Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat nümayəndələri danışdı: - "Tural Turan təpədən-dırnağa şairdi"

Tarix: 04-08-2019 12:52     Baxış: 2390 A- / A+
 Ədəbiyyat nümayəndələri danışdı: - "Tural Turan təpədən-dırnağa şairdi"


Bu dəfə ədəbiyyat nümayəndələri ədəbiyyatımızda "2010-cular nəsli"nin istedadlı imzalarından biri olan, Prezident təqaüdçüsü, AYB-nin üzvü, şair Tural Turanın şeirləri, xüsusən də "...VƏ BÜTÜN QARANLIQ OTAQLAR" kitabı haqqında fikirlərini açıqlayıb.

Manevr.az bir neçə qələm adamı arasında keçirilən sorğunu təqdim edir:

Rüstəm Behrudi (şair): Tural Turanın şeirlərini sevə-sevə oxumaq bir yana, sevinə-sevinə oxudum. Pafosdan, ritorikadan, hay-küydən uzaq, insanın içinə enən, insana insanı anlatmaqdan gözəl nə var ki, dünyada?! Əsl şairlik də elə budur! Onun şeirlərini oxuya-oxuya Azərbaycan şeirinin keçdiyi yol canlandı gözümdə. Füzulidə şeir – dua, Nəsimidə duaya qarşı etiraz və qiyam, Xətaidə meydan oxumaq, Caviddə fəlsəfi düşüncə... Bunu davam eləmək də olar...

Məni sevindirən odur ki, onun şeirlərində bunların hamısı – dua, etiraz, meydan oxumaq və fəlsəfi düşüncə misralarına süzülən istedadın işığında fərqli şəkildə boy göstərir. Tural Turan təpədən-dırnağa şairdir! Yeni kitabı qutlu olsun!

Hikmət Nikbin (şair-publisist): ...Bildiyimiz kimi, riyaziyyatda riyazi işarələr çoxdur. Riyaziyyatdan fərqli olaraq, mənə görə, Ədəbiyyatda bir işarə var. Ədəbiyyatda görünən insan və ya görünməyən insan işarəsi ! Yəni, Ədəbiyyatda kimsə var, Ədəbiyyatda kimsə yox ! Tural Turan Ədəbiyyatda görünən, Ədəbiyyatda var olan şairdir. Xüsusilə, Şairin "...Və bütün qaranlıq otaqlar" kitabını oxuduqca bir daha fikirimdə yanılmadığımı duydum. Tural bəy Həyatın AYRILIQ tərəfindən yazır. Şairin şeirləri Zamanın AYRILIQ tərəfinə işıq salır. Adam var ovucundan, adam var cibindən atır özünü... Ağrının nişan üzüyüdür intihar kəndiri... Onun şeirlərində bu dünyanın gözlənilməzlikləri, ağılagəlməzlikləri nə çox. ...kölgələr sürünür üzü günəşə...(Yalnızlığın gündəliyi) ...göz yaşlarından üz çevirir divarlar... Çox qəribədir, demək olar ki, poeziyamızda AYRILIQlar daim göz yaşlarıyla, hönkürtülərlə büruzə verirsə, Tural bəyin şeirləri heç ağlamır da. (şairin şeirindəki göz yaşı ayrılıqların gətirdiyi ömür payızıdır) O, bütün AYRILIQlara, YOXluqlara Bir qanunauyğunluq kimi baxır. Ancaq, bu qanunauyğunluğa, bu qədərə təslim də deyil ! ...üşüməsin deyə ayaq izlərini bir cüt coraba büküb cibimə atmışam, ciblərim bələk olub ayaq izlərinə... Qayıt, özün yürgələ, yürgələ, beşiyində boğ, böyüməsin üç yaşlı çarpayı tənhalığı. Şair bir şeirində "gülüşlərimsə saç ağardır bir pıçıltının altında" deyir. Gülüşlərin saç ağartması gözəldir. Bəli, doğrudan da, hamımız ömür adlı bir "gəmi" nin yedəyindəyik. Kədərlənən üçün də, sevinən üçün də (poetik baxımdan) ömür eynidir. Axı, hamı üçün vaxt bərabər işləyir. Tural bəy bir şeirində də "bütün ayrılıqlar tənhalığın müstəqillik günüdür" deyir. Şair AYRILIĞI, xatirələri acı bilmir. Göz yaşlarından (payızdan) şərab çəkib içir. Bu acı ona o qədər şirin gəlir ki. Yeni yaradıcılıq uğurlarına sevinək, Tural Turan !

Əkbər Qoşalı (şair-publisist): Tural Turan ülkülü (ideyalı, ideallı) yazardı, gəncdi - ülkülülük və gənclik bir arada olunca, üstəlik bu iki gözəllik istedadla süslənincə üfüqügenişlik yaranır, yazılanlar oxucuda ümid verir, inam yaradır. Bilirsən, yazarın oxucuya ümid, inam bəxş etməsi sıradan bir olay deyil, heç də hər yazar bunu bacarmır; bacarmağı cəhənnəm, gənc qələmlərin bəlli bir bölümü var, ümidsizlik aşılamağa, inamsızlığa "səsləyir" - daha doğrusu, "şeirləryi". Belə bədruh, daha doğru olar, desək ruhsuz - ustad Mikayıl Azaflı demiş, "məhəbbəti soyuq, eşqi baharsız" şeirləri yazanın sözü nə olacaq, özü nə? Tural Turansa imzası kimi yazır: Tural Turanca! Gənc dostuma yaraşan da budur! Sözü qaranlıq otaqlara işıq götürsün.

Kənan Hacı (yazıçı): Turalın şeirlərinin diqqət çəkməsi onun özünəməxsusluğunda, heç kimə bənzəməməsindədir. Onun şeirlərində yeni düşüncə tərzinin orijinal poetik ifadəsi var. Tural bu uğuru haqq edən şairdir. Ona uğurlar arzulayıram! Qoy yolu həmişə işıqlı otaqlardan keçsin!

Azər Qismət (yazıçı): Tural Turanın "...Və bütün qaranlıq oataqlar” şeirlər kitabını 3 dəfə oxumuşam. Doğrusu, "şeir necə olmalıdır” sualına dürüst cavab verə bilmirəm. Çünki yazıçılıqla məşğul olan adam şeiri anlamağa çətinlik çəkər. Elə şairlər də bu sual üzərində çox düşünürlər. Bu baxımdan suala cavab tapmamağımdan çox da narahatlıq keçirmirəm. Bəli, Turalın kitabı oxuculara çox maraqlı gəldi. Eşitdiyimə görə kitab yaxşı satılmaqda liderdir. Bəlkə "Və bütün qaranlıq otaqlar” şeirlər kitabını 3 dəfə oxumağımın səbəbi oxucuları da maraqlandırıb. Bunun əsas səbəbi ondan irəli gəlir ki, Tural təkcə şeir yazmayıb. Əlbəttə, toy mərasimlərində tamadaların söylədiyi şeirlərdən fərqli olaraq onun ortaya qoyduğu sənət inciləri məni maraqlandırmaya bilməzdi. Ən azından ona görə ki, Turalın şeirlərində sərbəst üslubdan da çox uzağa gedilib. Həm də fəlsəfi çalarlar, söz altındakı sözlər nəzəri cəlb edir. Bəzən elə oldu ki, hər sətri dəfələrlə oxuyub mənasını dərk etməyə çalışdım. Turalda sufizm ruhu duydum. Sufilər az sözlə çox məna ifadə etdiklərindən, daim ruh oxşayıblar. Turalın hər sətrində bəşəriyyətə ismarıc duyulur. Gah həyəcan siqnalı verir, gah axirət gününü göz önümüzə gətirir. Müəllifi gərgin əməyinin bəhrəsinə görə yalnız təbrik etmək qalır. Kitaba gəlincə, onun ikinci dəfə nəşr ediləcəyinə əminəm.

Emil Rasimoğlu (şair): Öncə onu deyim ki, bəli, kitab işıq üzü gördü, ölkənin öncül mətbu orqanları tərəfindən ictimaiyyətə təqdim olundu. İstər oxucuların, istərsə də ədəbiyyat nümayəndələrinin diqqətini çəkə bildi (layiq idi də)!.. Kitabdakı ədəbi nümunələrə gəldikdə isə sözügedən kitabın redaktoru olaraq onda yer alan şeirlərin (hələ əlyazma şəklində olarkən) ilk oxucularındanam desəm yanılmaram... Bilirsən, mənə görə bir qələm adamının ərsəyə gətirdiyi bədii mətndə mövzu yox, yanaşma ortaqlığı müəllifin ən böyük uğursuzluğudur... Məhz buradan yola çıxaraq deyə bilərəm ki, Tural Turanın ilk uğuru yaratdığı mədii mətndə mövzuya yanaşmasında özündən öncəkilərə ortaq olmamağıdır...Yəni, onun şeirlərində dilin səlisliyi, zənginliyi ilə bərabər ÖZÜNƏMƏXSUSLUQ- ORİJİNAL BAXIŞ və BƏŞƏRİLİK xüsusilik təşkil edir. Ən maraqlı məqamlardan biri də budur ki, milli detalları, mövzuları, ideyaları belə bəşəri çalarlarla, ştrixlərlə, rənglərlə ifadə etməyi bacarır. Tural bir tabloda boyalarla sona qədər işləməyə nəfəsi çatan, fikirə söykənən şairdi! Onda təkrarçılığın inkarı var. Bu məqamda inkarçılıq məhz inkişafdı... "2010-cular nəsli"nin özünəməxsus imzalarından olan Tural Turanın "...və bütün qaranlıq otaqlar"ının hər zaman işıq saçacağına inanaraq nəsildaşıma uğurlar diləyirəm!

Ümid Nəccari (şair): "...və bütün qaranlıq otaqlar” Tural Turanın yeni şeir toplusunu oxudum. Kitab səliqəli formada və gözəl dizaynda hazırlanıb. Maraqlı məqamlar və özünəməxsus ifadələr olduqca şeirlərində gözə çarpır. Onun səlis dili şeirin poetik dəyərlərinə və strukturuna fərqli bir rəng qatır. Məzmun baxımından razı qalsam da, forma baxımından dilimizin imkanlarını nəzərə alaraq fərqli çərçivədə deyildi. Tanrı və Allah motivi olduqca çoxdur, demək olar ki, hər şeirdə müşahidə olunur və mənə elə gəlir ki, oxu prosesində oxucunu yora bilər. Sonunda dəyərli dostum Turalın Turana uğurlar arzulayıram, gələcəkdə yeni kitablarının işıq üzü görməsini arzu edirəm!

Tural Cəfərli (yazıçı): Tural Turan şeirə çevrilmiş söz haqqında söz deyən şairlərdəndəndir. Gənc şairin yeni çap olunmuş "...və bütün qaranlıq otaqlar” kitabının ön sözünü Rüstəm Behrudi yazıb. Şair gənc şairin şeirləri haqqında fikirlərini belə qeyd edir: " Əzizim Tural! Şeirlərin masamın üstündə... və nə yaxşı ki, sən bunları yazmısan!” Yazmaq və yazdığına görə peşman olmayan söz adamına söylənilən bu fikirlər çox qiymətlidir. İnsan ruhunu, mənəvi dünyasını dincə qoyan misralar şairin söz xəsinəsinin incilərindəndi.

Ulucay Akif (şair): Tural Turanın şeirlərinin mənim üçün xüsusi yeri var. Gənc nəsil arasında özünəməxsusluğu ilə diqqət çəkir. Ki, şairi şair edən də şübhəsiz ki, özünəməxsusluğudur! Tural Turan ən primitiv mövzulara belə dərin yanaşır. Düzdür, mən şeirdə bu qədər dərinliyin olmağını da düzgün saymıram. Çünki hamı üzməyi bacarmır.

Sorğunu hazırladı: Fuad Cəfərli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar