Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xaqan oğlu Bars bəy (hekayə)

Tarix: 10-09-2019 21:46     Baxış: 2427 A- / A+
Xaqan oğlu Bars bəy  (hekayə)

Manevr.az Namiq Hacıheydərlinin bir hekayəsini təqdim edir:

722-ci ilin payızı idi. Əməvi xilafətinin başçısı Yezid ibn Əbd əl-Malik otağında narahatlıqla var-gəl edirdi. Son zamanlar aldığı bəzi xəbərlər onun yuxusunu qaçırmışdı. Uzun düşüncələr sonucu axır ki, bir qərar verə bilmişdi. Bir azdan qərarını açıqlayacaqdı. Ancaq hələ də verdiyi qərarın doğrumu, yanlışmı olduğunu qətiləşdirə bilməmişdi. Hərdən keçib yerində otursa da, az sonra gərginliyini azaltmaq üçün təkrar durub gəzişməyə başlayırdı. Bu zaman xidmətçi içəriyə daxil oldu: “Ya Əmir! Əl Cərrah gəldi”!- dedi.

Xəlifə əlinin işarəsi ilə razılığını bildirən kimi Əl Cərrah otağa daxil olub təzim etdi. Xəlifə “Otur”!-deyə əmr edəndən sonra özü də keçib yerində əyləşdi və sözə başladı:

- Azərbaycandan yenə xoşa gəlməyən xəbər almışam. Səksən ildir ki, onları ərəb xilafətinə tabe olmağa məcbur etməyimizə baxmayaraq, yenə də onlar boyun əymir. Onlarla çox ciddi haqq-hesab çəkməyin zamanıdır, Əl Cərrah! Səni Azərbaycana hakim təyin edirəm. Bütün Azərbaycanı hökmümüzə tabe etmək üçün əlindən gələni etməlisən. Ancaq unutma ki, Azərbaycanın quzeyində yaşayan ən böyük türk boylarından olan Xəzərləri məğlub edə bilməsən, o məmləkətdə heç nəyə nail ola bilməyəcəksən. Ümid edirəm ki, həm yaxşı döyüşçü, həm də bizə sadiq xidmətçi olduğunu sübut edəcəksən!

Əl Cərrah ayağa qalxıb əlini ürəyinin üstünə qoydu. Sonra təzim edərək:

- Hökmünüz icra olunacaq, ya əmirəlmöminin!- dedi.

Əmir onu sınayıcı nəzərlə başdan-ayağa süzdü. Sanki sonuncu dəfə baxırdı sadiq xidmətçisinə…

-Yeddi gün sonra səhər Günəş oyanmamış Əl-Cərrah iyirmi minlik qoşunla Azərbaycana yola düşdü. Bərdəyə qədər gəldi və burada düşərgə saldı. Lakin Əmirin tapşırığı və ilk gündən özünü təsdiq etmək ehtirası onun burada rahat oturmasına imkan vermirdi. Odur ki, burada çox qala bilmədi. Bir müddət Bərdədə düşərgə salandan sonra xəzərləri yenmək məqsədi ilə Dərbəndə doğru yol aldı.

...Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı;

- Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!

- Qoy gəlsin, görsün qılıncımızı.

- Deyirlər onlara heç bir silah təsir etmir, heç ox da batmır.

- Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!

- Deyilənə görə onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa, böyük faciələr baş verər. Günəş tutular, ay tutular...

Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq, öz işini görməkdəydi...

Günəş yenicə doğmuşdu. Düşmən döyüşçülər üz-üzə dayanmışdı. Bir azdan amansız savaş başlayacaqdı. Əl Cərrah döyüşçülərini bir daha az sonra başlayacaq döyüşə hazırlayırdı:

- Ey ərəb ordusu!

Siz Allah və din yolunda döyüşürsüz. Allahımız, bizə kafirləri öldürməyi əmr etdi. Cəsarətlə və həvəslə döyüşün. Bu döyüşdə kim həlak olarsa bilsin ki, dərhal cənnətə düşəcək. O biri dünyada sizi ağ bədənli, iri gözlü hurilər qarşılayacaq.

Onlar cənnətdə sizə dadı dəyişməyən şirin sulu bulaqlar, süd gölləri, içənlərə ləzzət verən, yaşıllıqlar içində gecə-gündüz axmaqda olan şərab çayları təqdim edəcək. Siz o şərabdan sonsuza qədər bol-bol içəcəksiz. O şərablar dünyadakı şərablar kimi sizə başağrısı verməyəcək. Bu döyüşdə sağ qalan hər kəs isə böyük şöhrət qazanacaq, çoxlu qənimət əldə edəcək, var-dövlət sahibi olacaq, evinə çoxlu qızıllarla qayıdacaq...

…Ordular yüz illərin barışmaz düşmənləri kimi döyüşməyə başladılar. Şiddətli və amansız döyüş oldu. Ancaq buna baxmayaraq, düşmənləri haqqında məqsədli şəkildə yaradılmış mif öz işini görürdü. Xəzər qoşunlarının böyük hissəsi tərəddüd içində, qorxuqarışıq ehtiyat hissi ilə döyüşürdü. Beləcə, səhər başlayan döyüş axşama yaxın ərəb qoşunlarının zəfəri ilə sonuclandı.

Ərəb qoşunları bu döyüşdən xeyli qənimət əldə etmişdi. Onların qəniməti keçdikləri yaşayış yerlərindən taladıqları var-dövlət və daha çox qazanc əldə etmək üçün qul kimi satmaq niyyətilə apardıqları əsirlər idi...

O ili Əl Cərrah qışı Aranda keçirdi, yazda isə Ərdəbilə gəldi və burada düşərgə saldı.

...724-cü ilin əvvəllərində xəlifə Yezid ibn Əbd əl-Malik öldü. Ondan sonra Yezidin qardaşı Hişam ibn Əbd əl-Malik xəlifə oldu. Yeni seçilən xəlifə Əl Cərraha xəbər göndərdi. Ona Azərbaycanda qalmağı və yenidən ayağa qalxmağa başlayan Xəzərlərə qarşı savaşmağı əmr etdi. Əl Cərrah bir müddət Savalanın ətəyində düşərgə salandan sonra yaxın zamanda əmrə uyğun olaraq, Dərbəndə doğru - xəzərlər üzərinə yürüş etməyi qərara aldı.

Xəzərlər heç cür yenilgi ilə barışa bilmirdi. Yenilgidən ən çox qeyzlənən və özünə yer tapa bilməyən Xəzər Xaqanının gənc oğlu Bars Bəy idi. O, artıq bir neçə ay idi ki, döyüşkən Xəzər oğullarını ətrafına toplayıb işğalçılara qarşı savaş açmaq üçün hazırlıq görürdü. Bunun üçün də ardıcıl olaraq döyüş təlimləri keçir, onlarla söhbətlər aparır, düşmənlərin heç bir qeyri-adi gücə sahib olmadıqlarını, onları cəsarətlə döyüşərlərsə, Xəzərlərin düşməni yenə biləcəklərinə inandırmağa çalışırdı. Uzunmüddətli söhbətlər və ardıcıl təlimlər öz bəhrəsini verməkdə idi. Yaz gecələrinin birində Xaqan oğlu Bars Bəy qəti addım atmaq niyyəti ilə ordu başçılarını ətrafına toplayıb sözə başladı:

- İki ildir gecələrimiz əzab, gündüzlərimiz qəm içində keçir. İki ildir qəhrimizdən bayram etmədik, şənlik keçirmədik. Törələrimizdən uzaqlaşmağa başladıq. Atalarımızdan utandıq, analarımızın yanında rəzil olduq, qadınlarımızın üzünə baxmaz hala gəldik. Tanrımı üz çevirdi bizdən?! Özümüzə qayıtmağın,

bizi üzən əzaba və kədərə son qoymağın zamanı gəldi. Bizi bu rəzil durumdan ancaq savaş qurtara bilər. Savaşaq ki, özgürlüyümüz var olsun! Qılınclar qında pas atmasın! Atlarımız büdrəməsin! Tanrı bizi özgür görmək istər. Savaşaq ki, Tanrı da bizi bağışlasın... Bars Bəy çıxışına qısa ara verib dərindən nəfəs aldı və ucadan sordu:

Ərənlərim! Bu yenilgi ilə yaşamağı qəbul edirsizmi?!

- Yenilgi ilə yaşamaq, yaşamaq deyil, rəzillikdir!

- Ya düşmən üzərində qələbə qazanmalı, ya da savaşaraq ərən kimi ölməliyik!

- Özgürlüyümüzə gedən yol savaşdan keçir. Başqa yolumuz yoxdur! - deyə ordu başçılarından- ərənlərdən səslər ucaldı.

- Elə isə hazırlaşın, sabah döyüşə gedirik! - deyə Xaqan oğlu Bars Bəy qılıncını sıyırıb göylərə doğru uzatdı.

- Sabah döyüşə gedirik! Otuza qədər qılınc qından sıyrılıb havada parladı...

…724-cü ilin yazı idi. Ərəb xilafətinin sərkərdəsi Əl Cərrah Savalan dağının ətəklərində düşərgə salmışdı. O, yaxınlarda Dərbəndə doğru- Xəzərlər üzərinə yürüş etməyə hazırlaşırdı. Son zamanlar Xəzərlərin yenidən ayaqlanmasından az-çox xəbərdar idi. Yürüş üçün toplanmağı və qərar verməyi düşünürdü. Bu düşüncələrlə uğraşdığı bir zamanda ona Xəzər ordusunun onlara doğru gəldiyi və artıq yetişmək üzrə olduğu xəbərini gətirdilər. O, bir az sonra uca bir yerə çıxdı. Quzeydən onlara doğru sel kimi axıb gələn bir ordu gördü.

Bu, Xaqan oğlu Bars Bəyin başçılıq etdiyi Xəzər ordusu idi...

…Qəzəbli və güzəştsiz bir döyüş başladı. Var-dövlət və cənnət arzusu ilə döyüşən qoşunla, cənnətini özgürlüyündə görən bir qoşun arasında ölüm-dirim savaşı oldu. Səhər başlayan şiddətli döyüş günorta başa çatdı. İşğalçı ərəb qoşununun çoxu bu savaşda öldürüldü. Xilafət ordusundan yalnız bir neçə nəfər qaçıb canını qurtara bildi. Əl Cərrahın da cəsədi bu saysız-hesabsız ərəb cəsədləri arasında idi...

…Savalandan quzeyə- Dərbəndə doğru qalib bir ordu gedirdi. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi. O, çox böyük qənimətlə geri dönürdü. Onun qəniməti yenidən əldə etdiyi qüruru, özgürlüyü və iki ildən sonra ilk dəfə olaraq - Tanrının onu bağışladığı inancından qaynaqlanan - sevinc duyğusunu yaşaması idi.

Namiq Hacıheydərli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar