mesaj verdiyi, lakin İnsanovun əvvəlki mövqeyində qalmasının sonda belə halla üzləşməsinə səbəb olduğu versiyaları da səslənir...

Politoloq Qabil Hüseynli İnsanovla bağlı olan versiyalarla razı deyil: “Cəmiyyət arasında müəyyən hörməti olsa da, amma hakimiyyətə qarşı problem yaradacaq heç bir şansı yoxdur. Müxalifətdə lidersizlik probleminin olduğu doğrudur, amma onun müxalif camiənin liderinə çevriləcəyini zənn etmirəm. Hakimiyyətdə təmsil olunmuş bir şəxsin müxalifət liderinə çevrilməsi elə də asan məsələ deyil. Xüsusilə də, həbsxanadan çıxan bir şəxsin. Bu çox ağır və çətin bir işdir. Buna böyük fiziki güc, külli miqdarda pul, əhali ilə mütəmadi çalışmaq tələb olunur. Bunları İnsanovun bacaracağına o qədər də inamım yoxdur. Sadəcə ona qarşı yeni cinayət işi açmaqla onu daha da populyarlaşdırır, məşhur edirlər. Onun əzabkeş obrazını yaradırlar ki, bu da cəmiyyətdə hakimiyyətin xeyrinə olmayan rezonanslar yarada bilər. İnsanova qarşı irəli sürülən maddələrə gəlincə, deyə bilərəm ki, onun ali təhsil alarkən içdiyi Hippokrat andına uyğundur. Resept yazıb, insanlara kömək əlini uzadıb. Əsəb dərmanlarının içərisində azacıq olsa da, nikotin xarakterli maddələr ola bilər. Amma bu zavodlar tərəfindən istehsal olunur, özü də xüsusi rəylər əsasında. Dərmanı Əli İnsanov istehsal etmir ki. Belə bir cinayət işinin qaldırılmasını, xüsusisən də, referendum öncəsinə təsadüf etməsini məqsədəuyğun hesab etmirəm. Güman edirəm ki, bu, İnsanovun ətrafındakı söz-söhbətləri, dedi-qoduları daha da artıracaq. Bu da Azərbaycan hakimiyyətinə müsbət hallar gətirməyəcək”.

Politoloq sabiq nazirə qarşı yeni cinayət işinin açılmasına səbəb olan ehtimallarını açıqladı: “Zənnimcə, o, hakimiyyətə bəzi bəhanələr verdi. Bu da ondan ibarət idi ki, onun yenidən məhkəməsi keçirilərkən məhkəmədə müəyyən kobud hərəkətlərə yol verdi. Dövlət başçısının ünvanına müəyyən fikirlər səsləndirdi. Düşünürəm ki, həbsxanada məhbuslara yardım edərkən bunu təbliğat vasitəsinə çevirməməli idi. Halbuki bunları etməyə bilərdi. Nazir işləmiş, akademik olan bir şəxsin məhkəmədə özünü daha korrekt aparmasını arzu edərdim. Təəssüf ki, bu, onda məhkəmələr zamanı alınmadı. Nəticədə belə insidentlər yarandı. İki ay öncə ona cinayət işi açılacağı barədə xəbərlər yayıldı. Sonradan təkzib olundu. Ola bilsin ki, həmin vaxt ona bəzi mesajlar ötürülmüşdü. Onunla bağlı indiki iddialar, irəli sürülən üç cinayət maddəsi İnsanovun həkimlik fəaliyyətində olan borcu, içdiyi Hippokrat andı ilə bağlıdır. Həbsxanada məhbus olan həkimlərin hamısı səhhətində problemlər yaranan məhbuslara yardımçı olmağa çalışırlar. Bunun cinayət tərkibi yaradıb-yaratmadığı hüquqçuların işidir. Yaxud həkim olub həbsxanaya düşən şəxsə xüsusi lisenziya verilib-verilməməsi də hüquqçuların işidir. Qanunvericilikdə belə halın olduğunu deməyə çətinlik çəkirəm. Həkim olan məhbusun problemi olan bir şəxsə kömək əlini uzatmasında kriminal heç nə görmürəm”.

Q.Hüseynli sabiq nazirin azadlığa çıxmaq üçün etməli olduğu işlərə də toxundu: “İlk növbədə, dilinə sahiblik etməlidir. Yeri gəldi-gəlmədi onu-bunu tənqid etməklə məşğul olmasın. Yaşının bu həddində çalışıb azadlığa çıxmalı, öz sağlamlığının qeydinə qalmaq haqqında düşünməlidir. Onu-bunu təftiş etməkdən əl çəkməlidir”.

Əli İnsanovla bağlı məsələyə və iddialara dair iqtidar təmsilçiləri ilə də danışmaq istədik. Lakin onlar bu mövzu barədə danışmaqdan imtina etdilər.


Xatırladaq ki, sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb
.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apelyasiya instansiyasına göndərib.
2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

İnsanov hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O 1993-2005-ci illərdə səhiyyə naziri olub.

İnsanov məhkəmə iclaslarında hökumətin və yüksək hökumət rəhbərlərinin fəaliyyətini kəskin tənqidlərə məruz qoyub.

C. ABBASLI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar