Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ziyalılığın Rafiq Əliyev meyarları

Tarix: 27-05-2020 15:24     Baxış: 31 190 A- / A+
Ziyalılığın Rafiq Əliyev meyarları

“Su kimi sakit və güclü” kitabındakı mətləblərin və hədəflərin məni hələ çox özünə cəlb edəcəyini, düşündürəcəyini, bu qiymətli incinin səhifələrinə səyahət edib axtardığını tapanlar kimi sevinəcəyimi, ürəyimdən keçənləri məni anlayan kimlərləsə bölüşəcəyimi öncədən ”proqnoz”laşdırmışdım. Başqa proqnozlardan fərqli olaraq bu öncəgörməm yüz faiz özünü doğrultdu.

Özü də seçilmişlərdən olan Məmməd İsmayılın sözü ilə desək, Tanrının ovqatının xoş vaxtında dünyaya gələnlər, seçilmişlər düşüncələri ilə baş-başa qalanda qaranlığı, qara rəngi unudursan. Bilirsən ki, qara ilə ağın arasında sonsuz sayda qəlboxşayan rənglər varmış. Belə bəndələr başdan ayağa işığın özüymüş. “Millətin gizli bilgilərini daşıyan seçilmişlər”ə (M.İsmayıl) ziyalı da deyirlər, intelligent də. Mirzə Cəlil yüz il bundan əvvəl belələrinə “işıqlı” deyirdi. Nədənsə mənə “aydın” sözü daha doğmadır. Təkcə qardaşlarımız Anadolu türklərinin dilində işləndiyinə görə yox. Səslənməsinə, ana dilimizin qrammatik qaydalarına, uyğunluğuna, həm də dilimizin şirin-şəkər şirəsinə görə.
Ziyalılığın meyarları nədir? sualını on nəfərə ünvanlasaq, bəlkə də ondan on dəfə çox cavab alarıq. Səmimi, sadə, humanist, ədalətli, əqidəli, azad fikirli, ləyaqətli, cəsarətli, intellektli, vicdanlı, nəfsinə sahib, qürurlu, əzilməyən, sınmayan İNSAN olmaq, “mənəvi dəyərləri maddi meyarlarla ölçməmək, öz zəmanəsindən yüksəkdə durmaq” (Əbu Turxan), vətəndaşlığı, vətəndaş mövqeyini qorumaq, insanlara hörmət və qayğı ilə yanaşmaq, milli mənafeyi şəxsi maraqlarından üstün tutmaq, həqiqətin keşiyində dayanmaq. Bu mənəvi kriterilərin siyahısını hələ xeyli artırmaq mümkündür. Dünyada mənəvi keyfiyyətlərin hamısını özündə birləşdirib onları gözünün bəbəyi kimi qoruyan insanlar tapmaq çətin iş olsa da əminəm ki, var. Elə İnsanlardan biri ABŞ-ın Corciya Dövlət Univerisitetinin, Almaniyanın Zigen, Şimali Kiprin Yaxın Doğu, Təbriz və s. universitetlərin seçilmiş professoru, “Elmdə Ömürlük Nailiyyət Ödülü” laureatı, “Dünyanın seçilmiş alimləri” mükafatçısı (hər ikisi ABŞ) Rafiq Əliyevdir.
“Bir ölkədə yaşayıb başqa ölkəyə işə gedən” (Tomris), “bu gün Şərqlə Qərb arasında körpü” olan (İsmayıl İbrahimov) Rafiq müəllim “təfəkkürü Qərbə, əxlaqı Şərq”ə uyğun gələn mənəviyyat və ziyalı etalonudur. Özünün etiraf etdiyi kimi, Şərq əxlaqlı professor “qanından, genindən qısqanclığı” qovmaq istəsə də, bacarmır. Çünki beş dildə kitablar yazan, ABŞ-da, Almaniyada, Türkiyədə, Rusiya, Şimali Kiprdə və başqa ölkələrdə dərs deyən Rafiq müəllimin böyüklüyünün ən önəmli sübutu milliliyinə sadiqliyidir.
Biz bir “əşi”mizlə hər işi “yola verən” insanların çoxluğuna görə Qərb təfəkkürünə, işgüzarlığına arxa çevirməkdə, “birtəhər” adlı ölümcül laqeydlik zəhəriylə özümüzü, mənəviyyatımızı məhv etməkdə birincilərdənik. Rafiq müəllimin “o, əsl ziyalı ömrü yaşadı, heç vaxt gücün yanında olmadı, haqqın yanında oldu” kimi dəyərləndirdiyi, “Gülüstan”ın ağrılarını, “Özümüzü kəsən qılınc”ın yaralarını həmişə ürəyində daşıyan, dahi Üzeyir bəyin əsaslarını yaratdığı muğamın poetik “dissertasiya”sını yazan Bəxtiyar Vahabzadə “birtəhər”, “az aşım, ağrımaz başım” deyənləri nə ölü sayır, nə də diri:

Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə,
“Bu dünyada birtəhər qoy yaşayaq deyənə.
Ah, birtəhər!... Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır. Bəs bu “birtəhər” nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü canlar”a.
Gündən qaçıb həmişə kölgə axtaranlara...


Rafiq Əliyevin - “Şərqlə Qərb arasındakı möhtəşəm körpü”nün təməlini elm və ziyalılıq möhkəmləndirib, zamanın və cəmiyyətin amansız sellərinə sinə gərmək üçün sarsılmaz edib. Ziyalılığın zirvələrindən biri Xudu Məmmədovun fikrindən yararlanaraq deyim ki, elm və ziyalılıq “qoşa qanad”dır. Qoşa qanadsız nə Vətənimiz, nə də Rafiq Əiyev kimiləri zirvəyə qalxa bilməz. Vətəni zirvəyə qaldıran “qoşa qanad”lı aydınlardır. Aydınları çox olmasa qartala bənzəyən, sinəsi çapıq-çapıq yumruq böyüklükdə Azərbaycan Amerikadan, Avstraliyadan görünməzdi. Dünyanın o başından Azərbaycan da, “Rafiq Əliyev də möhtəşəm görünür” (Ronald Yager).
“Bəs bizim ziyalılarımız hardadır?” - deyirdi 114 il öncə Əhməd Ağaoğlu. Çar Rusiyası dövründə Kür çayının sahillərindəki Aran bölgəsini qızmar istilərdən qoruyan, təbii sərinkeş funksiyasını daşıyan Tuqay meşələrinin qırılmasının qarşısını alan milli şüurumuzun oyadıcılarından Həsən bəy Zərdabi olmuşdur. Mlli mətbuatın, milli teatrın yaradıcısı Həsən bəy kimi ziyalılarımız o vaxt da az idi, elə indi də. Rafiq müəllim müsahibələrinin birində deyir ki, ölkənin əhalisinin heç olmasa 2%-i əsl ziyalıdırsa, o ölkə qabaqcıl, mütərəqqi ola bilər. Amma bizdə bu göstərici nə qədərdir?
Vaxtilə bizim “ziyalı” titulu ilə mükafatlandırdığımız, ziyalı sandığımız bir çoxları nəyinsə -vəzifənin, təltifin, evin, övladına “gün” ağlamağın, xaricdə mülk tikdirməyin xatirinə öz sözünü 180 dərəcə fırladaraq ağa qara, qaraya ağ, rüşvətxora xeyriyyəçi deməyə başladılar. Sən demə, belələrinə “ziyalı” titulunu verəndə səhv etmişik. Biz nə qədər sadəlövh olmuşuq. Bir-iki yağlı vəd, bəzəkli cümlə bizi aldada bilirmiş. Belələrini vəzifə kreslosunda, parlamentdə oturdan da biz idik.
Rafiq müəllimlə söhbətlərdə, müsahibələrdə ən çox verilən sualları cərgələsək, öndə “ziyalılq nədir, ziyalı kimdir?” dayanır. Niyə? Professorla söhbətləşən jurnalistlərin əksəriyyəti onu yaxşı tanıyır, söhbətə ciddi hazırlaşırlar. Həm oxucuya yeni söz çatdırmaq, həm də öyrənmək məqsədiylə. Rafiq Əliyevin intellektuallığı sualları hər dəfə daha geniş, müdrikliklə cavablandırmağa qadirdir. Sualların müəyyən dövrdən sonra təkrarlanmasının da bir önəmi var. Bu günkü və gələcək nəsillər ziyalılığın meyarlarına daha dərindən bələd olar, professorun dediyi kimi, “birinci özünə müxalif” olanlar, Bəxtiyar Vahabzadənin təbirincə, “özündən narazı”lar öz üzərlərində “redaktə” işi apararlar. Sabahımıza M.Ə.Rəsulzadələr, Üzeyir bəylər, Ə.Topçubaşovlar, N.Yusifbəylilər, F.Xoyskilər, H.Zərdabilər, Mirzə Cəlillər, Sabirlər, Cavidlər, X. Məmmədovlar, A.Mirzəcanzadələr, N.Rzayevlər, B.Vahabzadələr çox lazımdır. Vətən belə oğullarının əxlaqına, əqidəsinə, elminə həmişə möhtacdır.
Sovet dövründə ziyalı sözünü o qədər sağa, sola səpələdik ki, nüfuzdan düşdü. Siyasi rejim əsl ziyalıdan qorxduğundan “tərbiyəli ziyalılar” “istehsal” edən məktəblər yaratmışdı. Sözə baxmayanı Sibir gözləyirdi, ya da Xəzərdəki ölüm adaları. Möhtəkirə, cəmiyyətə, dövlətə bir quruş xeyir verməyənlərə ya müəllim deyirdik, ya da ziyalı. Müəllim “öyrədən” mənasındadır. Nəfsi kimi pul kisəsi də doymayanlardan nəyi öyrənə bilərdik? Elələri əxlaqlı, elmli insanların adlarının yanına kinayə ilə “fərasətsiz” ayaması qoşmuşdular. Bu günümüzün mənzərəsi daha eybəcərdir. Nadanların öyrənmək istəməməsi bir yana, hətta Vətənini qoruyana açıq-aşkar tənə edirlər. M.Araz demişkən, “biz niyə bu günə düşdük, ay dədə?!”. Görəsən, nə vaxta qədər “xalqın və haqqın yanında dayananlar, millətin və dövlətin başını uca edənlər”, anormallıqları görüb susmayanlar “əlibaltalıların hədəfində” olacaqlar? (azadlıq.info).
Elmə və əxlaqa baxışları dırnaqarası olanlardan tez-tez “nə olsun ki, onun əxlaqı qüsurludur, amma biliklidir” – deyəndə təəccüblənirəm. Belə “elm” aşiqlərinə başa salmağa çalışıram ki, ədəbsiz adamın biliklisi daha qorxuludur. Əxlaq və elm bir-birindən heç vaxt ayrılmayan iki sevgilidirsə, cəmiyyət və təbiət qlobal fəlakətlərdən, dağıdıcı çevrilişlərdən, qandan, qadadan azad olar. 0 ilə 1 arasında saysız-hesabsız rəqəmlər görən Rafiq müəllim “cəmiyyətin səsinin rəngi”ni də əla görür: “bəzən yaşıl, bəzən narıncı, Allah eləsin ki, qırmızı olmasın... Təbiət inqilabı sevmir, təbiət təkamülü sevir”.
Mətləbdən uzaqlaşdım, deyəsən. Ziyalılığın Rafiq Əliyev meyarlarını onun müsahibələrindən tapmağa çalışdım:

“Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir”.

“İdeyalılıq, əqidəlilik ziyalılığın mühüm atributudur”.

“Ziyalı, alim və şəxsiyyət problemində birinci yerdə nəfs dayanır”.

“Sənin ağlından xalqın yoluna bir işıq düşürmü? Əgər bunu bacaran, buna nail olan alimmi, fikir adamımı varsa, onu ziyalı adlandırmaq olar”.

“Ziyalını səciyyələndirən ən önəmli atribut nailiyyətlərindən öncə onun vətəndaşlığıdır”.

“Həqiqi ziyalının sözü siyasətçi sözündən üstün olub... Ziyalı ömrü məmur ömründən uzundur.

“Əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyir”.

“Ziyalı – ən çətin şəraitdə belə vicdanı tərəfindən formalaşmış əqidəsinə sadiq, hətta özünütəcridə meyilli” olmalıdır.

“Ziyalılıq zümrəsinə o insanlar daxildir ki, onlar iqtisadi, partiya və dövlət məcburiyyətindən, ideoloji öhdəliklərdən azaddır. Ziyalılığın əsas prinsipi – intellektual azadlıqdır”.

“Mənəvi meyarları ranqlaşdırmış olsaydım, birinci yerdə namus və ədaləti qoyardım”.

Yunan dramaturqu Esxil (e.ə.525-456) deyirdi ki, müdrik–çox bilən adam deyil, biliyi xeyirli adamdır.
Rafiq Əliyev həm çox bilən, həm də müdrik İnsandır...
Safruha görə, gözəllik, qüvvət, bilik, istedad xörəyinin bir duzu var – ləyaqət.
Rafiq Əliyev ləyaqətli İnsandır...
“Elm hüdudsuz bir okeandır, mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik” (İsaak Nyuton). Elmi təfəkkür və mənəvi dəyərlər insanı təvəzökar və sadə yetişdirir. Musa Yaqub dostunun sadəliyini, mənəm-mənəmlikdən uzaqlığını yüksək qiymətləndirir: “Beynəlxalq konfranslara, elmi simpoziumlara rəhbərlik edən, dünyanın bir çox nüfuzlu universitetlərində dərs deyən bu insan, hətta ən adi söhbətlərdə, danışıqlarda belə bir dəfə də olsun “mən” kəlməsi işlətmir. Bu Rafiq müəllimin böyüklüyüdür”. Öyrənmək xatirinə hətta hava proqnozunu hidrometeoroloqdan dəqiq bilən “çobanla da məsləhətləşmək kompleksi” olmayan, bəzi şeyləri çobanın ondan yaxşı bildiyini etiraf edən Rafiq Əliyev təvazökar, sadə İnsandır.
O, “bütün eybəcərliklərə müxalifdir”, “ən birinci müxalif olduğum şəxs özüməm, daha sonra isə digər insanlar” – deyir. Amma müxalifətçi deyil, onun bir partiyası var: “Rafiq Əliyev Partiyası”. Professora görə, Ramiz Rövşən, Musa Yaqub, Cavanşir Quliyev, Qulu Məhərrəmli... hərəsi bir partiyadır, “bu partiyalar” eyni işlə məşguldur: “cəmiyyətin problemləri haqqında öz fikirlərini həmişə demək”. Rafiq müəllim, arzularına yox, hədəflərinə çatmaq üçün mübarizə aparır.
Rafiq Əliyev prinsipial, mübariz İnsandır.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Yazar Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanın bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim “böyüklüyü sadəlikdə görən əxlaq nümunəsi, insanlıq etalonu”dur, mənəviyyat adamıdır (R.Tağızadə), “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), “elminin və mənəviyyatının işığı” (E.Əliyev) həmişəyanar İnsandır.
“Müəllim şam kimidir, yana-yana ətrafını işıqlandırır”. Atatürkün deyimidir. Rafiq Əliyev geniş diapozonlu intellekt sahibidir, vicdanl pedaqoqdur. Bir müsahibəsində onun “invariant” termininin sadə, hamının anlayacağı dillə izahını oxudum. Düşündüm ki, həkimlərimiz niyə pasientinin dərdini belə başadüşülən izah eləmir, resepti hamının oxuyacağı xəttlə yazmırlar?
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək təsir edə bilmir”.
Bu 6-7 cümləlik izahda elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da...
Rafiq müəllimin təfəkküründən, elmi uğurlarından, vətəndaş mövqeyindən, əzmindən, iradəsindən, mənəvi aləminin zənginliyindən, Azərbaycançılğından, torpaq, yurd sevgisindən azı 40 ildir ki, az-çox xəbərdaram. Mətbuat səhifələrindən, internet resurslarından, kitablardan, bir-birimizlə ruh yaxınlığı olan dostlarla söhbətlərdən Rafiq müəllimi tanısam da, heç vaxt görüşməmişik. “Su kimi sakit və güclü” kitabı bizi yenidən qiyabi də olsa görüşdürdü. “Görüş”mənim içimi arıtladı və bu fikirləri yazmağıma vəsilə oldu.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir. Bəs dostları Rafiq müəllimi hansı məziyyətlərinə görə sevir?
Ramiz Rövşən: “İnsan daha çox nədən qorxur; sudan, yoxsa oddan? Əlbəttə ki, oddan. Amma hansı daha güclüdür? Əlbəttə ki, su. Mənim əziz dostum Rafiq Əliyev ən böyük yanğınları söndürməyə qadir olan su kimi sakit və güclüdü. O, həm də su kimi saf və təmizdi”.

Bəxtiyar Vahabzadə: “Rafiq Əliyevi mənə sevdirən ən böyük cəhəti ondan ibarətdir ki, böyük alimliyi ilə bərabər, hansı millətə mənsub olduğunu çox gözəl bilir”.

Lütfi Zadə: “Onunla dostluğumu özümçün şərəf bilirəm. O, elə bir insandır ki, onu nə qədər yaxından tanıyırsansa, ona bir o qədər də hörmət və heyranlıq hissi bəsləyirsən”.

Cəmil Həsənli: “Rafiq Əliyev zəmanə ilə ayaqlaşmaq baxımından bu məmləkətin üz ağlığı, güvənc yeri, elm brendidir”.

Rəfail Tağızadə: “Təmizlik, daxili saflıq, xarakter... İnsan yaşlandıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir”.
Ramiz Rövşənin deyimi çox orijinaldır: “ Rafiq müəllim dəniz kimidir, amma bu dənizin haçansa coşub dalğalandığını görən olubmu? Bu da onun bənzərsizliyidir”. Tarixin yaddaşına əbədi həkk olunan şəxsiyyətləri xatırlayaq. Onların heç biri kiməsə bənzəmirdi. “Ölməmək üçün, unudulmamaq üçün” gərək elə yaşayasan ki, həmişə izin görünsün. Dahi Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, izin qala. Rafiq Əliyev hətta 7 min mil uzaqlıqdan görünən əzəmətli qaladır, özünün tikdiyi qala...
Allah 1-dirsə, Rafiq müəllim qeyri-səlis məntiq nəzəriyyəsinə görə, 1-in yanındadır, 1-ə ən yaxın İnsanlardandır...

Ziyalılığın Rafiq Əliyev meyarları













Vaqif OSMANOV
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar