Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan toylarında yengəlik sıradan çıxır

Tarix: 17-12-2017 16:41     Baxış: 52 160 A- / A+
Azərbaycan toylarında yengəlik sıradan çıxır


Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənlərilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Yengə həmişə yalnız bəy və gəlinin yaxın qohumlardan və inanılmış adamlardan təyin olunub.
Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından çıxmaqdadır. Artıq bəzi toylarımızda yengələr gözə dəymir.


AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova modern.az-a unudulan bu adətdən - yengəlikdən danışıb. O bildirib ki, yengə toy mərasiminin iştirakçıları silsiləsində bütövlükdə bu mərasimin ən mühüm atributu kimi çıxış edir:
"Toy mərasiminin son mərhələsində fəallaşan bu obraz, əslində xeyir işin ilk günlərindən müəyyənləşəir. Qızın qohumları sırasından seçilən yengə "başıbütöv”, yəni ərli, oğul-uşaqlı, bir sözlə, yarımış qadın olmalıdır. Yengə obrazına bütün türk xalqlarının toy mərasimlərində rast gəlinir. Qazaxlarda və qaraqalpaqlarda jenqe, özbəklərdə yanqa, türkmənlərdə enne, altaylarda yenqezi eyesi, Anadolu türklərində yenqe, Dağıstan tərəkəmələrində yengə, tuvalılarda çenqem, habelə taciklərdə yanqa vurova adlanan bu personaj bütün hallarda (yəni bütün xalqlarda) eyni funksiyanı icra edir.
"Yengə” sözünün mənası Mahmud Kaşğarinin "Divani-lüğətit-türk”ündə böyük qardaşın arvadı, V.Radlovun "Qədim türk lüğəti”ndə isə böyük qardaşın ya da dayının arvadı kimi açıqlanır. Qədim türk yazılı abidələrində də yengə adıçəkilən lüğətlərdəki mənada işlənir. Bu cür mötəbər mənbələrdə yengənin toy mərasimi ilə ilgili funksiyalarının anılmaması heç də bu obrazın toy mərasiminə sonradan daxil edilməsi, yəni yaşca "cavan” olmasını göstərmir. Sadəcə olaraq, gəlini müşayiət edənin çox zaman eyni adam-yəni qardaş arvadı olması vəzifənin də qohumluq münasibətini bildirən bu sözlə adlandırılmasına səbəb olub”.
Müsahibimiz qeyd edib ki, bəzi xalqlarda yengəlik vəzifəsini qız anası icra edir:

"Bütün xalqların toy mərasimində gəlini müşayiət edən, ona həyatının bu mühüm günündə davranış qaydalarını başa salan bu cür obraza ehtiyac duyulur. Bəzi xalqlarda (nenlərdə) bu vəzifəni qız anası icra edir.
Azərbaycanlıların, eləcə də başqa türk xalqlarının əxlaq normaları, nəinki qız anasının, bütövlükdə qan qohumluğu olan şəxslərin bu vəzifəyə seçilməsini istisna edir. Buna görə də qardaş arvadı bu məsuliyyətli vəzifəni boynuna götürür. Qardaş arvadının seçilməsinin Q.Snesaryov tərəfindən göstərilən başqa bir səbəbi də mövcuddur: "Ekzoqamiya və patrilokal yaşayış formasında qızın, qardaşlarının qız aldığı kollektivə gedəcəyini nəzərə alsaq, bu personajın mahiyyəti daha da aşkarlanar. Beləcə, qız evinin qudalıq münasibətində olduğu nəslin nümayəndəsi kimi çıxış edən yengə, qızı onun üçün yeni olan kollektivə daxil etmək vəzifəsi daşıyır”.
Başqa sözlə, yengə gəlinin düşəcəyi mühit və adamlarla daha yaxından tanış olduğundan bu funksiyaların məhz onun tərəfindən icrası əlverişli sayılır. Azərbaycanda da yengəyə gəlini toyqabağı-nişan, xınayaxdı, gəlinbəzədi və.s mərasimlərdə müşayiət edən, öyüd-nəsihət verən bir obraz kimi yanaşırlar. Bu münasibəti Azərbaycan folklor yaddaşında qorunan

Arxalığın oymadı
Gözüm yardan doymadı
Çıxdım yolun üstünə
Paxıl (Ölmüş) yengəm qoymadı.

bayatısı təsdiq edir. Toy mərasimində bu cür obraza ehtiyacı isə qızların erkən yaşlarda ərə verilməsi şərtləndirir”.
A.Ramazanovanın sözlərinə görə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən bir obraz kimi meydana gəlib:
"Özbəklər erkən yaşlarda "bikeş” adlandırdığı qızın sirdaşı, əsas məsləhətçisi olan qardaş arvadı toy mərasimində "jenqe” vəzifəsini icra edir. "Göyçək Fatma” nağılında, habelə qaraqalpaqların "Qırx qız” eposunda qəhrəman-qızların hamisi, köməkçisi məhz yengədir.

Bulağın döngə yolu
Sallanıb yen gə yolu
Toy edən yaxşı bilir
Ağırdır yengə yolu.

Bu bayatıda yengə yolunun, yəni vəzifəsini ağır hesab edilməsi yengənin həm də toy gecəsinin nəticələrini yoxlayan bir şəxs olmasından irəli gəlir. Bu isə həmin obraza sonrakı zaman kəsimlərində aşılanmış bir xüsusiyyətdir.
Bu personajın mənşəyinə gəlincə isə fikrimizcə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən bir obraz kimi meydana gəlib. Belə ki, yeni ailə qurmuş gənclərin toy mərasimi zamanı bədxah ruhlara, şər qüvvələrə qarşı daha həssas olması məlum faktlardandır. Bundan başqa, toy mərasimində bu və ya digər səbəbdən pis niyyətli adamların iştirakı da mümkündür. Bu cür adamlardan, habelə bədxah qüvvələrdən qorunmaq üçün gəlinlə bəyə xüsusi adamlar təhkim edilir ki, onlar da öz növbəsində növcavanları mühafizə edirlər.
Məhz bu məqsədlə taciklərdə toy gecəsi səhərə qədər işığı söndürmür; ruslarda əlində xəncər tutmuş bir atlı bütün gecəni gəlinlə bəy olan evin ətrafına dolaşır; salur türkmənlərində evə xüsusi gözətçi qoyulur; azərbaycanlılarda və digər xalqlarda bu vəzifələri yengə icra edir.
Gördüyünüz kimi, inkişafın ilkin pillələrində qoruyuculuq funksiyalarını həyata keçirən yengə, sonralar həm də nəsihətçi, daha sonra isə nəzarətçi vəzifələrini icra etməyə başlayır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar