Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əhməd Əfsun: "Gecikdim, başım qarışdı, bəxtimin yazılan vaxtı" -ŞEİRLƏR

Tarix: 28-04-2019 11:50     Baxış: 21 028 A- / A+
Əhməd Əfsun: "Gecikdim, başım qarışdı,  bəxtimin yazılan vaxtı"


Əhməd Əfsun Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. Şeirə, saza-sözə, ədəbiyyata böyük marağı olub və erkən yaşlarından şeir yazmağa başlayıb. Şeirləri müxtəlif qəzetlərdə, poeziya almanaxlarında çap olunur. Vətənə, anaya, torpağa sevgi, Kəlbəcər həsrəti, düşmənə nifrət, səmimi məhəbbət duyğuları şeirlərinin əsas qayəsini təşkil edir. Əhməd Əfsunun şeirlərində sanki ulu dağlarımızın, Kəlbəcərin ruhu yaşayır. Onun həzin lirikası, kəklikotulu, nərgiz-bənövşəli, talalarımızın məstedici ətriylə bizi xəyallarımıza qovuşdurur. Şeirlərindən bir neçəsini Manevr.az-ın oxucularına təqdim edirik:


Ümidlər üzülən vaxtı

Könlüm yenə açılmadı,
Bu bahar, yaz olan vaxtı.
Elə bil özgələşirəm,
Dərdləlrim azalan vaxtı.

Ömür-gün də bir yarışdı,
Gah savaşdı, gah barışdı,
Gecikdim, başım qarışdı,
Bəxtimin yazılan vaxtı.

Kimsə qoxlayacaq məni,
Öpüb oxşayacaq məni,
Göylər ağlayacaq məni,
Qəbrimin qazılan vaxtı.

Kim susadı qanımıza?
Kim gələcək yanımıza?
Zulm elədik canımıza,
Canımız saz olan vaxtı.

Bu vaxt, zaman hara qaçır?
Ağ yuyursan, qara qaçır,
Ruhum intihara qaçır,
Ümidlər üzülən vaxtı.

Mingəçevir, 05.04.2019.

Bir də bax

Bu dərd sinəmi dağlayır,
Dağlarda bir qurd ağlayır,
Lələ köçüb, yurd ağlayır,
Yurda bax, atam yurda bax.

Bircə qarış boy atmadıq,
Yatanları oyatmadıq,
Bəlkə getdik, qayıtmadıq,
Bir də bax atam, bir di bax.

Kimsə bizi tək aparır,
Cırılır ətək, aparır,
Şeş atmışıq yek “aparır”,
Nərdə bax, atam nərdə bax.

Dağlar daha sənsiz olduq.
Bu gündən dünənsiz olduq,
Vətəndə vətənsiz olduq,
Dərdə bax atam, dərdə bax.

Mingəçevir, 2015

Aparar

Fəlakətdən qaçmaq olmaz
Qaya yıxar, dağ aparar
Kimsə qurtarmaz əlindən,
Nə aparsa “sağ”aparar.

Çox döşünə döymə lələ,
Əriyərsən gilə-gilə,
Fələk zalım, ömür kölə
Gündə min yarpaq aparar.

Hər bəmimdə, hər zilimdə,
Danışaram dərd dilində,
Ruhum göylərin əlində,
Cismimi torpaq aparar.

Yığvalım mənlə yağıdır,
Könlümün yaman çağıdır,
Çölümü sellər dağıdır
İçimi quraq aparar.

Gündüzlərim gecə düşər,
Fikirlərim haça düşər,
Qələm mənlə öcə düçər,
Gözümü varaq aparar.

Əhməd Əfsun bir baş gedər,
Gözlərində təlaş gedər,
Gedəndə əliboş gedər,
Beşcə arşın ağ aparar.

Mingəçevir, 2015

Bənövşə

Seyr edirdim bir meşədə,
Bir də gördüm “qan bənövşə”.
Doğma ellər yada düşdü,
Bağrım oldu qan, bənövşə,

Kol dibinə düzülmüşdün,
Boyun büküb büzülmüşdün.
Yarpaqların əzilmişdi,
Dedim ki, -can-can, bənövşə.

Əl uzadıb səni dərdim,
Pərişandı halın, gördüm,
Mən ki sənə könül verdim,
Niyə gəzdin yan, bənövşə.

Gördın dumanı, çəni də,
Saçıma düşən dəni də,
Sənə bənzətdi məni də,
Bu çərxi-dövran, bənövşə.

Əfsunu caldın dillərə,
Göz yaşı döndü sellərə,
Vəsfini yaydım ellərə,
Eylədim dastan, bənövşə.

Toğana, 2010-cu il.

Bezmişəm

Deyirdin ki, dönəcəksən yanıma,
Yollarını gözləməkdən bezmişəm.
Həsrətinin alovuyla-oduyla,
Ürəyimi közləməkdən bezmişəm.

Qara bulud ilk sevgimin ahıdı,
İldırıma dönən kimi şaxıdı,
Göz yaşımı ürəyimə axıdıb,
Sinəm altda gizləməkdən bezmişəm.

İnnən belə duyan olmaz ərkimi,
Fələk özü görk eylədi görkümü,
Nalə çəkən bir yanıqlı ney kimi,
İçin-için sızlamaqdan bezmişəm.

Geriyə dön, bu həsrəti bitir, gəl,
Son anımdı tez ozünü yetir, gəl,
Əfsun üçün vüsalını gətir, gəl.
Həsrətini izləməkdən bezmişəm.

Mingəçevir, 2015

Oxu bülübülüm, oxu

Bahar gəldi.Yazdımı?
Yoxsa işvə-nazdımı?
Səsin niyə titrəyir?
Çəmən-çiçək azdımı?

Oxu bülbülüm, oxu.
Çəmən çiçək gül ləçək,
Bizi şirin dilə çək,
Çoxunun acığına.

Nəğmənİ lap zilə çək
Oxu bülbülüm, oxu.
O qız dağlar maralı,
Gəzdi məndən aralı,

Bir sevdanın əlindən,
Sən də,mən də yaralı.
Oxu bülbülüm, oxu!
Gül-çiçəyi dərmədim,

Yar telinə hörmədim,
Ömür puçdu, bəlkə də,
Gələn yazı görmədim.
Oxu bülbülüm, oxu!

Ömür nə tez üyündü,
Sinəm dağdı-düyündü,
Haçan səsin gəlməsə,
Bil ki ölən günümdü.
Oxu bülbülüm, oxu!

Kəlbəcər , 1990

Dərdimi

Dağa desəm dağ dağından dağılar,
Mən necə danışım sizə dərdimi.
O qədər şıltaqdı, ərköyündü ki,
Çıxarda bilmirəm üzə dərdimi.

Bulanıram, duruluram, axıram,
Axşam-səhər pişvazına çıxıram,
Bir kimsəyə deməyə də qorxuram,
Qorxuram, gətirər gözə dərdimi.

Çoxum çoxdan gedib, azım da yoxdu,
Qışım qış olmadı, yazim da yoxdu,
Aşıq da deyiləm, sazım da yoxdu,
Yoxsa ki deyərdim saza dırdimi.

Gecə-gündüz ha çəkirəm doymuram,
Vurğunuyam, özgə dərdə uymuram,
Bəsləyirəm köhnəlməyə qoymuram,
Hələ saxlayıram təzə dərdimi.

Əfsun silən olmaz gözdən yaşını,
Fələk qürbətlərə atdı daşını,
Gündüzlər bir təhər yozub başını,
Gecələr deyirəm sözə dərdimi.

Mingəçevir, 2006-cı il


Saxla

Bəndələrdən panahım yox,
Tanrı, məni özün saxla.
Ürəyimdə bir ocaq çat,
Odun saxla, közün saxla.

Tanrı məni özün saxla.
Yaram dərin sarıyan yox,
Nə çəkirəm, bir duyan yox,
Başıma ağıl qoyan yox,

Tanrı məni özün saxla,
Bir karvanam, köçümdəyəm,
Bilinməz nə biçimdəyəm,
Canavarlar içindəyəm,

Tanrı, məni özün saxla.
Cəfa da ver, cəbr də ver,
Ömür də ver, qəbir də ver,
Yaşamağa səbir də ver,

Dərd çəkməyə dözüm saxla.
Tanrı, məni özün sxla.
Mənlə ülfət bağlamadı,
Heç halıma ağlamadı,
Dünya məni saxlamadı,

Tanrı məni özün saxla.
Oyanmadı yatan baxtım,
Bəlkə çatıb vədəm,vaxtım,
Əfsuna qaldısa, batdım,
Tanrı məni özün saxla.

Mingəçevir, 2006-cı il

Qara su düşər


Qəhri, ağır olur qış vədəsinin,
Dağlara-daşlara qar asi düşər.
Buludlar yellənər bahar gələndə,
Yağar damla-damla qara su düşər.

Bir elin-obanın dərdinə yaram,
Bu dərd mənimkidir,neçə ki varam,
Mən nalə çəkərəm,elə ağlaram,
Gözümdən torpağa qara su düşər.

Bu axar sular da sellənər,gedər,
Süsənlər-sünbüllər tellənər,gedər,
Hələ cavan ikən güllənər, gedər,
Saçmın ağından qarası “düşər”.

Əfsun deyəcəksən nəsə, de indi,
Deməsinlər gileyləndi, deyindi,
Xalxın nə vecinə, bəxti yeyindi,
Məni qismətimə qarası düşər.

Mingəçevir, 02.04.2018.

Dəyməz bu dünya

Yetər, hönür-hönkür ağlama belə,
Vallah, göz yaşına dəyməz bu dünya.
Köksünə dağ çəkib, dağlama belə,
Ağrını, acını bilməz bu dünya,

Vallah, göz yaşına dəyməz bu dünya.
Yedirdər acı da, şirin də sənə,
Qəsd edər günlərin birində sənə,
Elə xəsis di ki, yerində sənə,

Bir içim suyunu qıymaz bu dünya,
Vallah, göz yaşına dəyməz bu dünya.
Dərd çəkən dərdlinin dərdini bilməz,
Əl atıb gözünün yaşını silməz,

Kim öldü, Kim qaldı, vecinə gəlməz,
Heç kəsə başını əyməz bü dünya,
Vallah, göz yaşına dəyməz bu dünya.
Yetim arzuladı, yaxşıya yetim,

Dedilər; -ya ölüm,Yaxşı ya Yetim,
Qovuşa bilmədi Yaxşıya Yetim,
Səni də vüsala qoymaz bu dünya,
Vallah, göz yaşına dəyməz bu dünya.

Hələ ki, dözürsən, durursan, Əfsun,
Yalandan xəyallar qurursan, Əfsun,
Özünü nahaqdan yorursan, Əfsun,
Yağlı dillərinə uymaz bu dünya,
Vallah, göz yaşına dəyməz bu dünya.

Mingəçevir, 2016-cı il

Gəlməz

Mənim kotanımın şumu qurtardı,
Daha öküzlərim hodağa gəlməz,
Mənim ağacımın barı budandı,
Bir də sərçələrim budağa gəlməz.

Talan düşdü karvanıma, köçümə,
Sığammıram dərd bəzəkli biçimə,
Mənim göz yaşlarım axar içimə,
Yalvarsam bir damla yanağa gəlməz.

Taleyim də bəd gətirdi binadan,
Qurtara bilmirəm qandan-qadadan,
Hələ yeriməmiş köçər dünyadan,
Mənim arzularım adağa gəlməz.

Əfsun ömrün bu mivalla ötüşər,
Çətin bir də yaraların bitişər,
Mənim axşamlarım yaman tez düşər,
Amma gecələrim sabaha gəlməz.

Mingəçevir, 2000-cı il

Unuda biməyəcəksən

Çox aylar, çox illər keçib kedəcək,
Zaman ömrümüzü biçib gedəcək,
Neçə yol durnalar köçüb gedəcək,
Sən məni unuda bilməyəcəksən.

Qorxma, sağalacaq yaraların da,
Yaxina gələcək uzaqların da,
Nəfəsim qalacaq yanaqlarında,
Sən məni unuda bilməyəcəksən.

Bəxti gətirmədi bu məhəbbətin.
Qaldıq ağuşunda dərdin-möhnətin,
Sevmək çox asandır, unutmaq çətin,
Sən məni unuda bilməyəcəksən.

Ürəyin yanacaq, soyudacaqsan
Özünü birtəhər ovudacaqsan
Hələ çox şeyləri unudacaqsan
Tək... məni unuda bilməyəcəksən.

Əfsun..nələr gördün cavan yaşından.
Çox tufanlar gəldi-keçdi başından,
Bir gün oxuyarsan məzar daşımdan
“Sən məni unuda bilməyəcəksən”

Mingəçevir, 2006-cı il

Düşər

Məhəbbətdən gileylənmə sən Allah,
Ürəyimə düymə-düymə xal düşər.
Baxışların od yağdırar üstümə,
Dilim susar, dinə bilməz lal düşər.

Bir baxışdan gözüm-gözə bənd olar,
Bir baxışda neçə-neçə fənd olar,
Gülüşlərin şəkər olar, qənd olar,
Dəhanından dodağına bal düşər,

Qulac qollar qoy dolansın belinə,
İzin versən gül düzərəm telinə,
Bircə dəfə əlim dəysə əlinə,
Ürəyimdən- ürəyinə yol düşər,

Bal yuxuna gizli gələr bu Əfsun,
Könül Şahı bilər səni bu Əfsun,
Qibləgahı bilər səni bu Əfsun,
Səcdə qılar, qabağında qul düşər.

Mingəçevir, 2007-ci il


Əhməd Əfsun

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar