Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məhəmməd Əli poeziyası – Saf yaylaq havası

Tarix: 29-02-2020 15:57     Baxış: 2427 A- / A+
Məhəmməd Əli poeziyası – Saf yaylaq havası

(Şair Məhəmməd Əlinin 70 yaşına)

Azərbaycan Yazıçılar Birliyinin üzvü və bir çox ədəbi mükafatlar laureatı şair Məhəmməd Əlinin çoxşaxəli poeziyasının əsas qollarından biri, bəlkə də birincisi vətənpərvərlikdir. Başı müsibətlər çəkmiş Azərbaycan tarixinin son otuz ilinin sağalmaz yarası Qarabağ və ermənilər tərəfindən vəhşicəsinə işğal olunmuş ətraf ərazilər haqqında yazmayan şair tapmaq çətindir. Bu ağrını bütün acı və ağrılığı ilə duyub ürəyində gəzdirənlərdən biridir Məhəmməd Əli. O, qələmini şeirin müxtəlif formalarında sınayır. “Qarabağ” şeirində də şair ilhamını elə kökləyib ki, hər kəs bu ağrını hiss edir, bu açılmaz, çözülməz düyünü açmağın yollarını düşünür.

Qarabağ – cansız can,
sahibsiz bir məkan.
Qarabağ – qəlbimdə çarpaz dərd,
əlacı – mərd oğlu, mərddir, mərd.


Şair qəlbi neçə vaxtdır nigarançılıq çəkir. Hər gələn yaza ümid bəsləyə-bəsləyə qəlbimizdəki vətən yarasının sağalacağını gözləyir, amma “gözləməkdən kor olur gözümüzün qarası:

Hər gələn yaza ümidlə baxırıq,
ümidlə veririk illəri bada.
Laçın, Kəlbəcər, Qubadlı, Qarabağ
silinir yaddaşlardan,
gedirik unuda-unuda,
ümidlə veririk illəri bada.
“Qarabağ dərdi nişan alıb ürəyimizi...


Məhəmməd Əli xalq folklorunu yaxşı bilən, el-obanın söz boxçasına mükəmməl bələd olan söz adamıdır. O, daima öyrənir, öyrədir, şeirlərindən hiss olunur ki, qarşısındakını duymaq üçün onu səbrlə dinləmək mədəniyyətinə sahib olan söz zərgəridir. Onun üçün “sözün böyüyü-kiçiyi olmur, söz sözdür!” Onun qənaətincə, indi elə zəmanə yetişibdir ki, söz mənasına görə deyil, onu söyləyən şəxsə qiymətləndirilir. Sözlə şəxsiyyətin bütövlüyünün vəhdətindən doğulan söz isə əbədi yaşayır. Söz əhli də bir fərd olmaqla yanaşı, həm də bir dünyadır.

Məhəmməd Əli də bir dünyadır – poeziyası saf yaylaq havasına bənzər bir söz dünyası...

Kim nə deyir desin, bu fani dünyada hər kəs öz taleyini yaşayır. Bu taleyi ona ulu yaradan, qocaman təbiət bəxş etsə belə, zaman-zaman ağlı, dərrakəsi və dünyagörüşü sayəsində öz həyatına insan özü istiqamət verə bilir. Burda mücərrəd bir məsələ var ki, o da insanın fitri istedadının üzə çıxma məsələsidir. Fitri istedadın üzə çıxdığı zamanda insanın bu qabiliyyəti cəmiyyət tərəfindən xoş qarşılanarsa, daha da pərvazlanar, xoş qarşılanmazsa, ya güclənər, ya da küsüb gizlənər. Çünki insan enerjini həm nifrətdən, həm də sevgidən ala bilər. Xoş qarşılanmayan istedad əksər hallarda gizlənir.

Şair MƏHƏMMƏD ƏLİ qəribə taleli insanlardandır. O, öz taleyini yaşasa da gənc yaşlarında istedadının cəmiyyətdə birmənalı qarşılanmadığını, gənc istedadlara qarşı xüsusi qısqanclığın tüğyan etdiyi ədəbiyyatda nadürüst adamlarla qarşılaşdığından fitri qabiliyyətini bir müddət boğmaq, özünü başqa sahədə sınamaq qərarını verib. Mühəndis olub, əzmlə çalışıb, öz sahəsində ad-san qazanıb, mühüm mütəxəssis kimi şöhrətlənib, amma qəlbində vulkan kimi püskürən şairliyini cövlan etməyə buraxmasa belə bir an yaddan çıxartmayıb. Bunu şairin kitablarından birini nəşrə hazırlayan Mahmud Kaşqari adına Beynəlxalq Fondun icraçı direktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Zal Qaraxanlı belə qeyd edir: “Məhəmməd Əli qəribə taleyi olan şairlərdəndir. O, ədəbiyyata çox gec gəlib, amma güclü nəfəslə gəlib. Hələ ötən əsrin 60-cı illərində şeirləri Respublika mətbuatında çap olunub, lakin sonra uzun illər susqunluq dövrü başlayıb. Amma şair olmaq, yəqin ki, onun alın yazısıymış, bu onun taleyinə yazılıbmış və o, artıq öz imzasını imzalar içində təsdiq edə bilib...”

Məhəmməd Əli Namət oğlu Hacıyev 1 mart 1950-ci ildə, dumanlı, çiskinli bir yaz günündə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. İxtisasca mühəndisdir, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində yaşamağa qərar verib. Hazırda paytaxtda yaşayır və öz ixtisası üzrə çalışır.

Çox gənc yaşlarından yaradıcılıqla məşğul olan Məhəmməd Əli “Dağlardan ayrı”, “Sevincim acıdır, kədərim şirin”, “Özümü axtarıram”, “Söz sənindir”, (eyni adlı kitab İranda da nəşr olunub) “Çörəyimin duzu yoxdur”, “Gedirəm üzü gündoğana”, “Duyğularımı səpdim dənizə”, “Sovurur yellər məni” adlı şeirlər, “Etiraf” adlı hekayələr və digər kitabların müəllifidir.

Azərbaycan Dövlət Televiziyasında və radiosunda, eləcə də dövrü mətbuatda müntəzəm olaraq şeirləri və aktual mövzuları əhatə edən publisistik yazıları ilə çıxışlar edir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və “Dirili Qurbani” ədəbi məclisinin üzvü olan şair “Qızıl Qələm”, “Məmməd Araz”, “Həsən bəy Zərdabi”, “Araz”, “Yurd və vətən fədaisi” və sair ədəbi mükafat və diplomlara layiq görülüb.
Şair Məhəmməd Əli daima axtarışdadır. Onun yaradıcılığı çoxşaxəlidir. Şairin bir çox şeirləri vardır ki, indiyə kimi heç bir şair həmin mövzulara toxunmamışdır. Xüsusi duyumu olan şairin öz dəsti-xətti, öz üslubu, öz epiqrafı vardır. O, deyir:

-Şeiri yazmadım ad-san üçün,
Yazdım duyan insan üçün.


Əslində hər bir şairin öz üslubu, dəsti-xətti olduğu kimi həm də özünəməxsus söz boxçası var. Hətta yüz dəfələrlə işlənmiş bir sözü yeni bir şeirdə, yeni bir deyim tərzində görəndə heyrətlənirsən, o deyim tərtəzə görünür.
Bu sahədə Məhəmməd Əlinin bəxti gətirib. O, xoşbəxt şairlərdəndir. Bir də görürsən ki, üç ayla, beş ayla bir misra da olsun yazmayıb. Bir də görürsən bir gecədə üç şeir yazıb – özü də başdan-başa yeni deyimlər, yeni poetik ifadələr.

“Mən sirli bir kitabam;
açın, oxuyun məni.
Hələ sıranızdayam,
yaxından duyun məni!”


Kitabın sirri nədədir? Hər hansı bir kitab oxumayanlar üçün həmişə sirli deyilmi?
XX əsr Azərbaycan ədəbiyyatında xüsusi çəkisi olan Məmməd Araz da Məhəmməd Əlinin şeirlərinə münasibət bildirib. Belə ki, Məhəmməd Əlinin növbəti kitabını çapa hazırlayan kəlbəcərli şair Məhəmməd Ələkbərli onun şeirlərini Məmməd Araza verir. Bir neçə gündən sonra şeirləri götürəndə Məmməd Araz ona əlavə bir vərəq yazı da verir: “Şeirlər haqqında qeydlərimdi. Məhəmməd Əlinin şeirləri, xüsusən də təbiətlə bağlı şeirləri diqqətimi çəkdi” deyir. Həmin qeydlərdə Xalq şairi Məmməd Araz yazır: “Onun şeirlərində poetik təsvirin rəngarəngliyi, dərin məna tutumu, özünəməxsus deyim tərzi, ahəngdarlıq bir-birini tamamlayır. Hər şeydən əvvəl isə Məhəmməd Əlinin şeirlərində bir səmimilik duyulur. İstedad və ilhamına güvənərək söz və ifadələrini cilalayır...”

Təbii təsvirlər bütün şairlərin yaradıcılığına təsadüf edir. Elə bir şair tapılmaz ki, təbiəti təsvir etməsin. Amma Məhəmməd Əlinin yaradıcılığında bir özünəməxsusluq var. O, “təpələrin dağa söykənib mürgü vurmasını”, “dağ çayının qoç döyüşünə bənzər şaqqaşaraqla axmasını” elə təsvir edir ki, bunu nəinki göz önündə canlandırmaq, hətta duymaq, səsini eşitmək mümkün olur. AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Teymur Kərimli qeyd edir: “Məhəmməd Əlinin təbiət mövzusunda yazdığı şeirlərini oxuduqca hiss edirsən ki, bunlar dağda, daşda, təbiət qoynunda, düşüncələr qoynunda nəğmə kimi yaranmış, sonralar kağıza köçürülmüşdür”.

Heç şübhəsiz ki, təbiətə bağlılq vətənə, doğma yurda, el-obaya, soy-kökə bağlılıqla həmahəngdir. Məhəmməd Əlinin onlarla şeiri bu qəbildəndir. Yaradıcılığında xüsusi yer tutan həmin şeirlər diqqətini çəkdiyindən ədəbi tənqidçi filologiya elmləri doktoru Vaqif Yusifli yazır: “...Məhəmməd Əli vətənpərvər şairdir... Ümumiyyətlə, yurd sevgisi Məhəmməd Əli şeirlərinin başlıca leymotivini təşkil edir. Bu yurd sevgisi Azərbaycanı, onun gözəl təbiət mənzərələrini mədh və tərənnüm edəndə də, Vətənin başına gələn müsibətlərdən söz açanda da eyni məhəbbətlə üzə çıxır”.

Dünyanın əşrəfi sayılan insan Tanrının son yaratdığı hesab olunur. Özünə oxşatmasa da təbiətin bir parçası olan insan Tanrı kimi YARADANdır. Təbiəti öyrənmədən yaratmaq, isti və məlhəm təmasda olmadan öyrənmək çətindir. Məhəmməd Əli yaradıcılığında əsas cığırlardan biri də təbiəti və onun sirlərini öyrənmək, nəzmə çəkməkdir. Bu əsas xüsusiyyət filologiya elmləri namizədi şair Adil Cəmilin də diqqətini cəlb etmişdir. “Onun şeirlərindəki sadə həyat həqiqətləri və bu həqiqətlərin fəlsəfi mahiyyəti ciddi müşahidələrin məhsuludur. Şairin poetik tapıntıları daha çox təbiətlə təmasda üzə çıxır. İnsan-təbiət harmoniyasının ictimai motivlə sonuclandığı bu şeirləri əslində söz fırçası ilə çəkilmiş peyzajlara bənzətmək olur” – deyir Adil Cəmil.

Öz yaradıcılığında daim axtarışdadır, novatorluğu və orijinallığı ilə seçilir. Rəngarəng mövzuları əhatə edərək yaratdığı poeziya nümunələrində yeni fikir və yaddaqalan obrazlara üstünlük verir. “Məhəmməd Əlinin torpaqla, gözəlliklə, insanlıqla bağlı düşüncələri təkcə Azərbaycan dairəsində məhdudlaşmır. Yeri düşəndə planetimizlə əlaqədar səs-sədası yayılır” – deyən şair Oqtay Rza Məhəmməd Əli yaradıcılığından çtrixləri ağızdolusu vurğulayır.

Şairə Fərqanə Mehdiyeva onu “Təbiət şairi” adlandırır: “Məhəmməd Əli ixtisasca mühəndisdir. Elə şeirə də ixtisasının gözü ilə baxır. Kərpic-kərpic ev tikir misrasıyla...”
Məhəmməd Əli yaradıcılığına münasibət bildirən elm adamlarının, ədəbi tənqidçilərin, şair və yazıçıların siyahısını artırmaq da mümkündür. Bütün münasibətlər şairin ruhunun təbiətlə bağlılığı, təbiətdən güc və enerji, ilham aldığı üzərində köklənir.

“Təpələr dağa qısılıb mürgü vurur...” Bunu hamı görüb, uca dağların yamacları müxtəlif hündürlüklü təpələrlə doludur, sanki, şair dediyi kimi dağa qısılıb mürgü vururlar. Amma bu ifadəni kim işlədib? Kim poetikləşdirib?

“Dağlar utandığından çəkib başına duman – yaylığı...”

Yaz – payız aylarında kim bilmir ki, dağların başını duman alır?

“Dağ çayı haray çəkib səsləyir elləri...”

Belədir. Dağ çayı səslə-küylə, sahilindəki daşları qaya parçalarını döyəcləyə-döyəcləyə axıb gedir, sanki camaatı haraylayır.

“Boynubükük bənövşə kol dibində durub yoldan keçənə naz edir...” Qurbanidən üzübəri boynubükük bənövşədən kimlər yazmayıb, kimlər söz açmayıb?

“Yalan deyil” adlı müniatür şeirində hamının adi yanaşdığı, lakin böyük məna ifadə edildiyi bir fikri qabardıb Məhəmməd Əli.

Dünyada qalsam mən,
dünya dolan deyil.
Dünyadan getsəm mən,
dünya boşalan deyil.
Bu bir həqiqətdir,
vallah, yalan deyil.


Dərələrin vahiməsi, təpələrin gülüşü hiss olunur şeirlərində. Dağ çayının daşlara çırpına-çırpına axmasında kəl döyüşü xatırlanır. Küləyin əsməsində sarı simin ecazkar nəğməsi səslənir göz önündə. Çoxşaxəli yaradıcılığında hansı hisslərə, duyğulara rast gəlmək olmur, hansı düşüncələr, xəyallar aləminə səyahətə çıxmırsan...
Məhəmməd Əli yaradıcılığı ədəbiyyat üçün maraqlı tapıntıdır. Poeziyası başdan-başa yeni deyimlərlə, yeni poetik ifadələrlə zəngindir. Yaşlı nəslin nümayəndəsi olsa da uzun müddət yazdıqlarını gizli saxlayıb. İyirmi ilə yaxındır ki, ara-sıra çap olunur. Bir neçə kitabı işıq üzü görüb, amma... özü dediyi kimi... hələ də sirli bir kitabdır.
Elə sirli kitab olaraq YETMİŞ YAŞINA qədəm qoyub. Bu yaşda gənclik coşqusu ilə yazıb yaradır. Bəlkə elə bunun özündədir sirli kitab olması?
Yaradıcılığından daha geniş araşdırma, tədqiqat materialları hazırlayıb təhlillər aparmaq arzusu ilə... YETMİŞ YAŞINIZ MÜBARƏK, ŞAİR MƏHƏMMƏD ƏLİ!

Böyük hörmətlə:
Əli BƏY AZƏRİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar