Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müdrik rəhbərin önləyici qərarları və ya xalqın xilasına hesablanmış addımlar...

Tarix: 28-04-2020 17:42     Baxış: 3668 A- / A+
Müdrik rəhbərin önləyici qərarları və ya xalqın xilasına hesablanmış addımlar...

Azərbaycan xalqı müdrik rəhbərinin müdrik və önləyici qərarları sayəsində ağır sınaqdan üzüağ çıxır.

Dünyamız ciddi sınaq qarşısındadır: bununla artıq bir neçə aydır ki, əksər ölkələr fövqəladə rejim şəraitində bütün resurslarını koronavirusla mübarizəyə səfərbər ediblər. Bu müddətdə geniş coğrafi arealda insanlığın faciəsinə şahidlik etmək məcburiyyətindəyik. Hər gün dünyada yüz minlərlə insanın virusa yoluxması, on minlərlə insanın həyatını itirməsi, karantin rejimi və sosial təcrid tədbirlərinin qüvvədəolma müddətinin uzanması iqtisadi cəhətdən inkişaf etmiş ölkələri belə ciddi şəkildə zəiflədir.

Son aylaradək dünyanın aparıcı dövlətlərindən sayılan ABŞ hazırda 1 milyonu ötən yoluxma sayı ilə çox çətin vəziyyətdədir – amerikanlar son 2 ayda dövlət kimi mövcudluq tarixlərinin ən kritik dönəmini yaşayırlar. Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, Danimarka kimi aparıcı Avropa ölkələri də vəziyyətə nəzarəti faktiki olaraq itirdiklərini etiraf edirlər.

Təəəssüf hissi ilə vurğalamalıyıq ki, Azərbaycanın yerləşdiyi coğrafiyada da vəziyyət ürəkaçan deyil: respublikamıza qonşu, həmsərhəd dövlətlərdən İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında koronavirusa yoluxanların sayı yüzminlərlə ölçülür. Belə bir şəraitdə Azərbaycanda koronavirusa yoluxma və ölüm sayının nəzərəçarpacaq dərəcədə aşağı olması, respublikamızın vəziyyətdən maksimum az itki ilə çıxması, ilk növbədə, ölkə rəhbərliyinin yürütdüyü düşünülmüş, qabaqlayıcı və çevik tədbirlərin məntiqi nəticəsi kimi təqdirəlayiqdir. Bu reallıq əksər aparıcı ölkələr, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən birmənalı etiraf edilir, Azərbaycanın əldə etdiyi nailiyyətlər nümunə və örnək kimi göstərilir.

ÜST-ün baş direktoru Tedros Qebreyesusun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda koronavirusla mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirlər aqlışlanaraq unikal model kimi dəyərləndirilib. Təşkilatın tövsiyələrinə ilk gündən məsuliyyətlə yanaşan respublikamızın atdığı önləyici addımlar, qəbul etdiyi qətiyyətli qərarlar qısa zamanda müsbət nəticələrini verməklə, faktiki olaraq vəziyyətin nəzarət altına alınmasına, sabitləşməyə və yoluxma sayında azalan dinamikaya imkan yaradıb. Bir çox ölkələrin rəsmiləri də təqdirlə vurğulayır ki, Azərbaycan pandemiyanın qarşısının alınmasında texniki, iqtisadi, sosial, hüquqi və tibbi tədbirləri ən yaxşı səviyyədə təşkil edən qabaqcıl dövlətlər sırasındadır.

Dünya birliyinin ayrılmaz üzvü olan respublikamız qlobal problemlərin həllində daim ön cəbhədə yer alır, qarşılıqlı faydalı müzakirələr apararaq səmərəli təşəbbüslərlə şıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən fövqəladə zirvə görüşü qlobal təhdidə qarşı mübarizədə koordinasiyalı addımların, həmçinin xalqlarımızın birliyinin və humanizminin parlaq təzahürünə çevrilib.

Dövlətimizin rəhbəri bir müddət əvvəl Sumqayıt şəhərinə səfəri zamanı Azərbaycanda yürüdülən siyasətin əsasında vətəndaş amilinin dayandığını bir daha bəyan edərək deyib: “Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir”.

Xatırlatmaq yerinə düşər ki, dövlətimizin başçısının 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılması, 14 mart 2020-ci il tarixindən isə sosial izolyasiya qaydalarının tətbiqinə başlanılması ilk günlərdən səmərəli nəticələrini göstərib. 2020-ci il martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilməsi, bir sıra mehmanxanaların, sanatoriya və digər infrastruktur obyektlərinin bu məqsədlə səfərbərliyə alınması kütləvi yoluxma hallarının qarşısının alınması baxımından əhəmiyyətli olub. Martın 29-dan xüsusi karantin rejimi gücləndirilib, iki mərhələli olmaqla aprelin 5-dən mayın 4-dək hərəkət məhdudiyyətləri tətbiq edilib.

Yoluxmanın qeydə alındığı ilk günlərdə xalqa səmimi müraciət edən möhtərəm Prezidentimiz dəyərli tövsiyə və məsləhətlərini verib, «Biz birlikdə güclüyük» şüarını irəli sürərək milli həmrəyliyi təmin edib. İnfeksiya ilə mübarizənin səmərəli təşkili məqsədilə dövlətimizin rəhbərinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, quruma ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Bir illik məvaciblərini Fonda ianə edən dövlətimizin başçısı və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu humanist addımları cəmiyyətdə həmrəylik və səfərbərlik ovqatının gücləndirilməsi baxımından son dərəcədə əhəmiyyətli olub.

Digər təxirəsalınmaz tədbir isə fevralın 29-dan İranla, sonrakı mərhələdə Gürcüstan, Türkiyə və Rusiya ilə dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanmasıdır. Əksər dövlətlər hava reyslərini təxirə saldığından, 2020-ci il mart ayından xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlara müraciət olunub. Müntəzəm çarter reysləri üzrə İran, Türkiyə, Rusiya, İtaliya, Macarıstan və digər ölkələrdən soydaşlarımızın geriyə dönüşü və karantinə alınması təmin edilib.

Pandemiya müddətində bəzi sahələrdə çalışanlar sağlamlığıı risk qrupunda olan insanlar kimi cəmiyyətin daha çox rəğbətini qazanıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sırada polis əməkdaşları və həkimlərin əməyini xüsusi qeyd edərək onlara dərin təşəkkürünü ifadə edib. Dövlətimizin başçısının müdrik addımlarından biri də koronavirusla mübarizədə «ön cəbhədə» olan həkimlərin əməyinin stimullaşdırılması olub. Ölkə rəhbərinin 18 mart 2020-ci il tarixli sərəncamı ilə pandemiya ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndirilib: dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 06 aprel 2020-ci il tarixdə imzaladığı növbəti əfv fərmanı ilə yaşı 65-i keçmiş məhkumların bir qisminin azad edilməsi isə pandemiya dövründə mühüm humanist və insanpərvər addımlardan biri kimi tarixiləşib. Sərəncamla 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Şübhəsiz, virusa yoluxması daha ağır nəticələnə biləcək ahıl məhkumların azadlığa buraxılması onların həyatlarının təhlükəsizliyi və sağlamlıqlarının qorunması, xüsusilə ailə qayğısı ilə əhatə olunmaları baxımından son dəcərə humanist bir addımdır.

Tətbiq edilmiş sosial təcrid tədbirlərinin iş yerləri müvəqqəti dayandırılmış vətəndaşların rifahına və ölkə iqtisadiyyatına ciddi töhfələri olan sahibkarların işgüzar fəallığına mənfi təsirləri nəzərə alınmaqla, mühüm dövlət proqramlarının işlənib hazırlanması və qəbulu da diqqətdə saxlanılıb. Dövlətimizin başçısının 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında pandemiyanın iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 2,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketinin qəbulu cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Həmin paketə əsasən, pandemiya dövründə mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün ciddi güzəştlər nəzərdə tutulub.

Bununla əlaqədar Vergi Məcəlləsinə təklif olunan əlavələrə görə, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövrdə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi; mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin tətbiqi – 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişikliklər sırasında koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma da yer alıb.

Digər təklif müxtəlif vergi rejimlərində çalışan vergi ödəyiciləri üçün vergi güzəştlərini özündə ehtiva edir. Belə ki, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi təklif edilir. Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, pandemiyadan zərər çəkmiş sahələrdə çalıçan sahibkarlara dövlət büdcəsi hesabına birdəfəlik maddi yardımların göstərilməsi də iş adamları tərəfindən böyük rəğbətlə qarşılanır.

Dövlətimizin başçısını müvafiq göstərişinə əsasən pandemiyadan zərər çəkmiş, iş yerini itirmiş və yaxud işləməyən 600 min nəfərədək vətəndaşa 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi təmin olunacaq. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək də bu proqramın tərkib hissəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, son aylarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da koronavirusla mübarizəyə sanballı töhfələrini verib. Xalqa özünəməxsus səmimiyyətlə, isti sözlərlə müraciət edən Birinci vitse-prezident çətin günlərdə hamını həmrəylik nümayiş etdirməyə, qərarlara məsuliyyətlə riayət etməyə çağırıb. Onun “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik” fikri cəmiyyətdə mənəvi birliyi daha da gücləndirib, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsinə, şəxsi məsuliyyət və nizam-intizamın artırılmasına müsbət təsirini göstərib.

Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə xarici ölkələrdən zəruri tibbi avadanlıqlar, tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr respublikamıza gətirilərək tibb müəssisələrinə verilib. Rəhbəri olduğu Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” devizi altında yüz minədək ailəyə ərzaq yardımı göstərməsi də mühüm sosial aksiya kimi vurğulanmalıdır.

Yeri gəlmişkən onu da bildirək ki, pandemiya ilə əlaqədar tələbatın kəskin artması səbəbindən əksər ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın qıtlığı müçahidə edilir. İstehsalçı ölkələr tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığının və xammalın ixracını da saxlayıblar. Lakin Prezident cənab İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar. 2020-ci il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Təhsil işçisi kimi xüsusi bildirmək istərdim ki, pandemiya dövründə respublika üzrə orta və orta ixtisas ümümtəhsil müəssisələrində, eləcə də ali məktəblərdə dərslərə müvəqqəti fasilə verilməsi virusa yoluxmasının qarşısını alınması baxımından vaxtında atılmış, düzgün addımlardan olub. Təhsil Nazirliyi son 2 ayda təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən istifadəni təmin edib.

Təhsil Nazirliyi ilə Azərbaycan televiziyası arasında əldə olunmuş razılığa əsasən, “Mədəniyyət” kanalında canlı dərslərin təşkili və digər layihələr şagirdlərin tədris prosesini uğurla davam etdirmələrinə imkan yaradıb. Eyni zamanda, nazirlik tərəfindən istifadəyə verilmiş “Virtual məktəb” layihəsi onlayn rejimdə teledərslərin interaktivliyini təmin etməklə məsafədən tədris imkanlarının genişləndirilməsinə imkan yaradıb. Yüz minlərlə şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək yaşına uyğun sinfə təyin olunublar. Bütün bunlar tədrisin keyfiyyətinin qorunub saxlanması ilə yanaşı, texnologiya əsrinin aktual çağırışlarından olan məsafədən təhsil modelinin reallaşmasına əsaslı təkan olub.

Nazirlik ali məktəblərdə təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadəni təmin edib. Video bağlantı vasitəsilə məsafədən təhsilvermə, interaktiv alətlərin köməyilə müəllim-tələbə müzakirəsinin təşkili, mühazirə və digər dərs materiallarının ötürülməsi, böyük həcmli materialların yerləşdirilməsi təmin edilir.

Xüsusi vurğulamaq istərdim ki, təsisçisi olduğum “İdrak”liseyi pandemiya dövründə üzərinə düşən vəzifələri düzgün dəyərləndirərək ən müasir texnoloji üsul-vasitələrlə tədris prosesinin davamlılığını yüksək səviyyədə təmin edən özəl orta təhsil müəssisələrindəndir. İnnovativ distant təhsil modeli olan “Media dərs”layihəsini hələ 2016-cı ildən uğurla tətbiq etmiş lisey pandemiya dövründə bu təcrübədən daha geniş bəhrələnərək fəaliyyətini inamla davam etdirib. Məlumat üçün bildirək ki, “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət edərək dərsin izahını təkrar izləyə bilər. Beləliklə, həm öyrədənlər, həm də öyrənənlər üçün zaman, məkan məhdudiyyəti tamamilə aradan qalxır, məsafədən təhsil modeli uğurla reallaşır. Bu layihə şagirdlərdə dinləmə yolu ilə təfəkkürün inkişafına da imkan yaradır, sərbəst qavrama, mənimsəmə vərdişlərini inkişaf etdirir. Media dərslər vasitəsilə müəllimlər eyni zamanda müvafiq fənn üzrə sualları, zaçot tapşırıqlarını məsafədən şagirdlərin diqqətinə çatdırırlar. Lahiyənin digər bir üstünlüyü ondan ibarətdir ki, valideynlər istənilən vaxt tədrisin səviyyəsi, dərslərin izahı və verilən tapşırıqlarla əyani şəkildə tanış ola bilərlər.

Ümumilikdə, ölkə üzrə görülən bu və digər tədbirlər yaranmış çətin vəziyyətdən qısa zamanda, sabitləşməyə imkan yaradıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 aprel 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi mayın 4-dək uzadılsa da, 27 aprel 2020-ci il tarixdən artıq məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bu, şübhəsiz vaxtında həyata keçirilən məqsədyönlü və uzagörən tədbirlərin real nəticəsidir.

Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliklə müəyyən etdiyi qərarların uğurla yerinə yetirilməsi sayəsində xalqımız pandemiyanın ağır fəsadlarından minimum itki ilə çıxmağa müvəffəq olub. Ölkə vətəndaşları bu çətin mərhələni qısa müddətdə geridə qoyaraq üzləşdiyimiz sınaqdan üzüağ çıxacağımıza dərindən inanırlar. Mütləq əksəriyyət əmindir ki, dövlətimizin başçısının müdrik addımları, əhalinin sağlamlığının qorunması istiqamətində gördüyü misilsiz işlər Azərbaycanın yenidən əvvəlki kimi güclü sosial-iqtisadi inkişaf yolu ilə irəliləməsinə səbəb olacaq. Vətəndaşların hər gün dövlətimizin başçısına çoxlu sayda minnətdarlıq məktubları ünvanlamaları və minnətdarlıq duyğularını ifadə etmələri bu inamı bir daha əyani təcəssüm etdirir.

Mönsüm ALIŞOV,
"İdrak" liseyinin təsisçisi,
pedaqoji elmlər doktoru, professor

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar