Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

N

Tarix: 11-08-2019 10:57     Baxış: 85 A- / A+
MƏNİ NƏ HAVADA BURAXIB GETDİN

Qapınız döyüldü bir axşamçağı,
Sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
Köhnə libasında təzə ayrılıq.

Daha toy havası başında sənin,
Yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
Aşıqlar “vağzalı” çalana qədər.

Məni nə havada buraxdın getdin...
Xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışınb- yandı,
Sənin elçilərin şərbət içəndə.

Gəldi qapınıza gəlin maşını,
Səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
Mənim baxışlarım keşik çəkirdi.

Sənin getdiyin yol, uzaq yoldu ha...
Günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
Mənim ümidimin köçü başladı.

... Daha xatirən də mənə uzaqdı,
Gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub
olmuşam,
Əlimi qaldırdım “ağ bayraq” kimi.

Qapınız döyüldü bir axşamçağı,
Sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
Köhnə libasında təzə ayrılıq.


BAKININ İYUL GÜNDƏLİYİ...

3 iyul...
Hava xəbərçisi
41 dərəcə isti elan edir Bakıda.
Bürküdən şəhərin nəfəsi təntiyib.
Qara qızıl axan damarlarında
tromblaşma yaranıç.
Ürəyi tıncıxır hərdən.
Rəngəbərəng maşınlar
həşərat kimi
daraşıb şəhərin canına.
Təkərlər sıxıb asfaltın
qanını çıxarır.
Maşınların üfürdüyü tüstüdə
şəhər boğulur.
Əli dəyənəkli yol polisləri
həşərat maşınları
şəhərin dadlı
nahiyəsindən qoruya bilmir.
Maşınlar şəhərin mərkəz
nöqtəsinə daşınır.
Yaxasına düymələnmiş
bəzəkli binaları
qoparıb dənizə
qaçmaq istəyir şəhər:
nəfəs dərməyə.
Ancaq sıx-sıx küçələrdən
keçə bilmir.
Hündür-hündür
binalarla şəhər mıxlanıb
torpağa.
İnsafsız adamlar
evlərindən çıxanda
qapılarını kilidləyirlər şəhərin
üstünə.
Özündən çıxammır şəhər.
Bir yandan da metro tunelləri
havasını ciyərlərinə çəkir Bakının.
Və zavodlar boru ağzından
od püskürür şəhərin üzünə
Xəzərin bir addımlığında
istidən yanır Bakı.
İnsanların əməlindən qupquru
canını götürüb dənizə qaça
bilmir.


KƏNDDƏ VƏ ŞƏHƏRDƏ
DARIXMAĞIN ƏKS BƏRABƏRLİYİ

Gül üzlüm, şəhərdə sənsiz
darıxmağa nə var ki,
burda zülümdü-
gül-çiçəkli dağ cığırında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda...
...Şəhər küçələrində nə var ki,
sənsiz darıxmağa...
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək adam darıxar
şəhərdə
Bir də tinlərdə
veyillənən boş şirə qutuları tək...
və bir də dörd fəsli eyni donda
qarşılayan küknar ağacı kimi...
burda darıxmaq canlıdı:
çiçəklər,arılar, kəpənəklər
və bir də böcəklər kimi...
DARIXDIM...

MESAJ ƏVƏZİ SƏNƏ YAZILAN
BİR- İKİ KƏLMƏ

Bir az içki düşkünüyəm
niyə səndən gizlədim?
Fərq eləməz şərab olsun
Ya da sənin nəfəsin...
Yatammıram nəfsimi
qurban verim yuxuya...
...UYUMUSAN?...
EŞİDİRSƏN?
Bircə kəlmə söz deyim
Indi hava çox istidi
Üstü açıq yatmısan
Qoxun gəldi burnuma...


QOCA ŞAİR

Qoca şair kürsüyə qalxdı,
şeir oxumaq üçün.
Sinə gərib kürsüyə
şeirin adını elan elədi: “VAXT”
İlk misranı söylədi: “Vaxt, artıq o vaxt deyil..”
Unutdu!
Udqundu!
Tez cibindən əlyazmasını çıxardı.
Eynəyini axtardı.
Əllərini sol cibinin, sağ cibinin
üstünə çırpdı:
özünü döyürmüş kimi.
Tapmadı.
"30-80" adlı vaxt arasında qalmışdı eynəyi.
Hər şeyə etiraz eləmək istədi,
qolları açılmadı.
Damarları "30-80" yaş arasında daralmışdı.
İlk dəfə 50 il əvvəl bu kürsüyə qalxmışdı,
30 yaşında: kağızsız, eynəksiz.
Yenə də “VAXT” adında şeir oxumaq üçün.
İlk misrası beləydi: “Vaxt, nə gözəl vaxtdı”.
Kürsüyə elə qalxdı, belə endi qoca şair.
...astadan tfu,
deyib vaxtın üzünə tüpürdü.
Mikrafon sirr saxlamadı,
səs salona yayıldı:
T F U U U...

SURİYADAN SON XƏBƏRLƏR
l
Bu il də Suriyada
ağ göyərçinlər intihar elədilər...
...Güllə səsindən qorxan
anaların bətni döl vermədi.
Adına "bəşər" deyilən
və nələr deyilən
adam süd dişini
nişan aldırdı ağzında körpələrin.
"A", "B"... hərfləri güllələndi
uşaqların barmaqları arasında.
Mağaza vitrinlərindən
toz basmış uşaq
başmaqları yığışdırıldı.
...Dünən müasir
silahlar gətirildi Suriyaya.
Ağ göyərçinlərin
intiharı davam edir...


BU KƏND...

(Cavanları qazanc arxasınca yad ellərə üz tutan,
5-10 qarı-qocanın ixtiyarına qalan kəndin mənzərəsi)

Tin-tin, küçə-küçə qocalır bu kənd,
üstündən, başından yetimlik yağır,
damından-daşından yetimlik yağır.
Küçələrin gözü yol çəkir,
bu kəndin itləri yad nəfəs gəzir
hürməyə...
Gedəni-gələni yoxdu bu kəndin.
Burda qulaq batır sükut səsindən.
Qonşu uşağın ərköyünlüyündən
beli əyilən ağac çəpər,
indi olsa qulağına səs təpər.
Hörümçəklər tor bağlayıb
qapıların kilid yerində.
Sükutdan rəngi solub,
boyası saralıb pəncərələrin.
Qulağı bir addım səsinə təşnə.
Çox qoca görünür bu kənd yaşından,
bu kəndin "cavanı" yetmiş yaşında,
bu kəndin qocası yaşını bilmir,
itirib ağlını, huşunu, bilmir.
Burda arzuları dəfn eləyirlər,
başdaşı qoyurlar xatirələrdən.
Burda ölüm dəbdə, əcəl sevilən.
Bir-birə başsağlığı verməzlər burda.
Qəbristanlıq böyüdükcə, kənd kiçilir.
Bir gün bu kəndin girəcəyində
bir lövhə asılacaq: burda insan yaşamır.
Burda sonuncu ölünü
Tanrı götürəcək yerdən.


XATİRƏ VƏ NİFRƏT

...xatirələrim
bağımızdakı alma
ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərində asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının budaqlarından,
alça ağaclarının çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi
götürməyə üzüm qalmayıb.
Bilirəm ki atam xatirələri
nifrətə çevirib tüpürəcək
üzümə...


DAĞLAR OĞULLARINA TELEQRAM

(Yağı düşmən indi də qürur mənbəyimiz,
arxa bildiyimiz dağlarımızın torpağını daşıyır)
Qızıl-qızıl dağlarımızı yağı sökür,
torpağını çəkir,
özümüzə "dağlar oğlu" deyirdik,
adsız qaldıq.
Dağlarsız çaylar quruyacaq,
balıqlar öləcək.
(Dağların gözünün yaşıdı çaylar)
Cığırlar itəcək, bulaqlar öləcək,
çəmən, çiçək olmayacaq,
arı, böcək olmayacaq,
heç yağış da yağmayacaq dağlarsız.
Özümüzə "dağlar oğlu" deyirdik,
qürurumuzu sökürlər.
Vay dədəm, vay, biz hələ yaşayırıq!

PAYIZ ADAM

Payız adam,
bu fəsil sənin çiyinlərindən
nimdaş plaş kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə
yol gedirsən.
Hələlik...


ROBOT ADAMLAR...

Çoxalır robot adamlar,
heykəl adamlar,.
şəhərlərdə, kəndlərdə...
hər yerdə.
Babam demiş
“lom udmuş” kimi
yeriyir robot adamlar,
heykəl adamlar.
Öz səsiylə danışmır,
öz yerişini yerimir
robot adamlar.
Yerişi, danışığı özünün
deyil robot adamların,
heykəl adamların...
İnsanlar özü olmayan
adamlara salam verir,
təzim edir.
“Bütləşən” adamlar,
kütləşən adamlar
qaçır hamıdan,
qaçırılır hamıdan.
Qorunur insanlardan,
qoruyurlar insanlardan
heykəl adamları...
Əl vursan sına bilər,
sökülə bilər robot adamlar...
Paltarları çiyinlərindən,
qalstukları boyunlarından,
özləri özgələrdən
asılı bu adamlar,
yazıq adamlar.
Canlarını özləri yox,
özgələr qoruyur
robot adamların,
heykəl adamların...


ŞƏKİLLİ ŞEİR

Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin....


GECƏ ŞEİRİ

İçdim yarın nəfəsini,
eşqə düşdüm bu gecə.
Bəxtəvərlər arasından,
püşkə düşdüm bu gecə.

Könül vermə yada, sına,
ya əyilə, ya da sına,
sevdalılar odasına-
köşkə düşdüm bu gecə.

Məni sənə çəkən qandı,
bilirəm bu gecə sondu,
qoynun güllü-gülüstandı,
müşkə düşdüm bu gecə.

VAĞZAL GƏRAYLISI

Uzun ayrılıqlar vağzallardan başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.
...Divarların yaxasına
mıxlanmış tablolar
alın yazımız sanki.
Böcək gözlü işıqlar tale
yolumuzu aydınlaşdırır.
Yellənən əllər və "hələlik" sözü
ayrılığın təsdiqidi burda.
Hər qərib baxışın rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində vağzal bayatısı
ikicə kəlmə-
"mən getdim...."

Namiq Dəlidağlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar