Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fərqanə Mehdiyevaya yazılan şeirlər...

Tarix: 03-05-2020 15:25     Baxış: 3449 A- / A+
Fərqanə Mehdiyevaya yazılan şeirlər...

Dünən Azərbaycan ədəbiyyatına ağır itki üz verdi. Poeziyamızda Fərqanə Mehdiyeva imzası ilə söz ucalığını fəth etmiş dəyərli şair, gözəl insan, əvəzsiz dost itirdik. Hərə bir cür ağrıdı bu itkiyə, hərəni bir cür göynətdi gedişiylə. Susub göz yaşına boğulanlar da oldu, ağrısını sözə çevirib, dərdini ovutmağa çalışanlar da...

Manevr.az qələm dostlarının Fərqanə Mehdiyevanın ölümündən təsirlənərək yazdıqları şeirləri təqdim edir:

Fərqanə xanıma...

Gözlərində fağır ömür
əl eləyir şəkillərdən.
Ağrısını-acısını
gülümsəyir şəkillərdən.

Sus, sözü var varağına,
Bir ağacın budağına.
Bir körpənin qucağına
boyun əyir şəkillərdən...

Tanrıdı, göydü, sənsən,
torpaqdı, yeldi, sənsən.
Üz tutub Yola, getmisən,
Yol inciyir şəkillərdən...

Üşüyür sözlər daha
Susmusan, çıxmır sabaha...
Adını çağırırlar,
Qəhərlənir şəkillər də.

Çağıranın biri mən
Hay ver, öpüm səsindən...
Kimisi gözündə yaş,
Kimisi saçında dən
Səni oxşayır...səni,
Əzizləyir şəkillərdən...

Aydan Ay
________________________

Ferqane Mehdiyevaya

Qonaq gedirsən göyə sən,
Yüksəlirsən uca ada.
Dilin də dönmür deyəsən:
"Əlvida, dostlar, əlvida!"

Səsini qoyub gedirsən,
Sözünü qoyub gedirsən,
Sən bu günkü Poeziyada
İzini qoyub gedirsən.

Qaranquş ömrüydü ömrün,
Bir də Qu ömrü yaşarsan.
Bir də dönərsən bu yana,
Bir də bu ömrü yaşarsan.

Neçə-neçə Söz bayramı,
Kitab bayramı edərsən.
Yaşamaqdan doymamışdın...
Doyarsan... sonra gedərsən...

Aybəniz Əliyar
__________________________

Öydə qal

Axirət öyünü tərk etmə
Öydə qal, Fərqanə, öydə qal.
Daha bu yerlərə ərk etmə
Göydə qal, Fərqanə, göydə qal...

Yüz sirr var hər ölüm boyunda,
Udan yox bu fani oyunda,
...Oynadıq balanın toyunda
Toyda qal, Fərqanə, toyda qal.

Nə çoxdu qış ayı, yay ayı,
Gün günü qovacaq, ay ayı,
Sultandı bu ilin may ayı,
Mayda qal, Fərqanə, mayda qal.

Axirət öyünü tərk etmə
Göydə qal, Fərqanə, göydə qal...

Ramiz Qusarçaylı
____________________________

Ferqane xanıma məktub...

Bir qəbir də satdı Tanrı,
Bir az da boy atdı Tanrı!
Bu gün niyə, niyə axı ?!
Sənlə başın qatdı Tanrı,
sənlə bir oyun oynadı...

Sabah da yoxdur keçəsi...
Bu gecə ölüm gecəsi!
Axı hardan biləcəksən
tabutun altda neçəsi
kədərə qol-boyun oynadı...

Bu saat yaxşı bilirəm;
nə ölüm çıxır gözündən
nə gözünə yuxu gedir...
Bircə kəlmə danış görüm
Ayaqlarının xətrinə
kim dəyib ki, çıxıb gedir?

...Dur, sev qapı-pəncərəni,
dur, bax dünyaya gözucu.
Sevdiyin ağac quruyur,
söykəndiyin divar uçur...

Bir qəbir də satdı Tanrı,
Bir az da boy atdı Tanrı!
Bu gün niyə, niyə axı ?!
Sənlə başın qatdı Tanrı,
sənlə bir oyun oynadı...

Emil Rasimoğlu
_________________________

Fərqanəyə vida

Bir tel düşdü daraqdan,
Bir söz qopdu varaqdan...
Ömür adlı çıraqdan
Bir pərvanə azaldı.

Öz canını əzənlər,
Ah, bu "mən"lər, o "sən"lər.
Söz üstündə əsənlər,-
Nanə - nanə azaldı..

Əli əsada dünya,
Köhnə kasada dünya...
Boş qalmasa da dünya,
Bir Fərqanə azaldı...

Əlizadə Nuri
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar