Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ünvansız məktubların ünvanı

Tarix: 19-04-2020 21:45     Baxış: 3854 A- / A+
Ünvansız məktubların ünvanı

Çıx qapıya, ölüm küsüb getməsin,
sürt üzünü ayağına-əlinə.
Nə yaxşı ki, bu dünyada hər kəsin
haqqı çatır haqdan gələn ölümə.
Ölüm, nə var, nə döyürsən gözünü,
Niyə belə itirmisən özünü?
Ölüm, sən ki, aydan-gündən ayırıb,
ömrümüzü bizə pay-pay
bölüşdürən ölümsən.
Bu dünyada
sən hamını bir-birindən ayırıb,
o dünyada görüşdürən ölümsən.


Ramiz Rövşən

Unudulmaz ömür-gün yoldaşım Aidə Əliyevaya 10-cu məktub

Əzizim Aidə, sənsizliyimin 9-cu ili... 9 il əvvəl sənə əlvida demək sənsizliyin həyatıma vurduğu zərbə idi. Amma təzada bir bax... İndi səni xatırladan hər bir şey mənə əziz olduğundan, hətta sənsizliyimi belə səni xatırlatdığı üçün sevirəm. Sənsizlik mənə tez-tez ruhumuzun vətənində keçirdiyimiz hissləri, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkməyi öyrətdi. Xatirələrdə yaşamaq istər şirin olsun, istər acı, çox iztirablıdı. Sənsizlik şıdırğı yağış üstündə yazı yazmaq qədər çətin, alınan son nəfəs qədər ağırdı.
Bu 9 ildə gücüm nəyə çatdı: Məzarın üstündəki qızıl güllərin solmamasına, güzaranım, iztirablarım, sənin sütun olduğun ailəmiz haqqında məlumatları, təlatümlü dünyamız haqqında gedişatları məktublarımla sənə çatdırmağa, ən əsası da, səni unudulmağa qoymamağa. Həmişə sənə dediyim kimi, axı unudulmayanlar ölmürlər.
Əzizim, indi sənə 10-cu məktubumu göndərirəm. Məktubun adı qoy səni qayğılandırmasın. Bu adı bu günlərdə oxuduğum bir şeirə nəzərən seçdim. Əziz dostum və qardaşım, böyük şair Ramiz Rövşən yeni çapdan çıxmış “Sevgi Açarı” kitabını mənə bağışladı. Mənə onun tərcüməsində verilmiş S. Kirsanovun vaxtsız vəfat etmiş həyat yoldaşına həsr etdiyi “Ünvansız Məktublar” şeirini nişan verdi. Hiss etdim ki, əziz dostum bu şeiri sənə yazdığım və göndərdiyim məktublardan təsirlənərək tərcümə etmiş və bu kitaba daxil etmişdir.

Ona məktub yazdım bütün gecəni,
Açdım ürəyimi ağ varağa da.
Yazmasam - ürəyim dözməzdi mənim,
Ürək eləmədim yollamağa da.
Ona məktub yazdım gecə sübhəcən,
Hər sətrə, hər sözə yüz dəfə baxdım.
Bəs hara yollayım bu məktubu mən?
Axı belə ünvan heç harda yoxdu.


Şeir duyğusal və kövrək olsa da, məntiqi sonluğu sənin və mənim ideallarımla uzlaşmır. Tanınmış şair məktublarına ünvan tapa bilməsə də, mənim sənə yazdığım məktubların tam dəqiq ünvanı var. O biri məktublarda olduğu kimi bu məktubda da ünvan aydın göstərilir.
Əzizim Aidə, məktublardan söz düşmüşkən. Keçən bir ildə əziz dostum, gözəl şair Rəfail Tağızadə böyük sevgi və zəhmətlə mənim müxtəlif illərdə yazdığım publisistik materiallar, müsahibələr, sənə yazdığım məktublar, esselər və başqa yazıları toplayaraq “Su kimi Sakit və Güclü” kitabını ərsəyə gətirdi. Kitabın böyük bir hissəsi sənə həsr olunub. Kitab haqqında bir neçə yazılar dərc edilib. Bu yazılarda sənə yazdığım məktublar xüsusi vurğulanıb. Hörmətli ziyalımız Vaqif Osmanov kitabda verilmiş və sənə ünvanlanmış bütün məktublarımı təhlil edərək yazır: “ ...bu məktublar dolğunluğuna, yığcamlığına görə dünya ədəbiyyatına düşə biləcək incilərdir, insan və insanlıq qaldıqca yaşayacaq”. Məktubdakı “... cümlələri oxuyanda nitqim kilidləndi, qələm də kağız üzərinə baş əyib, “ağlamaq” istəmədi”.
Əzizim, sən heç vaxt, heç yerdə unudulmursan. Sənə bir epizod da danışım. Bu günlərdə nəvən Rafiq təsadüfən market satıcısı ilə tanış olduqda, o, Rafiqin bizim nəvəmiz olduğunu biləndə, məktubları dəfələrlə oxuduğunu qeyd edib və kövrəlib.
Əzizim Aidə, bilirəm ki, ruhunun nəbzi həsrət qaldığın ailənlə döyünür. Nəvən Rafiq, dünyanın seçilmiş top universitetlerindən biri olan İngiltərənin Warwick Universitetinin, sevimli nəvən Günay isə görkəmli Yakın Doğu Universitetinin magistraturasını uğurla bitirdilər və nə xoş ki, vətənə qayıdıb qazandıqları bilikləri gənc nəsillərə tədris edirlər. Qızın Kəmalə İspaniyanın Madrid Universitetindən mühazirələr oxumaqdan yenicə qayıdıb. Sevimli nəvələrin - Rafiq doktoranturaya daxil olmuş, adını yaşadan kiçik Aidə Əliyeva isə inşallah, universitet tələbəsi olmağa hazırlaşır.
Əzizim, bir az da, indiki təlatümlü dünyamız haqqında. İndi dünyamız - bütün insanların oturduğu kiçik kosmik bir gəmi - fəlakət içindədir. Zərrə boyda gözə görünməyən kiçicik bir virus - “Taclı Kabus” pandemiyası insan həyatını planetimizdə fəlakət toruna salıb. Sən də, mən də həmişə düşünmüşük ki, aləmlərin ilahi düzümünü yaradan və onların taleyini idarə edən Tanrıdır. Əfsuslar olsun ki, indi insanlar onun qanunlarını çox vaxt dərk edə, onlara əməl edə bilmirlər.
Bu gün yer üzündə insanlar birgəyaşayış prinsiplərindən uzaq düşüb. Ana təbiətlə, kosmosla vəhdətdə yaşamır. Hər tərəfdə ayrı-seçkilik, konfliktlər, iqtisadi və sosial bərabərsizlik, haqq və azadlığın tapdanması, mənəvi və fiziki ərazilərimizin zibillənməsi, çirklənməsi göz qabağındadır.
İnsanın bugünkü problemləri – müharibələr, oğurluqlar, yalanlar, sevgi qıtlığı, xəstəliklər, aclıq, təhqirlər və başqaları əsasən bir mənbədən qidalanır. Ruhi səbəb-nəticənin zədələnməsi. Elə bu gücdə olan başqa bir səbəb insanların fərdi və birgə mentalının, intellektinin səviyyəsidir. Bəşəriyyətin bu problemləri elə bir səviyyəyə çatıb ki, insan övladının məhvinə potensial səbəb ola bilər. Dünya heç vaxt Apokalipsisə bu qədər yaxın olmayıb. Bəyəm bu gün dünyamıza göndərilmiş “Taclı Kabus” qiyamət gününün müjdəçisi deyilmi? Gəmimizi qorumaq üçün indi bəşəriyyət yeni sivilizasiyaya doğru – əsas prinsipi humanizm, sosial bərabərlik, ədalət olan sivilizasiyaya doğru getməlidir. Axı sən bir həkim kimi həmişə deyirdin ki, dünya ədalətə hamilədir.
Bu gün bütün cəmiyyətlər mükəmməl olmayan sivilizasiya özülünə əsaslanır. Əzizim, bu dediklərim sivilizasiya üçün fərqli modelə əsaslanan yeni özülün lazımlığını diktə edir. Zənnimcə, bu özül özündə yeni sivilizasiyaya adekvat mütərəqqi təfəkkür və mənəvi kamilliyin vəhdətini ehtiva edəcəkdir.
Çox yordum səni əzizim, bu dünyanın çətin qayğılarını, uyuduğun o cənnət dünyaya yükləmək fikrində deyiləm.

Əzizim, bu dünya ilə o dünya arasındakı məsafə sonsuz böyük olsa da, bu sənsizlikdə sən həmişə ürəyim qədər yaxındasan. Sənsizlik məni sıxanda (bu 9 ildir belədir) əlimi ürəyimin başına qoyuram, axı sən həmişə oradasan. Bir də ki, həqiqi həyat cismdə deyil, ruhdadır.
Düşünürəm ki, məktub lap tez zamanda sənə yetişəcək, çünki ünvan belədir:

Ünvan: Yeri və dəyişməz ünvanı- qara torpaq yox, mənim qəlbim.
Kimə: Əbədi sevimlim Aidə Əliyevaya.
Kimdən: Sənin Rafiqindən.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar