Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsmayıl Mərcanlı İmanzadə:"Nə bir az təzəyəm, nə də ki, köhnə, sənin “ol” dediyin gündənəm, Allah!" -ŞEİRLƏR

Tarix: 18-06-2020 20:42     Baxış: 3897 A- / A+
İsmayıl Mərcanlı İmanzadə:"Nə bir az təzəyəm, nə də ki, köhnə, sənin “ol” dediyin gündənəm, Allah!"

Sənsən tacidarı göyün, yerin də,
Heç vaxt açılmayan sirrin dərində.
Əgər ismim yoxsa “can dəftəri”ində,
Deyim,- İsmayıl adlı bəndənəm Allah!


Manevr.az İsmayıl Mərcanlı İmanzadənin yeni şeirlərini təqdim edir:

SANMAYIN YETƏN ÖLƏCƏK

Çoxaldıqca qiymət-qədir
Biləcəyik sevgi nədir.
Torpaq bir dolu təknədir,
Nə sünbül, nə dən öləcək.

Haqqın qatlanmaz dizi var,
Hər gecənin gündüzü var.
Taleyin min bir üzü var,
Kim bilir nədən öləcək?

Tanrının qadir əlləri
Qoruyacaq yenə yeri.
Ruhumuz qalacaq diri,
Ölsə də bədən öləcək.

Dərd nə bir, nə də ikidir,
Həyar hər şeyin ilkidir.
Ölüm haqqı bizimkidir,
Əcəli yetən öləcək...

04.04.2020

ÖMÜRDÜ DƏƏ… YAŞAYIRAM

Əzəlindən, axırından halıyam,
İç üzündən, paxırından halıyam.
Gəlirindən, çıxarından halıyam -
Tərifləyib, satası ki deyiləm!

Ürəyimə yol tapmayıb hər dinən,
Nə sirrimi var bölüşmüşəm mərdinən.
Doğulandan qol-boyunam dərdinən -
Bəxtin əlvan butası ki deyiləm!

Gedən getdi… vay halına qalanın,
Tamah dişi çox itidir talanın…
Dili pəltək, gözü qıpıq yalanın -
Kölgəsində yatası ki deyiləm!

Gizli-aşkar ötən anlar çox yeyin,
Ümu-küsü uşaq kimi ərköyün.
Boz sifətli məzəmmətin, gileyin -
Zülmətində batası ki deyiləm!

Boş xülyalar solğun üzlü saçaqmış,
Xatirələr tüstülənən ocaqmış.
Yamanlığın bir ayağı qaçaqmış -
Ha qovsam da, tutası ki deyiləm!

Mənimkidir yaxşısı da, pisi də
Canımdadır tüstüsü də, hisi də.
Çox şirindir avandı da, tərsi də -
Bəxtin səhvi, xətası ki deyiləm!..

Nə nisgilin köləsiyəm, nə ahın
Ətəyindən tutmamışam günahın.
Şairliyim töhfəsidir Allahın -
Sözə haram qatası ki deyiləm!

Tanıyıram, həm sevincdir, həm qəhər,
Həyat ona gah bal qatıb, gah zəhər.
Ömürdü dəə, yaşayıram birtəhər -
Tapdalayıb atası ki deyiləm!

09.06.2020

BİZ NİYƏ BELƏYİK...

Zəmanə üzünü qəfil bozartdı,
İtdik zülmətində “bəhsə-bəhs”lərin.
“Mənəm-mənəm” deyən çoxalıb artdı,
Kündəsi küt getdi halal kəslərin.

Namus da, qeyrət də kəsərdən düşdü,
Tanıya bilmədik niyə pisləri?
Dinmədik... tullanıb qabağa keçdi,
Sərvət düşkünləri, pul hərisləri.

Ağa qara dedik, qarayasa ağ,
“Dərs aldıq” alyanaq “manisə”lərdən.
Hönkürə-hönkürə qaldı Qarabağ,
Düşdü ovcumuza göz yaşı dən-dən.

Sırası seyrəldi mərd ərənlərin,
Torpaq həsrət qaldı alın tərinə.
Ucuz ad-sanıyla öyünənlərin
Züy tutub, əl çaldıq dediklərinə...

“Salam-sağollar”ın qalmadı dadı,
Aldanıb, güvəndik ağlı çaşlara. .
Xilaskar zənn edib hər gələn yadı,
Bükdük yalanları al qumaşlara.

Niyə əllərimiz üzüldü haqdan,
Xoş söz dildən düşdü, barmaq tətikdən.
Sönmüş ocaqlara baxıb uzaqdan,
Öpdük yad ellərdə əldən-ətəkdən...

Bizdəki “hünərə” mat qalıb yağı,
Nə yurd yada düşür, nə künc-bucaqlar.
“Əlborcu vermişik” - dedik torpağı,
Lazım nə vaxt gəlsə qaytaracaqlar...

21.04.2020

ŞAİR

Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran-
Yetənə vurulan şair.

Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında-
Düyməsi qırılan şair.

Gizlətməz başını qında,
Bənd olan deyil heç yanda.
Tək bircə göz qırpımında-
Bulanıb-durulan şair.

Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı-
Usanıb yorulan şair.

Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da-
İçindən qırılan şair.

DESİN

Kim alın yazısını
Oxuya bilib, - desin.
Bir vaxt öz arzusuyla
Dünyaya gəlib, - desin.

Həyat nə vaxt dözüb ki,
Hər yetənin nazına?
Kim ərk edibsə gedib
Bir səhvin güdazına...

Yollar eniş-yoxuşlu,
Daş-kəsəkli, köndələn.
Bəzən mənzil başına
Hamıdan tez çatıbdır

Yolla şaytıyıb gələn.
Yazan belə yazıbdır,
Öz səmti var qismətin.
Dilini kim bilib ki,

Uğursuz məhəbbətin?..
İşıq gələn tərəfə
Tutanda üzümüzü,
Kimsə deməyib orda

Divlər gözləyir bizi.
Yürüyürük hər şeyin
Dalınca yorta-yorta.
Yoruluruq hardasa

Bir ömrün dağdan ağır
Yükünü darta-darta...
Sonda anlayırıq ki,
İnsan öz taleyiylə

Hər an baş-başa imiş.
Dünya qosqoca səhnə,
Ömür sonu ölümlə
Bitən tamaşa imiş...

28.04.2020

BƏXTİMİN

Eşidə bilmədim heç vaxt səsini,
Alnıma yazıbmış hər kəlməsini...
Nə özünü gördüm, nə kölgəsini,
Tanrı umuduna qalan bəxtimin.

Dedim, bəlkə ölüb... heç demə sağmış,
Gözlərimdə nisgil, sinəmdə dağmış.
Əl atdım yapışam... yaxası yoxmuş,
Gözümün odunu alan bəxtimin...

29.04.2020

İLAHİ, AÇ QAPIMI

İlahi, aç qapımı,
Sənə deyəcəyim var.
Hər sirrimdən halısan,
Sözdən başqa nəyim var?

Bir azca en aşağı,
Boylanım dərgahına.
Deyim, necə dözürsən
Məzlumların ahına...

İlahi, indi Səndən
Mərhəmət umur hamı.
Qoyma doğub-törəsin
Güclü-gücsüz əyyamı.

Şeytanla həmrəy olub
Nə vaxtdır ki, çoxları.
Səndən başqa kim bilir
Olub-olacaqları...

İlahi, bu dünyanı
Ya yerli-dibli uçur,
Ya da hökm et təzədən,
Saflaşaq puçur-puçur.

01.05.2020

HƏR ŞEYİN ÖZ HÖKMÜ VAR

Qurunun son qisməti,
Yaşın da öz hökmü var.
Çınqılın, kəsəyin də,
Daşın da öz hökmü var.

Yalanın dili hərzə,
Yaxşı-yaman göz-gözə.
Dolu çıxmasa üzə,
Boşun da öz hökmü var.

Gözü əysə tarazın,
Haqq itirər avazın.
Yazın, yayın, payızın,
Qışın da öz hökmü var.

Oyan, ey qafil, oyan
Tanrıya hər şey ayan.
Nəfsinə qul olmayan
Başın da öz hökmü var.

02.05.2020

AĞLASIN

Dərd bəxtin qara daşımı,
Qoymur girləyəm başımı.
Rəhmə gəlib göz yaşımı
Silən, ağlasa, ağlasın.

Qəribəm, sızlamaq peşəm,
Tanrım, qoyma gözdən düşəm.
Yaman günümdür, ölmüşəm,
Gələn, ağlasa, ağlasın.

Bir divanəyəm elə bil,
Gözərib ağzımdakı dil.
Eşqimlə birgə ötən il
Ölən, ağlasa, ağlasın...

Korazehin fəhmim olub,
Bağışlanmaz səhvim olub.
Çoxdan yasım, dəfnim olub,
Bilən, ağlasa, ağlasın.

03.05.2020

ÜŞÜSƏN, YERİNİ DE

Kim sənə səmt düşə bilər,
Kəsmişəm bəndi-bərəni.
Bu gecə yaman soyuqdur,
Aşıq qoyma pəncərəni.

Quruca nəfəsim qalıb,
Nəyim var ki, verim sənə?
Üşüsən bildir yerini,
Qəlbimi göndərim sənə.

05.05.2020

ALLAH

Ülvi duyğularım dəhnədir, dəhnə
Ürəyim şeirlə dolu bir təhnə.
Nə bir az təzəyəm, nə də ki, köhnə,
Sənin “ol” dediyin gündənəm, Allah!

Qəribəm, heç nəyə gəlmir gümanım,
Sevgindir əbədi dinim-imanım.
Saflıq-halallıqır andım-amanım,
Yoğurub-yapdığın kündənəm, Allah!

Sənsən tacidarı göyün, yerin də,
Heç vaxt açılmayan sirrin dərində.
Əgər ismim yoxsa “can dəftəri”ində,
Deyim,- İsmayıl adlı bəndənəm Allah!

19.05.2020

GƏLİRƏM

Eşqin sızlayan diliyəm,
Bir xışma ocaq külüyəm.
Elə bilmə ki, dəliyəm –
Tapmıram əlac, gəlirəm.

Yandırası od deyiləm,
Bəxt evi bərbad deyiləm.
Tanıyırsan, yad deyiləm –
Demirəm haa, qaç gəlirəm.

Hər yan zülmət, gecə yarı,
Aşa bilmərəm hasarı.
Ürəyinin “qapısını” –
Üzümə tez aç, gəlirəm.

11.06.2020

BU GECƏ GİRMƏ YUXUMA

Bu gecə girmə yuxuma,
Dərd-qəm qonağım olacaq.
Sübhədək ev tikəcəyəm,
Həyətim-bağım olacaq.

Gəlib kəsmə qarşısını,
Qoy, vaxt keçsin yeyin-yeyin.
Şübhələnmə heç nədən ha,
Sus, dil açmasın gileyin…

Kölgətək dalımca qaçıb
Dolaşma əl-ayağıma.
Qoy, hərdən sükut “əl çalsın”
Arabir qəmli çağıma…

Qorxuram qəfil gələsən
Oyanıb xətrinə dəyəm.
Bu gecə axtarma məni,
Özgə işin yoxdu bəyəm?

Qayıdım ötən günlərə,
Bir az bulud kimi dolum.
Əgər baxmasam üzünə
İncimə qurbanın olum…

Bu gecə girmə yuxuma,
Bəhanə gəzmə heç nədə.
Söykə balınca üzünü,
Qoy, şəklin gəlsin, gəlsə də…

13.06.2020

TA ŞEİRİMİ SƏNƏ GÖRƏ YAZIRAM

Pıçıltımla eləyirəm vəsfini,
Gizlədirəm bir sirr kimi ismini.
Sözlə çəkib kağız üstə rəsmini,
Surətini “hörə-hörə” yazıram.

Bəxtim verib “artığı da, kəmi” də,
“Qazancımdır” kipriyinin nəmi də.
Səndən xəlvət sevinci də, qəmi də
Gözlərindən dərə-dərə yazıram.

Kövrəkliyin zülmət donlu buludum,
Pay umuram nəfəsindən bir udum.
Sərt sözünlə ovulanda umudum,
Sızlayıb can verə-verə yazıram.

Çək-çevirmi eləyirsən hələ sən,
Anlamıram, axı niyə beləsən?
Minnət deyil, istəyirəm biləsən,
Ta şeiri də sənə görə yazıram.

16.06.2020
Mingəçevir şəhəri
İsmayıl Mərcanlı İmanzadə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar